Amerikada pensiya maaşın 70 faizini təşkil edirbackend

Amerikada pensiya maaşın 70 faizini təşkil edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikada da müəyyən işlərin arxasınca gedərkən “Bağışlayın, amma siz bu xidmətdən istifadə edə bilməzsiniz” kimi cavablarla üzləşirsən. Amma sən nəyə hüququn çatdığını bilirənsə, müraciət etdiyin işin rəhbəri ilə görüş tələb edib, öz haqqını əldə edə bilərsən. Yəni, bu ölkədə qanunlar sözün həqiqi mənasında işləyir. Hər hansı müəssisədə öz hüququnu konstitusiyanın maddə və bəndinə qədər göstərməklə belə “Yaman demoqoqsunuz, baxıram qanunları da yaxşı bilirsiniz, amma mənim portmanemin həcmi daha önəmlidir” kimi reaksiyalarla üzbəüz qalma ehtimalınız sıfıra bərabərdir. Amma yenə də hər bir vətəndaşın öz hüquqlarını bilməsi və onları müdafiə etməyə cəhd göstərməsi “demoqoqluq” kimi qiymətləndirilsə də vacib göstəricidir.

Başqa bir məsələ Amerika vətəndaşlarının pensiyasıdır. Amerikada pensiya ala bilmək üçün 10 il bu ölkə üçün çalışmalısan. Pensiya maaşın 70 faizini təşkil edir və nəzərə alsaq ki, burada orta maaş kifayət qədərdir, pensiya timsalında alınan məbləğ yaşlı nəslin nümayəndələrinə artıqlaması ilə bəs edir. Amerikalılar pensiyaya çıxdıqları vaxtı “yenidən yaşamağa başladıqları vaxt” adlandırırlar. Onlar səyahət edirlər, yeni mədəniyyətləri tanımağa çalışırlar. Bir sözlə həyatın dadını çıxarırlar. Başqa kateqoriya isə pensiya almaq üçün müvafiq şərtlərə cavab verməyən şəxslərdir ki, onlara da dövlət tərəfindən aylıq sosial yardım ayrılır. Bu yardımı alan şəxlər aldıqları məbləği çox aşağı məbləğ adlandırsalar da, bu sadəcə bir amerikalının aldığı pensiya ilə müqayisədə aşağı məbləğ kimi görsənir.

Yenə də bir mövzudan başqasına keçirəm, amma verərkən, verilən əsas dərslərdən biri sürücü – polis münasibətinə həsr olunur. O dərsdə deyilir ki, polis və yol hərəkəti iştirakçıları bir – birlərinə qarşı nəzakətli davranmalıdırlar. Sürücünün polisə qarşı hər hansı nəzakətsiz hərəkəti həmin şəxsin həbsi ilə nəticələnə bilər. Yol hərəkəti qaydalarını pozan sürücünün polisə pul təklif etməsi cinayət işidir, polisin bu pulu qəbul etməsi isə onun öz əli ilə öz işinə xitam verməsi deməkdir, yəni ağılasığmaz bir şeydir. Bu dərsi keçən amerikalı müəllim gəldiyin ölkənin adını löhvəyə yazmağını xahiş edir və bildirir ki, mütləq Azərbaycan və oradakı yol hərəkəti qaydaları haqqında maraqlanacaq.

Amerikadakı həkim-xəstə münasibətinə bu dəfə də toxunmaq istəyirəm. 80 yaşlı pasient, rutin kontrol və onu müayinə edən həkimdən yazmaq istəyirəm. Müayinənin sonunda pasient həkimi qucaqlamaq üçün ondan icazə alır və göstərdiyi nəvazişə görə təşəkkürünü bildirir. Söhbətin sonunda “Soyadınız maraqlıdır, bilmək istərdim haradan gəlmisiniz” sualını ünvanlayır. Cavabında Azərbaycan eşidən pasient həkimə göstərdiyi hörmətdən irəli gələrək qulağının zəif eşitdiyini və ölkənin, həmçinin onun paytaxtının adını bir kağıza yazıb ona verməsini istəyir. Çox güman ki, otağı tərk edən kimi ilk işi “google” axtarışla ölkə haqqında məlumatlanmaq olur. Eyni reaksiya ilə tez- tez rastlaşmaq buna dəlalət edir ki, bizi hələ də yetəri qədər tanımırlar. Maraqlı tərəfi də odur ki, ərazi və əhali baxımından daha kiçik olan qonşu ölkələr daha çox tanınır. “Tək əldən səs çıxmaz”- deyib atalarımız və onların dedikləri real yaşamımızda daim öz əksini tapır. Bəlkə də artıq Azərbaycandan kənar yaşayan həmyerlilərimizin yaşadıqları şəhərlərdə, ölkələrdə bir araya gələrək şəxsi mənafe üçün deyil, vətənimizin mənafeyi naminə daha çox işlər həyata keçirməklərinin vaxtı çoxdan çatıb.

Ölkədən kənarda hər dəfə Azərbaycan, onun mədəniyyəti, milli sərvətləri haqqında danışarkən azərbaycanlı olduğun üçün qəlbim fərəh və fəxr hissi ilə dolur. Azərbaycanın nə qədər gözəl yurd olduğunu anlayırsan. Hər kəs ölkədən kənarda vətənin sözün ən yaxşı mənasında tanınmasında cüzi də olsa rol alırsa, düşünürəm həmin vətəndaş özünü xoşbəxt saya bilər.

Ülviyyə Qasımova
İnterpress.az