“Formula 1”dən sonrakı müharibə formulu – “Qum saatı” işə düşübbackend

“Formula 1”dən sonrakı müharibə formulu – “Qum saatı” işə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugün Moskvada əldə olunan 5 aprel atəşkəsinin bir ayı tamam olur. Qarabağ münaqişəsi zonasında 4 günlük savaşın bitməsinə gətirən bu anlaşma əslində Rusiyanın vasitəsilə Ermənistanı qat-qat ağır məğlubiyyətdən xilas eləmiş oldu. Eyni zamanda 22 ildir konflikt ətrafında mövcud olmuş və daima ermənilərin manipulyasiya elədiyi status-kvonu dəyişdi. Məsələ də ondadır ki, beynəlxalq birlik, o sırada ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bu reallığı qəbul eləsə də, rəsmi İrəvan bundan israrla qaçır və sanki heç nə baş verməyibmiş kimi ənənəvi radikal, qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir.

Bu harasıdır, üstəlik, danışıqlar masası arxasına qayıtmaq üçün absurd və gülməli şərtlər irəli sürür, separatçı rejimi tanıyacağı ilə hədələyir. Halbuki şərtləri artıq o yox, Azərbaycan diktə eləmək haqqına sahibdir. Həm də o səbəbə ki, prezident İlham Əliyevin dediyi kimi, sonuncu atəşkəsə məhz Ermənistanın yalvarışı ilə gedilib.

“Formula 1”dən sonrakı müharibə formulu – “Qum saatı” işə düşüb

Əfsus ki, 5 aprel atəşkəsindən keçən bir ay işğalçı tərəfin ciddi götür-qoy edib praqmatik qərar verməsi, güzəştli mövqe tutması üçün kifayət eləməyib. Buna itirilmiş çox qiymətli bir ay, yaxud fürsət də demək olar – öncəliklə də Ermənistan üçün. Çünki əksər yerli və xarici analitiklər xəbərdarlıq ediblər ki, əgər 4 günlük müharibədən sonrakı uzağı iki ay ərzində Ermənistan işğal altındakı ərazilərin heç olmasa, bir qismini boşaltmaq niyyətində olduğunu ortaya qoymasa, müharibə bu dəfə daha geniş miqyasda alovlana bilər.

Onu da unutmaq olmaz ki, yay mövsümü bir qayda olaraq, hərbi əməliyyatlar üçün əlverişli sayılır və Azərbaycan çətin ki, bu fürsəti qaçırsın. Bakının xeyrinə işləyən daha bir məqam odur ki, bu dəfə beynəlxalq ictimaiyyət, hətta Rusiyanın özü heç bir kompromisi yaxına buraxmayan, danışıqlar prosesindən imtina edən Ermənistana qarşı Azərbaycanın yeni cəza əməliyyatını daha sakit və daha anlaşıqlı qarşılayacaq.

“Formula 1”dən sonrakı müharibə formulu – “Qum saatı” işə düşüb

Bir sözlə, müharibə sifarişi olacaqsa da, onu məhz Ermənistan edəcək, çünki işğalçı ölkə kimi, ilk güzəştə o getməlidir. Və ya buna hazır olduğunu rəsmən bəyan eləməlidir. “Qum saatı” artıq işə salınıb, iki ayın biri arxadadır. Növbəti bir ayın tamamı iyunun əvvəllərinə təsadüf edəcək. Ondan az sonra – iyunun 17-19-da Bakıda “Formula-1\” beynəlxalq yarışı keçiriləcək. Bu da olsun sonuncu fürsət. Ondan sonra yeni müharibə üçün heç bir siyasi əngəl qalmayacaq, əgər İrəvan indiki destruktiv mövqeyinə davam edəcəksə…

Azərbaycan prezidentinin cəbhə bölgəsinə son səfəri ən əvvəl bu kontekstdə düşmənə ünvanlanmış xəbərdarlıq ismarışı idi. Ölkə başçısı, Ali Baş Komandan düşmənlə təmas xəttinin 200 metrliyindən onu da bəyan elədi ki, müharibə hələ bitməyib. Bu, o deməkdir ki, savaş seçimi yenə işğalçıya məxsusdur – əgər o, daha acınacaqlı durumla üzləşmək istəmirsə, siyasi oyunbazlıqdan əl götürüb, işğalçı qüvvələrini Azərbaycan torpaqlarından təcili çəkməlidir.

