“Bakı İrəvan və dostlarını çaşdırdı…”backend

“Bakı İrəvan və dostlarını çaşdırdı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Teleqraf.com-un sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə müsahibəni təqdim edir.

– Qabil bəy, rusiyalı politoloq Aleksandr Duqinin “işğal edilən 5 rayon Azərbaycana qaytarılmalıdır” bəyanatını necə qiymətləndirisiniz?

– Hesab edirəm ki, Duqinin açıqlamasında həm müsbət çalarlar, həm də ziddiyyətli fikirlər var idi. Əvvəla, 5 rayon məsələsi Duqin tərəfindən təkrarlandı. 2-5 Aprel hərbi əməliyyatı və Azərbaycan ordusunun qələbəsindən sonra Kreml Xarici İşlər naziri Lavrovun dilindən 5 rayonun qaytarılması haqda mesajlar göndərir, Azərbaycan rəhbərliyini hərbi əməliyyatları dayandırmağa çalışırdı. Rusiyanın bu israrlı fəaliyyətinə ABŞ və Avropa Birliyi də qoşulmuşdu. Bu məsələ ətrafında belə təəssürat yarandı ki, uzaq olmayan bir tarixdə işğal edilən 5 rayon Azərbaycana qaytarılacaq. Amma qəfildən əks proseslər cərəyan etdi. Rusiya və Ermənistan orduları birləşdirildi, komandanlıq ilk dövrdə Ermənistana verildi. Daha sonra Ermənistandan olan generalın “Putin NATO-su”na komandan gətirilməsi, habelə Ermənistanda yeniləşdirilən Rusiya hərbi bazalarının dinc dövrdə Ermənistan rəhbərliyinə tabe etdirilməsi haqda qərar, Gümrüdəki Rusiya hərbi bazasının tərkibinin və texnikanın artırılmasını müşahidə etdik. Bu, sözsüz ki, 5 rayonun qaytarılması məsələsini bir qədər arxa plana keçirdi. Hətta bu məsələ gündəliyə gətiriləndə Moskva susqunluq nümayiş etdirməyə başladı. Bunun müqabilində də Azərbaycan əks addımlar atmağa başladı.

– Hansı addımları nəzərdə tutursunuz?

– Azərbaycan bu situasiyada əks addımlar atdı, alternativ mənbələr axtarışına çıxdı. Azərbaycan üzünü Avropaya çevirdi, bu məkanla münasibətlərin daha da inkişaf etdirməsinə çalışdı. Hazırda Avropaya vizasız gediş-gəliş haqda müzakirələr var və bu, Azərbaycan üçün əhəmiyyətlidir. Bundan başqa, bu günlərdə amerikalı general ABŞ administrasiyasına müraciət edərək Cənubi Qafqazın və xüsusən Azərbaycanın Qərb üçün enerji mənbəyi, nəqliyyat dəhlizi və geostrateji baxımından yüksək əhəmiyyətli ərazi adlandırdı, Vaşinqtonun bu bölgəyə üz çevirməsini təklif etdi. Azərbaycan eyni zamanda qardaş Pakistanla əlaqələrini möhkəmləndirdi, Pakıstanın baş nazirini Bakıya səfər etdi. Prezident İlham Əliyevin Pakıstana səfəri oldu. Nəticə etibarı ilə Pakıstanın da Azərbaycana silah göndərməsi və lazım gələrsə, canlı qüvvə verəcəyi haqqında mətbuatda fikirlər ortaya çıxdı. Türkiyə ilə münasibətlər daha da genişləndirildi. Mayın 1-dən mayın 5-nə qədər Azərbaycan və Türkiyənin müxtəlif qoşun növləri arasında hərbi təlimlər keçirilir. Demək olar ki, bu təlimlərdə bir sıra müasir silahların sınağı gerçəkləşdirilir. Bundan əvvəl isə Prezident Ərdoğan bildirdi ki, Türkiyənin təhlükəsizliyi Azərbaycandan və Balkanlardan başlayır. Bizim üçün əhəmiyyətli odur ki, Prezident Ərdoğan Azərbaycan və Türkiyənin təhlükəsizliyini eyni sıraya qoydu. Bu da Azərbaycan üçün ciddi stimul, bizi sevməyən və müxtəlif tələlər quran ölkələrə isə bir mesaj idi. Bir sözlə, Azərbaycan qısa müddətdə uğurlu manevrləri nəticəsində Ermənistanı və onu dəstəkləyənləri çaşdırdı.

