BAL AYI 2 – Yaşar Süleymanlının yeni hekayəsibackend

BAL AYI 2 – Yaşar Süleymanlının yeni hekayəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci hissə buradahttps://www.interpress.az/125991-bal-ay-yaar-sleymanlnn-yeni-hekaysi.html#.XeKy7KWn2aO
İkinci hissə

O, əlindəki içkidən bir udum alıb, əlinin arxası ilə ağzını sıldi. Siqaretini yandıraraq ard-arda bir neçə nəfəs ciyərlərinə sümürdü və içkisindən bir udum da aldı.
Ona elə gəlirdi ki, bu gördükləri – kabus dolu bir yuxudur. Yenə həmin sahil, yenə dolunay, yenə dalğalarını sahilə qovan dəniz və heç cür bal ayın yaşaya bilmədiyi bu lənətlə gəlmiş otel…
Nə idi onun bu başına gələnlər axı?! Düz üçüncü il idi ki, eyni hadisələr təkrar olurdu.
İki dəfə toyuna bir gün qalmış sevgililəri tərk edib getdi onu. Bəs Nuray? Nuray!

Bir il əvvəl oteldən tələm-tələsik əşyalarını yığıb gedəndən sonra, Nurayı xeyli axtarmış və tapmışdı. İlahi, bu illər ərzində Nuray necə də gözəlləşmiş, sözün əsil mənasında canlar alan biri olmuşdu. O, Nurayı görəndə gözlərinə inana bilməmişdi. Adi bir qız kimi tanıdığı Nuray, indi bambaşqa idi. Saçlarını qısa kəsdirmiş, son dəblə geyinmiş, ədası ilə yeri-göyü yandıran bir xanıma dönmüşdü.

İlk günlər Nuray onun yalvarışlarına, bağışlanması və ona geri dönməsi üçün tökdüyü dillərə heç əhəmiyyət belə verməmişdi. Sadəcə olaraq bir daha onu narahat etməməsin istəmişdi. Bu yalvarışlar günlərlə, aylarla sürmüşdü. O, Nurayın arxasıyca kölgə kimi sürünüb, bağışlanması üçün hətta dizlərini yerə qoyaraq uşaq kimi ağlamışdı da. Hər ötən gün Nuray onu öz gözəlliyi ovsunlayıb, çıxa bilməyəcəyi bir tilsimə salmışdı. Bir zamanlar sadəcə şəhvətini söndürmək üçün ona gərək olan bir qıza, gözlərini yolda, qulağını səsdə qoyduğu birinə indi dəlilər kimi aşiq olmuşdu o.
Bu da bir “karma” olsa idi gərək. Bir zamanlar Nuray onu tərk etməsin deyə çox yalvarmışdı. İndi isə o yalvarırdı, həm də çarəsizcə.

Bir müddət sonra Nurayın daşa dönmüş ürəyi yumşalmağa başlamışdı. Daha onu söyüb qovmur, bir az mülayim rəftar edirdi. Onun içində bir ümüd baş qaldırmışdı. Ürəyinə dammışdı ki, bu yalvarışları boşa getməyəcək və sevdiyi qadın ona dönəcək. Bu istədiyi bir gün oldu da. Nuray onu bağışladı, yenidən sevgili olmaqlarına razılaq verdi, amma bir şərtlə – toy gününə qədər əli əlinə dəyməyəcək. O, Nurayı bu neçə ay ərzində dəlilər kimi arzulamışdı. İncə belini qucaqlayıb bal kimi dodaqlarından öpmək, əlini bütün vücudunda gəzdirmək, yenidən baş qaldırmış şəhvət hisslərini öldürmək üçün ürəyi gedirdi. Amma indi razılaşmaqdan başqa çarəsi yox idi.
Nəhayət toy günlərinə qərar verdilər. Nə az, nə çox, düz bir il idi o bu qərar üçün dəridən – qabıqdan çıxırdı. Bir il hər gün Nuraya eşq nəğmələri söyləyir, sədaqət andı içirdi. Həqiqətən də, sözünün üstündə durmuşdu, çünki Nurayı sevirdi. Onu daha şəhvətini söndürmək vasitəsi kimi yox, dəlilər kimi aşiq olduğu biri qadın kimi görürdü.

