Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Liviya: İnqilabın xarabalığa çevirdiyi “səhra cənnəti” - TƏHLİL

2011-ci il fevralın 11-də Misirdə Hüsnü Mübarək postundan istefa verəndə artıq Tunisdə inqilab qələbə çalmışdı. Artıq necə deyərlər, ox yaydan çıxmışdı, etiraz dalğası ərəb ölkələrinə yayılırdı.

Dərc edilib: 13 fevral 2020 [11:02]
Baxış sayı: 7715

2011-ci il fevralın 11-də Misirdə Hüsnü Mübarək postundan istefa verəndə artıq Tunisdə inqilab qələbə çalmışdı. Artıq necə deyərlər, ox yaydan çıxmışdı, etiraz dalğası ərəb ölkələrinə yayılırdı.

Bu mənada, etirazların Liviyaya sıçraması gözlənilməz olmadı. Fevralın 15-də Liviya hüquq-mühafizə orqanları ölkənin ikinci böyük şəhəri Benqazidə hüquq müdafiəçisi Fateh Turbeli həbs etdi və bununla da etirazlar bütün ölkə ərazisinə yayıldı.

Sonrakı hadisələr isə sürətlə oldu. Fevralın 27-də Benqazidə Milli Keçid Şurası yaradıldı və martın 5-də MKŞ rəsmən elan olundu və Qəzzafi hakimiyyətinə qarşı əsas müxalifət kimi çıxış etməyə başladı. Tezliklə bu qurumun ölkə üzrə təmsilçilikləri də formalaşdı. Liviyada baş verən etirazlara dəstək olaraq Ərəb Liqası Liviyanın bu qurumdakı üzvlüyünü dondurdu, BMT Təhlükəsizlik Şurası isə Qəzzafini dinc etirazçılara qarşı həddən artıq güc tətbiq etməkdə ittiham edərək, 1970 saylı qətnamə qəbul etdi. Ardınca ABŞ və Avropa İttifaqı da Liviyaya qarşı sanksiya qərarları verdi. Mart ayında BMT TŞ-nin qərarına istinad edərək, NATO Liviya ərazisində uçuşlara qadağa qoydu. Londonda 40 ölkənin təmsilçisinin iştirakı ilə Liviya konfransı keçirildi və bu toplantıda Liviyaya hərbi müdaxilə barədə qərar qəbul olundu.




Eyni zamanda, tez bir zamanda Qəzzafi qüvvələrinə qarşı vuruşmaq üçün Milli Keçid Şurasının İcra orqanı və Azad Liviya Silahlı Qüvvələri adlı müxalif silahlı təşkilat yaradıldı.

2011-ci il martın 19-da BMT TŞ-nin qərarının ardınca NATO aviasiyası (ilk olaraq Britaniya və Fransa təyyarələri) Liviya ərazilərini bombalamağa başladı. Ardınca isə bu prosesə digər NATO ölkələri və bir neçə ərəb dövləti də qoşuldu. Ancaq Qəzzafi təslim olmadı və ona sadiq olan qüvvələr vasitəsilə müdafiə olunmağa başladı.

Avqustun 21-də müxaliflər NATO aviasiyasının dəstəyilə Tripoliyə daxil oldu, Qəzzafi isə paytaxtı tərk edərək, Şirtə şəhərinə qaçdı. Oktyabrın 20-də NATO qüvvələri Qəzzafi və tərəfdarlarını bombaladıqdan sonra qaçmağa çalışan Liviya lideri müxaliflər tərəfindən ələ keçirildi və linç edilərək öldürüldü. Bundan sonra Milli Keçid Şurası inqilabın qalib gəldiyini və Liviyanın azad edildiyini bəyan etdi. Bir ay sonra – noyabrın 19-da isə Qəzzafinin varisi hesab olunan oğlu Seyfəlislam Qəzzafi ölkənin cənubunda yaxalandı.

Lakin Qəzzafinin öldürülməsi Liviyaya sülh və sabitlik gətirmədi. Əksinə, ölkədə nəzarətdən çıxmış silahlı qruplar, tayfa dəstələri və getdikcə güclənən islamçı qruplar xaosu dərinləşdirdi. 2012-ci ildə Liviyada parlament seçkiləri keçirildi və bundan sonra Milli Keçid Şurası hakimiyyəti Baş Milli Konqresə təhvil verdi. Lakin BMK ölkədə sabitlik yarada bilmədi, silahlı qruplar rəsmi hökumətə tabe olmaqdan imtina etdilər. 2012-ci il sentyabrın 12-də Benqazidə ABŞ konsulluğuna hücum edən silahlı radikal qruplar səfir Kris Stevansı qətlə yetirdi və bununla da Liviya radikal qrupların iştirak etdiyi amansız müharibə meydanına çevrildi.

2014-cü ildə isə keçirilən növbəti seçkilərdən sonra formalaşan Təmsilçilər Məclisi ilə Milli Keçid Şurası ayrıldı. Tezliklə Təmsilçilər Məclisi Tobruk şəhərinə yerləşdi, paytaxt Tripolidə isə Milli Razılıq (Uzlaşma) Hökuməti fəaliyyət göstərməyə başladı. 2015-ci il dekabrın 17-də Mərakeşdə Liviya Siyasi Anlaşması imzalandı və buna əsasən, BMT Tripolidəki MRH-ni rəsmi hökumət olaraq qəbul etdi.

Lakin bu, ölkədə vətəndaş müharibəsinin qarşısını almağa imkan vermədi. Tobrukdakı Təmsilçilər Məclisi bu anlaşmanı qəbul etmədi və ölkədə iki hökumət fəaliyyət göstərməyə başladı.

