NASA, İlon Mask və Ceff Bezosu Bakıya gələcək – Kosmik sənayemizi nə gözləyir?backend

NASA, İlon Mask və Ceff Bezosu Bakıya gələcək – Kosmik sənayemizi nə gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, 73-cü Beynəlxalq Astronavtika Konqresi 2022-ci ildə Bakıda keçiriləcək. Bu barədə qərar Beynəlxalq Astronavtika Federasiyasının ötən il oktyabrın 21-dən 25-dək ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilmiş Baş Assambleyası zamanı qəbul olunub. 68 ölkəni təmsil edən, 398 təşkilatın üzv olduğu Beynəlxalq Astronavtika Federasiyası dünyada astronavtika sahəsində ən böyük təşkilat hesab olunur. 

Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən bu yana keçirilir və Beynəlxalq Astronavtika Federasiyasının əsas tədbiri hesab olunur. Yeri gəlmişkən, 73-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək üçün Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Nyu-Dehli şəhərləri namizəd olsa da, iştriakçılar yekdilliklə Bakını dəstəkləyib.

Bu da müvafiq Azərbaycan qurumlarının, o cümlədən, “Azərkosmos” ASC, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin apardığı uğurlu əməkdaşlığı fəaliyyət nəticəsində mümkün olub.

Bu o deməkdir ki, 2022-ci ildə Bakıda 68 ölkədən 398 təşkilatın təmsilçiləri, o cümlədən dünyanın kosmik sahədə aparıcı agentlikləri və elm mərkəzləri, beynəlxalq təşkilatlar, məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətindən altı mindən çox qonaq gələcək.

Bu qonaqların arasında ABŞ-ın “Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi”nin (NASA), “Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES), “Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı” (ISRO), “Yaponiyanın Aerokosmonavtika üzrə Tədqiqat Agentlyi” (JAXA) və sair qurumları, eləcə də, bu sektorun İlon Mask və Ceff Bezos kimi parlaq simalarını Bakıda görə biləcəyik. Ancaq qəribə də olsa, bu, Azərbaycanda keçirilən ilk belə tədbir deyil, 24-cü Beynəlxalq Astronavtika Konqresi 1973-cü ilin oktyabrında məhz Bakıda keçirilib. 

Hələ sovet illərində Heydər Əliyevin birbaşa dəstəyi ilə Azərbaycanda kosmik fəaliyyətlər dövlət tərəfindən dəstəklənib. Beynəlxalq Astronavtika Konqresi ilə yanaşı 1977-ci ildən etibarən azərbaycanlı mütəxəssislər sosialist ölkələrini təmsil edən “İnterkosmos” təşkilatının fəaliyyəti çərçivəsində aparılan beynəlxalq tədbirlərin iştirakçısı olublar.

Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmış rentgen teleskopu 15 il ərzində “Salyut” və “Mir” orbital komplekslərində fəaliyyət göstərib və SSRİ dövründə 60-dək elmi-tədqiqat və təcrübi-konstruktor işlərini yerinə yetirib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu ənənələr yenidən dirçəldilib. 

Prezident İlham Əliyev 2008-ci ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb, 2009-cu ildə “Azərbaycanda Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib.

Prezident İlham Əliyevin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. Cəmi üç il sonra 2013-cü il fevralın 7-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki – “Azerspace-1” orbitə buraxılıb.

Bundan sonra 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Hazırda Azərbaycanın orbitdə üç peyki var. Bu, müasir dünyanın nəhəng dövlətləri ilə müqayisədə az görünsə də, ümumilikdə Azərbaycan kimi ölkə üçün heç də aşağı göstərici deyil, üstəlik nəzərə almaq lazımdır ki, bütün bu işlər 10 il ərzində görülüb. 