Toydan bir həftə əvvəl Nuray əlindəki jurnalı ona görsədib soruşmuşdu:
– Yadındadırmı, canım, bir vaxtlar sənə bu şəkliləri görsətmişdim?
O, jurnala nifrətlə nəzər saldı, çünki bilirdi ki, sevgilisi həmin lənətə gəlmiş otelə və lənətə gəlmiş sahilə işarə edir.
– Yadımdadır canım, necə bəyəm? – deyərək könülsüz cavab vermişdi.
– İstəyirəm bal ayımızı bu oteldə qeyd edək, axı bilirsən, bu mənim çoxdankı arzumdur.
“İlahi, bu nə idi belə? Bu lənətli oteli görüm xaraba qalsın! Axı mən orada iki il dalbadal cəhənnəm kimi günlər yaşamışam. İndi desəm ki, yox, Nuray inciyəcək, həm də bu onun arzusudur. Razılaşsam, o oteldə, o sahildə üzüm necə güləcək axı?!” deyə düşünmüşdü.
Amma razılaşmaqdan başqa çarəsi yox idi. Nurayı itirməkdən çox qorxurdu, ona görə də: “Əlbətdə canım, çox gözəl fikirdir, niyə də olmasın”, – demişdi.

Çox maraqlı və möhtəşəm keçmişdi toyları. Gələn qonaqlar da nəhayət ki, sürpirizlə qarşılamadan, bəyin və gəlinin birlikdə xoşbəxt olduğu bir toya cəm ola bilmişdilər. Onun sevincinin həddi-hüdudu yox idi. Deyəsən, nəhayət ki, tilsim sınmış, karma qanunu öz qüvvəsini itirmişdi.
Toy sona çatmış, hamı dağılıb getmişdi. İndi onu bəy otağında ağ gəlinlik içində Nuray gözləyirdi. Həyacandan əli-ayağı əsirdi. Elə bil ilk dəfə əli qadın əlinə dəyəcək, ilk dəfə bu hisləri yaşayacaqdı.
Qapını ehtiyatla açıb otağa daxil oldu. İlahi, Nuray göylərdən enmiş mələyə bənzəyirdi. Keçib onun qarşısında dayandı. Dizlərini yerə qoyub Nurayın əllərindən tutdu və öpərək, sığal çəkirmiş kimi, üzündə gəzdirdi. Bütün bədəni od tutub yanırdı. Ayağa qalxıb onu özünə tərəf çəkdi. Daha şəhvət hislərinə hakim ola bilmirdi. Bir il hər gün bu günü arzulamışdı. Daha bir dəqiqəni belə hədər keçirmək istəmirdi. Nurayın dodaqlarından öpmək istəyəndə o, üzünü çevirdi və “bir dayan” deyərək ehmalca onu özündən kənara itələdi.
– Nə oldu, canım? – deyə titrək bir səslə soruşdu.
– Sən mənə çox acılar çəkdirmisən, sən mənim xəyallarımla oynayıb məni bir əşya kimi istifadə edib sonra da gərəksiz bir şey kimi atıb getmisən. Yadından çıxıbmı etiklərin?
– Axı sən məni əfv etmişdin, axı bağışlamışdın, unutmuşduq bu olanları və yenidən başlamışdıq hər şeyə?
Onun səsi də, əlləri də əsirdi.
– Sən unuda bilərsən, çünki, mənim duyğularımla oynayan, məni tərk edib gedən, həyatımı cəhənnəmə döndərən sən olmusan. Amma mən unuda bilməmişəm. Sən məni özünə layiq bilmədiyin üçün evlənmədin. Başqaların layiqli bildin. Sən məni necə yarı yolda qoymuşdunsa, onlar da səni eləcə yarı yolda qoyub getdilər. Sən bir dəfə də olsun məni düşündünmü? Sənə görə həyatıma qəsd etdiyimi bildinmi? Bir dəfə arayıb sordunmu? Yox! Bilirsənmi niyə? Çünki, sən məni sevmirdin, mənimlə əylənirdin. Amma gənc bir qızın duyğuları ilə oynamaq çox təhlükəli əyləncədir. Gün gəlir cəzanı alırsan. Sadəcə geci, tezi var.
– Nuray, Nuray, sən nələr danışırsan? Mən elə bilirdim biz hər şeyə yenidən başlamışıq. Biz bir-birimizi sevirik, biz indi ailəyik. Sən nələr deyirsən Nuray?
– Bəli mən səni dəlilər kimi sevirəm. Həm də tanıdığım ilk gündən bəri. Gördüyüm ilk andan bəri. Ölümü gözə alacaq qədər sevirəm. Bir gün sən də mənsiz yaşamağın cəhənnəm olduğunu dərk edərsənsə, mənsiz yaşamaqdansa ölümü seçərsənsə, bax, həmin gün mən səni bağışlayar, sevginin həqiqi olduğuna inanaram. Amma indi sənin danışdığın sevgi nağıllarına inanacaq o saf qız yoxdur. Unutma, tərk edib gedərək onu sən öldürdün. İndi də mən səni tərk edib gedirəm!

