Məhkəmədə Arif Yunusun səhhəti pisləşdibackend

Məhkəmədə Arif Yunusun səhhəti pisləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Şahid Sahib Məmmədov şahid qismində ifadə verib.

Sahib Məmmədov Leyla Yunusla daha əvvəl normal olan münasibətlərinin 2001-ci ildən pozulduğunu bildirib: “1995-ci ildə Sülh və Demokratiya İnstitutunun yaranması ilə bağlı layihə təsdiqlənib. O prosesdə mən də iştirak etmişəm. Sülh və Demokratiya İnstitutu bir çox layihədə operator kimi fəaliyyət göstərib. 2002-ci ildə Ermənistana səfər etmişəm. Leyla Yunus həmin heyətdə olmayıb”.

Sahib Məmmədov ifadə verərkən Arif Yunusun vəziyyəti pisləşib. İclas otağına təcili tibbi yardım çağırılıb və prosesdə 1 saatlıq fasilə elan olunub.

Fasilədən sonra proses baş tutmayıb. Təqsirləndirilən şəxslərin vəkili Elçin Qəmbərov bildirib ki, Arif Yunusun səhhəti normallaşmadığı üçün proses sabah davam etdiriləcək.

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır. ( apa )

İnterpress.az