Monitorinqin nəticələri açıqlandı: Xəzəri bu rayonlar çirkləndirirbackend

Monitorinqin nəticələri açıqlandı: Xəzəri bu rayonlar çirkləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Lənkəran, Astara və Masallı rayonlarının Xəzər sahili ərazilərində keçirilib. 

Nazirlikdən  verilən məlumata görə, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. 

İdarənin əməkdaşı Nərmin Babaşova monitorinqlə bağlı bunları deyib:

“Xəzərə axıdılan tullantı sularda çirkləndirici maddələrin miqdarı normadan artıq olub. Aparılan monitorinq zamanı məlum olub ki, Lənkəran rayonu ərazisindəki təmizləyici qurğular istismara yararsız olduğundan tullantı suları təmizləmə prosesi keçmədən sahil zolağına, oradan da dənizə axıdılır. Eyni zamanda, bir çox bələdiyyə ərazilərində formalaşan bərk məişət tullantılarının da təbii axarlara atıldığı aşkar edilib.

“Masallı rayonunda da vəziyyət eynidir. Monitorinq zamanı rayonda formalaşan tullantı sularının yeni istismara verilmiş bioloji təmizləyici qurğuda düzgün təmizləmə prosesi keçmədiyi və Viləşçay vasitəsilə dənizə axıdıldığı məlum olub”. 

N.Babaşova Astara rayon təsərrüfatında formalaşan tullantı sularının da Pensərçay və Kələdəhnə çayları vasitəsilə Xəzər dənizinə axıdıldığını da bildirib.

O qeyd edib ki, qarşıdan çimərlik mövsümü gəlir, bunu nəzərə alaraq çirkləndirici çirkab suların dənizə axıdılmasının qarşısının alınması üçün tez bir zamanda zəruri tədbirlər görməlidir.

İnterpress.az