2014-cü ildə Liviyada İŞİD peyda olur. Aralıq dənizi sahilindəki Dərnə şəhərini ələ keçirən İŞİD Liviyada ciddi qüvvəyə çevrilir. Lakin buna qədər də Liviyada “İxvan” və buna bənzər islamçı qruplar, həmçinin, “Əl-Qaidə” kök atmışdı.

İlk olaraq Liviyada islamçı təşkilatlar olaraq “Müsəlman Qardaşlar” (“İxvan”) və Liviya İslami Mübarizə Qrupu ortaya çıxır. Liviyada Müsəlman Qardaşlar Hərəkatı 1972-ci ildən qadağan edilsə də, gizli fəaliyyətləri olub. 2011-ci il noyabrın 17-də Benqazidə Müsəlman Qardaşlar Hərəkatının 9-cu qurultayı keçirilib.

Sonrakı dövrdə Liviyada “Əl-Qaidə”nin “İslami Məğrib” qolu fəallaşıb. Daha sonra İslami Mübarizə Təşkilatı ilə birləşən bu təşkilat Liviya İslam Hərəkatı adını qəbul edib. Hazırda mərkəzi Tripolidə yerləşən MRH hökumətində əsas gücü məhz “İxvan” xəttində olan islamçılar təşkil edir.

Ancaq 2014-cü ildə əsas hadisə general Xəlifə Həftərin ortaya çıxması oldu. Liviyanın ikiyə bölünməsindən sonra yenidən səhnəyə çıxan general Həftər Liviya Milli Ordusunu yaratdıqdan sonra faktiki olaraq Təmsilçilər Məclisi üzərində nəzarəti ələ alır. 2014-cü ildə televiziya ilə xalqa müraciət edən general “ölkəni xilas etmək üçün” “Şərəf” əməliyyatını başlatdığını elan edir.

Xaricdən və Qəzzafi tərəfdarı bir çox tayfalardan dəstək alan Həftər tezliklə bütün Şərqi Liviyanı nəzarətə götürür. 2015-ci ildə ölkənin ikinci ən böyük şəhəri və iqtisadi mərkəzi olan Benqazi, 2016-cı ildə isə Liviyanın əsas gəlir qaynaqları olan Sidar, Raas Lanuf, Berqa və Əcdabiyə kimi neft istehsal olunan şəhərləri Həftərin ordusunun nəzarəti altına düşür. 2017-ci ildə isə Dərnə və Şirtə şəhərləri Həftər qüvvələrinin nəzarətinə keçir.

2017-ci ilin aprelində Təmsilçilər Məclisi hökuməti Qəzzafinin oğlu Seyfəlislamı əfv edir. Bundan sonra Liviyada yeni birləşdirici lider kimi Seyfəlislamın adı hallanmağa başlayır. Bir sıra böyük tayfalar, həmçinin, Qəzzafinin tərəfdarları Seyfəlislamı ölkənin yeni lider kimi göstərir. Gözlənilir ki, milli uzlaşma və ümumölkə prezident seçkiləri zamanı əsas namizəd Seyfəlislam olacaq. Lakin seçkilər hər dəfə təxirə salınır.

2019-cu il aprelin 5-də Tripoliyə hücum əmri verən general Həftər hələlik şəhəri ələ keçirə bilməyib. Türkiyə və Qətərin dəstək verdiyi, BMT-nin rəsmi hökumət olaraq tanıdığı Milli Razılıq Hökumət isə müqavimət göstərməyə çalışır. Bu il yanvarın 25-də Berlində tərəflər Rusiya, Türkiyə və bir sıra Avropa dövlətlərinin iştirakı ilə atəşkəs əldə olunub. Ancaq Qəzzafinin ölkəsi Liviyada köklü sabitliyin əldə olunması yaxın illərdə gözlənilmir.

Liviyada inqilab və vətəndaş müharibəsi ölkəyə 14 milyard dollar zərər vurdu. 6,1 milyon əhalisi olan ölkədə 500 minə yaxın insan qaçqın düşdü, 100 minə yaxın liviyalı ölkəni tərk edərək, Avropaya sığındı.

Liviya dünyanın ən zəngin neft ölkələrindən bir hesab olunur. 1959-ci ildə ölkədə neft tapılıb. Qəzzafi 1969-cu ildə hərbi çevriliş edərək, hakimiyyətə gəldikdən dörd il sonra – 1973-cü ildə Liviya neftini milliləşdirib. Bunun nəticəsində 1970-1974-cü illərdə 3,8 milyard dollar olan Liviyanın gəliri milliləşmədən dərhal sonra 13,7 milyarda yüksəlib.

1973-cü il beynəlxalq neft böhranından sonra artan neft gəlirləri Liviyanı dünyanın “neft cənnətinə” çevirib. Neft gəlirlərinin 90 faizinin xalqa xərcləndiyini elan edən Qəzzafi elektrik enerjisi, su, təbii qaz, tibb xidmətlərini pulsuz edib. Eyni zamanda, Liviyada mənzil inşaatını inkişaf etdirən Qəzzafi yeni ailə quranlara mənzil hədiyyə edib. Gündəlik 12 litr benzin cüzi qiymətə satılıb, aylıq 300 avro hər bir vətəndaşa dövlət yardımı verilib.

Ancaq bütün bunlar Liviyada Qəzzafiyə qarşı üsyana mane olmadı və bir zamanlar dünyanın neft zəngini olan Liviya indi xarabalığa çevrilib və ölkəni heç bir halda birləşdirmək mümkün olmur. Qəzzafinin dövründəki iqtisadi rifah isə yəqin ki, bir daha geri qayıtmayacaq.

Rəşad Quliyev






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 234