31Mart Soyqırımı-Təbliğatda atdığımız addımlarbackend

31Mart Soyqırımı-Təbliğatda atdığımız addımlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər olmayan “sıyqrımını” dünyaya tanıtmaq uğurunda bu qədər çalışdıqları halda Azərbaycan Parlamenti hələ də Xocalı soyqrımını “faciə” adlandırır.
Amerikalı Ramsden Hartvillin \”İnsanlar belə imişlər-1918-22-ci il Azərbaycan hadisələri bir erməninin xatirələrində\” kitabında erməni Ohanes Apresyanın xatirələri verilib. Apresyan deyir: \”1918-ci ildə ermənilər ingilislərin köməyi ilə Bakını aldılar və şəhərin türk əhalisinin 25 min nəfərini qırdılar\”. Amma bizim tarixçilər sübut etməyə çalşırlar ki ermənilər 1918-ci ildə bütün Azərbaycanda cəmi 35 min azərbaycanlını öldürüblər.
Əslində soyqrımımızı dünyaya tanıtmağa bizə kimlər və nələr mane olur. Ümumiyyətlə BİZ bu soyqrımımızı dünyaya tanıtmağa çalışırıqmı? Bunu istəyirikmi?
Bu gün ermənilərin Bakıda törətdikləri soyqırımın ildönümüdür. Bizim bu ildönümlərini sadəcə bir yığın sözlə ifadə etməkdən başqa gücümüz heç nəyə çatmır.
Bunu bu tarixi faciə günümüzlə bağlı danışanların inamsız, öləzimiş ümidləri də əks etdirdi.
İnterpress.az-ın “Sorğu” rubrikasının bu günki mövzusu 31 mart soyqrım günüdür.

Jurnalist Rövşən Əliyev:

