Oqtay Hacımusalı: Əli Kərimli müxalifətin “Lenin”i vasitəsilə “Müsavat”ı parçalamaq istəyirbackend

Oqtay Hacımusalı: Əli Kərimli müxalifətin “Lenin”i vasitəsilə “Müsavat”ı parçalamaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təqribən bir ay öncə “Müsavat” Partiyası qurultay keçirəndə bəzi kartların hələ o zaman açıqlığa qovuşduğunu yazmışdıq. Yazmışdıq ki, AXCP sədri Əli Kərimli Tofiq Yaqublunun vasitəsi ilə “Müsavat”ı parçalamağa çalışacaq. Yəni Tofiq Yaqublunu “Müsavat” Partiyasının sədrliyinə namizəd olmasının arxasında dayanan məhz Əli Kərimlidir.

Trend-in məlumatına görə, bunu jurnalist Oqtay Hacımusalı deyib.

Onun sözlərinə görə, hələ o zamandan AXCP sədri Müsavatın içindəki Tofiq Yaqubluya və onun komandasına “Stavka” etmişdi:

“Müsavat” Partiyasında Arif Hacılı başqan seçiləndən sonra təbii ki, Əli Kərimli “Stavka” qoyduğu şəxsin boşda qalmasına imkan verə bilməzdi. Və vermədi də. Oynanan oyunda əvvəlcə 19 oktyabrda keçirilən icazəsiz aksiyada Tofiq Yaqublunun həbs olunmasına şərait yaradıldı.

Üç saat içəridə qalıb çıxan Əli Kərimlidən fərqli olaraq Tofiq Yaqublu haqqında bütün müxalif media ayağa durdu və ondan müxalifətin “Lenin”i yaratmağa cəhd göstərdilər. Həmin dövr ərzində sosial mediadakı trolları vasitəsi ilə Əli Kərimli Tofiq Yaqublu haqqında statuslar yazdırdı, müxtəlif formada imic formalaşdırmağa çalışdı. Və həmin ərəfədə Müsavat daxilində yaranan siyasi mühacir biznesi ilə bağlı kriz də belə demək mümkünsə, Tofiq Yaqublunun ön plana çıxmasına səbəb oldu.

Bu yerdə bəzi çevrələrdə Müsavatın siyasi mühacir biznesi böhranının məhz Əli Kərimli tərəfindən koordinə edildiyi ilə bağlı gəzən söz-söhbətlərə məntiqlə haqq verməmək əldə deyil. Özünü radikal müxalifətin hakimi mütləqi kimi görmək istəyən Əli Kərimlinin bu addımı atmaqla bir daşla bir neçə quş vurmaq istədiyi də gün kimi ortadadır”.

Jurnalist əlavə edib ki, xaricdən gələn qrantlar uğrunda gedən döyüşlərdə qarşısında rəqib görmək istəməyən AXCP sədri ilk öncə “Milli Şura”da təmsil olunan Tofiq Yaqublunun başqanlığa namizədliyini dəstəklədi, bu plan baş tutmadıqda isə ortaya yeni bir format qoydu:

“Dünən isə Cəmil Həsənli çıxışında Tofiq Yaqublunun Milli Şura sədri ola biləcəyinin anonsunu verdi. Təbii ki, əgər Cəmil Həsənli bu anonsu veribsə, demək ki, Əli Kərimlidən gəlib əmr. Belə çıxır ki, önümüzdəki günlərdə Tofiq Yaqublu “Müsavat”dan “Milli Şura”ya keçərsə, partiyada növbəti ayrılmanın şahidi olacağıq.

Hər halda, Əli Kərimlinin istəyi onsuz da təlatümlər içində boğulan Arif Hacılı komandasını pat vəziyyətinə salmaqdır. İki həftə öncə bir masa ətrafında oturub birlikdən dəm vuran bu qaragüruhun siyasi maraqlar naminə bir-birilərini heçə saymaları onsuz da prosesləri izləyənləri təəccübləndirmir.

Hər kəs radikal müxalifətin bu cür masa ətrafında oturub sonra xəyanət etmələrinə alışıb artıq. Tofiq Yaqublu vasitəsi ilə “Müsavat” Partiyasını parçalamaq istəyi təqribən bu qəbildən olan hadisədir”.

Qeyd edək ki, oktyabrın 19-da Bakıda “Milli Şura”nın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs olunan Tofiq Yaqublu dünən azadlığa buraxılıb. Özünü demokratik qüvvələrin “Milli Şura”sı kimi təqdim edən qurumun sədri Cəmil Həsənli isə sözügedən quruma sədrliyi Tofiq Yaqubluya həvalə etməyi təklif edib.