Məhəbbət, pul, karyera – Bürcləri 2020-ci ildə nə gözləyir?backend

Məhəbbət, pul, karyera – Bürcləri 2020-ci ildə nə gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər kəsə gələcəkdə onu hansı hadisələrin gözlədiyini bilmək maraqlı olur.

Bəzi insanlar gələcək taleyini öyrənmək üçün ekstrasenslərə, falçılara gedirlər. Aparılan təcrübə onu göstərir ki, gələcəyi təxmin etmək üçün əlverişli üsul astroloji proqnozlardır.

Astroloq, avestaşünas Səbuhi Rəhimli Oxu.Az-a 2020-ci ilin astroloji proqnozları barədə danışıb.

QOÇ

2020-ci ildən çox şey gözləyirsiniz. Bu səbəbdən də ötən ilin sonlarından bütün gücünüzü səfərbər etmisiniz. Əgər deyilən istiqamətdə etibarlı və sədaqətli dostlarınız olubsa,  istəklərinizin çoxuna qovuşacaqsınız.

Novruz ərəfəsindən sonra isə şəxsi həyatınızda mühüm dəyişikliklər olacaq.

Siçovul sizdən pozulmuş münasibətləri bərpa etməyi, nüfuz dairənizi genişləndirməyi, halal yolla qazanılmış maddi sərvət toplamağı, qorumağı və təyinatı üzrə xərcləməyi tələb edir.

Ailə-sevgi münasibətlərində küsülülükləri bir yana qoyun ki, ilin ikinci yarısında qarşınızda duran qlobal problemlərinizi həll edə biləsiniz. Evlənmək istəyənlər payızın son iki ayını gözləsinlər.

BUĞA

Ümumi göstəricilərə inansaq, ilin birinci yarısı sizin üçün müəyyən qədər passiv keçəcək. Amma bunu uğursuzluq kimi başa düşməməli, qeyri-adi uğurların olmayacağı kimi qəbul etməlisiniz.

May və iyun aylarında növbəti yarımilin geniş planlarını qurmaq üçün şanslarınız olacaq.
İl ərzində səhhətlə bağlı problemləriniz də xeyli səngiyəcək. Yalnız yanvar və iyul aylarında özünüzə diqqət yetirməyə çalışmalısınız, ələlxüsus da qidalanma prosesində. Elə ki ilin ikinci yarısı başlandı, bütün işlərinizdə nəzərəçarpacaq irəliləyişlərin şahidi olacaqsınız.

Oktyabr-noyabr aylarında vəzifə pilləsində yüksələcəyiniz də gözlənilir. Ailə qurmuş, təhsil almış və işsiz olmayan “Buğa”lar üçün 2020-ci il daha uğurlu keçməlidir.

ƏKİZLƏR

Qarışıq dövrünüz arxada qalmaqdadır. Artıq Yeni ilə təcrübəli və zirək bir insan kimi qədəm qoyacaqsınız.

Bütün astroloji göstəricilər fəaliyyət müstəvisində bu vaxta qədər görmədiyiniz uğurlara çatacağınızdan xəbər verir. Çoxşaxəli iş istiqamətləri, vəzifədə yüksəliş, həmçinin, təşəbbüskarlığınız sayəsində yeni qurulan işlər nüfuzunuzu xeyli artıracaq.

İl ərzində ailə-sevgi münasibətlərinə daha məsuliyyətlə yanaşmalısınız. Çünki hər hansı hərdəmxəyallığınız, qeyri-ciddi yanaşmanız və qərəzkarlığınız həssas məqama çatan qarşılıqlı münasibətlərinizi korlaya bilər. Hər şeyi itirməkdənsə, səbrli olmağınız daha vacibdir. Əgər dediklərimizə əməl olunsa, evlilər firavanlığa, subaylar isə sevdiklərinə qovuşacaqlar.

XƏRÇƏNG

Elə ilk kəlmələrimi eşidən kimi hazır olun ki, qarşıda duran il olduqca maraqlı keçəcək və çox zirvələri fəth edəcəksiniz.

Ağ Siçovul sizlərə daha çox məhəbbət aləmində yardımçı olacaq. İlin ilk üç ayında sevgidə mövcud olan anlaşılmazlıqları asanlıqla qaydasına salmağı bacaracaq və tərəf müqabiliniz tərəfindən başa düşüləcəksiniz.

Ulduzlar kənar müdaxilələrin qarşılıqlı münasibətlərə xələl gətirməsinin qarşısını almağınızı da təvəqqe edir. Əgər evlənmək planınız varsa, bunu iyula və ya noyabra təyin edin. Bu il yeni dostluq tellərinə o qədər də etibar etməyin, bunun əvəzində köhnə dostlarınızla daha da yaxınlaşın.