“İstər ermənilərin, istər azərbaycanlıların soyqırım iddiaları sonrakı dövrlərin formuludur. Erməni daşnakları və başqa qatı millətçi qrupları Nürenberq prosesindən sonra, yəni İkinci Dünya müharibəsində yəhudilərin soyqırımı tanınandan sonra əl-ayağa düşüblər, türklərə qarşı soyqırım iddiaları qaldırıblar. O vaxta qədər sadəcə qırğın ifadəsi işlədirdilər. Azərbaycanlılar isə 1920-1988-ci illər arası sovet hökumətinin sadiq bəndəsi olublar.
“Proletar beynəlmiləlçiliyi”, “xalqlar dostluğu” təlimatlarından qırağa çıxmayıblar. Yəni 1905 və 1918-ci il qırğınları haqda susublar. Azərbaycan yalnız SSRİ dağılandan sonra, Ermənistanın təcavüzü ilə üzləşəndən sonra bu nəticəyə gəldi ki, erməni millətçilərinin metodları işləkdir. Ancaq unutdu ki, ermənilərin vaxtilə istifadə elədiyi, fayda götürdüyü taktikanın dövrü keçib. Artıq həmin metodlar əks-effekt də verə bilər. Xüsusən, ermənilər kimi yüzillər boyu təşkilatlanmayıbsansa.
Bəs 1905 və 1918-ci illərdə baş verən qırğının adı nə idi? O dövrün adamları buna “erməni-müsəlman qırğını” deyirdilər. Kimin kimə qarşı soyqırımı eləməsi onillər sonranın formuludur. Məhəmmədəmin Rəsulzadə 1918-ci ilin martında Bakıda törədilmiş qırğının ildönümündə “Azərbaycan” qəzetində bir məqalə yazıb. Məqalənin surətini tələbə vaxtı, 1991-ci ildə dostum Hüseyn Cudi ilə birlikdə köçürüb Azadlıq qəzetində təkrar dərc eləmişdik. O məqalədə hadisə qanlı, dəhşətli qətliam kimi təsvir olunur. (Yeri gəlmişkən, 1918-ci ilin martında Bakının ingilislərin əlində olması məlumatı yalandır. Onlar bir neçə ay sonra, noyabrda gəlmişdilər.) Əsrin əvvəllərinin ziyalılarının əsərlərində də “erməni-müsəlman davası”, “erməni-müsəlman qırğını” ifadələri işlədilir. İndi məsələni bu qırğında kimin təcavüzkar, kimin əzabkeş olmasının üstünə gətirmək davası gedir və soyqırımı iddiaları da əsasən burdan qaynaqlanır.
Kim tərəfdən daha çox adam qırılması məsələsi belədir. Nəzərə alaq ki, o dövrün sərhədləri indinin sərhədləri ilə eyni deyildi.
Etnik kompozisiya baxımından ermənilərin çoxu Anadolunun şərqində, azı Rusiya imperiyası hüdudlarında yaşayırdı. Hətta indiki Ermənistan ərazisində o vaxt ermənilər azlıqda idilər. Azərbayanlıların isə azı Anadoluda, çoxu Rusiya imperiyası hüdudlarında yaşayırdı. (İranı hesablamasaq.) Ancaq təşkilatlanma baxımından, silah-sursata əl çatması baxımından ermənilər azərbacanlıların çoxluqda yaşadığı ərazilərdə, yəni əsasən Rusiya tərəflərdə güclü idilər. Üstəlik Osmanlı dövləti ermənilərin deportasiyası haqda qərar çıxarmışdı və etnik savaşın o coğrafiyasında ən çox itkini ermənilər verdilər. Şərqə doğru irəlilədikcə, mənzərə dəyişirdi.
Etnik Azərərbacyan türkləri, ümumiyyətlə, müsəlman əhali arasında qırılanlarla nisbətdə daha şox olurdu. Çünki çar ordusunda ermənilər qulluq eləyirdilər, azərbcyanlılar yox. Yəni həm silah-sursata çıxış, həm hərbi bilik, həm təşkilatlanma baxımından erməni-müsəlman qırğınının şərq cəbhəsində ermənilər üstün idilər, daha çox adam qırırdılar.
Ancaq azərbcaynlılar dünyada yaxşı təşkilatlanmadıqları üçün, sovet dövründə daha üzüyola olduqları üçün bu qırğınların hesabını çəkməyiblər, heç yerdə hay-küy qaldırmayıblar. Erməni millətçiləri isə bu qırğınların qisasını almaq üçün onillər boyu təşkilatlanıblar. Siyasi dairələrlə, media ilə işdən başqa terror təşkilatları da yaradıblar.
Yəni tarixən davanın adı olub “erməni-müsəlman qırğını”, indiki vaxtda bunu bölüb hər tərəf özünə qarşı soyqırım tarixi düzəldir.

Yazar Fərid Abdullah:

“Burada tarixi məsələlər var. Yəni məsələyə tarixçi və siyasətçi kimi yanaşmaq istəməzdim. Lakin dediklərinizə görə düşüncəm budur ki, biz bu barədə olan siyasətdən narazıyıq və olacayıq da. Çünki bu müstəvi xalq içinə çıxmayanadək belə olacaqdır. Biz hər şeyi dövlətdən gözləməməliyik. Yoxsa hər zaman ümidlərimiz suya düşəcək. Gərək xalq da bir iş görsün. Ermənilər, yəhudilər və sair bu kimi toplular da məfkurə xalqa sirayət etmişdir.
Onların fərdləri də bu yöndə işlər görür. Bizdə də var xalq nümayəndələri ki, fərdi surətdə təbliğat aparırlar. Ancaq azdır. Onlara dəstək lazımdır.
Həm də yalnız təbliğat aparmaq məsələni həll edirmi? Burada başqa istiqamətlər də var.
Təəssüflər olsun ki, bəzi siyasi məsələlər – belə düşünürəm, çox şeyin qarşısını alır”.

