Güney Azərbaycandakı  milli hərakat çox  böyük düşmənlə üzbəüzdür. 2-Cİ HİSSƏbackend

Güney Azərbaycandakı milli hərakat çox böyük düşmənlə üzbəüzdür. 2-Cİ HİSSƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəs Milli Hökümət nədən süqut etdi?

-Sovetlər İranı ələ keçirmək üçün Cənubi Azərbaycanda olan bu hərakatdan bir kart kimi istifadə etdi…

Belə deyək ki, bir ilin içində qüdrətli bir dövlət yarandı, ordusu, iqtisadiyyatı yaradıldı. Necə oldu ki, birdən-birə bu dövlət süqut elədi, özü də çox böyük sürətlə, səbəb nə idi? Bunun iki mühüm həlledici səbəbi var, üçüncüsü isə təsiredici səbəbdir. Həlledici səbəblərdən biri bu idi ki, Şahın arxasında Amerika, İngiltərə, Fransa dururdu. Bizdə sənədlər var ki, nə qədər maliyyə yardımı ediblər, nə qədər silah köməyi ediblər, nə qədər təyyarə veriblər. Hətta, hərbi müşavirlər gəlib 50 minlik Şah qoşununa təlim keçib. Qarşı tərəf bu ölkələr tərəfindən qüvvətləndirilirdi. O qüvvənin qarşısında dayanmaq üçün isə Azərbaycanda lazımi hərbi baza yox idi. Azərbaycanda Sovetlərin bir dənə sınıq tankı var idi, ancaq onu da götürüb çıxmışdılar. Deməli, məğlubiyyətin bir səbəbi Məhəmməd Rza Şah rejiminin arxasında imperialist qüvvələrin dayanması idi. İkincisi səbəb isə milli qüvvələri ortalığa salan, meydan verən, ruh verən, istiqamət verən, qələbəyə ruhlandıran Sovet hökümətinin birdən birə kənara çəkilməsiydi. Nəyə görə, neft amilinə görə. İran ərazisində istehsal mədənlərini, faydalı qazıntıları, nəqliyyatı ələ keçirmək, bir sözlə İran iqtisadiyyatını ələ keçirmək naminə Qavamsəltənə höküməti ilə Stalin arasında olan danışıqlar nəticəsində Sovet höküməti qoşunlarını ordan çıxardı. Həm də, qoşunları çıxarmaqla bərabər verdiyi silahları da geri aldı. Xatirələrin birində yazılır ki, hərbi məktəbdə bir dənə sınıq tank qalıbmış müdavimlər onun üzərində dərs keçirmişlər, hətta o sınıq tankı da götürüb gediblər. Sovet qüvvələrinin milli qüvvələrin arxasından qaçmağı onları meydanda tək qoydu.

Üçüncü təsiredici amil isə Milli Hökümətin rəhbərlərinin də təqsirləri olmuşdu. Nə idi bu təqsir? Bu təqsir ondan ibarət idi ki, Sovetlərə həddindən artıq inanmışdılar. Hətta, məğlub olan dövrdə də bunlar inanırdı ki, tam məğlub olmayıblar, yenidən qayıdıb bu işləri tamamlayacaqlar. Gərək bu cür inanıb arxalanmayaydılar. Mən bu məsələni kitabda belə əsaslandırıram ki, hər hansı hərakat tapmaq mümkün deyil ki, onun xariclə əlaqəsi olmasın, yardım almasın. Ancaq, yardımı kim verir, nə məqsədlə verir, gərək bunlar öncədən dəyərləndirilə…

