Deputatdan vətəndaşlara müraciət – “Online” xidmət göstəriləcəkbackend

Deputatdan vətəndaşlara müraciət – “Online” xidmət göstəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Tamam Cəfərova seçicilərinə müraciət ünvanlayıb.İnterpress.az müraciəti olduğu kimi təqdim edir:

Əziz seçicilər, hörmətli Şamaxılılar!

Məlumat üçün bildirirəm ki, seçicilərimlə birinci görüşümü mart ayının 24-də planlaşdırmışdım. Lakin, məlum səbəbdən görüşü təxirə salamalı olduq. Mart ayının 17-də Nazirlər Kabineti yanında Operativ Qərargah mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsus rejimdə iş normalarına dair təlimatlar qəbul edib. Təlimata əsasən vətəndaşların qəbulu təxirə salınıb. Vətəndaş müraciətləri əsasən elektron formada qəbul ediləcək. Bu müddət ərzində mən də sizinlə “online” şəkildə əlaqə saxlayacam, problemlərinizi həll etməyə çalışacam. Müraciətləriniz elektron qaydada qəbul ediləcək. Siz şikayət, müraciət və təkliflərinizi \”tamamjafarova.az\” saytına, facebook və instagram səhifələrimə ünvanlaya bilərsiniz. Həmçinin, məktublarınızı Milli Məclisə də göndərə bilərsiniz.
Bildirmək istəyirəm ki, inşallah ki, virusla mübarizə bitdikdən, xüsusi rejim ləğv edidikdən sonra hər ay 2 dəfədən az olmayaraq rayonumuzda və kəndlərdə Sizinlə görüşlər keçirəcək və hər birinizin problemlərini diqqətdə saxlayacağam.

Əziz həmvətənlərim!

Sizə bütün dünyanın ölüm-dirim mücadiləsi apardığı bir vaxtda xüsusi müraciətim var.
Bildiyiniz kimi, dünyamız koronavirus adlı bir bəla ilə üzləşib. Ümumdünya Səhiyyə Təşkilatının bugünkü məlumatına görə virus artıq 160-dan çox ölkəyə yayılıb, ölənlərin və virusa yoluxanların sayı dumadan artır. Epidemiyanın yayılmasının qarşısını almaq hələki mümkün olmayıb, müalicəsi də hələ tapılmayıb. Mübarizənin yeganə yolu izolyasiya və şəxsi gigiyena qaydalarının gücləndirilməsidir. Bu məqsədilə dünya dövlətlərində karantin rejimi tətbiq edilir, bəzi ölkələrdə fövqələdə vəziyyət elan olunur, sərhədlər bağlanır… Vəziyyət düşündüyümüzdən də qorxuludur. Lakin təşvişə düşməyə əsas yoxdur. Dövlətimiz ilk gündən virusun ölkəmizdə yayılmasının qarşısını almaq, vətəndaşların sağlamlığını qorumaq üçün hər şey edir. Və sizdən tələb olun yeganə iş dövlətin qoyduğu məhdudlaşdırıcı qaydalara və tövsiyyələrə əməl etməkdir.

Azərbaycan virusun ən az yayıldığı ölkələrdən biridir. Lakin dövlətimiz epidimiyanın ölkəmizdə yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq məqsədilə hərtərəfli mübarızə aparır, müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də mart ayının 13-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Azərbaycan ərazisində xüsusi rejimin tədbiq edilməsidir. Bu rejim Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya (pandemiya yoluxucu xəstəliyin ölkənin bütün ərazisində, qonşu ölkələrdə, bəzən isə dünyanın bir çox ölkəsində kütləvi şəkildə yayılmasına gətirib çıxaran ifrat güclü epidemiyadır) elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində ÜST-ün tövsiyə və tələblərindən irəli gələrək, tətbiq olunub. Hökumət bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurət hesab edib. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunub. Söhbət sosial izolyasiya tədbirlərindən gedir. İnsanlardan tələb olunur ki, imkan daxilindən evdən çıxmasınlar, bir yerdə toplaşmasınlar, insanların kütləvi toplaşdığı yerlərə getməsinlər, yəni mümkün qədər təmasda olmasınlar (məktəblər, universitetlər də bu məqsədlə bağlandı). Unutmayın ki, bütün bu məhdudiyyətlər sizin sağlamlığınızın qorunması üçündür. Ancaq bu yolla epidemiyanını yayılmasının qarşısını almaq olar. Əgər bir nəfərdə virus olarsa, o, 200-300 adama bulaşa bilər. Yəqin ki, İtaliyada baş verənləri izləyirsiniz. Çox təəssüf ki, Azərbaycanda bəzi vətəndaşlar bu tələb və tövsiyələrinə riayət etmirlər, epidemiya təklükəsini ciddiyə almırlar. Bununla həm özlərinin, övladlarının, həm də ətrafdakıların həyatına təhlükə yaradırlar.

Əziz seçicilər, dəyərli vətəndaşlarım, Sizin hər birinizi maksimum məsuliyyətli olmağa və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməyə dəvət edirəm.

Məlumat üçün bildirirəm ki, artıq Azərbaycanda gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər. Milli Məclisin mart ayının 17-də keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Belə ki, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatək məbləğdə cərimə ediləcəklər. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatdək cərimə ediləcəklər.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları sizin sağlamlığınız naminə qeyd-şərtsiz icra olunmalıdır.

Epidemiya ilə mübarizə milli təhlükəsizlik məsələsidir, milli həmrəylik məsələsidir!

Gəlin bu mübarizədə həmrəy olaq, dövlətimizin yanında olaq və bu bəlaya birlikdə qalib gələk.

Allah dünyamızı qorusun, hamınız salamat olun.
Diqqətiniz və anlayışınız üçün təşəkkür edirəm.