Jurnalist Zülfiyya Qurbanova:

“Əvvala onu deyim ki, biz butün dövrlərdə təbliğat məsələsində həmişə ermənilərdən geri qalmışıq. 31 mart soyqırımını səssizcə seyr etməyimizin səbəbi bizim millət olaraq laqeyd olmağımızdan irəli gəlir. Laqeydlik bütün hallarda öz mənfi təsirini millətimizə göstərir.
Deməzdim, Xocalıda baş verən soyqırımın dunyaya tanıdılması yönündə işlər görülmür.
Leyla Əliyevanın “Xocalıya ədalət” kompaniyası bütün dünyada aparılır. İndi bu nə dərəcədə öz təsirini göstərir, bu başqa mövzudu. İlk cümlədə qeyd etdim, biz təbliğatda uduzuruq.
Keçən ay Xocalı soyqırımının növbəti ildönümünə həsr edilmiş “Azərbaycanın sonuncu faciəsi” adlı konfransda iştirak etdim. Sözügedən konfransda Azərbaycanla yanaşı Türkiyədən də gəlmiş tarixçilər iştirak edirdi. Konfransda 1905-il və Xocalı soyqırımı ilə bağlı ictimaiyyətə məlum olmayan bir çox faktlardan söz açıldı. Sözümün canı budur ki, tarixçilərimiz bu soyqırımlarla bağlı az işlər görməyiblər. AMEA— nın Tarix İnstitutu araşdırmalar aparıb, müxtəlif dillərdə kitablar çap ediblər. Sadəcə bu kitabların dünya ictimaiyyətinə çatdırılması yönündə ya düzgün iş aparılmır, ya da bizi eşitmək istəmirlər.
Mən ən çox ikincinin üzərində dayanardım. Ermənilərdən fərqli olaraq biz türkür, müsəlmanıq. Bunlar bizim “mənfi” cəhətlərimizdir. T”rk və müsəlman olmağımız bizə çox məsələlərin həllində mane olur, çox qapılar üzümüzə bağlanır. Səsimizin eşidilməməsində məhz bu iki faktor böyük rol oynayır.

Tarixçi alim Dilavər Əzimli:

“Əslində, bu məsələdə hüququn imkan verdiyi şərtlər daxilində həllini tapmalıdır. Bu məsələdə qanun bizim tərəfimizdədir. Bizdə bu məsələ hər zaman gündəmdə olmalıdır. Təbii ki, buna ciddi fikir verilməlidir. Mən bir dəfə Şimali Kipr Cümhuriyyətində elmi konfransda belə bir təkliflə çıxış etdim: Baxın, Türkiyədə də, Azərbaycanda da, Şimali Kiprdə də eyni vaxtda ermənilər qətliamlar törətdilər. Biz bu məsələdə birgə hərəkət etməliyik. Yəni, qüvvələri birləşdirib erməniləri elədikləri cinayətlərə görə Beynəlxalq Məhkəməyə verməliyik. Ermənilər beynəlxalq səviyyədə cəzalandırılmalıdır. Bunun əvəzinə ayrı istiqamətdə tək-tək hərəkət edirik. Təbii ki, bu da dünyada qeyri-müəyyənlik yaradır.
Xocalı məsələsi isə tamam ayrıdır. Bu qətliamdır. Qəribədir ki, Azərbaycan parlmentində buna hüquqi qiymət verilməyibdir. Niyə? Bilmirəm. Bunun adı qətliamdır. Bilirsiz, biz bütün məsələlərdə hüquqdan çıxış etməliyik. Buna hüquqi yöndən yanaşsaq qətliamdır. Soyqırım başqadır. Bir şəhərdə qətliam baş verdi. Həm də bu məsələdə Sovet qoşunları sözünü işlətmək olmaz. Çünki Azərbaycan da Sovetin tərkibində idi. Belə çıxır ki, biz də iştirak etmişik. Demək lazımdır ki, Rusiyaya məxsus 366-cı alay….. Bizmkilər hələ də çalışırlar ki, Rusiyanın adı olmasın… Erməni kimdir ki? Onu buna vadar edən Rusiyadır.
Alayın Xocalıya hücumuna B.Yeltsen şəxsən icazə vermişdi. Niyə onun adı çəkilmir? Niyə bizdə Xocalı qətliamı haqqında cinayət işi açılmır. Sonra da başlayırıq deməyə ki, ikili standartlarla bizə yanaşırlar. Bizdə sevinirlər ki, ABŞ-ın ştatları bu qətliamı qəbul edirlər. Amma kimsə bu mətnləri oxumur. Onlar qəbul etmirlər, sadəcə pisləyirlər. Qəbul etmək üçün sən özün buna cinayət işi açmalısan. Bunu etmirlər, başlayırlar ki, Avropanı, ABŞ-ı qınamağa…. Gəlin özümüzdən başlayaq. Hamımız deyirik ki, BMT Azərbaycanla bağlı dörd qətnamə qəbul edib, amma həyata keçmir. Əslində, bu qətnamələrin hüquqi əsası yoxdur, adi kağız parçasıdır. Onların ingilis variantına baxın. Yazılır ki, Ermənistana tövsiyyə olunsun ki, öz nüfuzundan istifadə edib Dağlıq Qarabağ rəhbərliyinə təsir etsin və Azərbaycanın işğal olunan ərazilərindən hərbi hissələri çıxarsınlar. Başqa sözə ehyiyac varmı? Biz bu istiqamətdə planlı iş görməsək, heç nə əldə edə bilməyəcəyik.

