Jurnalistlərə əlçatan olmayan mətbuat katibləri: məmurlaşanlar, tənqidə dözümsüzlər, qaçıb gizlənənlər…backend

Jurnalistlərə əlçatan olmayan mətbuat katibləri: məmurlaşanlar, tənqidə dözümsüzlər, qaçıb gizlənənlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Telefon zəng çalır, çalır… cavab yoxdur.  Ya da “sualı e-mailə göndərin, sorğunuz möhürlü olsun, rəsmi qaydada”  kimi cavablar. Bu kimi ifadələr yəqin ki, media nümayəndələrinə tanışdır. Bəli, söhbət mətbuatla əlaqəli olmaq üçün nəzərdə tutulan, lakin jurnalistlər üçün heç cür əlçatan olmayan mətbuat xidmətlərindən gedir.

Jurnalistlər gün ərzində məlumat əldə etmək, informasiyanı dəqiqləşdirmək üçün müxtəlif ünvanlara müraciət edirlər. Bu ünvanlar arasında dövlət qurumlarının mətbuat xidmətlərinin xüsusi çəkisi var. Mətbuat xidmətlərinin isə hamısından iformasiyanı almaq o qədər də asan məsələ deyil. Bəzi hallarda bir sıra mətbuat katibləri və ya xidmətin əməkdaşları medianı aidiyyatı vəzifəli şəxslə əlaqələndirmək əvəzinə baş çıxarmadıqları məsələlərdən danışıb, əsas sualdan yayınırlar.

Maraqlıdır, jurnalistlərin bu məsələyə münasibəti necədir? Mətbuat xidmətlərindən nə dərəcədə razıdırlar, onların fikrincə, bu öhdəliyi daşıyan şəxslər necə olmalıdır?

Modern.az məsələ ilə bağlı mətbuat nümayəndələrinin fikir və təkliflərini öyrənib.

Jurnalistlərə əlçatan olmayan mətbuat katibləri: məmurlaşanlar, tənqidə dözümsüzlər, qaçıb gizlənənlər…

“Etikxəbər.az” saytının baş redaktoru Kamil Həmidov mətbuat xidmətinin üzvünün özünü məmur yox, media ilə dövlət qurumu arasında bir körpü kimi təsdiqləməli olduğunu bildirib:

“Məbuat qurumlarının iş fəaliyyətinin tam yararsız halda olduğunu demədiyim kimi, onlardan razı olduğumu da deyə bilmərəm. Hazırda mətbuat xidmətlərinin fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, mətbuat xidmətləri daha əlçatan olmalı, media ilə işləməyi bacarmalıdırlar. Mətbuat xidmətində daha çox peşəkar insanlara, jurnalistikada öz sözünü deyən şəxslərə ehtiyac var. Mətbuat xidmətləri içərisinidə Təhisil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti üzdədir, görünəndir. Lakin bir sıra qurumlar, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, hüquq-mühafizə orqanlarının və Səhiyyə Nazirliyinin mətbuat xidmətləri demək olar ki, mətbuata açıq deyil. Belə bir tendensiya var, bəzən mətbuat xidmətindən bildirilir ki, “biz ancaq filan sayta, filan agentliyə açıqlama veririk, siz də onların yazısından istifadə edin”. Belə bir yanaşmanın olması düzgün deyil. Ciddi, cəmiyyətə təsiri olan bütün media qurumlarına mətbuat xidmətləri eyni yanaşmanı sərgiləməlidir. Mətbuat xidmətinə rəhbər seçilən şəxslər artıq kreativ yanaşma göstərməlidir. Yəni mətbuat xidmətinin üzvü məmur yox, media ilə dövlət qurumu arasında bir körpü kimi özünü təsdiqləməlidir”.

