Bu gün Heydər Əliyevin anım günüdürbackend

Bu gün Heydər Əliyevin anım günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın mərhum Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti – red.) tarix fakültəsini bitirib.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.

Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başladı.

Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edirdi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi.

Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarları Sovet rejiminə sarsıdıcı zərbə vurmaqla çox əhəmiyyətli rol oynadı.

Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci ilin fevralında keçirilən sessiyasındakı çıxışında SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandırdı.

“Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu hüququmdan heç kəs məhrum edə bilməz”,-deyə Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin sessiyasında demişdi.

Həmin sessiyada Azərbaycan SSR-nin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı və üçrəngli bayrağımız dövlət bayrağı kimi təsdiqləndi.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş H.Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edərək namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb. Ümummilli liderin Azərbaycanı bəlalardan xilas etməsi, onun dünya miqyasında tanınmış siyasətçi statusu qazanması xalqımızın taleyində mühüm rol oynayıb.