Mədəkiçiltmə əməliyyatı: əvvəli və sonrasıbackend

Mədəkiçiltmə əməliyyatı: əvvəli və sonrası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təəssüf ki, insanların bir xeyli hissəsi, köklük, artıq çəki üzündən normal həyatlarını yaşaya bilmirlər. Artıq çəki ilə mübarizəyə aylarımızı, illərimizi sərf etsək də, çox az bir qismimiz bu problemin öhdəsindən gələ bilir. İnsan çəki azaltmaq üçün çox şeyə əl atır: pəhrizlər, dərmanlar, xüsusi qəhvələr, çaylar. Bu siyahını bir az da uzatmaq olar. İndi sizin üçün bəhs edəcəyimiz üsula da sonuncu deməzdik, çünki yaxın gələcəkdə elm adamlarının bu sahədə hansı yeni kəşflər edəcəyini, nələrə üstünlük verəcəyini söyləmək çətindir. Lakin indi arıqlamaq üçün çarə ola biləcək effektiv bir cərrahiyyə əməliyyatı var – “mədəkiçiltmə əməliyyatı”. Bu əməliyyat haqda sizə məlumat verəcək şəxs Türkiyənin bu sahədə ən tanınmış mütəxəssislərindəndir – cərrah-professor Koray Tekin.

Mədəkiçiltmə əməliyyatı: əvvəli və sonrası

-Koray bəy, xahiş edirik bu əməliyyat haqda oxucularımıza məlumat verəsiniz.

-Hazırda bir çox ölkələr kimi, Türkiyədə də xeyli mədəkiçiltmə əməliyyatı aparılır. Azərbaycanda isə belə əməliyyatlara iki ildir ki, başlamışıq. Əvvəllər, mədəkiçiltmə əməliyyatı ənənəvi üsulla, yəni açıq kəsik aparmaqla edilirdisə, indi daha müasir, “laporoskopik”, yəni lazerlə qapalı əməliyyat vasitəsiylə həyata keçirilir. Bu üsul həm xəstənin daha tez sağalması, həm də infeksiyaya məruz qalmaması üçün əvəzedilməzdir. Hal-hazırda Türkiyədə mədəkiçiltmə əməliyyatlarının sayı gün-gündən artır. Tanınmış insanların bu əməliyyatlara etibar etməsiylə xalqın da yeni üsula inamı, marağı artır. Əvvəllər Türkiyənin cəmi 4-5 xəstəxanasında belə əməliyyatlar edilirdisə, indi mədəkiçiltmə ölkəmizin hər yerində həyata keçirilir. Bunu da qeyd edim ki, xəstə bu əməliyyata qərar verməmişdən həkimini diqqətlə araşdırmalı, onun təcrübə və peşəkarlığına əmin olmalıdır.

-Siz Bakıda etdiyiniz əməliyyatları öz personalınızla həyata keçirirsiniz?

-Təbii… Qrupa bir ümumi cərrah, sahə üzrə ixtisaslaşmış tibb bacısı, pəhriz mütəxəssisi və mən daxiləm. Mədəkişiltmə əməliyyatı pəhrizdən imtina etmək deyil. Əksinə, bu əməliyyat yardımçı rol oynayır. İdman, pəhriz, kiçildilmiş mədə zəncir kimi bir-birinə bağlı vasitələrdir. İradəli insanlar təbii ki, pəhriz və idmanla da arıqlayıb özünü normal hala sala bilər. Amma çətin olur. Qonaqlıqlarda, ziyafətlərdə, şənliklərdə insan ləziz nemətlərə baxıb özünü nə qədər saxlaya bilər axı? Bir gün bezirsən, iradən qırılır və beləliklə, idmana, pəhrizə uzun müddətdən bəri ayırdığın vaxt da boşa gedir. Məhz elə buna görə də mədəkiçiltmə əməliyyatı gözəl çıxış yoludur. Mədənin həcmi nə qədərdirsə, o qədər də yemək yeyə bilirsən. Az kalorili, proteinli yeməklər, tez doymaq və artıq çəkini rahat itirmək – çözüm bundadır.

-Bu əməliyyata daha çox qadınlar meyllidir, yoxsa kişilər?