Jurnalistlərə əlçatan olmayan mətbuat katibləri: məmurlaşanlar, tənqidə dözümsüzlər, qaçıb gizlənənlər…

Modern.az saytının əməkdaşı Xalid Vahidoğlu kiçik istisnaları çıxmaq şərti ilə mətbuat xidmətinin rəhbərlərinin media ilə dövlət qurumu arasında nəinki körpü yaratdığını, əksinə, baryerə çevrildiyini bildirib:

“Son 4 ildə yaradıcı fəaliyyətim bir qədər azaldığı üçün dövlət qurumlarının mətbuat xidmətləri ilə sıx təmasda olmuram. Amma hərdən müraciət etdiyim zaman vəziyyətin dəyişmədiyinin şahidiyəm. Azərbaycanda kiçik istisnaları çıxmaq şərti ilə mətbuat xidmətinin rəhbərləri media ilə dövlət qurumu arasında nəinki körpü yaradır, əksinə baryerə çevrilir. Mətbuat xidmətinə rəhbər seçəndə də rəhbərlər cəmiyyətlə işləmək bacarığına deyil, qurumla bağlı gedəcək hansısa tənqidi yazının qarşısını ala bilmək, mediada öz istədikləri informasiyanı yaymaq bacarıqlarına sahib olanlara üstünlük verirlər. Acınacaqlı durum odur ki, media cameəsindən çıxıb mətbuat katibi işləyən həmkarlarımız da sonradan tənqid etdiklərindən daha çətin aşılan baryer yaradırlar. Mən isə həmişə araşdırma apardığım mövzularla bağlı əgər təcili informasiya almaq zərurəti yoxdursa, informasiya sorğusu verirdim. Cavab almayanda isə məhkəməyə müraciıət edirdim”.

X.Vahidoğlu əlavə edib ki, indiyədək Səhiyyə Nazirliyi, “Bakı Metropoliteni”, Bakı Şəhər Baş Polis İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, “Azərişıq” və hazırda xatırlamadığı bir neçə digər quruma qarşı məhkəmə iddiaları qaldırıb:

“İşə məhkəmədə baxılanda əvvəl qaçıb gizlənən mətbuat katibləri özləri xahiş üçün tanış axtarır və sorğuda  istədiyimiz informasiyanı verirdilər ki, iddianı geri götürək. Təklifim isə münasibətləri dəyişməkdir. Nə zamanadək dövət qurumu rəhbəri özünü xalq qarşısında məsul saymayacaq, xalqın məmnuniyyətini qazanmaq üçün səy göstərməyəcək, vəziyyət olduğu kimi qalacaq. Əslində həmin əməkdaşlar ictimai əhəmiyyətli bütün informasiyaları sayta yerləşdirməli və nəinki jurnalist, hər bir vətəndaş üçün əlçatan etməlidir. Bunun üçün isə münasibətlər və dövlət qurumu rəhbərlərinin təfəkkürü dəyişməlidir”.

Jurnalistlərə əlçatan olmayan mətbuat katibləri: məmurlaşanlar, tənqidə dözümsüzlər, qaçıb gizlənənlər…

“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı son illər dövlət qurumlarının mətbuat xidmətlərinin öz işlərində yaxışlığa doğru dəyişikliklər etdiklərini bildirsə də, hələ də qüsurların mövcudluğunu vurğulayıb:

“Məsələn, onlar bəzən saytlara öz nazirliklərinin (komitələrinin) hansısa bir idarənin reklam və elanlar lövhəsində vurulan divar qəzetində belə getməyə layiq olmayan xəbərlər göndərirlər. Bu xəbərlərin ölkə ictimaiyyəti və bir sayt oxucusu üçün heç bir marağı yoxdur. Təbii ki, heç kəs də o cür xəbərləri oxumur. Bundan başqa, yaxşı olar ki, mətbuat xidmətləri ilə jurnalistlər arasında əlaqə birtərəfli, şaquli olmasın, onlar da jurnalistləri maraqlandıran suallara operativ cavab versinlər. Yoxsa, \”suallarınızı göndərin, bir həftədən sonra cavab verərik\” şəklində əməkdaşlıq effektsizdir.”

Jurnalistlərə əlçatan olmayan mətbuat katibləri: məmurlaşanlar, tənqidə dözümsüzlər, qaçıb gizlənənlər…

Hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli qeyd edir ki, mətbuat xidmətinə rəhbər təyin olunan şəxslər mediadan gəlsələr də, vəzifəyə təyin olunandan sona məmur obrazına girirlər:

