Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türkiyədə iz qoyan azərbaycanlı bacılar

İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəsmi internet səhifəsində vaxtilə rast gəldiyim bir xəbər diqqətimi dərhal çəkmiş və onun izinə düşmüşdüm. «Tarihde iz burakan üç kızkardeş» adlı həmin yazıda (01.11.2007) bildirilirdi ki, 2007-ci il noyabr ayının 3-də İstanbuldakı Qadın Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi Türkiyənin ictimai həyatında iz buraxan lider qadınlarından vəkil Sürəyya Ağaoğlu, maarif xadimi Tezər Taşkıran - Ağaoğlu və doktor Gültəkin Ağaoğlu bacılarının şərəfinə bir tədbir keçiriləcək. Adlı-sanlı bacıların həyat hekayələrinə həsr olunmuş təqdimatla bağlı xəbərdə həmçinin məlumat verilirdi ki, artıq xeyli müddətdir Ağaoğlu varisləri tərəfindən 2002-ci ildə Vəqfə bağışlanan 5 minə yaxın şəxsi mənşəli sənədin kataloqunun hazırlanması üzərində işlər davam etdirilir. Yazıda tədbirin təşkilatçıları göstərilir, proqramı açıqlanır, çıxışçılar haqqında məlumatlar verilirdi.

Dərc edilib: 24 yanvar 2016 [15:25]
Baxış sayı: 7143

Türkiyədə Əhməd bəy Ağaoğlu kimi tanınan Ağayev XIX əsrin sonu XX yüzilliyin əvvəllərində təkcə övladı olduğu Azərbaycan xalqının deyil, bütün türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan görkəmli şəxsiyyətlərdən biridir. O, zəngin siyasi, nəzəri və elmi irsi hələ də yetərincə öyrənilməyən fikir nəhənglərindən, türk xalqlarının yetirdiyi son ensiklopedistlərdən biridir.

2015-ci ilin may ayında Əhməd bəy Ağaoğluna məxsus sənədləri nəvəsi Tekdaş Ağaoğlundan ( Səməd Ağaoğlunun oğlu) əldə etmək məqsədilə İstanbula getdiyim zaman bacıların Qadın Əsərləri Kitabxanasına hədiyyə etdiyi sənədlərlə də tanış olmaq istədim. Cəhdlərim nəticə vermədi. Kitabxana təmirə bağlanmışdı. Sonra kitabxanaya yazılı müraciət etdim, məktub göndərdim. Yenə uğursuz oldu. İstanbuldakı qohumlarım və dostlarıma istəyimi bildirdim. Nəhayət, Türkiyədə təhsilini davam etdirən Reyhanə Səlimova arzumu həyata keçirdi. Kataloqu ünvanıma göndərdi. Fürsətdən istifadə edib Reyhanə xanıma minnətdarlığımı bildirirəm.

«Avukat Süreyya Ağaoğlu. Bir ömür böyle geçti». Arşiv kataloqu. 1898-1992” adlanan və nadir sənədlərin toplandığı dəyərli kitab-kataloqda (Qadın Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi. İstanbul Barosu yayınları, 2010. 520 səh.) yalnız Sürəyya xanıma aid sənədlər əksini tapmışdı. Tezər və Gültəkin xanıma məxsus şəxsi sənədlərlə bağlı məlumatlar kataloqa daxil edilməmişdi. Peşəkarlıqla tərtib olunmuş kataloqda Sürəyya xanıma aid 5 minə yaxın şəxsi mənşəli sənəd haqqında məlumat mövzuya uyğun təsnif edilərək nəşr olunub.