*

Başını qaldırıb yenə aya baxdı.
“Lənətə gələsən səni Nuray. Səni dəlilər kimi sevirəm. Məni özünə aşiq etdikdən sonra, tərk edib getmək də nə deməkdir? Belə intiqammı alarlar, ay vicdansız? Gəl, gör nə haldayam! Gör ki, ürəyin soyusun. Səni təbrik edirəm, aldın intiqamını, həm də çox qəddarcasına aldın. Yaşaya bilmirəm daha. Sənsizlikdən ölüm yaxşıdır. Yəqin ölüm xəbərimi alanda o intiqam hissi ilə yanan ürəyin soyuyar. Əlvida həyat, əlvida Nurayyy….

O, qolları yanına düşmüş, taqətsiz halda dənizə tərəf getdi və özünü dalğaların ağuşuna atdı. Boğulmamaq üçün müqavimət göstərmək belə istəmirdi. Tez boğulmaq, sadəcə ölmək istəyirdi. Ölüm hissini daddıqca, ölümə yaxınlaşdıqca Nuraya nələr etdiyini, nələr çəkdirdiyini daha yaxşı anlayırdı.

…Dalğaların arasında qərq olduğu ilə öskürə-öskürə gözlərini açması arsında nə qədər vaxt keçdiyini anlamadı. Ağzından köpük qarışıq su gəlirdi. Gözünü tutmuş pərdə çəkildikcə ətrafı daha aydın görə bilirdi. Nuray, Sona və Sonya başının üzərində dayanıb ona baxırdılar.
“Lənətə gələsiniz sizi, öldüm yenə də məndən əl çəkmirsiniz. Nə istəyirsiniz axı məndən? Əl çəkin, əl çəkin!” – deyib, səsi gəldikcə bağırdı.
Sona ilə Sonya qəhqəhə çəkib gülməyə başladılar.
Birdən Nuray “Hə, bunlar İnkir və Minkirdir, mən də Şeytanam, səndən hesab soruşmağa gəlmişik” deyib qəhqəhə çəkdi.
“Bistimillah, bistimillah” deyərək o üzünü şillələdi, gözlərini ovuşdurdu, amma qızlar yenə ona baxaraq gülməyə davam edirdilər.
Nuray aşağı əyilib onun dodaqlarından öpdü.
– Sən ölməmisən, əzizim! Biz səni xilas etdik. Canım mənim! İndi sübut etdin ki, məni doğrudan da sevirsən. İndi sənə inanıram! İnanıram, eşidirsənmi?