Jurnalist Səxavət Məmmədov:

“Əgər ermənilərdə bizim əlimizdə olan qədər faktlar olsa, onlar çoxdan bunu bütün dünyaya qəbul elətdirmişdi. 1918-ci il 31 mart soyqırımı zamanı 50 mindən çox Azərbaycan türkü qətlə yetirilib. Bu əslində kiçildilmiş rəqəmdir. Bununla bağlı əslində əlimizdə son zamanlara qədər ciddi faktlar yox idi, ta ki, Topçubaşovun Fransada muzeydə saxlanan sənədlər toplusu üzə çıxana kimi. Həmin sənədlərdə Bakı da, Şamaxıda, Göyçayda, Qubada və Qarabağda törədilən qırğınlar, rəsmi statistika və o zaman çəkilmiş 95 foto əlimizə keçib. Biz bundan istifadə edərək bu soyqırımı dünyada tanıda bilərik. Əslinə qalsa səssiz deyilik, soyqırımın tanıdılmasına kifayyət qədər maliyə ayrılır, sadəcə işi aparanlar məsələni ağlaşma üzərində qurub, 5-10 nəfəri başına yığıb erməniləri asıb kəsib, sonra isə yeyib-içməklə yekunlaşdırırlar.
Ermənilərdən fərqli olaraq biz bu məsələdən də pul qazanmağı düşünürük. Diasporo təşkilatları bir birini yeməklə məşğuldur. Biri o birini tanımır. Yenə bildirirəm, əlimizdə kifayyət qədər faktlar var. Sadəcə ayrılan maliyə düzgün yönləndirilmir. Bu işdə canfəşanlıq edən şəxslər isə soyqırımdan çox öz reklamları ilə məşğuldur. Sabah çıxacaq yazımda Topçubaşovun arxivində olan 1918-ci il 31 mart soyqırımı zamanı çəkilmiş 95 fotonu yayımlayacam”.

