Azərbaycan əleyhinə qəbul edilən iki qətnamə: qarşıdurma böyüyəcək, yoxsa…backend

Azərbaycan əleyhinə qəbul edilən iki qətnamə: qarşıdurma böyüyəcək, yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, bu qətnamələrdən əvvəl də Azərbaycan rəsmiləri Avropa Şurasının rəhbərliyini anti-Azərbaycan mövqe tutmaqda ittiham edirdilər. Çünki Avropa Şurasının baş katibi Tornbörn Yaqland Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirilmədiyini və REAL hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad edilmədiyini bəyan edib və Azərbaycanı Avropa Şurasından çıxarmaqla hədələyib. Rəsmi Bakının isə arqumenti budur ki, İlqar Məmmədov konkret maddə ilə məhkum olunub. Rəsmi Bakının digər arqumenti isə bundan ibarətdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin minlərlə başqa qərarı var və çoxu yerinə yetirilmir, belə olan halda niyə məhz Azərbaycan cəzalandırılmalıdır?

Beləliklə, rəsmi Bakı ilə Strasburq arasında münasibətlər gərgindir. AŞ PA-nın oktyabrın 11-də ard-arda iki qətnamə qəbul etməsi isə vəziyyəti daha da gərginləşdirib.

Hakimiyyət təmsilçiləri açıq şəkildə bəyan etməkdədirlər ki, Azərbaycan ona qarşı qərəzli mövqe tutan bir qurumda qalıb-qalmamaq məsələsinə baxa bilər.

Azərbaycan əleyhinə qəbul edilən iki qətnamə: qarşıdurma böyüyəcək, yoxsa...

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Azərbaycan əleyhinə qətnamə qəbul edənlər Azərbaycanda gedən prosesləri, ümumiyyətlə, bilmirlər, ya da qəsdən əsassız iddialar irəli sürürlər: \”Əsas məqsəd Azərbaycanla Avropa Şurası arasında uçurum yaratmaqdır. Azərbaycan AŞ PA-dan çıxsa, bundan itirən Azərbaycan yox, həmin qurum olacaq”.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir: \”Bu gün demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞ PA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir.

Azərbaycan əleyhinə qəbul edilən iki qətnamə: qarşıdurma böyüyəcək, yoxsa...

Əlbəttə, bu kimi əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycan müstəqil, güclü dövlətdir, daxili və xarici siyasət prioritetləri var və bundan sonra da öz yolu ilə irəliləməkdə davam edəcək. Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir”.

Azərbaycan əleyhinə qəbul edilən iki qətnamə: qarşıdurma böyüyəcək, yoxsa...

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov isə bəyan edib ki, AŞ PA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmət etmək üçün çalışır: \”AŞ PA-da oturanların bəziləri özlərini az qalsın inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər. Məgər AŞ PA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? Əgər AŞ PA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?!”

Azərbaycan əleyhinə qəbul edilən iki qətnamə: qarşıdurma böyüyəcək, yoxsa...

YAP-çı deputat Bəxtiyar Sadıqov isə bildirdi ki, AŞPA-da Azərbaycanla bağlı qəbul edilən sənədlər də məhz ölkəmizin müstəqil siyasət aparmasını istəməyən qüvvələrin əməlidir. Bu cür sənədlərin qəbul edilməsinin digər səbəbi də həmin qüvvələrin Azərbaycana başqa üsulla təsir və təzyiq edə bilməməsidir: \”Avropa Şurasına üzv olduğumuz dövrdə bu qurum bizə hansı problemlərimizin həllində kömək göstərib? Onlar ancaq Azərbaycandan tələb ediblər. Artıq tövsiyəsi də əmr formasına keçir. AŞ PA belə sənədlərlə heç nəyə nail ola bilməyəcək. Azərbaycan müstəqil dövlətdir, öz yolu ilə gedir. Bu cür qərəzli sənədlər qəbul edib ölkəmizə təzyiq göstərmək mümkün deyil\”.