Demək burdan belə nəticə cıxır ki, Sovetlər İranı ələ keçirmək üçün Cənubi Azərbaycanda olan bu hərakatdan bir kart kimi istifadə etdi. Lakin, Şah onu vermədi, bunlar uduzdular. Axır vaxtlar arxivdən yeni bir sənəd tapılıb, yeni kitabımda onu verəcəyəm. Milli Hökümətin rəhbərləri Mircəfər Bağırova 6 səhifəlik bir məktub yazırlar ki, vəziyyət ağırdır. Siz bizə kömək etməyin, istəmirik, ancaq bizə adi silahlar verin, camaat qalxıb ayağa, Babək hərakatına on minlərlə adam qoşulub. Mircəfər Bağırov məktubu alan kimi Stalinə teleqramla vəziyyəti bildirir. Stalin teleqramı oxuyandan sonra gecənin bir vaxtı saat 2-də zəng edir və köməkçisinə deyir ki, onu Bağırovla birləşdirsin. Köməkçisi xəbər etdikdən sonra Bağırov kabinetinə gəlir. Stalin deyir ki, bəs bu məktubu yazmısan, sən nə fikirləşirsən? Bağırov deyir ki, \”yoldaş Stalin biz böyük zəhmət çəkmişik, orda xalq əzilib, hüququ əlindən alınıb\”, onlara biz kömək etməliyik, heç olmazsa onlara minumum silahlar göndərək. Biz bunu eləməliyik. Stalin deyir mümkün deyil, \”mən 3-cü dünya müharibəsinə başlaya bilmərəm\”. Bağırov bir də xahiş edir, deyir ki, axı onda Cənubi Azərbaycan əldən gedir, bizim zəhmətimiz, əziyyətimiz gedir. Stalin cavabında \”Seyid bu ölkənin sahibi sənsən, ya mənəm deyib dəstəyi yerə qoyur\”. Müəllif kitabında yazır ki, bu yerdə Bağırovun gözündən yaş süzülür ki, Cənub getdi. Bax xəyanət budur.

Mircəfər Bağırovdan danışdız, onun rolunu bu hadisələrdə necə qiymətləndirərdiz?

– O, istiqlaliyyət daxilində Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsini istəyirdi…

Bu, tamam başqa bir mövzudur. Mən öncəki müsahibələrimdə də bu haqda demişdim ki, ona münasibətdə iki cəhətlə yanaşmaq olar. Tam bir paradoks haldır ki, onda qəddarlıq xüsusiyyəti var idi, milli kadrların ölümündə, sürgün edilməsində adı keçir. İkinci bir cəhət isə onun milli olub təpədən dırnağa qədər Cənubi Azərbaycan istiqlalından yana olması idi. Və o, istiqlaliyyət daxilində Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsini istəyirdi. Stalin də o zaman ona söz vermişdi ki, istəyini həyata keçirəcək. Mircəfər Bağırov bundan ruhlanırdı, bütün varlığı ilə buna çalışırdı. Ancaq, pərdənin arxasında Stalin-Mikoyan bloku nə iş görürdü, onların məqsədi nə idi, o, bunu görmürdü, hər şey sonradan məlum oldu ona.

Əkrəm müəllim bunu danışdıq , cox maraqlıdır, sizcə burda Sovet hökümətinin, konkret desək Stalinin cəkindiyi amil nə olub? Təsəvvür edək ki, artıq Cənubi Azərbaycanda müstəqil bir dövlət var və hətta Şimali Azərbaycanla Cənubi Azərbaycan birləşir, bunun nəticəsindən niyə qorxdular onlar?

-Mikoyan da, Stalin də, Beriya da buna yol verməzdilər ki, Türkiyədən sonra belə bir ikinci türk dövləti yaransın…

Bax, bu məsələni də təhrif edirlər. Guya Trumen Stalinə deyb ki, əgər sən Cənubi Azərbaycandan qoşunlarını çıxarmasan biz sizə müharibə elan edib atom bombası salacıq. Ancaq, bunu sübut edən heç bir sənəd yoxdur. Hətta, Amerikalı müəllf özü də yazır ki, mən də kitabda vermişəm ki, belə bir sənəd yoxdur. Trumen bu sözü deməyib. Bəs nədir burda məsələ? Mənim təqdiqatçı kimi şəxsi mülahizəm budur ki, burda əsas səbəb budur ki, əgər Cənubi Azərbaycan qalsaydı, Cənubi Azərbaycan da məsələn Belorusiya kimi, Ukrayina kimi onları necə birləşdirdi, Moldaviyanı necə qopardı Ruminiyadan, Bessarabiyanı verdi, eləcə də bunu da birləşdirsəydi, deməli SSRİ-nin tərkibində qüdrətli bir türk dövləti yaranardı ki, indi onun əhalisi təxminən 50 milyon olardı. Bu isə Ermənistan, Gürcüstan qarşısında bir filə oxşayardı. Mikoyan da, Stalin də, Beriya da buna yol verməzdilər ki, Türkiyədən sonra belə bir ikinci türk dövləti yaransın. Bax bu məsələ əsas səbəb idi. Yoxsa, əgər onlar bunu özləri üçün bir təhlükə hesab etməsəydilər bu məsələ həll olardı. Halbuki, sınıq-salxaq silahdan verdilər, başqa cür də kömək edə bilərdilər. Pişəvəri yazır ki, camaat cəbhəyə getmək istəyirdi, ancaq əli yalındı. Cənubi Qafqazda güclü bir türk dövləti yaranmasın deyə buna imkan vermədilər.

