“Müsavat Partiyasında baş verənlərə görə məsuliyyət birbaşa Arif Hacılının üzərinə düşür”backend

“Müsavat Partiyasında baş verənlərə görə məsuliyyət birbaşa Arif Hacılının üzərinə düşür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Müsavat Partiyasında baş verən hadisələrin məsuliyyəti birbaşa partiyanın rəhbəri Arif Hacılının üzərinə düşür”.

Bunu açıqlamasında Müsavat Partiyasının fəalı, başqanlığa sabiq namizəd Tural Abbaslı deyib.

T. Abbaslı bildirib ki, partiyanın uğurları da, ağır vəziyyətə düşməsi də başqanın adına yazılır: “Bunu heç kim inkar edə bilməz, inkar edirlərsə, deməli, partiyanın yükünü daşımaq gücündə deyillər. Vurğun Əyyubun partiyadan çıxarılması, ondan əvvəl Qubad İbadoğlunun çıxarılması, bir çox narazılara partiya daxilində təzyiqlər edilməsi partiyanın qərargahı qarşısında müsavatçıların etiraz aksiyası keçirməsini şərtləndirdi. Unudulmamalıdır ki, Müsavat bizə əmanətdir, heç bir qrup şəxsi maraqlarını təmin etmək üçün yüzlərlə insanın həyatını fəda etdiyi bu partiyanı zəiflədə, gözdən sala bilməməlidir. Bu gün partiyanın rəhbərliyi, müavinlər təhdid dilində danışır, partiyada hansısa problemin olduğunu inkar edirlər. Amma elə bu gün onlarla insan öz partiyasının siyasətinə etiraz edib. Problem yoxdurmu?.. Partiya üzvləri ilə təhdid və cəza ritorikası ilə danışmaqdansa, yaranmış vəziyyətdən itkisiz çıxış yolu tapılmalıdır. Kimisə partiyadan qovmaq, kiməsə xain, agentura demək çıxış yolu deyil. Bir masa arxasında oturulmalı və bu məsələ həll olunmalıdır. Partiya heç kimin şəxsi mülkü deyil. İnsanlar həyatlarını, gələcəklərini, perspektivlərini bu partiya uğrunda fəda ediblər. Bunun məsuliyyətini bu gün özünə rəhbər deyən şəxslər başa düşməlidir”.

Qeyd edək ki, bu gün Müsavat Partiyasının qərargahı qarşısında bir qrup partiya üzvü və partiyadan xaric edilmiş bəzi şəxslərin iştirakı ilə etiraz aksiyası keçirilib. Müsavat başqanının müavini Elman Fəttah bu aksiyanın təşkilatçılarını agentura şəbəkəsi, iştirakçıları isə xain adlandırıb. (apa)

İnterpress.az