31Mart Soyqırımı-Təbliğatda atdığımız addımlar

Jurnalist Zülfiyyə Quluyeva:

“Əvvəllər biz ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bəşəri cinayəti -1918-ci il 31 mart soyqırımını səssizcə seyr etsək də, son illər bu soyqrımın tanınması istiqamətində sözdən əmələ keçən işlər görülüb. Quba məzarlığını, bu məzarlığa diplomatların səfərlərinin təşkil olunmasını misal çəkmək olar. Bir az geciksək də, artıq bu sahədə işlər görülür. Xocalı Soyqrımı bizim xalqımızın qan yaddaşıdır. ABŞ-ın 21 ştatı Xocalı soyqrımını tanıdı. Bütün bunlara soyqrımı tanıtım istiqamətində beynəlxalq miqyasda aparılan kampaniyalar, tədbirlər, görüşlər sayəsində nail olduq. Xocalı dəhşətlərinin dünyada tanınması üçün son illər xeyli işlər görülüb. Amma həm 31 mart soyqırımını, həm də Xocalı soyqrımını dünyada tanıtmaq üçün mane olan səbəblər var. Birinci səbəb xarici ölkələrdə erməni diasporunun güclü olması, erməni lobilərinin bu işə pul xərcləməsidir. Çox təəssüf edirəm ki, bizim diaspor təşkilatları hələ də bu məsələlərdə fəallıq nümayiş etdirə bilmirlər. Diaspor təşkilatları bu məsələdə bütün güclərini səfərbər etmək istəmirlər. Digər tərəfdən isə bizim soydaşlarımızın xarici ölkələrdə yüksək postlarda hələ lazımı sayda təmsil oluna bilməməsidir. Bu bizim soyqrım tariximizi, yaşadıqlarımızı dünyaya çatdırmağımıza mane olur. Xaricdə maddi durumu yüksək səviyyədə olan soydaşlarımız çox olsa da, onlar bu cür məsələlərə pul demək olar ki, xərcləmirlər. Erməni lobilləri isə bu işdə fəaldır. Onlar tarixi real əks etdirməyən, amma özlərinə sərf edən materialları tarixi saxtalaşdıraraq nəşr etməyə, yaymağa vəsait xərcləməyə xəsislik etmirlər. Bizim xaricdəki imkanlı soydaşlarımız isə milli məsələlərə pul xərcləməyi lüzumsuz sayırlar.1969-cu ildə Azərbaycandan Rusiyanın müxtəlif şəhərlərinə təhsil almaq üçün 47 gənc göndərildi. 1975-ci ildə isə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə qədər yüksəldi. Hələ 70-ci illərin əvvəllərində respublikadan kənarda təhsil almağa göndərilənlərin yalnız 40 faizini azərbaycanlılar təşkil edirdisə, 1980-ci illərin əvvəllərində Rusiyada təhsil almaq üçün göndərilən azərbaycanlıların sayı 97,6 faizə çatdı. Bu rəqəmlər ilk baxışdan SSRİ dövründə Azərbaycanın da daxil olduğu 15 proletar respublikadan birində kadr potensialının gücləndirilməsi kimi qələmə verilsə də, əslində bu gənclərin ölkədən kənarda təhsil almaq üçün göndərilməsinin arxasında, güclü mütəxəssis hazırlığı ilə yanaşı, başqa bir siyasət də dayanırdı. Azərbaycanın kadr potensialının yüksəldilməsi ilə yanaşı, ən qabiliyyətli gənclərimizin vasitəsilə xalqımızın mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərinin təbliği, onların bir qisminin hesabına Rusiyada güclü Azərbaycan diasporu formalaşdırmaq idi məqsəd. Həmin dövrlərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Ukraynada yaşayan azərbaycanlılarla, eləcə də Rusiyaya işgüzar səfəri zamanı diasporun nümayəndələri ilə görüşdə də bunu etiraf etmişdi. O vaxt Azərbaycan maraqlı idi ki, həmin gənclərin bir qismi kadr kimi yetişib Azərbaycana qayıtmasın. Orda qalıb rus, moldavan və sair xalqlarla ailə qurub yüksək vəzifələrdə təmsil olunsunlar. Bununla da, başqa ölkələrdə diaspor təşkilatlarımız yaransın, həm də həmin şəxslərin o ölkələrdə yüksək vəzifələrdə təmsilçiliyi ilə Azərbaycanın xeyrinə işlər görülsün. Heydər Əliyev deyirki ki, “Ola bilər Rusiyaya təhsil almaq üçün göndərilən azərbaycanlıların bir qismi oxuduğu ölkəni sevsin, təhsilini qurtarandan sonra elə orada qalsın, özünə ukraynalı və yaxud rus, moldovan qızı tapsın, evlənsin, onunla yaşasın. Bundan narahat olmağa dəyməz. Mən o vaxt deyirdim ki, bu yaxşıdır. Siz o yerlərdə kök salacaqsınız, oralarda qalacaqsınız. Orada təkcə ukraynalılar yox, həm də azərbaycanlılar yaşayacaqlar!\”.