Demək bu baş versəydi həm də dünyada siyasi gedişatın dəyişməsinə səbəb olardı. Ön Asiyada, İran adlanan ərazidə yenidən türklər əsas söz sahibi ola bilərdi ki, bu həm də dünya ağalarının bütün imperialist planlarının alt üst olması deyildimi?

Əlbəttə…

Bəs o dövrdə Güney Azərbaycanın qərbində Soyuqbulaq adlı yerdə kürdlərə yaradılan Mahabad respublikası haqqında nə deyərdiz? Kürdlərə bu ərazidə dövlətin yaradılmasında maraqlı olan güc sahibləri kimlər idi?

-Başqa ərazilərdə kürd dövləti yaratmaq bir növ ermənilərin yolunu getmək idi…

İran çoxmillətli bir ölkədir. Bu millətlər zor ilə bir dövlət altında, vahid İran dövləti, fars bayrağı altında birləşdirilib. Burda söhbət kürdlərdən, ərəblərdən, lorlardan, türkmənlərdən, bəluclardan , o cümlədən ölkənin əsas milli vahidi olan Azərbaycan türklərindən gedir. Məhz, bu səbəbdən Azərbaycan Demokrat Firqəsi yaranan zaman ortaya federasiya məsələsini atır ki, federativ dövlət yaradılsın, bütün millətlərə siyasi hüquq verilsin. Bu zaman kürdlər də ayağa qalxmışdı. Kürdlər bəzi cəhətdən \”21Azər\”i əvvəl tanımırdıar, hətta fədailərə yeri düşəndə zərbə endirirdilər. Və o zaman kürdlərin başçılları Qazi Məhəmməd , Seyfi Qazi sovet hökümətinə bununla bağlı müraciət etdilər. Və eyni zamanda Pişəvəriyə müraciət elədilər ki, siz necə qalxmısız, ayaga dilinizi istəyirsiz, mədəniyyətinizi istəyirsiz, İran daxilində muxtariyyat istəyirsiz, biz də onu istəyirik. Siz biraz müəyən dairədə bizə kömək eləyin, yer verin, biz də öz dövlətimizi quraq.

Mahabad dediyin yer əslinə baxsan Azərbaycan torpağıdır. Yani Güney Azərbaycanın qərb bölgəsindəki mərkəzlərdən biri olan Soyuqbulaq ərazisinin kürdcə adlandırılmasıdır. O zaman sovetlərin məsləhəti ilə S.C. Pişəvəri razılıq verdi ki, Soyuqbulaq ərazisi müvəqqəti verilsin kürdlərə, Kürdüstan dövləti yaradılsın, sonra bu məsələ, hər şey qurtarandan sonra həll olunar ki, məsələn kürdlərin ərazisi hara olacaq, Azərbaycanın ki, hara olacaq, Həmin dövrdə də Kürdüstan Demokratik Firqəsi yaradılır. Nə vaxta qədər ki, Qazi Məhəmməd, Seyfi Qazi onun başında idi onlar Azərbaycanla birlikdə hərəkət edirdilər, hətta təsadüfi deyildi ki, Pişəvəri Tehrana danışıqlara gedəndə İran höküməti ilə Məmməd Qazi də o nümayəndəliyin tərkibində getmişdi. Yəni o dövr üçün o mütərəqqi hadisə idi. Amma, burda bir amma var. Amma nədən ibarətdir? Sonralar məlum oldu ki, indi İran Kürdüstanı adlanan ərazidə müstəqil bir kürd dövləti yaratmaqla, gələcəkdə Suriya, İraq, İran, Türkiyə ərazisində kürdləri bir dövlətdə birləşdirmək nəzərdə tutulubmuş.