– Demək istəyirsiniz ki, Duqinin səsləndirdiyi 5 rayon məsələsi yuxarıda qeyd etdiyiniz məqamlardan irəli gəlir?

– Bəli. Bu hadisələrdən sonra yenidən 5 rayon məsələsi gündəmə gətirildi. Düzdür, biz bunu məmnunluq hissi ilə qarşılayırıq. Amma əslində, bu, belə də olmalı idi. Bu məsələnin Kremlə yaxın politoloq olan Duqin tərəfindən səsləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Mən də bu fikri alqışlayıram. Amma onu da əlavə edim ki, 5 rayon məsələsi Azərbaycanın öz ərazisini azad etməsi planının bir hissəsidir.

– Necə düşünürsünüz, Rusiya tərəfi 5 rayon məsələsi üzərində işləyəcəkmi?

– Əslində, Duqinin bu bəyanatını elə yozmaq olar ki, bu, Azərbaycanı bir qədər sakitləşdirmək üçündür. Çünki qarşıdan yay fəsli gəlir və bu, hərbi əməliyyatlar baxımından əlverişli şərait deməkdir. Üstəlik, Azərbaycan ordusu həm Türkiyə ordusu ilə, həm də ayrılıqda təlimlər keçirir. Məsələn, ötən dəfə Azərbaycan ordusu 30 min hərbçinin iştirakı ilə böyük manevrlər keçirdi. Bu təlimlərdə ordunun bütün növləri yüksək döyüş qabiliyyətini nümayiş etdirdi. Ermənistan isə Ağdam bölgəsində köhnə texnikanın iştirakı ilə manevr keçirdi. Amma dünyanın aparıcı ekspertləri qeyd etdi ki, Azərbaycan ordusu özünün döyüş texnikası ilə təchizatına, ordunun ruhi-psixoloji vəziyyətinə görə Ermənistan ordusundan kifayət qədər üstün görünür. Bu ordu hər an müqəddəs missiyasını yerinə yetirərək, ölkənin ərazi bütövlüyünü təmin etməyə hazırdır.

Duqinin 5 rayon məsələsini ortaya atması Azərbaycanın gözləmə mövqeyi tutmasına da səbəb ola bilər. Zənnimcə, Azərbaycan bəlli bir istiqamətə söykənib, hərbi cəhətdən uğurlu ordu quruculuğu və ordunun təkmilləşdirilməsinin qarşısını almaq mümkün olmayacaq. Azərbaycan həm də xarici siyasətdə ciddi uğurlar qazanmaqda davam edir. Odur ki, 5 rayon məsələsi reallaşmalı və həyata keçirilməlidir. Əks təqdirdə onsuz da Azərbaycan ildırım sürətli hərbi əməliyyatlarla 5 rayon məsələsini həll edə, ümumiyyətlə, bütün torpaqlarını işğaldan azad edə bilər.

– Duqinin açıqlamalarında sizi narahat edən məqam hansıdır?

– Cənab Duqin sözsüz ki, 5 rayon məsələsini gündəmə gətirdi və bu, çox yaxşı haldır. Ancaq rusiyalı politoloq eyni zamanda vurğuladı ki, Rusiya müharibə olmasını istəmir və buna imkan verməyəcək. Düzdür, Duqin Azərbaycanın ərazi bütövlüyü məsələsində konkret fikir ifadə etdi. Bu da çox yaxşı haldır. Ancaq sözsüz ki, Azərbaycan müstəqil dövlətdir və nə vaxt müharibəyə, nə zaman diplomatik danışıqlara üstünlük verəcəyini özü müəyyən edir. Hesab edirəm ki, Duqinin bu fikri bir qədər təzadlı idi. Ancaq sözsüz ki, Azərbaycan özü hansı addımlar atdığını müəyyən edən dövlətdir.

İnterpress.az