“Münaqişənin yeganə çıxış yolu ermənilərin ərazilərimizi tərk etməsidir”backend

“Münaqişənin yeganə çıxış yolu ermənilərin ərazilərimizi tərk etməsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətlə etdiyi müraciətdə deyib.

Nazir qeyd edib ki, cari dövr ərzində beynəlxalq inspeksiya qrupları tərəfindən Silahlı Qüvvələrimizdə “Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” çərçivəsində “Elan olunmuş yer”in 4 inspeksiyası, “Vyana-11 Sənədi” çərçivəsində isə 1 “Qiymətləndirmə səfəri” və “Göstərilən rayon”un 4 inspeksiyası keçirilib. Eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi tərəfindən qoşunların təmas xəttində 24 dəfə monitorinq təşkil edilib: “Ordumuz son bir ildə bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələndiyini sübuta yetirdi. Biz düşmənə gücümüzü göstərməklə onlara aydın başa saldıq ki, münaqişənin yeganə çıxış yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədilə erməni silahlı birləşmələrinin ərazilərimizi birdəfəlik və qeyd-şərtsiz tərk etməsidir. Düşmən bunu anlamalıdır. Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşən yeganə vəzifə isə düşməni darmadağın etməyə hər an hazır olmaqdır. Biz buna hazırıq və bütün qoşun növlərində döyüş hazırlığının gücləndirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və döyüş əzminin yüksəldilməsi məqsədilə daim keçirilən döyüş atışlı təlimlər, məşqlər qələbə gününün uzaqda olmadığına sübutdur”.

Z. Həsənov həmçinin qeyd edib ki, ordumuzun güclü potensialı tam əminliklə deməyə əsas verir ki, bundan sonra da nəzərdə tutulan bütün işlər, qarşıya qoyulan məqsədlər uğurla yerinə yetiriləcək: “Biz Ali Baş Komandan tərəfindən qarşımıza qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək üçün bundan sonra da səy və bacarıqlarımızı əsirgəməyəcəyik. Bu bayram günündə mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində, sülhməramlı qüvvələrin tərkibində, xarici dövlətlərdəki missiyalarımızda xidmət edən şəxsi heyəti təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram”.

İnterpress.az