“İndi əsas problemlərdən biri dövlət qurumlarının informasiya təminatı ilə bağlı sektorlarının yaxşı işləməməsidir. Burada iki aspekt var, birbaşa media ilə işləmək, bir də var, informasiya təminatını onlayn formada açıq tutmaq, elektron sorğulara zamanında reaksiya bildirmək. Bir çox hallarda mətbuat xidmətləri sorğuları cavablandırmır, cavablandıranda da bəzən sorğu ünvanlayan şəxsdən qanuni olmayan şəxsi informasiyaları tələb edirlər. Açıq informasiya heç bir sorğu-sual tələb edilmədən təqdim edildiyi halda mətbuat xidmətləri jurnalistdən hansı media qurumunda işlədiyini, məlumatı nə üçün istədiyini və s. soruşurlar. Bu problemin kökündə dövlət qurumlarının mətbuat xidmətlərinin mediadan gəlməyinə baxmayaraq, vəzifəyə təyin olunan kimi məmur obrazlarına girmələridir. Mətbuat katibi də məmurlaşandan sonra medianın funksionallığı azalır. Mətbuat xidmətləri açıq, şəffaf olmalıdır, press-relizləri sistemli şəkildə yaymalı, hətta ona sual ünvanlanmadığı halda daimi olaraq medianı informasiya ilə təmin etməlidir”.

Jurnalistlərə əlçatan olmayan mətbuat katibləri: məmurlaşanlar, tənqidə dözümsüzlər, qaçıb gizlənənlər…

“Ayna.az” saytının əməkdaşı Təranə Xudabaxşiyeva bəzi mətbuat xidməti rəhbərlərinin ümumiyyətlə, səsini belə eşitməyin mümükünsüz olduğunu bildirib:

“Dövlət qurumlarının mətbuat katibi məni dövlət qurumlarının mətbuatla işlədiyi qədər qane edir. Yəni, biz həmişə mətbuat xidmətlərini günahlandırırıq ki, yaxşı işləmirlər, operativ deyillər filan… Lakin unuduruq ki, mətbuat xidməti təmsil etdiyi qurumdan, rəhbərlikdən asılıdır. Əgər rəhbərlik mətbuata açıqdırsa və bütün problemlərə normal yanaşaraq tənqidi qəbul edə bilirsə, o zaman mətbuat xidməti də tənqidlərə, problemlərə açıq ola bilir. Lakin dövlət qurumlarının bəziləri üçün hər şey mənasızdır. Yəni bu qurumlar mətbuatı qəbul etmir, yazılanlara önəm vermirlər. Hətta belə qurumların mətbuat xidmətləri telefonu belə qaldırıb demir ki, “Salam, mən sizi eşidirəm”. Dövlət qurumlarının mətbuat xidmətləri iki yerə ayrılır: doğurdan da mətbuata xidmət edənlər, mətbuatı önəmsəməyən mətbuat xidmətləri. Son iki-üç ildə mətbuat xidmətlərinin tamamilə dəyişdiyini də etiraf etmək lazımdır”.

T.Xudabaxşiyeva onu da deyib ki, media nümayəndələrinin tənqidləri bəzi qurumların mətbuat xidmətlərini dəyişməyə məcbur edib:

“Xüsusilə sosial şəbəkələrdə gündəmin geniş müzakirəsi onların məsələ və problemlərdən qaçmasını çətinləşdirdi. Buna rəğmən təəssüf olsun ki, bəzi dövlət qurumlarının, xüsusilə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin səsini eşitmək olmur. Təklif edirəm ki, dövlət qurumları, nazirliklər və s. ilk olaraq mətbuat xidmətinə media ilə işləyən şəxsləri gətirsinlər. Onlara izah etsinlər ki, mən sizi bu vəzifəyə susmaq üçün yox, mətbuatla əlaqədə olmaq üçün gətirmişəm.Təəssüf olsun ki, mətbuat xidmətlərinin rəhbərləri bu gün özlərini jurnalistlərdən üstün tutaraq, dediklərini diqtə etməyə çalışırlar. Bəzi hallarda jurnalistlər özləri bu vəziyyəti yaradırlar. Lakin anlamaq lazımdır ki, bu, belə olmalı deyil. Bir sözlə mətbuat xidmətləri anlamalıdır ki, onlar işlədikləri qurumdan asılı deyillər. Əksinə, dövlət qurumları mətbuat xidmətindən asılıdır. Gəlin etiraf edək ki, mətbuatda olan bəzi şəxslər öz işlərinə hörmətlə yanaşmır, mətbuat xidmətinin diqtə etdiyini yazır”.