Daha bir deputat Bəxtiyar Əliyev isə bildirib ki, Azərbaycan Avropa Şurasının möhkəmlənməsinə öz töhfəsini verdi, amma qurum Azərbaycanla bağlı heç bir müsbət iş görmədi. Əksinə, Azərbaycana qarşı təşkilat tərəfindən qarayaxma kampaniyası aparılır, ölkəmizə iftiralar atılır: \”Təəssüflər olsun ki, bu, Avropa Şurasının rəhbərliyi səviyyəsində dəstəklənir və hətta Avropa Şurası rəhbərləri bu çirkin kampaniyaya başçılıq edir. Bu, Avropa Şurasının prinsiplərinə, məqsədlərinə uyğun deyil. Ona görə də əgər Azərbaycan Avropa Şurasını tərk etsə, ölkəmiz bundan heç nə itirmir, amma Avropa Şurası bundan çox şey itirə bilər”.

Göründüyü kimi, gərginlik pik həddədir və hər iki tərəfin sərt ritorikası Azərbaycanın təşkilatdan çıxma ehtimalını yüksəldir.

Bəs Azərbaycan Avropa Şurasından çıxarılsa və özü çıxarsa, bu, ölkəmizə siyasi, iqtisadi və digər sahələr üzrə hansı təsirlər göstərə bilər?

Azərbaycan əleyhinə qəbul edilən iki qətnamə: qarşıdurma böyüyəcək, yoxsa...

\”Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan Avropa Şurasından çıxarsa, bu, ölkəmizlə Avropa arasında münasibətlərin soyumasına gətirib çıxara bilər. Bunun ardınca, Azərbaycanın digər Avropa qurumları ilə münasibətləri soyuyar: \”Məsələn, Azərbaycanın ”Şərq Tərəfdaşlığı\” proqramı çərçivəsində üzv dövlətlərin parlamentləri arasındakı \”Avronest”lə də münasibətlərində suallar yarana bilər. Onsuz da Azərbaycan bir müddət \”Avronest”dəki fəaliyyətini dayandırmışdı.

İkincisi, Azərbaycanın Avropa Şurasından çıxmasından Rusiya faydalanacaq. Moskva bölgə ölkələrinin Avropanın siyasi, iqtisadi və hərbi strukturları ilə əməkdaşlığından və dərin inteqrasiyasından narahatdır. Moskvanın əsas hədəfi bölgə ölkələrinin Avropa ilə deyil, Rusiya ilə yaxınlığa nail olmasıdır. Halbuki iqtisadi səbəbdən də Azərbaycan Avropadan uzaqlaşa bilməz. Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqı ölkələridir, yeni tikilən boru xətləri ilə daşınacaq qazımızın son ünvanı da köhnə qitədir. Odur ki, Azərbaycanın Avropa Şurasından çıxması Rusiyanın Azərbaycandakı mövqelərinin güclənməsinə səbəb olacaq. Bu faktor isə Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir.

Üçüncüsü, Azərbaycanın Avropa Şurasından çıxması Ermənistanın və Avropadakı erməni lobbisinin maraqlarına cavab verər. Avropa Şurasında müxtəlif illərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən (sonuncu belə qətnamə 2016-cı ilin oktyabr ayında qəbul olunub, həmin sənəddə işğal altındakı Sərsəng su anbarının boşaldılması və Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilib) qətnamələr qəbul edilib. Doğrudur, həmin qətnamələrin icrası reallaşmadı. Ona qalsa torpaqlarımızın işğalı ilə bağlı BMT-nin 4 qətnaməsi də 25 ildir yerinə yetirilmir. Ancaq bu bizə əsas vermir ki, Azərbaycan BMT üzvlüyünə son versin. Azərbaycan AŞ PA-nı tərk etdikdən sonra işğal altındakı torpaqlarla bağlı oxşar qətnamələri qəbul etmək mümkün olmayacaq. Tam əksinə Azərbaycanın iştirak etmədiyi AŞ PA-da Ermənistan və erməni lobbisi Azərbaycan əleyhinə qətnamələr qəbul etməyə çalışacaq\”.

Ekspertin fikrincə, bu səbəbləri nəzərə alaraq Azərbaycanın Avropa Şurasını tərk etməsi doğru qərar olmazdı. Münasibətlərdəki gərginliyə son qoymaq üçün hər iki tərəf geri addım atmalıdır: \”AŞ PA rəsmiləri Azərbaycan hakimiyyəti əleyhinə sərt açıqlamalardan çəkinməli, hər hansı qətnamə qəbul etmədən əvvəl Bakı ilə dialoqu genişləndirməlidirlər. Rəsmi Bakı isə mübahisəli sayılan məhbusların azad olunması imkanlarını nəzərdən keçirməlidir. Ancaq rəsmi Bakı bu qərarı o zaman qəbul edəcək ki, kənar təzyiq olmasın”.

