Uzaqdan görünən Azərbaycan – LAYİHƏbackend

Uzaqdan görünən Azərbaycan – LAYİHƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada kimliyimizi tanıtmaq üçün inkişafı vacib olan sahələrdən biri də diasporamızdır. Dünya xalqlarına mədəniyyətimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi tanıtmaq üçün güclü diasporamız olmalıdır. Elə bu diasporanın axtarışı ilə İnterpress.az dünyaya çıxdı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla dərdləşdik. İlk olaraq yolumuzu Hollandiyadan saldıq.

“Azərbaycanın Hollandiyadakı diasporası hazırda Azərbaycandakı sayt və mediadakı yaydıqları məlumatlardan ibarətdir.”

Həmsöhbətimiz isə azərbaycanlı jurnalist, on ildən artıqdır ki, Hollandiyada yaşayan Fikrət Hüseyinlidir. “Azərbaycanın Hollandiyadakı diasporası hazırda Azərbaycandakı sayt və mediadakı yaydıqları məlumatlardan ibarətdir. Ümumiyyətlə, diaspora yox, ayrı-ayrı fərdlərin yaratdıqları ayrı-ayrı QHT-lər mövcuddur. Onlar da özləri üçün fəaliyyət göstərirlər. Diaspora quruculuğu sahəsində heç bir iş görülməyib. Səbəb də təkcə hökumət yox, eyni zamanda Azərbaycanın aidiyyatı qurumlarının burda diaspora yaratmaq adıyla üz tutduğu adamlardır. Yəni, hər kəsin ambisiyası var. Heç kəs heç kəsi qəbul etmək istəmir”.

F.Hüseyinli diasporamızın hər zaman ermənilərlə müqayisə olunmasını da düzgün hesab etmir: “Çünki Avropa dövlətləri əsasən xristian dövlətidir. Bir erməni də Avropaya gələndə kilsəyə gedib ibadət edir, kilsə icmaları ilə tanış olur və onlardan güclü dəstək alır. 1-ci Dünya Müharibəsi zamanı ermənilər Avropaya köç ediblər və hər ölkədə kilsələri var. Azərbaycanlılar isə sovet dövründə ateist olaraq tərbiyələndiriliblər. Sovetlər dağılandan sonra isə Avropaya köç ediblər. Bizim də burda söykənəcəyimiz əsasən türkiyəlilərdir. Onlar da əsasən camilər ətrafında birləşiblər.

Azərbaycanlıların burda güclü ola bilmələri üçün iki yol var. Birinci yol budur ki, məqsədyönlü şəkildə dinlərini dəyişərək müxtəlif kilsə icmalarına daxil olmalıdırlar ki, ordan güclü təsir imkanları əldə etsinlər. İkinci yol da Azərbaycan dövləti ciddi şəkildə dəstək verməlidir. Başqa cür mümkün deyil.

Avropada Azərbaycan diasporası yox, azərbaycanlılar var. Doğrudur, tənqid olunası tərəflər çoxdur. Amma məsələ həm də bundadır ki, azərbaycanlılar Avropada yeni-yeni məskunlaşırlar. Ölkəmizin daxilində baş verən proseslər istər-istəməz burdakı azərbaycanlıların münasibətlərinə də təsir edir. Həmçinin hələ ki, böyük əksəriyyət məskunlaşma ərəfəsindədir. Bundan əlavə Azərbaycandakı diaspor fəaliyyətindən məsul şəxslər diaspora yox, Avropaya gələn zaman onlara xidmət edəcək şəxslər qrupu yaradıblar.

Gənclərlə iş çox aşağı səviyyədədir. Səfirlərin və səfirlik işçilərinin çoxu isə bu sahədən anlayışsızdılar. Düşünürəm ki, Azərbaycanda universitetlərdə diasporçulıq üzrə hansısa ixtisaslar formalaşmalıdır. Müəyyən fakültələr yaradılmalıdır və həmin mütəxəssislər də Azərbaycan səfirliklərində işlə təmin edilib, diaspora işiylə məşğul olmalıdırlar”.

Həmsöhbətimiz Hollandiyada azərbaycanlılara qarşı müsbət münasibətin olduğunu bildirdi: “Hollandiya dövləti üçün hamı vətəndaşdır və hamı qanun qarşısında eynidir. Bəzi vətəndaş cəmiyyətləri üçün isə ermənilər təbii ki, iddia etdikləri soyqrıma məruz qalmış insanlardır. Kilsələr üçün dindaşlardır. Azərbaycanlılar isə öncə keçmiş sovetlər birliyindən gəlmiş türkdilli xalq və təbii ki, din cəhətdən müsəlman. Bununla belə, türkiyəli türklərin çalışqanlılığına görə, azərbaycanlılara da çalışqan insan olaraq baxırlar. Yəni, mənfi münasibət yoxdur. Hər kəs öz qabiliyyətinə uyğun dəyərini alır”.

Abuzər Azəroğlu
İnterpress.az