“Formula 1”dən sonrakı müharibə formulu – “Qum saatı” işə düşüb

Bir sıra təhlilçilər isə Bakıya işğalçının nazı ilə çox oynamamağı, təcavüzkarın özünü toparlaması üçün ona şans tanımamağı tövsiyə edirlər. Çünki hesab edilir ki, indi Ermənistanın ən zəif vaxtıdır və əlverişli durumu nəzərə alıb, onu güc amili hesabına gecikmədən sülhə məcbur eləmək lazımdır, nəinki zəif tərəfə vaxt qazandırmaq.
“Bir 22 il də növbəti siyasi danışıqlar raundunu gözləmək yalnız ermənilərin hansısa şəraitdə gücünü artırmasına və yeni faciələrə yol açmasına şərait yaratmaq demək olardı. Ermənilərin yaşadıqları bu durumda Azərbaycanın növbəti addımları mütləq olmalıdır”. Bu sözləri axar.az-a açıqlamasında deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc deyib.

Deputat iki tendensiyanın reallığından söz açıb: “Birincisi, erməni tərəfi hərbi məğlubiyyəti siyasi, psixoloji, diplomatik olaraq çox ağır yaşayır. Müxtəlif revanş zərbələri üçün hazırlıqlar görülür. Bu, əlbəttə ki, onları növbəti tələlərə salacaq. Yəni ermənilər hər an Tərtərə, yaxud başqa hərbi, mülki hədəflərimizə yönəlik təxribatlar törədə bilərlər. Bu halda Azərbaycanın zərbəsi 4 günlük müharibədəkindən tam fərqlənəcək. İkincisi, Rusiyanın son addımlarını dəyərləndiririk ki, məhz onların təşəbbüsü ilə tərəflər silahlı qarşıdurmadan geri çəkiliblər. Ancaq indi hərbi, siyasi cəhətdən ən əlverişli dövrdür. Ermənilər heç vaxt indiki qədər zəif olmayıblar. Bu, onların siyasi müttəfiqsiz durumundan daha qabarıq görünür. İqtisadi vəziyyətlərinin acınacaqlı olması isə bizim imkanlarımız və atacağımız addımların əsası kimi çıxış edir”.

“Formula 1”dən sonrakı müharibə formulu – “Qum saatı” işə düşüb

Z.Orucun sözlərinə görə, bir döyüşü uduzmaları yetərlidir ki, ermənilər nəinki Qarabağı, Ermənistanı itirəcəkləri şoku ilə üz-üzə qalsınlar: “Ermənilərin yaşadığı və bundan sonra üzləşəcəyi real mənzərə budur. Ona görə də hazırkı şəraiti həm hərbi, həm də siyasi cəhətdən dəyərləndirən ölkə başçısıdır. Nəzərə almalıyıq ki, düşmən müxtəlif ölkələrin peyk rabitəsindən ərazilərimizə, xüsusilə də əsgərlərimizin dayandığı nöqtələrə nəzarət edir. Lakin Azərbaycan gözlənilməz yerdən və gözlənilməz zamanda addımlar atacaq. Bütün bunlar onu deməyə əsas verir ki, müharibə qaçılmazdır”.

Bir çox yerli və xarici analitiklər də bu qaçılmazlığı tez-tez vurğulamaqdadırlar. Əsasən də onlar bunu Ermənistan hakimiyyəti və toplumuna illərdir hakim kəsilmiş radikal ovqat və 5 apreldən sonra da dəyişməyə meylli olmayan qeyri-konstruktiv mövqe əsasında söyləyirlər. Deməli, Azərbaycan ordusunun daha bir uğurlu, həlledici həmləsinə ehtiyac var.(Musavat)

İnterpress.az