Tural Gəncəliyev: “Həmsədrlərlə Türkiyə XİN başçısının görüş keçirməsində təəccüblü bir şey yoxdur”backend

Tural Gəncəliyev: “Həmsədrlərlə Türkiyə XİN başçısının görüş keçirməsində təəccüblü bir şey yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Türkiyənin Xarici İşlər naziri ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında keçirilmiş görüşdən sonra Ermənistan siyasi dairələrində yaranmış təşvişə münasibət bildirib.

İcmadan verilən məlumata görə, T.Gəncəliyev bildirib ki, bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

“Görüşdə Türkiyə XİN-in rəhbəri Minsk Qrupunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha fəal işləməyə çağırıb. Mövlud Çavuşoğlu “bu həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır” fikrini bəyan edib.

Bu görüşdən sonra Ermənistanın siyasi dairələri bir sıra anlaşılmaz bəyanatlar səsləndirərək, Türkiyə XİN rəhbərinin həmsədrlərlə görüşünə neqativ münasibət sərgiləyiblər.

Mən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq bəyan edirəm ki, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvlərindən biridir və həmsədrlərlə bu ölkənin Xarici İşlər nazirinin görüş keçirməsində təəccüblü bir şey yoxdur.

Digər tərəfdən, Türkiyə istər beynəlxalq səviyyədə, istərsə regionumuzda təhlükəsizliyə və tərəqqiyə töhfə verən bir ölkə kimi mövcud olan münaqişələrin həllində maraqlıdır.

Ermənistan siyasi dairələrində sözügedən görüşdən sonra yaranmış təşviş, əslində, onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını və işğalçı siyasətinin davam etdirilməsinə çalışmalarını göstərir.

Təcavüzkar Ermənistanın siyasi dairələrinin qeyri-konstruktiv mövqeyi münaqişənin tənzimlənməsi, Ermənistanın işğalına son qoyulması və regionda sülhə nail olunmasına qarşı yönəlib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq bir daha bəyan edirəm ki, iki icmanın sülh şəraitində birgə yaşayışına yeganə maneə Ermənistan qoşunlarının bizim ərazilərimizdə mövcudluğudur.

İşğalçı qoşunlar oradan çıxarıldıqdan və azərbaycanlı əhali öz torpaqlarına qayıtdıqdan sonra, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə mövcudluğumuz üçün heç bir problem qalmayacaq”, – deyə T.Gəncəliyev qeyd edib.

İnterpress.az