Rüstəmxanlı Qan Turalıdan yazdıbackend

Rüstəmxanlı Qan Turalıdan yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az həmin qeydləri təqdim edir:

Adı oxuculara yaxşı tanış olan Qan Turalının \”Doqquz hekayə\” kitabını oxudum və təəssüratımı qısaca da olsa paylaşmaq istədim. Qan Turalı seçilən, istedadlı gənc yazarlardan biridir. \”Doqquz hekayə\” onun dördüncü kitabı olsa da, öncəki kitablarından yalnız birini oxumaq imkanım olmuşdu. Milli Kitab müsabiqəsinə verdiyi \”Mustafa\” romanını bəyənmiş və münsiflər heyətinin üzvü olaraq yüksək bal vermişdim.
\”Doqquz hekayə\” – 128 səhifəlik, o qədər də böyük olmayan bir kitabdır, yeddi hekayə, bir kiçik pyes və bir povest var içində. Lakin həcm önəmli deyil, bir müəllifin yazı və düşüncə tərzini, ədəbi bacarığını və potensialını görmək, dəyərləndirmək üçün cildlər vərəqləmək zəruri deyil, bir neçə hekayə də yetərlidir.

Kitabda toplanmış yazılar son illərin məhsuludur və buna görə də artıq bəlli bir təcrübəsi olan müəllifin ədəbi xarakterini, kimliyini göstərir.
Təəssüf ki, Qan Turalı yaşda olan və onların ardınca gələn gənc yazarlarla oturub-durmaq və ya onların bütün yazdıqlarını ardıcıl izləmək imkanımız yoxdur; ədəbiyyatımızın müxtəlif nəsillərini bir araya gətirən, onları bir- birinə tanıdan, doğmalaşdıran ədəbi məclislərimiz, görüş yerlərimiz də arzu olaraq qalır. Halbuki belə imkanlarımız olmalıdır və yalnız ədəbiyyat adamlarımız yox, yaradıcılıq aləminin müxtəlif qollarını təmsil edən bəstəkarlar, rəssamlar, kinematoqrafiya işçiləri, ifaçılar, aktyor və rejissorlar, mədəniyyət xadimləri tez-tez bir araya gəlib milli mədəniyyətimizin sorunlarını və gələcək yollarını bir yerdə müzakirə etməli, bir- birlərini yaxşı tanımalı, dost və əməkdaş olmalıdırlar. Mədəniyyətimizin inkişafı üçün bu çox vacib bir işdir və bizim gənclik illətimizdə Zaqatalada, Zuğulbada belə görüşlər keçirilirdi. O vaxt təməli qoyulan münasibətlər bu günədək davam edir və bəhrə verir. Bu da idman qədər mühüm bir işdir və Gənclər və İdman Nazirliyimizi düşündürməlidir. İndiki halda bizim özümüzdən sonra gələnlərlə ünsiyyətimiz epizodik və təsadüfi xarakter daşıyır.

Qan Turalı mənim tanıdığım gənc yazarlar arasında ədəbi, mədəni və intellekt səviyyəsinə görə seçilənlərdəndir. Populyarlaşmaq xətrinə ədəbiyyata və milli ənənələrimizə yad olan yollar axtarmır, ədəbiyyatın ciddiyyətini başa düşür. Bədii və publisistik yazılarında görünən budur.

Qan Turalı bu günün yazıçısıdır; bu günün adamlarının taleyini yaşayır, bu günün ruhunu və reallıqlarını duyur, bu günün dili və üslubuyla yazır. O, öz hekayə estetikasını qəhrəmanlarından birinin dili ilə belə ifadə edir: \”-Vonnehut deyir ki, hekayədəki hər cümlə ya bilinməyən bir şeyi bildirməlidir, ya da süjeti davam etdirməlidir\” . Sözçülükdən, gərəksiz təfərrüatdan qaçmaq, kino nəsri kimi detaldan detala, ovqatdan-ovqata adlamaq Qan Turalının hekayələrinin ilk baxışdan görünən cəhətlərindəndir. Dünya təcrübəsindən öyrənmək öz yerində, ancaq bu dinamik düşünsə axarı həm də öz xalq ədəbiyyatımızdan, deyək ki, dastanlarımızın döşəmə yazı üslubundan gəlir.

Belə ifadə tərzi Dədə Qorqud boylarına yüz illərlə yaddaşlarda yaşamaq gücü vermiş və Mirzə Cəlilin, Haqverdiyevin bir sıra hekayələrində davam etdirilmışdir. Qan Turalıda da, bu baxımdan, türk təhkiyə tərzinin ənənələrinə bağlılıq müşahidə olunur: sadə, yığcam, artıq təfərrüatçılığa varmayan, mahiyyəti az sözlə açan, ciddi saydığı ictimai mətləbləri zahiri bəsitlik və sadəlövhlük görüntüsündə \”gizlədən\”. Cəmiyyətdəki ciddi sorunlar elə sadə bir şəkildə, daha doğrusu, xalq psixologiyasına uyğun, xalq düşüncə və ifadə müstəvisində deyilir ki, etiraza və don geyindirməyə yer qalmır. Hər biri cəmi bir neçə səhifəlik, yığcam hekayələr bütövlükdə darıxan, sıxıntı içində olan adamların, vətəndaşı yarıtmayan ictimai gedişatın hekayələridir; xırda, ötəri, adi görünən yaşantıların arxasında həyatın əzabları və faciələri dayanır. Sevgi və ayrılıq, uğur və uğursuzluq, xoşbəxtlik və gözlənilməz ölüm iç-içə, yan-yanadır, çox asanca biri digərinə çevrilə bilir. İnsanlar qılıncın ağzıyla yeriyirlər sanki, bu günün kəndçi qızı sabah Moskva universitetində tələbə, sonrakı gündə geriyə sürgün edilmiş ana, daha sonrakı epizodda qısqanclığın qurbanı… Bir neçə səhifədə bir roman mövzusu, həyatın alışdığımız, bəzən də ədəbiyyatın diqqətinə layiq görülməyən reallıqlarından biri…( \”Şaxta babanın qətli\”).

