XX əsrin fenomen şəxsiyyətibackend

XX əsrin fenomen şəxsiyyəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər bir toplumun, millətin və xalqın bir yolgöstərəni, rəhbəri, başçısı, lideri olur. Lakin onların heç də hamısı ümummilli lider səviyyəsinə yüksələ bilmir. Dünyada belələri barmaqla sayılacaq qədər azdır. Bu liderləri fərqləndirən cəhətlər hansılardır? Belə liderlərin siyasi portretlərini incələyərkən, mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən məlum olur ki, burada müdriklik, mübarizlik, mətinlik, uzaqgörənlik, yüksək intellektual səviyyə və ilk növbədə xalqa bağlılıq üstünlük təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun tarixində məhz bu nəcib keyfiyyətlərə malik Heydər Əliyev kimi bir siyasi lider, fenomen şəxsiyyət XX əsr tariximizə öz möhürünü vuraraq əbədiyaşarlıq qazanıb.

Siyasi müdriklik, dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması, qətiyyətlilik və dəmir iradə ümummilli liderlərin fəaliyyətinin ana xəttini təşkil edir. Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, bütöv bir xalqı böyük məhrumiyyətlərdən qorumağa və onun ən şərəfli tarixini yaratmağa nail olmuş ümummilli lider Heydər Əliyevin siyasi irsi, ölməz ideyaları, bizim üçün əmanət buraxdığı prinsiplər həmişə aktualdır və canlıdır. Ulu öndərlik missiyasını layiqincə daşıyan Heydər Əliyevin siyasi kursu vəfatından sonra da yaşadı, uğurla davam etdirildi və indi də etdirilir. Bu gün dahi rəhbərin Fəxri xiyabanda ucaldılmış abidəsi millətimizin ziyarət etdiyi əbədi məkanlardan birinə çevrilib.

Heydər Əliyevi digər liderlərdən fərqləndirən cəhət onun doğma xalqının qəlbini fəth etməsidir. Buna görə də o, xalqının, bugünkü və gələcək nəsillərin qəlbində əbədi yaşayır və yaşayacaqdır. Ulu öndərin şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir. Onu dönə-dönə oxumaq, öyrənmək, təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycan tarixinin parlaq səhifələridir. Bu tarixin otuz ildən artıq dövrü məhz onunla bağlı olmuşdur. İstər Azərbaycana rəhbərlik etdiyi sovet dönəmində, istər Moskvada SSRİ kimi nəhəng və qüdrətli bir dövlətin ən yuxarı eşelonunda yüksək rəhbər vəzifədə işlədiyi vaxtlarda Heydər Əliyev sadə adamlardan tutmuş, ən böyük siyasi xadimlərin də etiraf etdiyi kimi, aydın zəkası, siyasi təcrübəsi baxımından həmişə seçilmişdir. Şəxsən Heydər Əliyev mənim üçün böyük müəllim və dahi rəhbər olmuşdur.

Yaxşı xatirimdədir ki, Moskvada xüsusi orta milis məktəbində təhsil aldığım illərdə Heydər Əliyevə çox böyük maraq var idi, hər kəs ulu öndərin iti zəkasına, idarəçilik məharətinə həsəd aparır, onun barəsində çox müsbət fikirlər səsləndirirdi. Bu, dahi şəxsiyyətə olan xüsusi rəğbətimin təzahürü idi ki, ulu öndərin çıxışlarını mütəmadi mütaliə edir, hətta imtahanlar verərkən Heydər Əliyevdən sitatlar gətirməyim müsbət qiymətləndirilirdi. Bu, ondan irəli gəlirdi ki, Heydər Əliyevin qüsursuz, anlaşıqlı, dolğun çıxışları onu ustad bir müəllim kimi xarakterizə edirdi. O zaman Heydər Əliyevin sovet hakimiyyətinin ən yüksək eşelonunda təmsil olunmasını qısqanclıqla qarşılayanlar ona qarşı paxıllıq, riyakarlıq nümayiş etdirərək və çirkin kampaniyalar apararaq, 1987-ci ildə ulu öndərin istefaya göndərilməsinə nail oldular. Buna baxmayaraq, ulu öndəri tanıyanlar, sevənlər bununla heç cür barışmır, əksinə, ona olan məhəbbətini, dəstəyini əsirgəmirdilər.