Azərbaycanda göründüyü kimi, hələ 1970-ci illərin əvvəlindən xarici ölkələrdə diasporumuzun yaradılması istiqamətində işlər görülüb. İndi də müxtəlif xarici ölkələrdə diaspor təşkilatlarımız fəaliyyət göstərir. Onlar xalqımıza edilən soyqrımı dünyada tanıtmaq üçün bütün qüvvələrini səfərbər edərək öz missiyalarını yerinə yetirməlidirlər. Mənim fikrimcə tarixi saxtalaşdıraraq yüz kitab nəşr etməkdənsə, tarixi real əks etdirən bir kitab çap etmək daha yaxşıdır. Tarixə “ağ əlcəklərlə” girmək olmaz. Tarix olduğu kimi əks olunmalıdır. Amerikalı Ramsden Hartvillin “İnsanlar belə imişlər-1918-22-ci il Azərbaycan hadisələri bir erməninin xatirələrində” kitabında erməni Ohanes Apresyanın xatirələrini əks etdirən kitabda yer alanlar doğru deyil. Tarixdə də qeyd olunub ki, 1918-ci ildə ermənilər ingilislərin yox, rus bolşeviklərinin köməyi ilə Bakıda soyqrım törədib. İngilislər isə 1918-ci ilin noyabrından sonra Bakıya daxil olublar. Soyqrım isə mart ayında baş verib. Həmin dövrdə Bakıda və Bakıətrafı ərazilərdə Şaumyanın Bakı Soveti hakimiyyətdə idi. Sadəcə həmin vaxt İranda olan Çar Rusiyasının generalı Biçeraxov Bakıya gələrək ermənilər və Bakı Soveti ilə əlbir olaraq bu soyqrımın törədilməsində iştirak edib. Bu bir daha təqdiqləyir ki, bir erməninin xatirələri tarixi real olaraq əks etdirmir. Əslində o vaxt soyqrıma məruz qalan soydaşlarımızın sayının 50 min olduğu da bildirilirdi. Ermənilər isə bu rəqəmin azaldılmasında maraqlı olduqlarından müxtəlif sifarişli nəşrlərində saxta məlumatlar verərək rəqəmləri azaldırdılar. Mən həm jurnalist, həm də bir vətəndaş kimi bu fikirdəyəm ki, Azərbaycan xalqına qarşı zaman-zaman törədilmiş soyqrım həqiqətlərini dünyaya çatdırmaq, xəbərdar etmək istiqamətində bir siyasi xətt götürmüşük. Bu xətt üzrə də işlər davam edəcək, Azərbaycan xalqına qarşı törədilmiş soyqrımlardan dünya gec də olsa xəbər tutacaq. Ermənilərin isə tarixi saxtalaşdıraraq dünya ictimaiyyətinə çatdırdığı yalanlar ifşa olunacaq. Pafoslu səslənsə də, bu bir gün baş tutacaq…”

İnterpress.az