Əli Hüseynli: “Diaspor sahəsində yeni siyasət həyata keçirilir”backend

Əli Hüseynli: “Diaspor sahəsində yeni siyasət həyata keçirilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən plenar iclasında \”Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında\” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Qanuna edilən əlavə ilə \”Diaspor fəaliyyətində xidmətə görə\” medalı təsis edilib.

İnterpress.az-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iclasında çıxış edərək bildirib ki, hazırda diaspor sahəsində yeni siyasət həyata keçirilir. Əli Hüseynli qeyd edib ki, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti yaranıb:

“Ölkəmizdə diaspor fəaliyyətinə çox böyük əhəmiyyət verilir. Ulu öndər Heydər Əliyev 1993-cü ildən başlayaraq, bütün xarici səfərlərində diaspor nümayəndələrimizlə görüşürdü. Bu, bizim xarici siyasətimizin ayrılmaz tərkib hissəsi idi. Sonrakı mərhələdə Prezident İlham Əliyev də daimi olaraq xaricdə yaşayan soydaşlarımıza xüsusi diqqət göstərib. Hazırda, bizim diaspor sahəsində keyfiyyətcə yeni siyasət həyata keçirilir. Azərbaycanın dünyada artan nüfuzu bu sahəyə xüsusi diqqət göstərilməsini tələb edir. Bu illər ərzində diaspor fəaliyyətində aktiv olan soydaşlarımız bir sıra orden və medallarla təltif olunublar. Bu baxımdan xüsusi bir medalın – “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması çox əhəmiyyətli addımdır. Həm birinci, həm də ikinci oxunuşda həmkarlarımız da bu məsələni dəstəkləyib. Düşünürəm ki, üçüncü oxunuşla bağlı başqa bir problem yoxdur. Səsə qoyulmasını xahiş edirəm”.

“Bu qanunun qəbul edilməsi orden və medallarımızın siyahısına şərəfli töhfəsini vermiş olacaq”,-deyə komitə sədri əlavə edib.
Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.