“Azerspace-1” peykinin əhatə dairəsinə Avropa, Afrika, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir. “Azerspace-1” peyki vasitəsilə yerli və beynəlxalq bazarlarda televiziya və radio yayımı, məlumatların ötürülməsi, peyk rabitəsi və peyk tutumlarının uzunmüddətli icarəsi üzrə xidmətlər, eləcə də, yerüstü infrastruktur vasitəsilə teleport xidmətləri göstərir.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. “Azerspace-2” peyki “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı funksiyasını yerinə yetirir. 

Qeyd edək ki, 2018-ci il noyabrın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı dörd il müddətində icra olunacaq.

Proqramın icrası 30-dək dövlət qurumunu əhatə etməklə iqtisadiyyatın əksər sahələrində yeni və alternativ məlumat mənbəyi kimi peyk müşahidəsinin imkanlarını realizə edəcək. Azərbaycan kosmik sahədə yeni olsa da, bu sahədə ciddi inkişaf var.

Prezident İlham Əliyev “Azerspace-2”nin orbitə buraxılması münasibəti ilə çıxışında Azərbaycanın “orbitdəki üç peyki və kosmik sahədə insan potensialı ilə dünyanın kosmik klubunun dəyərli üzvlərindən birinə çevrildiyini” bidirib. 

Qeyd edək ki, hazırda “Azərkosmos” Azərbaycanın ixracat sektorunda üçüncü yerdədir. Bu isə Azərbaycanın yalnız neft-qaz ixracatçısı deyil, digər sahələrdə də ixrac potensialının inkişafını göstərir. Hazırda “Azerspace-1” peyki üzərindən 100-dək yerli və xarici kanal yayımlanır. “Azerspace-1” peykinin dünyanın 30-a yaxın ölkəsində sabit müştəri bazası mövcuddur.

Ümumilikdə, bugünədək Azərbaycanın peykləri vasitəsilə göstərilən xidmətlərdən 165 milyon ABŞ dolları həcmində gəlir əldə edilib ki, proqnozlara əsasən gəlirlərin növbəti illərdə daha da artacaq.

Həyata keçirilən peyk layihələri ölkəmizin milli təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı da daxil olmaqla sosial-iqtisadi inkişafa töhfə verilməsi, informasiya, kommunikasiya sahəsində imkanların genişləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması, elmi tədqiqatlara dəstək və bu sahədə xidmətlərin satışını təmin etmək baxımından faydalıdır. 

Məsələn, 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar” adlı hesabat hazırlanaraq dünya ictimaiyyətinə təqdim olunub. Azərbaycan, eyni zamanda kosmik sahədə kadrların hazırlanması istiqamətində bir sıra ciddi addımlar atıb. 2018-ci ildən etibarən “Azərkosmos” və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə tələbələr arasında model peykin hazırlanması üzrə “CanSat Azərbaycan” müsabiqəsi keçirilir. 

2019-cu ilin aprelinədək “Azərkosmos”da Azərbaycanın müxtəlif ali təhsil müəsissələrindən – Bakı Dövlət Universiteti, ADA, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Lomonosov adına Moskva Dövlət Universitetindən mexanika və kompüter mühəndisliyi, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və s. ixtisaslar üzrə təhsil alan 228 tələbə təcrübə keçib.

“Azərkosmos” artıq qabaqcıl kosmik ölkələrin – Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES), “Hindistan Kosmik Tədqiqatlar Təşkilatı” (ISRO), Pakistanın “Milli Kosmik Agentliyi” (SUPARCO) kimi dövlət agentlikləri ilə kosmik sənayedə beynəlxalq əməkdaşlıq edir.

Bu mənada, iki il sonra Bakıda keçiriləcək 73-cü Beynəlxalq Astronavtika Konqresi həm daha geniş əməkdaşlıq fürsətləri əldə edəcək, həm də bu sahədə təcrübəni artıraraq kosmik klubun üzvü kimi mövqeyini daha da möhkəmləndirəcək, ölkəmizin bu sahədə tanıdılmasına ciddi töhfə olacaq. (Oxu.az)

İnterpress.az