Vaqif Abdullayev Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşdübackend

Vaqif Abdullayev Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin dəvəti ilə səfirlikdə olub.

Vaqif Abdullayev qeyd edib ki, görüşün məqsədi onun müəllifi olduğu “Azərbaycanın Mehriban siması” adlı kitabının Tbilisi şəhərində gürcü dilində nəşr edilməsi ilə əlaqədardır:

“Bununla bağlı cənab səfir məmnunluğunu və dərin minnətdarlığını bildirdi. Qeyd olundu ki, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Gürcüstan dövlətlərarası münasibətləri və strateji əməkdaşlığı Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək ən yüksək tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

“Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir, hər iki ölkə beynəlxalq səviyyədə bir-birlərini müdafiə edir, həqiqətləri beynəlxalq tribunadan dünya ictimaiyyətinə çatdırır”, – deyə səfir bildirib.

YAP Siyasi Şurasının üzvü həmçinin qeyd edib ki, səfir Zurab Pataradze Azərbaycan və Gürcüstan arasında ictimai-siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə möhkəm əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinə toxunaraq Onun Gürcüstan Prezidenti Salome Zurabişvili və Patriarxı, Katolikos II İlya ilə görüşlərini xatırladıb, bu görüşlərin Azərbaycan və Gürcüstan arasında dostluq, mədəni-mənəvi əlaqələrin inkişafına verdiyi töhfələrə görə, səmimi minnətdarlığını ifadə edib:

“Mehriban Əliyevanın yorulmaz fəaliyyəti gürcü xalqı tərəfindən hər zaman rəğbətlə qarşılanmaqdadır”.

“Səfir bu günlərdə Salome Zurabişvilinin Avropa Şurası Parlament Assambleyasında deputatların suallarını cavablandırarkən Gürcüstan və Azərbaycanın Cənubi Qafqazın güclü potensiala malik əhəmiyyətli ölkələri kimi regionda sabitlik və inkişafında etibarlı rol oynaması barədə fikirlərinə də toxunuraq bunun bir daha yaxın və sarsılmaz dostluğun nümunəsi hesab etdiyini diqqətə çatdırıb”, – deyə Vaqif Abdullayev bildirib.

Siyasi elmlər doktoru vurğulayıb ki, Zurab Pataradzenin Salome Zurabişvilinin gender bərabərliyindən danışarkən Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatının azərbaycanlı Pərixanım Sofiyeva olmasını xüsusi vurğulaması Azərbaycan qadınının cəmiyyətdə, ictimai həyatda yüksək roluna verilən qiymətdir.

Vaqif Abdullayev isə bildirib ki, gender bərabərliyinin təmin olunmasını fəaliyyətində hər zaman diqqətdə saxlayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qadınların cəmiyyətdə fəal iştirakı ilə bağlı davamlı tədbirlər görür.

Zurab Pataradze görüş zamanı vurğulayıb ki, kitabın gürcü dilində nəşri Azərbaycan və Gürcüstan arasında möhkəm və sarsılmaz dostluq əlaqələrinin daha da güclənməsinə öz dərin töhfəsinə verəcək.

İnterpress.az