Buna bufer dövləti deyirlər. Belə bir bufer dövləti yaratmaq demək o vaxtdan Amerikanın, İngiltərənin planında var imiş ki, kürdləri də himayə edirmişlər. Kürdlər də bundan istifadə edərək Cənubi Azərbaycanın qərb bölgəsində, müəyyən əraziləri tutur, orda demoqrafik durumu dəyişirlər. Və tədricən sübut etməyə çalşırlar ki, guya tarixən bu yerlər kürdlərə mənsub olubdu, bu torpaqlar qədim Kürdüstandı. Halbuki, kürdlər tamamilə gəlmədir, bunlar dağ adamlarıdır, onlar şəhərlərə sonradan gəlib yerləşiblər. Yəni burda iki məsələni bir-birindən ayıraq. O Kürdüstan dövləti ki, Hacı Məhəmmədin başçılığı altında yaradılmışdı, o, mütərəqqi dövlət idi, yəni Güney Azərbaycandakı Milli Hökümətə arxa duran (müttfəfiq ), onunla həmkarlıq edən bir dövlət idi. Hansı ki, o dövlətin yaradıcısı olan Qazı Məhəmmədin özü də Şah tərəfindən asıldı. Ancaq, bundan sonrakı mərhələdə kürd millətçilərinin vahid Kürdüstan yaratmaq ideyasına gəlincə bu tamamilə əsası olmayan bir şey idi və başqa ərazilərdə kürd dövləti yaratmaq bir növ ermənilərin yolunu getmək idi.

Əkrəm müəllim burda bilmək istədiyim odur ki, o zaman o ərazidə kürd dövlətinin yaradılması təbii amil idi, yoxsa? Axı o dövrün demoqrafik vəziyyəti onu göstərirdi ki, orda kürdlər çox azlıq təşkil edirdilər. Belə olan bir vəziyyətdə necə olardı ki, onlarda təbii bir milli hərakat yaransın və dövlət yaratmaq istəyi irəli sürülsün? Demək ki, burda ixrac amillər, xarici təsirlər üstünlük təşkil edirdi…

-M.Bağırov Pişəvəridən xahiş edir ki, onlara bir qədər yer verin, o dövləti yaratmağa…

Baxın o zaman da beləydi ki, yəni kürdlər öz milli hüquqlarını istəyirdilər. Ancaq , o dövlətin yaranmasına xarici amilin köməyi dəydi. M.Bağırov Pişəvəridən xahiş edir ki, onlara bir qədər yer verin, o dövləti yaratmağa. Onlarla həmkarlıq eləyin. Bu şeylər olub.

O zamandan bu zamana o ərazidə demoqrafik vəziyyətdə hansı dəyişikliklər olub?

İran dövləti həmişə çalışır ki, kürdlərlə azərbaycanlılar üz- üzə gəlsin. Üz- üzə gələndə bunların başı qarışanda siyasəti yeritmək asan olur. Məsələ bundan ibarətdir ki, ancaq, kürd millətçiləri onlar şovinist deyərlər, xaricdən maliyyələşdirilir. Və Amerikanın, İngiltərənin bunların maliyyələşməsində rolları vardır. İndi də Kürdüstanda olan kürdlər Azərbaycanlılara nisbətən cox varlıdır. Niyə? Çunki, sərhədlər onlar üçün açıqdır, onlar qaçaqmal gətirirlər, bütün spirtli içkilər , siqaret və s. bu tipli strateji malların ticarəti onların əlindədi.Yəni, bu ikitərəflidir. Bir tərəfdən İrandakı indiki rejim istəyir ki, kürdlər güclənsin Azərbaycanlıların qarşıında dura bilsin. Bunu Amerika, İngiltərə də dolayısı yolla istəyirlər ki, əvvəl dediyim kimi bufer dövləti yaratmaq planına görə. Bu iki amil kürdlərin dirçəlişinə səbəb olan , kürdlərin əl qol açmağına səbəb olan amillərdi.