-Xəstələrimizin 70 faizi qadınlardır. Bu o demək deyildir ki, kişilər arasında artıq çəkidən əziyyət çəkənlər azdır. Sadəcə olaraq, qadınlar artıq çəkini özlərinə daha çox dərd edirlər və düz də edirlər.

-Əməliyyatdan sonra alınan müsbət nəticənin davamlılığı nə qədər zəmanətlidir?

-Əməliyyatdan sonra kökəlmək də, arıqlamaq da insanın öz davranışına bağlıdır. Mədəni kiçildəndən sonra xəstə üçün necə qidalanacağını təyin edirik. Əsas məsələ kiçilmiş mədəni xəstənin nə ilə dolduracağıdır. Bu məsələ çox əhəmiyyətlidir. Biz əvvəlcə proteinlə zəngin olan yeməklər yeməyi tövsiyyə edirik – ət, balıq, toyuq, yumurta, ağ pendir, kəsmik. Protein qəbul etsək həm mədəmiz dolar, həm doyarıq, həm də sürətlə arıqlaya bilərik. Yəni ağıllı davranacağıqsa, istədiyimiz nəticəni də ala biləcəyik.

-Mədəkiçiltmə əməliyyatının cəmi bir üsulu var?

-Arıqlamaq üçün mədə əməliyyatlarının üç növü var: mədəkiçiltmə – bu zaman mədənin dörddən üç hissəsi götürülür; mədəqatlama – mədə kəsilmədən, içəridə qatlanır; həzm prosesi həyata keçən yolun, yəni bağırsaqların qısaldılması. Biz əvvəlcə xəstənin vəziyyətini dəyərləndiririk, ona hansı əməliyyatın daha uyğun olduğunu müəyyən edib qərarımızı veririk.

-Əməliyyatdan qabaq xəstənin müstəqil şəkildə müəyyən qədər arıqlaması şərtdirmi?

-Vacib deyil. Biz bu əməliyyatı elə arıqlamaq üçün edirik. Kiçildilən mədə çəki verməyin açarıdır. Biz bu açarı xəstəyə veririk və əməliyyatdan sonra onunla daima əlaqəmiz olur, ona məsləhətlərimizi veririk. Bir daha vurğulayıram, bu işdə səbr və düzgün davranış vacibdir. Əməlliyyat apardığımız insanlar artıq çəkilərindən azad olanda, təxminən 1,5-2 il sonra bəzilərində dəri sallanmaları olur və bu zaman xəstəyə estetik əməliyyat tövsiyyə edirik. Xəstə arıqlama müddətində idmanla, xüsusən üzməklə məşğul olsa dəri sallanması çox cüzi olacaq. Bizim bir 40 yaşlı pasientimiz hər gün üzdüyünə görə plastik cərrahiyyəyə ehtiyac qalmamışdı. Burda təbii ki, yaş faktoru da var. 25 yaşlı xəstədə dəri sallanması az olur.

-Kökəlməyin səbəbi yalnız yeməkdir?

-Kökəlməyin bütün səbəbləri hələ tam olaraq bilinmir. Bilinsə, müalicə də o istiqamətdə aparılar. Bəzən insanlar yeməyi az yediklərini deyirlər. Deyirlər ki, başqaları onlardan çox yeyir, amma kökəlmirlər. Bəzən iki insan eyni miqdar yemək yesə də, biri kökəlir, digəri yox. Buna səbəb həm genetik faktorlar, həm də maddələr mübadiləsinin pozulması ola bilər. Artıq çəkili insanlar gündəlik normalarından daha az kalori qəbul etməli, aktiv həyat tərzi keçirməlidirlər.

-Mədəkiçiltmə əməliyyatı nə vaxt vacibdir?

-Əvvəlcə xəstənin VKİ (vücud-kütlə indeksi) hesablanır. Əgər göstərici 40-dan çoxdursa, əməliyyat vacibdir. Artıq 40-50 kiloqramı pəhrizlə atmaq ağlasığan iş deyil. Onu da qeyd edək ki, bu əməliyyat həm də bir çox ağır xəstəliklərdən nicat yoludur. Şəkərli diabet, qan təzyiqi və sairə.

-Bir qədər də xəstənin əməliyyatdan sonrakı dövrü haqda məlumat verin.