Kataloqdakı əksini tapan ailə şəkilləri, məktublar, iş sənədləri, vizitkalar, pasportlar, gündəliklər, qəzet kəsikləri, broşür və digər rəsmi sənədlər bu gün mühüm tarixi və ictimai əhəmiyyət kəsb edir. Kataloqa «Ön söz» yazan prof.dr. Bəkir Kamal Ataman bu barədə bəhs edərkən fikrini belə ifadə edib:
«Ailənin şəcərəsi Osmanlı imperatorluğundan bugünədək Türkiyənin ictimai həyatına çox önəmli töhfə vermiş bir ailə ilə tanışlığa vəsilə oldu».
«Ön söz» müəllifi bənzərsiz kataloqun ərsəyə gəlməsində fədakarlıq göstərənləri, hər cür maddi-mənəvi dayaq duranları, xüsusi ilə “balalarının izi ilə gedən önçü bir qadın və bu qadının ortaya qoyduqlarının yox olmasına izn verməyərək vəqfə bağışlayan ailə üzvlərinə” dərin minnətdarlığını bildirir: «Bu dəyərli töhfəyə görə ailə üzvlərinə nə qədər təşəkkür etsək, yenə azdır. Yalnız bağışlamaqla qalmayıb bu çətin işin öhdəsindən gəlməyimiz üçün günlərini, həftələrini ayırıb bizə yardıma gələn, foto və sənədlərin təsnifatına aylarla vaxt sərf edib “iynə ilə quyu qazar” kimi çalışan hörmətli Mete Taşkırana (Əhməd Ağaoğlunun nəvəsi, Tezər Taşqıranın oğlu – T.A.) xüsusi olaraq təşəkkür etmək istəyirəm».

Professor daha sonra sənədlərin sistemli işlənilməsində, pasportlaşdırılmasında, ekspertizasında, kompüterə köçürülməsində, digər proseslərdə iştirak edən kitabxana rəhbərliyi və əməkdaşlarının, könüllülərin gecə-gündüz demədən gərgin əməyindən bəhs edir və yazır: «Türk ictimai həyatında gerçəkdən öncü bir rol oynamış bir ailənin yeni bir öncü təşəbbüsü irəli sürdükləri üçün Ağaoğlu ailəsinin bütün mənsublarına məsləyim adından şükranlarımı çatdırıram:

- onların ilk addımı sayəsində bu çox ictimai, tarixi əhəmiyyət kəsb edən dəyərli sənədlər yox olmaqdan xilas oldu;
- vaxt ayırıb sənədlərin təsnifatına və tanımlanmasında bizə inanılmaz dərəcədə yardımçı oldular;
- həm də maddi dəstəklər ilə Türkiyədə bir ilkə imza atdılar. Onlar babalarının öncü rollarına yaraşır, övladlar olduqlarını dəfələrlə isbatladılar. Bu səbəblə onları faydalı övlad kimi yetişdirən, ailəliklə Türk sosial həyatında öncü olmalarına vəsilə olan, əbədiyyətə qovuşmuş bütün ailə böyüklərinin hüzurunuzda sayğı ilə xatırlayıram».

“Ön söz”ün sonunda prof.dr. Bəşir Kamal Ataman yazır ki, 8 illik gərgin, lakin şərəfli əməyin sayəsində Sürəyya Ağaoğlu kimi görkəmli xadimin kataloqu ərsəyə gəlib. İndi vəzifəmiz digər bacıların – Tezər Ağaoğlu Taşqıran ilə Gültəkin Ağaoğluna aid sənədlərdən ibarət növbəti kataloqu hazırlamaqdır. Xatırladırıq ki, həmin sənədlər də hazırda Qadın Əsərləri kitabxanası və Bilgi Mərkəzi Vəqfində saxlanılır.

Kataloqda adı keçən tarixi sənədlər həm türk – islam aləminin parlaq simalarından Əhməd bəy Ağaoğlunun, həm onun Türkiyənin ictimai-siyasi, sosial-mədəni həyatında iz qoymuş övladlarının, nəvələrinin tərcümeyi-halı, fəaliyyəti ilə daha yaxından və hərtərəfli tanış olmaq imkanı yaradır.

