Tədricən ayağa qaldırılan Azərbaycan diasporu: Son ilyarımda görülən işləri görməmək olarmı?backend

Tədricən ayağa qaldırılan Azərbaycan diasporu: Son ilyarımda görülən işləri görməmək olarmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmvətənlətrimizin müxtəlif  ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti istər ictimaiyyətin, istərsə də ölkə rəhbərliyinin daim diqqət mərkəzində olub. Bu da səbəbsiz deyil. Çünki diaspor təşkilatları öz fəaliyyətlərində Azərbaycanı təmsil və ifadə edirlər.

Bu sahə daim dövlətin qayğısı altında olsa da, xaricdəki Azərbaycan diasporunun,  o cümlədən, Diaspor Komitəsinin fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir, tənqidi yanaşma müşahidə olunur.  Əlbəttə, həmin tənqidlər arasında sağlam və ümumi işə faydalı olacaq yanaşmalar da var. Bununla belə, təəssüf ki, hərdən obyektiv reallığa uyğun gəlməyən tənqidlərin də şahidi oluruq.

Bu sırada tanınmış diaspor fəallarından biri, Belçikada yaşayan hörmətli Bülənt Gürcamın son fikirləri çox təəssüf doğurdu. Bülənt bəy sosial şəbəkədə etdiyi paylaşımda diaspor fəaliyyəti istiqamətində heç bir işin görülmədiyinə, atılan addımların “saxta” olduğuna dair hökm verib. Biz hər zaman onu doğru söz deyən, tənqidlərində obyektiv olan insan kimi tanımışıq. Tənqid inkişafın əsas şərtlərindən biridir. Öz fəaliyyəti ilə nüfuz və rəğbət qazanmış Bülənt bəyin Azərbaycan hökumətinin diasporla iş siyasətini bu qədər tündləşdirməsi, məncə, ədalətli yanaşma deyil.

Xüsusilə, Diaspor Komitəsində ötən ilin aprelində baş vermiş rəhbər dəyişikliyindən sonra həyata keçirilən miqyaslı və effektli işləri işləri görməmək insafsızlıq olardı. Komitənin yeni rəhbərliyinin, konkret olaraq, qurumun sədri Fuad Muradovun xaricdək diasporumuzun təşkilatlanmasına hədəflənmiş fəaliyyəti və əldə olunan nəticələr ortadadır. Bu nəticələr haqqında danışarkən, Avropanın əsas ölkələrində mövcud olan Azərbaycan diasporunun canlandırılması, Koordinasiya Şuralarının yaradılması və digər tədbirləri gözdən çıxara bilmərik.

Bəlkə də çoxlarının məlumatı yoxdur, amma bilənlər bilir ki, Fuad Muradov ardıcıl iki gün də öz kabinetində oturmur, daim səfərlərdə olur, parçalanmış, pərən-pərən düşmüş Azərbaycan diasporunu ayağa qaldıraraq, bir bayraq altında, Azərbaycançılıq ideologiyası ətrafında birləşməsi üçün əlindən gələni edir. Bu sırada Ukraynada az qala düşmənçilik edən diaspor təşkilatlarımızın barışdırılaraq, bir araya gətirilməsi qeyd olunmalıdır. Eyni zamanda, Türkiyədəki həmvətənlərimizn, özəlliklə də tələbələrin sənəd və digər problemlərinin həllində Diaspor Komitəsinin yaxından iştirakı görməzdən gəlinməməlidir.

Digər tərəfdən, xaricdə yaşayan gənc soydaşlarımızın Azərbaycanla əlaqələrinin yaradılması, onların öz tarixi vətənləri ilə bağlarının gücləndirilməsi yönündə də ciddi addımlar atılır. Buna misal olaraq, diaspor gəncləri üçün birincisi Şəkidə, ikincisi isə Şamaxıda – Nəsiminin 650 illik yubileyi çərçivəsində – təşkil olunan gənclərin yay düşərgəsini xatırlatmaq kifayətdir. Bütün bu sadalanan və sadalanmayan fəaliyyət təqribən son ilyarımda gerçəkləşib.

Həmçinin Komiənin fəaliyyətinin müntəzəm işıqlandırılması, sosial şəbəkələrdəki fəallığın artırılması, qurumun media və vətəndaşlara daim açıq olması, Fuad Muradov və qurumun məsul şəxslərinin mühüm ölkələrin yüksək dövlət rəsmiləri ilə keçirdiyi görüşlər, onlarla aparılan müzakirələrdə diasporumuzun məsələlərinin  qaldırılması da mütləq qeyd edilməlidir. Komitənin qapısı diaspor təmsilçilərinin, bütün soydaşlarımızın üzünə hər zaman açıqdır. Axı  son ilyarımda görülən bu işləri necə inkar etmək olar?
Qeyri-obyektiv görünməmək üçün qeyd olunmalıdır ki, Diaspor Komitəsinin yaradıldığı 17 il ərzində hər zaman, eləcə də qurumun sabq sədri Nazim İbrahimovun dövründə də işlər görülüb – bunu da danmaq düzgün olmaz. Lakin Komitənin son ilyarımlıq dövrdəki fəaliyyətindəki yüksəliş göz qabağındadır.

Yenə də təəssüflə bildirməliyəm ki, Komitənin fəaliyyətini tənqid edənlərin çoxu heç bir iş görməyə-görməyə pul davası edənlər, dövlətin özlərinə borclu sayanlardır. Sevindirici haldır ki, Fuad Muradov Komitəyə sədr təyin olunduqdan sonra Cənab Prezidentin sərəncamı ilə Diaspora Dəstək Fondu yaradılıb. Bu addım Komitənin fəaliyyətini daha da gücləndirməyə, qurum nümayəndələrinin diaspor təşkilatlarının vəziyyətini yerində öyrənmək üçün xarici ölkələrə səfərlər etmələrinə şərait yaradıb.

Bu qeyd olunanlar Diaspor Komitəsinin yeni rəhbərliyinin cəmi ilyarım ərzində həyata keçirdiyi işlərdir və bu fəaliyyət getdikcə genişləndirilir. Ona görə də, Komitənin fəaliyyəi haqqında fikir bildirərkən, heç olmasa, görülən işlərlə maraqlanmaq lazımdır. İnanın ki, belə olarsa, heç bir anlaşılmazlıq da yaranmaz.

Toğrul Allahverdili ADİM sədri