-Əməliyyatdan sonra orqanizm buna təbii reaksiya verir. Əvvəlki kimi, necə gəldi qidalanmadığı üçün müvəqqəti olaraq, üşütmə, təzyiqin düşməsi, saç tökülməsi baş verə bilər, lakin bunlar keçici hallardır. Xəstə az qidalanmasına baxmayaraq, vitaminləri, dəmiri, kalsiumu kifayət qədər almasına diqqət etməlidir. Buna görə əməliyyatdan sonra biz xəstəni özbaşına buraxmırıq. Üç aydanbir qan analizlərinin cavablarına baxırıq, xəstənin orqanizminə dəyə biləcək bütün ziyanların qarşısını alırıq. Əməliyyatdan sonra xəstələr arıqladıqca, özlərini daha sağlam hiss edirlər. Onların özlərinə inamı artır, daha enerjili, daha həyatsevər olurlar. Mən hətta əməliyyat etdiyim insanları sonradan görəndə tanıya bilmirəm – sanki 15-20 yaş gəncləşirlər.

-Əməliyyat zamanı mədədən keçən sinirlərə ziyan dəyə bilər?

-Əməliyyatda mədənin heç bir sinirinə ziyan dəymir. Amma mədənin böyük bir hissəsi çıxarıldığından, aclıq hormonunun (Ghrelin) səviyyəsi çox aşağı düşür, xəstənin iştahı kəsilir, beyinə gedən aclıq siqnalları azalır. İnsanın ağız dadı da dəyişə bilər. Əvvəlcə şirniyyatı sevənlər, daha çox duzlu, turş qidalara meyl edir.

-Mədəsi xəstə adamlar bu əməliyyatı etdirə bilərmi?

-Müraciət edən xəstələri əvvəlcə müayinə edirik – qan analizləri, ürək, ciyər yoxlanılır, mədəyə endoskopik yolla baxılır, əgər bir xəstəliyi varsa, müalicə edəndən sonra əməliyyata salırıq.

-Əməliyyat nə qədər sürür?

-Bu, birbaşa həkimin təcrübəsinə bağlıdır. Əvvəllər, bu əməliyyata yeni başlayanda, üç saat davam edirdisə, indi 45 dəqiqəyə bitir. Hərdən insanlar bəzi həkimlərin mədəni ziqzaqvari kəsdiklərini söyləyirlər. Bu doğru deyil, çünki xəstələrdə mədəbulantıları olur, diskomfort yaranır. Biz istəmirik ki, xəstələrimiz arıqlayarkən əziyyət çəksinlər. Əksinə, onların rahatlığı üçün hər tədbirə əl atırıq. Cərrah öz işini bir “sərraf”, “dərzi” səliqəsiylə görməlidir. Əvvəllər mən orqan nəqli ilə məşğul idim. Hər hansı yararsız orqanın yerinə başqa orqan köçürürdüm, bununla da iş bitirdi. Lakin mədəkiçiltmə əməliyyatı belə deyil. Bu əməliyyatı etdiyimiz insanlarla uzun zaman birgə addımlayırıq. Aralarında elələri də olur ki, dosta çevrilir. Bu da bir ayrı zövqdür. İnsanlar bizə çox suallar verirlər və haqlıdırlar da. Axı sağlam mədəni niyə kəsdirsinlər? Amma işin başqa tərəfi də var : həddindən ziyadə köksənsə, artıq sağlam deyilsən. Kök insanların qara ciyəri, böyrəkləri, ürəyi pis vəziyyətdə olur. Bundan xilas olmaq üçün də, sağlam olsa belə, mədəmizin bir hissəsindən imtina etməli oluruq. Mədəsini kiçildən adam şikəst deyil, əksinə, bu əməliyyat sağlamlığa qovuşmaq üçündür. Kök insanların artıq çəkiləri onların sosial həyatına da mənfi təsir edir. Özünəinamı azaldır. Arıqlayandan sonra isə hər şey müsbətə dəyişir. Biz insanları daha sağlam və xoşbəxt görmək arzusundayıq.

Mədəkiçiltmə əməliyyatı: əvvəli və sonrası

Mədəkiçiltmə əməliyyatı: əvvəli və sonrası

Mədəkiçiltmə əməliyyatı: əvvəli və sonrası

Mədəkiçiltmə əməliyyatı: əvvəli və sonrası

Mədəkiçiltmə əməliyyatı: əvvəli və sonrası

Zulya
İnterpress.az