Dünyanın sonrakı siyasi gedişatı, \”yeni düzənçi\”lərin artıq aşkar olan planları onu göstərir ki, o vaxt Mahabad kürd respublikasının yaradılması indi həyata keçirilən Böyük Ortadoğu Projesinin (BOP) İran ərazisində uyğulanan ilkin rüşeymi olubdu. Belə qəbul edə bilərikmi?

-Əvvəlki demokratik haqq istəmə meyləri ilə pərdələnən istəklər sonradan işğalçılıq meylləri ilə əvəz olundu…

Mahiyyətcə dəyişmiş forması. O vaxt guya ki, demokratik idi, yəni hüququnu tələb edirdi. İndi bu hüququnu tələb etmir, artıq ərazi tələb edir. Deyir ki, Azərbaycan mənimdi, bu hissə mənimdi. Əvvəlki demokratik haqq istəmə meyləri ilə pərdələnən istəklər sonradan işğalçılıq meylləri ilə əvəz olundu.

21 Azər hərakatından başlayaraq arxada qalan 70 ildən sonra bu gün Güney Azərbaycan necə görünür?

Güney Azərbaycanda Azadlıq hərakatına heç yaxşı münasibət bəsləməyən bir dənə Abdulla Müctehidi adlı müctəhid olub. 0nun \”Azərbaycan böhranı\” (farsca \”Böhrani-Azərbaycan\”) adlı kitabı var . Düzdü o, kitabda Pişəvəriyə çox yaxşı qiiymət verir, hörmət edir, ancaq hərakatı pisləyir. Yəni, kafir, kommunist adlandırır, ağzına nə gəlir deyir. Özü də o, gündəlİklər yazırdı. Orda bir yaxşı bir söz işlədib. Kitabın axırında şaha müraciət edir , deyir ki, Əlahəzrət bunların istədiyi bir şey var dil, bu dili verin bunlara , bunu verməsəz bu həmişə sizə baş-ağrısı olacaq. Bu toxum artıq Azərbaycan toprağına səpilib. Zaman, məkan, tarixi şərait imkan verəndə o göyərəcək\”. Bax bu sözdə böyük həqiqət var. O toxum Güney Azərbaycanda nələrdən ibarətdir; o Azərbaycan xalqının milli istəkləridir, tapdalanmış hüququnun bərpa olunmasıdır, dilinin verlməsidir, iqtisadiyyatının dirçəldilməsidir, Tehranın fars şovinistlərnin zülmündən azad olunmasıdır.

Yəni, bu proses indi də davam eləyir. Bayaq elə futbolu misal çəkdiz həmin futbol onun bir nümunəsidir. Və yaxud o tarakan əhvalatı oldu da , gördüz bütün Azərbaycan ayağa qalxdı. Deməli tarixi şərait imkan verən kimi dərhal həmin toxum özünü göstərir. Bu belə bir şeydi, barıt çəlləyinə oxşayır. Bunun həlli yolu da var. Onun həlli yolu budur ki, İran höküməti bu xalqların hüququnu tanısın, İranın federasiya üsulu ilə idarə olunmasına yol versin. Beləliklə, millətlər arasında olan bu daxili ziddiyyətlər, fərqli cəhətlər aradan qalxsın. Yoxsa, məsələn Güney Azərbaycanda indi 14 milyon adam var, halbuki, biz deyirik ki, 30-35 milyondu. Bəs qalanı hara gedib? Bunların qalanı hamısı demək fars əyalətlərinə gedib. Onlarda iş var, yollar çəkilir, limanlar qurulur, körpülər tikilir. Bir sözlə, əhali iş dalınca gedir, insan axını yaranır və nəticədə ora bu adam ailəsİni də aparır, asimilyasiyaya uğrayır. Gələcəkdə də bu davam edərsə Azərbaycan tədricən asimilyasiya siyasətinə qurban ola bilər. Bax bu hal gərək aradan götürülsün milli məsələdə. Durum ondan ibarətdir ki, qısa desəm həmin toxumlar indi də Azərbaycan zəminində yaşayır və cücərmək üçün imkan axtarır.

