Deputatlığın göz qamaşdıran üstünlükləri: Şahid kimi ifadə vermir, silah gəzdirir, beş illik sığortalanırbackend

Deputatlığın göz qamaşdıran üstünlükləri: Şahid kimi ifadə vermir, silah gəzdirir, beş illik sığortalanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Qanunverici orqana keçiriləcək seçkilərdən sonra 125 nəfər deputat mandatı qazanacaq.

Oxu.Az deputat statusu daşıyan şəxslərin üstün imtiyazları ilə bağlı araşdırma aparıb.

Deputatların fəaliyyətləri, onlara verilən hüquq və imtiyazlar ilk növbədə Konstitusiya ilə tənzimlənir.

Ən əsası – toxunulmazlıq

Konstitusiyanın 90-cı maddəsinə görə, Milli Məclisin deputatları toxunulmazlıq hüququna malikdirlər.

Deputatlar səlahiyyət müddəti ərzində cinayət başında yaxalanmaq hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, barələrində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməzlər.

Əgər deputat cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Milli Məclisin deputatını tutan orqan bu barədə dərhal Baş prokurora xəbər verməlidir.

Deputatın toxunulmazlığına yalnız Baş prokurorun təqdimatına əsasən, Milli Məclisin qərarı ilə xitam verilə bilər.

Konstitusiyanın 91-ci maddəsində yazılıb ki, deputatlar Milli Məclisdəki fəaliyyətinə, sesverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

Deputatlar şahid kimi dindirilə bilməz

“Deputat statusu haqqında” qanun isə qanunverici hakimiyyətdə təmsil olunan millət vəkillərinin səlahiyyətlərini və vəzifələrini müəyyən edir. Eyni zamanda, deputatlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi və sosial təminatları nəzərdə tutur.

Deputatların Milli Məclisin və onun orqanlarının iclaslarında iştirak etmək, parlamentin orqanlarına seçmək və seçilmək səlahiyyəti var.

Həmçinin, onlar qanunvericilik təşəbbüsünü həyata keçirmək, deputat sorğusu vermək, məlumat almaq və yaymaq, vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək səlahiyyətlərinə malikdirlər.

Deputatlar Konstitusiya ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina edə bilərlər.

Deputatlar qanunla hərbi çağırış və hərbi toplanışdan azad olunurlar.

Deputat sorğusu

Deputatlar öz səlahiyyətləri çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Baş prokurora və ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Mərkəzi Bankın İdarə Heyətinə, Hesablama Palatasına sorğu verə bilər.

Deputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya parlamentin iclaslarında yazılı şəkildə verilir. Sonuncu halda deputat sorğusu Milli Məclisin iclasına sədrlik edən və ya sorğunu verən deputat tərəfindən oxunur.

Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidirlər.

Silahla da gəzə bilərlər

“Deputat statusu haqqında” qanunun 12.1-ci maddəsinə əsasən, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ var. Zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.

Həmin qanunun 14-cü maddəsində isə qeyd olunub ki, deputat mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməlidir.

Diplomatik pasporta malik olan deputatlara Azərbaycan ərazisində dövlət mülkiyyətində olan dəmir yolu, hava, avtomobil, su nəqliyyatında, gediş-gəliş sənədlərini növbədənkənar əldə etmək hüququndan istifadə hüququ tanınır.

Deputatlıq fəaliyyəti ilə bağlı Bakı şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir.

Deputat mənzili

Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil verilir. Bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Milli Məclisin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir.

Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır.

Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.

Bəs maaşlar?

Deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır.

Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır.

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini – 85 faizi, Milli Məclisin komitə və komissiya sədri – 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini – 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Milli Məclis tətilə buraxıldığı vaxt deputata məzuniyyət verilir.

Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Qeyd edək ki, Milli Məclisin sədri 2475 manat, Milli Məclis sədrin I müavini 2227 manat, Milli Məclis sədrinin müavini 2103 manat, Milli Məclisin komitə sədri 1980 manat, komitə sədrinin müavini 1856 manat, sıravi deputat isə 1732 manat maaş alır.

Sığortalanırlar  

Deputatın sığortaçısı dövlət sığorta orqanıdır. Hər bir deputat onun 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.

Sığorta haqqı sığorta işinin aparılması üçün sığortaçının xərcləri də nəzərə alınmaqla, sığorta məbləğinin bir faizi miqdarında müəyyənləşdirilir.