– Sən bu ifritələri hardan tanıyırsan?
O, heyrət içində ayağa qalxdı.
– Onlar mənim ən yaxın rəfiqələrimdir. Sən məni tərk edib gedəndə, mən canıma qəsd edəndə məni ölümün ağzından alan bu iki qız olmuşdu. Mənimlə bərabər üzülüb, mənimlə bərabər ağlayıb, məni yenidən həyata qaytarıblar. Mənim intiqamımı səndən ona görə alıblar ki, bəlkə nə vaxtsa etdiyin günahın böyüklüyünü anlayasan. İllərlə səndən necə intiqam almağın planların cızmışıq. Axırda da qərara gəldik ki, səni növbə ilə aşiq edib bu sahilə tək – tənha bal ayına göndərək. Sonanın səni soyub qaçması, Sonyanın sənə dostun ilə xəyanət etməsi hamısı bir oyun idi. Yeri gəlmişkən dostun da bizə bu planda yardım etməyə razı olmuşdu. Mən sadəcə istədim ki, sən yarı yolda atılmağı, xəyanətin nə demək olduğun, gərəksiz biri kimi tərk edilməyi dadasan və mənim nələr yaşadığımı, nələr çəkdiyimi özün də hiss edəsən. İndi anlayırsanmı mən nələrdən keçmişəm, nələr çəkmişəm?..
Nuray göz yaşları içində boğulurdu.
Bütün bu eşitdiklərindən sonra O, elə bil yuxudan ayıldı. Dikəlib oturdu. Əli ilə saçlarını yolurmuş kimi dartdı. Ürəyindən qızların hər üçünü də elə buradaca boğaraq dənizə atmaq keçdi. Bu nə idi belə?! Bu cür intiqam almaq heç şeytanın da ağlına gəlməzdi. “Yaxşı deyiblər, qadından qorxmayan kafirdir!” – deyə düşündü. Nə cavab versin axı, nə desin… heç özü də bilmirdi. Amma bir şeyi dəqiq bilirdi, bütün bunları artıqlaması ilə haqq edirdi.

O, Nurayın əlindən tutaraq öpdü.
– Səndən hər şey üçün bir daha əfv diləyirəm, bağışla məni. Sənə nələr çəkdirdiyimi indi anlayıram. Necə əclaf bir hərəkət etdiyimi indi başa düşürəm. Amma inan ki, səni bütün qəlbimlə sevirəm. Daha bir gün də yaşaya bilmirəm sənsiz. Bağışla məni, əzizim, bağışla. Sil göz yaşlarını, istəmirəm ki, o gözəl gözlərindən bir damla daha yaş düşsün. Ağlama.!” deyərək Nurayın göz yaşlarını sildi.
– İndi bağışladım, çünki, mən keçdiyim cəhənəmdən sən də keçib qayıtdın. Nələr çəkdirmişdinsə, özün də çəkdin. Mən də… səndən aldığım bu intiqam üçün, məni bağışlamağını istəyirəm. Və əgər sən də bunu istəyirsənsə, bir ömür səninlə xoşbəxt yaşamaq – bal ayımızı, bütün ömrümü yaşamaq istəyirəm.

Nə etsin, nə desin heç özü də bilmirdi. Amma bir şeyi dəqiq bilirdi. Nuraysız yaşaya bilməyəcəkdi. Onu dəlilər kimi sevirdi. Düzü heç Nurayın ona yenidən birləşmək kimi bir təklif edəcəyini də gözləmirdi. Amma nə yaxşı ki etdi.

– Bir ömür sənə sadiq qalacağıma, səni üzməyəcəyimə, heç vaxt aldatmayacağıma, yarı yolda qoymayacağıma kişi kimi söz verirəm, Nurayım! – dedi və Nuray öpüşlərə qərq etdi.
Bir-birinə “səni sevirəm” sözünü təkrar-təkrar söyləməkdən yorurmurdular. Birdən o dodaqlarını Nurayın qulağına yaxınlaşdırıb pıçıldadı: “Təcili otelə, otağımıza getməliyik”
• Niyə? – deyə Nuray təəccüblə soruşdu.
• Çünki, səni dözülməz dərəcədə çox arzulayıram və bu dəqiqə özümü güclə saxlayıram… – deyərək güldü.
• Utanmaz, – deyərək Nuray da nazla gülməyə başladı.

O, bir anda Nurayı qucağına alaraq otelə tərəf iti adımlarla irəliləməyə başladı.
Onların get – gedə uzaqlaşan gülüş səsləri sahilə dəyən dalğaların səsi ilə xoşbəxt bir ahəng yaradırdı…