İndiki milli hərakat ideologiya, tələblər, hədəflər baxımından o dövrdən hansı cəhətləri ilə fərqlənir?

-İndiki hərakatda ən böyük qüsur odur ki, vəhdət yaradıla bilmir…

Məsələ budur ki, 21 Azərin çox mühüm bir cəhəti ondan ibarət olub ki, orda o zaman cəmi 7-8 təşkilat var idi. \”Azərbaycan\”, \”Demokrasiya ocağı\” \”Anti-faşist\” və s. adda bir neçə adda təşkilat var idi ki, bunların hamısını Demokrat Firqəsi bir məcraya yönəldə bilmişdi. İndiki hərakatda isə ən böyük qüsur ondan ibarətdir ki, çoxşaxəlilik var. Bir də milli qüvvələrin içərisində mənəm – mənəm deyənlik var. Yəni şəxsi ambisiyalar qabağda gəlir. Milli hədəfə getmək üçün , milli hədəfi təqib etmək üçün, bütün qüvvələrin səfərbər olub bir əsgər kimi getməsi əvəzinə, birdən- birə əsgər olmamış bir general kimi getmək istəyirlər. Bax, bu hal indiki hərakatın ən böyük qüsurudur. İndi neyləmək lazımdır? Əgər Güney Azərbaycanla baglı bütün bu hərakatları, istər Güney Azərbaycanın daxilində olsun, İstər İranın daxilində , istər digər yerlərdə- Avropada, Amerikada olsun bunları ayrı-ayrı çaylara bənzətsək bu çaylar hamısı bir gölə gəlir. Yəni, məqsəd baxımından bunların hamısının hədəfi millilikdir. Ancaq, bunlar bir -birini yeyirlər, bir-birinin ayağından çəkirlər, bir-birinin əksinə hərəkət edirlər və bir-birinə olmazın bəzəklərini verirlər.

İndiki hərakatda ən böyük qüsur odur ki, vəhdət yaradıla bilmir. Vəhdət ona görə yaradıla bilinmir ki, ambisiya məsələləri mane olur. Məsəl üçün hamı deməlidir, mən bu hərakatın sıravi bir əsgəriyəm və burda hər kəs ayrı-ayrılıqda rəhbərlik iddiasında olmamalıdır. Rəhbərlik iddiasını xalq özü seçməlidir. O vaxtkı hərakat ilə indikinin fərqi odur ki, o zaman Seyid Cəfər Pişəvərinin başçılığı altında Azərbaycanda olan bütün milli qüvvələr -tacirlər də, mülkədarlar da, mollalar da, fəhlələr də, kəndlilər də, ziyalılar da bir istiqamətə doğru yürüdülər. İndiki şəraitdə də o hədəfə doğru gedilir, ancaq, dağınıq, pərakəndə şəkildə gedilir. İndi milli qüvvələr qarşısında duran əsas vəzifə bu pərakəndəliyi aradan götürmək, milli vəhdəti təşkil etməyi bacarmaqdır.

Sadaladığınız bu cəhətlər çatışmayan çəhətlərdir, qane etməyən tərəfləridir, bəs qaneedici tərəfləri hansıdır?

-İndi insanların intellektual səviyyəsi, savad cəhəti, dünyagörüşü daha yüksəkdir…

\”21 Azər\” dövründəki şərait ilə indikini müqayisə etmək doğru olmazdı. İndi insanların intellektual səviyyəsi, savad cəhəti, dünyagörüşü daha yüksəkdir. İndi rabitə kommunikasiyası inkişaf edib, telefon, kompyüter, internet var. O zamansa yalnız Təbriz radiosu var idi, o da Milli Hökümətin qurulmasından xeyli sonra mümkün olmuşdu. İndiki dövrdə geniş imkanlar var. İntellekt baxımına gəlincə də indiki ilə o dövrü müqayisə etmək böyük fərq yaradır. Bu da təbiidir, o vaxtdan indiyə 70 ilik bir zamanın irəliləyən inkişafı var ortada.

Sizcə son 100 ilin əsarət tarixində Güney Azərbaycanda bu günə kimi baş vermiş inqilabi hərakatların məğlubiyyətlə nəticənlənməsinin, qurulan milli hökümətlərin süqut etməsinin əsas səbəbləri hansılardır.