Sürəyya Ağaoğlu (1903, Şuşa-29 dekabr 1989, İstanbul) Şərqin, Türk – İslam dünyasının ilk qadın vəkili, hüquqşünası olub. Hələ tələbə ikən (yeri gəlmişkən, o, İstanbul Universiteti hüquq fakültəsinin ilk qız tələbəsi olub) Azərbaycan Xalq Cümhuriyyətinin sabiq daxili işlər naziri Behbud xan Cavanşiri İstanbulda güllələyən (1921) qatil Torlakyanı «mühakimə edən» ingilis tribunalında “Azərbaycan” qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli və bir neçə azərbaycanlı tələbə ilə birlikdə iştirak etmiş və zərərçəkəni müdafiə etmişdir. Bir neçə dili, o cümlədən ingilis və fransız dillərini mükəmməl bilən Sürəyya xanım dəfələrlə Beynəlxalq tədbirlərdə Türkiyəni təmsil etmişdir. Beynəlxalq Hüquqçular Birliyinin üzvü (1952), sonralar Hüquqçu Qadınlar Federasiyasının ikinci katibi olmuşdur. 1960-cı ildə Qadın Hüquqçular Birliyinin BMT Cenevrə Təşkilatı təmsilçisi seçilmişdir.

1960-cı il dövlət çevrilişi zamanı həbs edilən və istintaqa cəlb olunan qardaşı, Türkiyə baş nazirinin müavini Səməd Ağaoğlunun (1909, Bakı - 6 avqust 1982, İstanbul) məhkəməsində onun vəkili olmuşdur.

Sürəyya Ağaoğlu Türkiyənin siyasi həyatında fəal iştirak etmiş, Yeni Türkiyə Partiyasının qurucularından olmuş, partiyanın İstanbul təşkilatına rəhbərlik etmişdir. O, Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atmışdır: Türkiyə Hüquqçu Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olmuş, həmin dərnəklərin bir çoxuna rəhbərlik etmişdir.Sürəyya Ağaoğlu hüquqa aid fundamental məqalələrin, eləcə də «Londonda gördüklərim» və «Bir ömür böylegeçti» memuarlarının müəllifidir.

Tezər Taşqıran Ağaoğlu - (1907, Şuşa-4 may, 1979, İstanbul) Əhməd bəyin ikinci qız övladıdır. Türkiyədə maarif xadimi, siyasətçi və yazıçı kimi tanınır. Türkiyə Böyük Millət Məclisinə (TBMM) 3 dəfə VII (1941), VIII (1946), IX (1950) çağırış millət vəkili seçilib. Yeri gəlmişkən o, Qarsı TBMM-də təmsil edən ilk qadın millət vəkili olub. İstanbul Universitetini uğurla bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olan Tezər xanım , Ankarada və İstanbulda qız məktəblərinə müdirlik edib, bir müddət Universitetli Qadınlar Dərnəyinin rəhbəri olub. O, Türkiyə təhsil tarixinə oğlan məktəbinin ilk qadın müəllimi kimi də düşüb. Yüzlərlə məqalənin, 12 kitabın müəllifidir. Əsərlərindən «Türk ahlakınınilkeleri» (1934), «Vatandaşın el kitabı» (1971), «Cümhuriyyətin 50 yılında Türk qadınının hakları» (1973) xüsusi ilə dəyərlidir. Tezər Ağaoğlunun Türkiyədə xatirəsi əbədiləşdirilmiş və vaxtı ilə dərs dediyi məktəblərdən birinə onun adı verilmişdir.

Gültəkin Ağaoğlu Türkiyənin tanınmış pediatorlarından olub, ömrünün sonunadək uşaqların sağlamlığı keşiyində durub.