Hələ 1988-ci ilin ilk mitinqlərindən başlayaraq, Azərbaycan xalqı üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçini görür və onun yenidən Azərbaycan rəhbərliyinə qayıtmasını arzulayırdı. Lakin həmin vaxtlarda görkəmli siyasətçi, dövlət xadimi Heydər Əliyev ciddi təqib olunur, onun və tərəfdarlarının xalqla birləşməsinə hər vəchlə əngəl törədilirdi. Minlərlə adamın mitinq və nümayişlərə Heydər Əliyevin portretləri ilə çıxması onu yenidən rəhbər görmək arzusunun ümumxalq miqyasında, açıq şəkildə ifadəsi idi. Sabunçu (o vaxtkı Lenin rayonu) Polis İdarəsində cinayət-axtarış bölməsinin rəhbəri olduğum həmin illərdə dahi rəhbərin portretini iş otağında böyük fəxarət hissi ilə saxlayırdıq.

Təsadüfi deyildi ki, xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya Heydər Əliyevin Azərbaycana qayıtmasına hər vəchlə mane olurdu. Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciə törətdiyi ən ağır vaxtda Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükə altına ataraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş, burada təşkil olunan etiraz mitinqində 20 Yanvar faciəsinə görə mərkəzin və respublika rəhbərliyinin hüquqazidd əməllərini ifşa etmişdir.
Tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə bir olmağı, ona kömək etməyi vacib sayan Heydər Əliyev 1990-cı ilin iyulunda Bakıya gəldi və onu qarşılayanlardan biri kimi ulu öndərlə ilk tanışlığımız orada oldu. Həmin vaxt qardaşı Cəlal Əliyevin evində qalan Heydər Əliyevə qarşı təhdidlər səngimir, onu Bakını tərk etmədiyi təqdirdə istənilən hadisənin baş verə biləcəyi ilə hədələyirdilər. Heydər Əliyev Naxçıvana getmək məcburiyyətində qaldı.

Yaxşı xatirimdədir, Cəlal Əliyevlə görüşümüzdən sonra ertəsi günü Vasif Talıbovla (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri) birgə Heydər Əliyevi Naxçıvana yola salmaq üçün aeroporta apardıq və onu təyyarənin salonunadək ötürdük. Sonralar Naxçıvanda ulu öndərlə görüşlərimiz olmuşdur. Yaşının çox və səhhətində müəyyən problemlərin olmasına baxmayaraq, hər zaman qamətli duruşu, daxili gücə və özünə inama malik olması, möhkəm iradəlilik və qətiyyətlilik əlamətləri, səsindəki amiranəlik ümummilli lideri ilk görünüşdən məğrur sərkərdəyə bənzədir, onun hələ bundan sonra da xalqına xidmət etmək iqtidarında olduğunu göstərirdi. Təbiətən çox təmkinli olsa da, baş verən haqsızlıqlara qarşı hər zaman barışmaz idi. O, güclü siyasi fəhmə, taleyüklü məsələləri həll etmək bacarığına, dəmir iradəyə və zəngin idarəçilik təcrübəsinə malik idi. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdu.

1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən ­xalqımız çox çətin sınaqlardan keçmiş, qanı bahasına qazandığı müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Həmin dövrdə Azərbaycanda müstəqil dövlətçilik maraqları ilə üst-üstə düşməyən, bir çox hallarda isə onlara zidd olan qeyri-ardıcıl, səriştəsiz siyasətin aparılması, silahlı birləşmələrin özbaşınalığı, xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü bu təhlükəni daha da dərinləşdirirdi.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, \”əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik\”. Məhz belə bir ağır dövrdə – 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdaraq müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. O dövrdə təsəvvür etmək çətin idi ki, çoxsaylı təhdidlərə məruz qalan Heydər Əliyev ömrünün bu çağında hakimiyyətə qayıtsın. Buna rəğmən o güclü şəxsiyyətin heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq, sözün əsl mənasında, \”ömrümün qalan hissəsini də xalqıma bağışlayıram\”– deyib, meydana atılması xalqı və dövləti qarşısında misilsiz fədakarlıq idi.

Məhz ulu öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanılmış, atəşkəsə nail olunmuş, dövlətlə xalqın birliyi təmin edilmiş, bütün sahələrdə demokratik islahatlara başlanılmış, güclü dövlətin möhkəm təməli qoyulmuşdur. Hamımızın yaxşı xatirindədir ki, müstəqilliyin ilk illərində olan vəziyyət dövlət qurumlarından da yan keçməmiş, respublikanın prokurorluq, ədliyyə, polis, milli təhlükəsizlik, gömrük orqanlarında kadr siyasəti ciddi şəkildə təhrif olunmuş, həmin orqanlar öz üzərlərinə düşən sabitlik və əmin-amanlığın qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi vəzifəsini unudaraq, hərəsi bir siyasi qüvvəyə xidmət edirdi.