\”Doqquz hekayə\”ni müəllif başqa bir adla \”şəhər əfsanələri \” adlandırır. Məncə, bunun əsas səbəbi bəzi hekayələrdə qəhrəmanların öz həyatlarını qura bilməmələri, havadan asılı bir vəziyyətə, zaman və məkan qeyri-müəyyənliyi və xaosunda, ən başlıcası hissiyyatlarının , münasibətlərinin mifik bir yozum çoxvariantlılıq içində olmasıdır. Bu çıxılmazlıqları cəmiyyət, içində olduğumuz çətinliklər yaradır və buna görə \”Bir-birini sevməkdən qorxan iki adamın hekayəti\”, \”Kafka\”,, \”Cılğınlar\” hekayələri qəhrəmanlarının xarakteriylə yanaşı, insan- cəmiyyət münasibətlərinə işıq tutur. Əslində \”Füzulinin qayıdışı\” da yaşadığımız zamanın və cəmiyyətin mənəvi kamillik və milli dəyərlər baxımından üzləşdiyi problemləri göstərmək məqsədi daşıyır.

Yeri gəlmişkən, deyim ki, kitabdakı hekayələrdən və povestdən fərqli olaraq \”Füzulinin qayıdışı\”nda maraqlı mövzuya müəllif səthi yanaşıb. Xüsusən, şairlərin bir yerə toplaşdığı səhnədəki danışıqlar bəzi hallarda bayağıdır və xarakterlərə uyğun deyil. Füzulinin Səməd Vurğunun leksikonuyla düşünməsi ( bu dünya \”sirrini sirdaşa da vermirmiş\”); ( \”Füzuli: Dur, gedək Makdonaldın tualetinə. Nizami: Ora niyə?\” Füzuli: Ora 24 saat işləyir.); (Füzuli: Bir dövrdəyəm ki, nəzm xar olub); (Cəfər Cabbarlı: Bir dəqiqə e…Füzuli Nizami (?) ondan sonra yaşayıb axı.) və s. Bu misalların sayını artıra da biLərdim. Böyüklərimizi əsərdəki polislər səviyyəsində, küçə jarqonlarıyla danışdırmaq olmaz. Ən azı ona görə ki, onlar bu cür düşünüb, bu cür danışmayıblar. Məncə, müəllif bu pyesi yenidən işləməli və adı çəkilən böyüklərimizi bu günlə birləşdirən və ayıran motivlərlə zənginləşdirməli, dramaturgiyanı dərinləşdirməlidir.

\”Doqquz hekayə\” kitabındakı ən uğurlu əsər, mənim fikrimcə, \”Prokurorun üç günü\” povestidir. Detektiv əsərlər ədəbiyyatın özəl bir növüdür və xüsusi bir qabiliyyət istəyir. Bu qabiliyyət Qan Turalıda var. Bu povestin bir dəyəri də janrın verdiyi imkanlarla ədəbiyyat tariximiz üzərində oynanılmış oyunlara diqqət çəkmək və bu yolla ümumi tariximizin saxtalaşdırıldığını, soyqırıma məruz qaldığını xatırlatmaqdır; repressiyanın əsas hədəfi milləti millət eləyən dəyərlər, ilk növbədə ədəbiyyatımız idi, ayrı- ayrı şəxsiyyətlərlə yanaşı bütov ədəbiyyat tariximiz idi və Qan Turalı bu faktı məharətlə bu günün detektiv mövzusuna çevirə bilmişdir. Gərgin dramaturji xətt oxucunu inandırır və ardınca aparır. Güman edirəm, Qan Turalı detektıv yazı imkanlarını dəyərləndirərək gələcəkdə bu janrda yeni əsərlər yazacaqdır.

Bəzi nəşriyyatlarda korrektor ştatlarının ixtisara salınması dil və orfoqrafiya səhvləriylə dolu kitabların çıxmasıyla nəticələnir. Bu, nəşriyyatların müəllifə və oxucuya hörmətsizliyidir. Belə səhvlər \”Doqquz hekayə\” kitabında da var:(\”Bu, (?) Əli Kərim adlı bir şair varmış.\”; \”icazəni almaq qeyri- mümkünsüzdür(?)\”; \”mənə çox qəribə şəkildə ilham edildi(?)\”; \”tamamilə spontan yazdığım\”;\” prokror heç cür özünü ala bilmirdi\” və s.) Birbaşa bilgisayarda yazmağın belə xətaları olur, mətndən sözlər və durğu işarələri düşür, ancaq gərək bunlar redaktorun, korrektorun gözündən yayınmasın…\”

Öz siması olan gənc ədəbiyyatımız maraqlı bir axtarış və inkişaf yolundadır. Qan Turalının da daxil olduğu ədəbi nəsil artıq otuz yaşı arxada qoyub, hərəsinin bir neçə kitabı çap olunub, yetkinləşiblər. Onlar müasir həyatımızın bütün uğur və uğursuzluqlarını, ağrı- acılarını öz talelərində yaşayan nəsildir və bu günün ən canlı və çağdaş təsvirini də, yəqin ki, onların əsərlərində görəcəyik. \”Doqquz hekayə\” bu inami möhkəmləndirir.

İnterpress.az