-Güney Azərbaycandakı milli hərakat çox böyük düşmənlə üzbəüzdür…

Başlıca səbəb ondan ibarətdir ki, Güney Azərbaycandakı milli hərakat çox böyük düşmənlə üzbəüzdür. Bu güclü düşmənə qaib gəlmək üçün hər şeydən əvvəl ilk növbədə öz daxilimizdə vəhdət yaranmalıdır. İkincisi milli oyanış elə olmalıdır ki, səhərisi gün kimsə deməsin ki, məsəl üçün mənim ana dilim fars dilidir və yaxud deməsin ki, məsələn mən farsam. Milli oyanış belə olmalıdır ki, xalq milli kimliyini hiss eləsin. Əgər milli kimliyini hiss eləmirsə, milli varlığına biganədirsə, uğur olmayacaq. Və əsas səbəblərdən biri də odur ki, güclü qüvvə ilə fars şovinizmi ilə üzbəüzdür. Və bu şovinizminin qarşısında bizdə milli oyanış zəifdir, vəhdət zəifdir. Əgər bir yumruq kimi birləşsək, onun qarşısında dursaq , hə onda səninlə hesablaşacaqlar.

Yalnız İrandakı hakim fars rejimimi? Həm də \”güclü düşmən\” dediyiniz böyük dünya gücləri deyilmi ki, Türklərin bu coğrafiyada yenidən önə çıxmasını elə fars amilinin özüylə tənzimləyirlər. Bu haqda fikriniz, münasibətiniz necədir?

– Şovinist qüvvələrin idarə etdiyi İran dövlətİ ilə Amerikanın, qərb dövlətlərinin münasibəti gərgindir. Yəni, onlar onu dəstəkləməzlər…

İndiki tarixi şərait milli qüvvələrin dirçəlişi nəzərindən, öz dövlətini yaratmaq nöqteyi nəzərindən İran inqilabından əvvəlki dövrə nisbətən fərqlidir. Niyə? Fərqlidir ona görə ki, Şahın arxasında Amerika, İngiltərə dururdu, onlar onu dəstəkləyirdi. Ancaq , indiki şəraitdə İran rejimi ilə həmin dövlətlər arasında münasibətlər çox pisdir, həddindən artıq pisdir. Yəni, gərgindir. Yəni İran o şovinist qüvvələrin arxasında duran ancaq elə İran rejiminin özüdür, kənar deyil. Ona görə də indiki tarixi şərait daha münasibdir Azərbaycan milli qüvvələri üçün. Nəyə görə münasibdir, səbəbi var. Birincisi budur ki, şovinist qüvvələrin idarə etdiyi İran dövlətilə Amerikanın, qərb dövlətlərinin münasibəti gərgindir. Yəni, onlar onu dəstəkləməzlər. İkinci ən mühümü – Güney Azərbaycanda hərakat ona görə daha böyük şansa malikdir ki, bunun şimalında Azərbaycanlıların müstəqil dövləti Azərbaycan Respublikası yaranıb, bu respublikanın varlığı Güney üçün ilham və dayaqdı. Ücüncü cəhət milli oyanış indi cox güclüdür, nəhayət tarix elə gətirb ki, xalq artıq başa düşür ki, o əsarətdə olub, onun öz böyük keçmişi olubdur. İndi burda bir məsələni də bilməliyik ki, biz aydınların, siz jurnalistlərin, informasiya qurumlarının vəzifəsi ondan ibarətdir ki, hamımız öz qələmimizlə milli oyanışa kömək edək, öz zehnimizlə, öz mütailəmizlə, araşdırmalarımızla milli oyanışı sürətləndirək. Əgər milli oyanış olmasa, milli qüvvələrin səfərbərliyi olmasa, o qələbə mümkün olmayacaq. Ona görə də bu milli oyanışda milli qüvvələri səfərbər etmək çox mühüm bir məsələ kimi qarşıda durur.

Söhbətləşdi Gülşən Məmmədoğlu
Dünya Azərbaycanlıları Konqresinin Mətbuat Müşaviri