Respublikada cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ölkədə demokratik, hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. \”Dövlət – dövlətçiliyi qorumalıdır\”, – fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək, ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkmişdi. Onun ölkədə geniş vüsət almış cinayətkarlığın bütün təzahürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü il avqustun 9-da imzaladığı xüsusi fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratmışdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq, bu ümumbəşəri sosial bəla ilə mübarizəyə başlanılmışdı. Heydər Əliyev qətiyyətinin ifadəsi olan bu mühüm tədbirlərin həyata keçirilməsində iştirakımı daim xatırlayır, ulu öndərin fəaliyyətimə verdiyi dəyərdən böyük fəxarət duyuram. Həqiqətən 10 ilə yaxın bir müddətdə bu dahi şəxsiyyətlə birgə çalışmaq, onun rəhbərliyi ilə keçirilən tədbirlərdə iştirak etmək qürurvericidir.

Ümummilli liderin etimadı sayəsində 1993-cü ildən etibarən uzun müddət Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində işləmişəm. 1993-1998-ci illər Azərbaycanda ən gərgin illər idi. Bu illərdə Bakı şəhəri kimi böyük bir şəhərin təhlükəsizliyi, sözsüz ki, təmin olunmalı idi. Az qala, hər gün mitinqlər keçirilir, təxribat xarakterli müxtəlif addımlar atılırdı. Bütün bunların öhdəsindən gəlmək isə asan iş deyildi.

Dahi rəhbərin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirmək ən ümdə vəzifəmiz idi. 1994-cü ilin oktyabrı və 1995-ci ilin martında baş vermiş dövlət çevrilişinə, ölkə Prezidentinin fiziki məhvinə yönəldilmiş sui-qəsd cəhdləri gördüyümüz kompleks və çevik əməliyyat tədbirləri nəticəsində tamamilə aradan qaldırılmış, onların təşkilatçıları ifşa olunaraq, respublikada siyasi qarşıdurma yaratmaq istəklərinə qətiyyətlə son qoyulmuşdur.

1995-ci ildə Heydər Əliyevə sui-qəsd təşkil etmək istəyən şəxslərin hamısı işlədiyim dövrdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq yaxalanmışdır. Hətta o zaman Heydər Əliyev bu cinayətin açılmasına görə bizə təşəkkür də etmişdi. \”Hər bir insanın taleyi xalqın taleyinə çevrilməlidir\”,– deyən Heydər Əliyev necə böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü sonrakı dövrdə öz cinayətkar əməllərini dayandıran, qanuna əməl edən qanunsuz silahlı birləşmələri də cinayət məsuliyyətindən azad etməsi ilə təsdiqlədi. Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikliklə bacarırdı. Onun hər zaman xalqının yanında olduğuna, Heydər Əliyevi böyük bir izdihamın müşayiət etdiyinə, hər bir vətəndaşa qayğı ilə yanaşdığına şahid olmuşam, bir rəhbər kimi onunla birgə tədbirlərdə iştirak etmişəm.
Azərbaycanlı olması ilə fəxr etməsi, Azərbaycan kəlməsini gözləri yaşara-yaşara söyləməsi ulu öndərin Vətənə olan sevgisinin sübutudur: \”Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!\”

Xalqın əbədi sevgisini qazanan ulu öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Azərbaycan dağılmaqda olan ölkədən inkişaf, tərəqqi edən dövlətə çevrildi. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı kimi Azərbaycanın müstəqillik tarixini yazan ümummilli liderimiz Heydər Əliyev qısa zamanda misilsiz xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu, mütərəqqi sosial-siyasi, iqtisadi və məhkəmə-hüquq islahatları ilə tariximizin parlaq səhifələrini yazdı.
Azərbaycanın özü qədər əbədi olan dahi öndər Heydər Əliyevin ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri xalqımız tərəfindən sonsuz məhəbbət və dərin ehtiram hissi ilə yad edilir, onun əziz xatirəsi daim qəlbimizdə yaşayır.

Bu gün ölkəmizin sürətli və hərtərəfli inkişafı onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlarımız müstəqil dövlətçilik prinsipləri ilə daha da möhkəmlənir. Çünki bu iş, bu siyasi xətt müasir şəraitdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatlar bu gün öz real bəhrəsini verir. Bizim isə ən böyük vəzifəmiz Heydər Əliyevin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır.

Məhərrəm ƏLİYEV,
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik