“Təcili yardım çökür, səhiyyə naziri hara baxır?” – İLHAM ƏLİYEVƏ MÜRACİƏTbackend

“Təcili yardım çökür, səhiyyə naziri hara baxır?” – İLHAM ƏLİYEVƏ MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyindən şikayət edən səhiyyə işçiləri müraciətin bir nüsxəsini redaksiyamıza göndərib.

Müraciətdə deyilir:

\”Möhtərəm cənab Prezident!

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2015-ci ilin mart ayından təyin olunmuş baş həkim Rauf Nağıyevin gəlişindən sonra başqa bir mənzərənin şahidi olduq. Hazırda təcili yardımın dövlətin və ya Rauf Nağıyevin özəl tibb müəssisəsi olduğunu ayrıd etmək çətindir. Təcili yardım strateji obyekt olduğundan orada təşkilatçılıq yüksək səviyyədə olmalıdır. Təəssüf ki, bu belə deyil. Bakı şəhərində 21 köməkçi yardım stansiyaları fəaliyyət göstərirki, bunlarında hər birinə stansiya müdiri rəhbərlik edir. Rauf Nağıyev baş həkim təyin olunandan sonra 12 nəfər təcrübəli və işlərinin öhdəsindən layiqincə gələ bilən müdirləri işdən azad edib, yerlərinə təcrübəsiz həkimləri təyin edib. Hər müdirin qiyməti 20.000 manatdır. Stansiya müdirləri Bakı Baş Səhiyyə İdarəsinin nomenklaturasında olmasına baxmayaraq, müdirləri özü istədiyi kimi işdən çıxarıb başqalarını təyin edir. Onun işi yalnız intriqa ilə məşğul olmaq, işçiləri işdən uzaqlaşdırmaq, ən yaxşı halda yerlərini dəyişmək və narazı salmaqdır.

Əvvəllər \”gözəl” münasibətdə olduğu Arzu Əliyeva adlı həkimi, tibbdən elə də xəbəri olmadığına baxmayaraq, baş mütəxəssis vəzifəsinə təyin edib, bütün səlahiyyətlər ona həvalə olunub. Onunsa işi yalnız stansiyaları yoxlamaq, xoşu gəlməyənlərdən məlumat toplayıb baş həkimə ötürmək, əsaslı-əsassız böhtanlarla şantaj edib işdən uzaqlaşdırmaqdır.

Kadr işindən tamamilə xabəri olmayan həkim Sevinc Rəfibəyli kadrlar şöbəsinin müdiri təyin olunub ki, verilən hər bir əmri 5-6 dəfə dəyişdirir. Təcili yardıma son vaxtlar qəbul olunan işçilərin əksəriyyəti öz qohumları və yaxınlarıdır. Bir gün də olsun belə təcili yardımda işləməyən yaxın qohumu Murad adlı bir həkim \”böyük həkim” kimi işə qəbul olunub və tezliklə stansiya müdiri göndəriləcək.

Hər bir köməkçi stansiyada 3-4 agent saxlayır ki, onlardan aldığı məlumatlara görə işçiləri incidir, işdən azad edir. Təcili yardımda bütün telefon danışıqlarına qulaq asılır, hətta işçilərin ailələri ilə danışmaqları belə dinlənilir. Məqsəd aydındır -kimlərisə şantaj etmək.

Səhiyyə naziri cənab Oqtay Şirəliyev işini yaxşı bilən nazirdir. Lakin onun kadr siyasətində yeganə səhvi odur ki, ölkədə fəaliyyət göstərən baş həkimlərdən fərqli olaraq, belə bir xəstə baş həkimə 2500 nəfərlik təcili yardım ordusunu etibar edib.

Möhtərəm Cənab Prezident!

Ölkədə işsizlərin say faizinin azalması Sizi nə qədər sevindirir, bu bizə bəllidir. Amma Rauf Nağıyev isə işsizlərin sayını bilərəkdən artırır. Siz həmişə dövlət məmurlarına tapşırırsınız ki, vətəndaşları, işçiləri incitməsinlər, onların işləmələri üçün hər bir şərait yaratsınlar. Lakin bu tapşırıq deyəsən Rauf Nağıyevə aid deyil. Onun bu taktikasına görə təcili yardım inkişafa yox, iflasa doğru gedir.

Ayda bir dəfə keçirilən Tibbi Şurada gələcəkdə nazir olacağını bildirir. \”Əgər mən nazir olsaydım, işi tamam başqa cür qurardım”, – ifadələrini tez-tez işlədir. Bütün yaxınlarına bəyan edib ki, tezliklə nazir təyin olunacaq və onların problemlərini həll edəcək. Buna görə bütün işçilər mövqelərindən çəkinərək, onun dedikləri ilə razılaşırlar. Daim arxasında nazir müavini Nigar Əliyevanın durduğunu açıq etiraf edir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına hər il ayrılan dəftərxana ləvazimatları üçün, kommunal və təsərrüfat xərcləri üçün vəsait hara xərclənirsə, bunu yalnız Rauf Nağıyev özü bilir. Bütün stansiyalarda bu xərcləri stansiya müdirləri öz şəxsi vəsaitləri hesabına və ya işçilərdən pul yığmaqla edirlər.

Azərbaycan Respublikası Prezidentinin və Səhiyyə Nazirliyinin müvafiq sərəncamlarına əsasən, dövlət tibb müəssisələrində pullu xidmət ləğv olunub. Lakin təcili yardımın nəzdində saxta nizamnamə ilə \”Tibbi Servis Xidmətləri” fəaliyyət göstərir ki, burada külli miqdarda vəsait əldə olunur. Belə ki, stansiyaların əksəriyyətində pullu stomatoloji kabinetlər, ultrasəs müayinə kabinetləri mövcuddur. Səhiyyə Nazirliyi avtobazasının sanitar avtomobilləri icarəyə götürülür, rayonlara meyid daşınır, vəfat etmiş şəxslərə evlərdə formalin vurularaq tibbi ekspertizadan gizlədilir və pullu təcili tibbi yardım göstərilir. Yığılan pullar hara gedirsə, yenə Rauf Nağıyev özü bilir. Məhz bu hesabdandır ki, Rauf Nağıyevin 2 övladı Avropanın ən aparıcı universitetlərində təhsil alır.

Möhtərəm Cənab Prezident!

Sizin nə qədər xalqımızı sevdiyinizi, haqq-ədalət tərəfdarı olduğunuzu bilərək Sizə müraciət edirik. Əminik ki, bu haqda müvafiq tədbirlər görəcək və geriləməkdə olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Stansiyasının əvvəlki nüfuzunu, iş fəaliyyətini, işçilər arasında xoş ünsiyyəti bərpa edəcək və xalqa təcili tibbi yardımın yüksəlməsi barədə tövsiyyələr və göstərişlər verməklə bu özbaşınalığa və anarxiyaya son qoyacaqsınız.

Əvvəlcədən minnətdarlığımızı bildiririk!” (bastainfo)

İnterpress.az