Fəaliyyət zəminində ilin ilk yarısı bir qədər passiv keçəcək. Yay aylarında isə qəfil dönüşün, sürətli inkişafın şahidi olacaqsınız. Hətta ola bilər ki, payıza doğru tanınmış bir məmurla və ya siyasi-ictimai xadimlə də dərin əlaqələr qurasınız.

ŞİR

Bəri başdan diqqətinizə çatdıraq ki, qarşınızda həlledici bir il durur. Bütün perspektivləriniz məhz bu ərəfədən asılı olacaq. Niyyətlərinizin reallaşması üçün ilk növbədə münasibətləri tənzimləməlisiniz.

Astroloji göstəricilər yanvar-mart aylarını bir qədər çətin başa vuracağınızı bildirir. Buna baxmayaraq, ötən il topladığınız enerji bu dövrü itkisiz başa vuracağınıza kömək edə bilər. Qəlbinizdə özünə yer tapan arzularınızı həyata keçirmək üçün Novruzdan dərhal sonra hərəkətə keçməyiniz lazım gələcək. Əmin olun ki, ötən on ilin ağrı-acılarını, boşluqlarını bu il aradan qaldırmağa gücünüz yetəcək.

Nə qədər qəribə görünsə də, Siçovul sevgi məsələlərini arxa plana keçirəcək. Buna baxmayaraq, münasibətləri heç olmasa köhnə qaydada saxlamağa müvəffəq olmalısınız.

QIZ

2020-ci ilə el arasında deyildiyi kimi, “bişmiş” şəkildə qədəm qoyacaqsınız. Ötən illərdə kifayət qədər təcrübə topladığınız üçün qarşınızda duran maneələrin əksəriyyətini dəf etməyi bacaracaqsınız. İlin ilk üç ayı xüsusilə əhəmiyyətli olacaq.

Əmin olun ki, Siçovul ili sizi elə bir çətinliyə salmayacaq. Beləliklə, hansısa qlobal probleminizin həlli üçün təlatümlərdən keçməyəcək, maddi-mənəvi sıxıntılara məruz qalmayacaqsınız. Ən uğurlu vaxtlarınız isə aprel ayından start götürəcək.

Yeri gəlmişkən, şəxsi büdcənizlə bağlı problemləriniz aprel ayından etibarən qaydasına düşəcək və maddi durumunuzdan çox razı qalacaqsınız.

TƏRƏZİ

Yeni ilin elə ilk günlərindən tabeçiliyində çalışdığınız rəhbərliklə münasibətləri normallaşdırsanız, sonrakı proseslər sizin üçün sərfəli olacaq. Ən azı ona görə ki, il ərzində ən böyük probleminiz müdiriyyətlə münasibətin pozulmasından irəli gələ bilər. Tövsiyələrimizə riayət etsəniz, fevralın sonlarından başlayaraq xoş məqamların şahidi olacaqsınız.

Maliyyə məsələlərinə gəlincə, ulduzlar bəyan edir ki, boş məsrəflərə pul xərcləməsəniz, il ərzində hansısa sıxıntınız olmayacaq. Təxminən mart ayından başlayaraq, büdcənizdə baş verən dəyişiklikləri özünüz də görəcəksiniz. Yeri gəlmişkən, fəaliyyətdə də ən böyük uğurunuz bu ilə təsadüf edir.

ƏQRƏB

Astrologiyaya görə, hər yeni Zodiak ili istənilən bürcə aid fərdlər üçün özəl öhdəliklər verir. Sizin öhdəliyiniz isə bədbin əhval-ruhiyyədən qurtulmaq, xarakterinizdə mövcud olan bəzi mənfi xüsusiyyətləri aradan qaldırmaqdır. Əgər bunları bacarmasanız, həmişəki kimi, bütün işlərinizdə bir yarımçıqlıq ortaya çıxacaq.

Ola bilsin ki, iş yerinizi dəyişəsiniz. Lakin bunun gələcəkdə sizə səmərə verəcəyini nəzərə alıb bədbinləşməməlisiniz. Maliyyə məsələlərinə gəlincə, bütün göstəricilər ilin ilk yarısında daha çox işləməli olduğunuzu, sonrakı müddətdə isə zəhmətinizin gəlirini əldə edəcəyinizi bildirir.

Ən böyük uğurlarınız isə ailə-sevgi münasibətlərində təzahür edəcək. Həmişə problemli olan ünsiyyətiniz artıq başa düşülməyinizlə nəticələnəcək.

OXATAN

Bütün ümidlərinizi 2020-ci ilə bağlamısınız və bunu etməkdə doğru etmisiniz. Çünki il boyu ötən dövrlərdə çəkdiyiniz əziyyətlərin bəhrəsini görəcəksiniz.