Əhməd bəy Ağaoğlunun 6 övladından biri Bəşir körpə ikən vəfat edib. Əhməd bəy Ağaoğlunun böyük oğlu Abdurrahman iti zəkalı, fiziki baxımdan da çox qüvvətli olub, Fransada ali mühəndis təhsilinə yiyələnib, iş adamı kimi bir sıra uğurlara imza atıb. Abdurrahman 46 yaşında ikən qəflətən həyatını dəyişib. Türkiyənin ictimai-siyasi, ədəbi həyatında parlaq iz qoymuş Səməd Ağaoğlu Əhməd bəyin dördüncü övladıdır. O, 3 dəfə TBMM-yə millət vəkili seçilib. Səməd Ağaoğlu bir sıra bədii, publisistik, elmi əsərlərin müəllifidir. Onun “ Strassburg Hatıraları”, “Zürriyet”, ”ÖğretmenGafur”, “BüyükAile”, “Hücredeki Adam”, “Katırın Ölümü”, “Babamdan Hatıralar”, “Babamın Arkadaşları”, “Aşina Yüzler”, “Arkadaşım Menderes”, “Marmara'da Bir Ada”, “Demokrat Partinin Doğuş ve Yıkılış Sebepleri - Bir Soru” kimi əsərləri geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Haqqında bəhs etdiyimiz kataloqda adıkeçən sənədlər Azərbaycanın və Türkiyənin tarixində iz buraxmış Ağaoğluların, o cümlədən nadir tarixi şəxsiyyətlərimizdən Əhməd bəy Ağaoğlunun də həyat və fəaliyyətinin daha dərindən, hərtərəfli araşdırılmasına imkan verəcək. Yeri gəlmişkən qeyd edim ki, kataloqda Əhməd bəy Ağaoğluna aid 137 sənədin adı qeyd olunub. Onların arasında Atatürkə, Yusif Akçuraya, Ziya Göyalpa, Əlibəy Hüseynzadəyə, Fuad Köprülüyə, Yusif Vəzir Çəmənzəminliyə , Yaqub Qədri Qaraosmanoğluna, generallara, tanınmış dövlət xadimlərinə , Türkiyənin xarici ölkələrdəki səfirlərinə yazdığı, yaxud onlardan aldığı müxtəlif məzmunlu məktublar, bir sıra əsərlərinin əlyazmaları, qəzet- jurnal məqalələri, müxtəlif simpozium, konfranslarla bağlı dəvətnamələr, fərdi, ailə üzvləri, Türkiyənin dövlət xadimləri ilə birlikdə çəkdirdiyi fotoları, həmçinin Azərbaycanla, Qarabağla bağlı materiallar, Əhməd bəyin Şuşadakı evinin şəkili, Bakıdan, Romadan, Parisdən, Sank-Peterburqdan... ona ünvanlanan teleqramlar böyük maraq doğurur. Sürəyya Ağaoğlunun atasına, bacıları Tezərə, Gültəkinə, qardaşları Abdurrahmana, Səmədə, bibisi Humaya yazdığı, eləcə də onlardan aldığı, ailənin digər üzvlərinin bir-birinə ünvanladığı məktublar bu ünlü ailənin keçdiyi yolu, onların arzu, istəklərini, üzləşdikləri problemləri, həmçinin yaşadıqları mühitin mənzərəsini, ictimai-siyasi, ədəbi-mədəni həyatı öyrənmək və dəyərləndirmək nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Kataloqu nəşrə hazırlayanların Ağaoğluların XIX əsrdən günümüzədək olan dövrü əhatə edən şəcərəsinin tərtib etməsi təqdiəlayiqdir və Türkiyədə geniş yayılmış bu soyadla bağlı bir çox suallar da cavabını tapacaq.

Kataloqda Sürəyya Ağaoğlunun həyat yoluna işıq salan yüzlərlə foto-sənəd haqqında məlumatlar verilir, onun ailə həyatı, ictimai fəaliyyəti, hobbiləri, maraq dairəsi, səyahətləri və əsərləri ilə bağlı mənbələr göstərilir. İndi söz yeni nəsil tədqiqatçılarınındır. İstanbuldakı Qadın Əsərləri Kitabxanasında Ağaoğlulara aid minlərlə yeni sənəd onları gözləyir.(modern)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201