Metroya gizli yolla girmək istəyən Belarus vətəndaşı barədə yeni faktlarbackend

Metroya gizli yolla girmək istəyən Belarus vətəndaşı barədə yeni faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayon Məhkəməsi tərəfindən onun barəsində 2 aylıq həbs qərarı çıxarıldıqdan sonra S.İlyevskiyin Belarusdakı fəaliyyəti, indiyə qədər gördüyü işlər çox diqqətlə yoxlanılır. Onunla bağlı hər bir detal müvafiq orqanlarımız tərəfindən araşdırılır.

Ekspertlərin fikrincə, Azərbaycan hazırda çox həssas dönəmini yaşayır. Bildirilir ki, həm 2-5 aprel arasında Qarabağda ermənilərin törətdikləri təxribatlar nəticəsində baş verən müharibə, həm də Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi ölkəmizin daxilində də terror kimi hadisələr törətmək istəyənləri hərəkətə keçirə bilər.

Belarus vətəndaşının üzərindəki müxtəlif əşyalarla Bakı Metropoliteninə girməyə cəhd etməsinə gəlincə isə ekspertlər hesab edirlər ki, kəşfiyyatçılar digər ölkələrə xüsusi əməliyyatlar üçün gedərkən, adətən özlərini başqa peşənin sahibi kimi göstərirlər. Bu adamın eyni zamanda Gürcüstan, Ermənistandan sonra Azərbaycana gəlməsi şübhələri artıran məqam kimi xarakterizə edilir. Onun üzərində qrafitçi olmasını göstərən əşyaların isə arxasında başqa məqamların gizlənməsi istisna edilmir. Elə İkinci Dünya müharibəsindən bəhs edən “Uzaq sahillərdə” filmindən də bir epizoda diqqət etsək görərik ki, kinoda partizan olan Mehdi Hüseynzadə almanların arasında özünü rəssam kimi təqdim edirdi. Tamamilə mümkündür ki, bu adam da belə bir fənddən istifadə edə bilər. Ekspertlər onu da qeyd edirlər ki, xüsusi xidmət orqanının əməkdaşları adətən həm də xüsusi bacarıqlarına görə seçilirlər.

Onu da qeyd edək ki, bu hadisədən sonra Bakı Metropolitenində təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Artıq stansiya girişlərində olan polis əməkdaşları demək olar ki, hər bir sərnişinin əlindəki çantanı bir-bir yoxlayırlar. Tamamilə mümkündür ki, Belarus vətəndaşının işini araşdıranlar onunla bağlı hansısa məqamı artıq aşkarlayıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətin əməkdaşı Orxan Mansurzadə də polisin gücləndirilmiş iş rejimində çalışdığını təsdiqləyib. O.Mansurzadə bildirib ki, bir müddət əvvəl belə bir qərar verilib: “Polis gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Çox ciddi nəzarət tədbirləri həyata keçirilir”.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər bildirib ki, Belarus vətəndaşı bir metod olaraq, gəlişinin məqsədini dərhal bildirməyəcək: “Ola bilər ki, hansısa xüsusi xidmət orqanı, yaxud da hər hansı bir terrorçu təşkilat həmin şəxsdən istifadə də edə bilər. Həqiqətən də həmin şəxs jurnalist, karikaturaçı və sairə bu kimi peşə sahibi də ola bilər ki, ondan istifadə etsinlər. Bütün bunlar hamısı araşdırma nəticəsində bəlli olacaq. Heç bir kəşfiyyatçı getdiyi ölkədə öz kimliyini açıqlamır. Onlar ən müxtəlif adlarla gəlirlər. Misal üçün dini missioner, hansısa xarici şirkətin nümayəndəsi, dil kurslarının əməkdaşı və digər ağıla gələn bütün bu kimi üsullarla ölkəyə gələ bilərlər. Ən çox diplomatik immuniteti olsun deyə diplomatik korpusun nümayəndəsi kimi də gələ bilərlər. Sadəcə olaraq, onlar yer və şəraitə uyğun olaraq maksimum diqqət çəkməyən yoldan, vasitədən istifadə edirlər”.

Xatırladaq ki, Belarus vətəndaşı saxlanılan zaman hadisə yerindən qapı açarı, əlcək, alın fənəri, iki kəndir, 10 ədəd boya balonu, rəng püskürən 12 balon başlığı, dayaqlı fotoaparat və başa bərkitmə mexanizmli «Sony» markalı videokamera götürüldüyü bildirilib. Habelə, S.İlyevskiyin üzərindən Tbilisi, Yerevan metrolarının stansiyalarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlandığı qeyd edilib.

Məlumatda həmçinin bildirilib ki, ilkin araşdırmada Belarus Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları da yaxından iştirak ediblər. S.İlyevskiy ifadəsində deyib ki, havalandırma sisteminin borusunda olan dəmir barmaqlıqları kəsməklə metropolitenin tunelinə girib, divarlara qrafiti üslubda rəsmlər çəkmək istəyib. ( musavat.com )

İnterpress.az