Fevral ayından etibarən iş prinsipində yeniliklər etmək, karyeraya yetişmək üçün lazım gəlsə, iş yerini dəyişmək üçün xeyli şanslarınız olacaq. Bu baxımdan, təzə dost və müttəfiqlərinizin köməyindən də yararlanmağa dəyər. Bunu bacarsanız, noyabrın ilk həftəsinə qədər heç bir böhran keçirməyəcəksiniz. Maddi sıxıntılarınız da əriyib gedəcək. Onsuz da sizdə həddən ziyadə pula ehtiyac olmur, bu baxımdan kisənizdə olanlar il boyu sizi qane edəcək.

Əgər bu il üçün ailə qurmaq fikriniz varsa, fürsəti əldən verməyin. Fürsət isə daha çox yay aylarına və noyabrın ilk həftəsinə təsadüf edəcək. Siçovul il ərzində istənilən qeybətdən, küsülü qalmaqdan, qisas almaqdan uzaq durmağınızı təvəqqe edir.

OĞLAQ

“Siçovul ilinin baş qəhrəmanı” olduğunuzu, yəqin ki, bilirsiniz. “Qəhrəman” isə bütün proseslərin mərkəzində dayanır, hamının diqqətini cəlb edir, hamıdan enerjili və hamıdan şanslı olur. Deməli, bütün gücünüzlə çalışmalısınız ki, ilin səmərəsini görəsiniz.

İlk öncə nəzərinizə çatdıraq ki, Qaban ilinin 2020-ci ilə düşən günlərini (1-25 yanvar) bir qədər mürəkkəb şəkildə başa vuracaqsınız. Üzləşdiyiniz proseslərin gərginliyi, fəaliyyətsizlik və maddi çatışmazlıqlar sizi yora bilər. Ələlxüsus, səhhətlə bağlı problemləriniz daha da qabara bilər. Amma bütün bunlar fevralın ikinci həftəsindən başlayaraq aradan qalxacaq.

Ulduzlar ailə-sevgi münasibətləri barədə ilin ilk yarısını passiv keçirəcəyinizdən xəbər verir. İyunun sonlarından tədricən başa düşüləcəksiniz. Əgər xeyir iş görmək istəyirsinizsə, yalnız yay aylarına (əsasən də iyun-iyul aylarına) təyin edin.

SUTÖKƏN (DOLÇA)

Yəqin, ilin astronomik parametrlərindən bilirsiniz ki, Siçovul ilinin iki aparıcı bürcündən biri də sizsiniz. Deməli, il ərzində çoxlarından şanslı, çoxlarından enerjili olacaqsınız. Bunu elə yanvar ayının ortalarından özünüz də hiss edəcəksiniz – az qala qarşılaşdığınız hər bir hadisə xeyrinizə cərəyan edəcək. Yalnız maliyyə sahəsində azacıq axsamalar ola bilər.

Fevralın sonlarından etibarən fəaliyyət müstəvisində elə bir parlaq zirvəyə çatacaqsınız ki, bunu yalnız arzulamaq olar. Hətta yüksək vəzifə tutacağınız da qaçılmazdır. Bu isə özlüyündə maddi durumunuzun dirçəlməsində əhəmiyyətli rol oynayacaq.

Ümumiyyətlə, büdcənizlə bağlı yayın əvvəlindən başlayaraq hər şey normallaşacaq.

Əgər evlənməyə hazırlaşırsınızsa, diqqətinizi daha çox oktyabr ayına yönəldin. İl ərzində hansısa xəstəliyə tutulacağınız gözlənilməsə də, yanvarda və ilin son iki ayında özünüzü xəsarət almaqdan qorumalısınız.

BALIQLAR

Bütün astroloji göstəricilər ötməkdə olan Qaban ilində çox yorulduğunuzu, çox sıxıntılara məruz qaldığınızı göstərməkdədir. Amma hər zülmət gecənin bir nurlu səhəri olduğunu göz önünə gətirib, həvəsdən düşməməli, qarşınızda duran müjdələrə hazır olmalısınız.

İl ərzində ən böyük uğurlarınız fəaliyyət zəminində olacaq. Bu sətirləri oxuyarkən ağlınıza gətirmədiyiniz fövqəladə uğurlara yetişəcək, vəzifə pilləsində və karyerada bir çox zirvələri fəth edəcəksiniz. Bu hal, əsasən, avqust ayından reallaşmağa başlayacaq.

Siçovul ilində üzərinizə düşən başlıca vəzifə insanlarla dil tapmaq, münasibətləri məcrasından çıxarmamaq, səmimi və təbii olmaqdır. Bütün problemlərinizin açarı da məhz bununla bağlıdır.

Hətta ulduzlar bu il yeni mənzilə yiyələnəcəyinizi də vəd edir.