Futbol üzrə dünya çempionları Bakı Olimpiya Stadionunda oynaya bilərbackend

Futbol üzrə dünya çempionları Bakı Olimpiya Stadionunda oynaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə 2020-ci il Avropa çempionatına daha üç komanda vəsiqə qazanıb.

İnterpress.az xəbər verir ki, H qrupunda Türkiyənin ardından son dünya çempionları Fransa, A qrupunda isə İngiltərə və Çexiya vəsiqə qazanıb.

A qrupunun lideri İngiltərə Monteneqronu 7:0 darmadağın etməklə, Çexiya isə əsas rəqibi Kosovo üzərində əzmkar qələbə (2:1) qazanmaqla buna nail olub.

Əsas rəqiblərindən olan İslandiya ilə qolsuz heç-heçə etməklə Türkiyə yığmasının Avro-2020-yə çıxdığını bildirmişdik. H qrupunda Fransa Moldova üzərində əzmkar qələbə (2:1) qazanmaqla, həm liderliyi ələ alıb, həm də vəsiqəni bir tur öncədən təmin edib.

Xatırladaq ki, daha əvvəl Ukrayna, İspaniya, Polşa, Belçika, Rusiya və İtaliya milliləri iki tur öncədən Avro-2020-yə vəsiqə qazanıb.

Qeyd edək ki, 12 iyun – 12 iyul tarixlərində baş tutacaq Avro-2020-nin dörd oyunu Bakıda keçiriləcək. Üç qrup və bir 1/4 final matçı Bakı Olimpiya Stadionunda baş tutacaq. İngiltərə ev sahiblərindən biri olduğundan, qrup oyunlarını Londonda keçirəcək. Fransa millisinin isə hansı qrupda yer alacağı bilinmir.