Azərbaycan əleyhinə qəbul edilən iki qətnamə: qarşıdurma böyüyəcək, yoxsa...

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə öncə bildirdi ki, Azərbaycan Avropa Şurasına şərtlərlə qəbul olunmuşdu. Hətta Azərbaycan müxalifəti də Azərbaycan Avropa Şurasına qəbul edilsin deyə o zaman müəyyən siyasi, mənəvi öhdəliklər götürmüşdü: \”Yəni bizim başlıca istəyimiz o idi ki, təki Azərbaycan müəyyən qüsurlar da olsa, demokratik müasir dövlət quruculuğu yoluna qədəm qoysun. Çünki müasir dünyada inkişaf demokratiyadan, demokratik dünyaya inteqrasiyadan keçir. Kim bu yolu getmirsə, deməli, o, demokratik dövlət quruculuğu istiqamətində getmir, niyyəti başqadır. Azərbaycan Avropa Şurasına Heydər Əliyevin hakimiyyəti dönəmində üzv qəbul edilmişdi. O dönəmdə Azərbaycan beynəlxalq təşkilatların qiymətləndirməsində siyasi və iqtisadi cəhətdən qismən azad olan ölkələr sırasına daxil edilirdi. O zamanlar Qərbdə hələ gözləntilər qalırdı. Heydər Əliyevin hakimiyyətindən sonrakı dönəmdə isə təəssüf ki, Azərbaycan qiymətləndirmələrdə siyasi və iqtisadi cəhətdən qismən azad ölkələr sırasındakı yerini itirdi. Beynəlxalq qurumlar Azərbaycanı azadlıq olmayan ölkələr sırasına daxil etdilər. Konstitusiya və digər bir sıra mühüm qanunlara edilən dəyişikliklər də Avropa Şurasının Azərbaycana münasibətini get-gedə sərtləşdirməyə başladı. Bu gün bizim gördüyümüz yalnız nəticələrdir”.

S.Əkbərin fikrincə, Avropa Şurası ilə münasibətlərin qırılması, həmin qurumdan çıxmağımız və ya çıxarılmağımız Azərbaycana siyasi, iqtisadi, hərbi, humanitar sahələrdə ciddi problemlər yarada bilər: \”Heç kim düşünməməlidir ki, Avropa Şurasından çıxsaq bizdən əl çəkəcəklər və rahatlaşacağıq. Tam tərsinə proseslər baş verəcək. Birincisi, Azərbaycanda bizi narahat edən potensial təhdidlər üzə çıxmağa başlayacaq. Yəni Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı olan xarici güclər, eyni zamanda daxili güclər bu istəklərini siyasi yolla, dinc yolla həyata keçirmək mümkün olmadığından qeyri-siyasi, qeyri-dinc yollara baş vuracaqlar. Avropa Şurasından çıxmağımızın ən təhlükəli siyasi nəticəsi bu ola bilər. Azərbaycanla bağlı çox təhlükəli ssenarilər işə salına bilər.

İqtisadi nəticələrə gəldikdə, Azərbaycanın xarici ticarət dövriyyəsində Qərblə iqtisadi əlaqələr 70 faizdən yuxarı təşkil edir. Avropa Şurasından çıxmaq bu qədər böyük iqtisadi münasibətlərə çox ciddi zərbə vura bilər. Azərbaycan Avropa üçün iqtisadi partnyorluq imkanlarını itirə bilər. Azərbaycan qazı Avropa bazarından mütləq şəkildə asılıdır. Bir anlığa düşünün ki, Azərbaycan bu bazardan məhrum olsa iqtisadiyyatımız hansı vəziyyətə düşər. Azərbaycan nefti və qazını almasalar, ölkəmiz bu strateji məhsullarını kimə satacaq? Neft və qazla zəngin Rusiyaya, yoxsa İrana, Türkmənistana, ya Qazaxıstana satacağıq? Bu məsələləri düşünmək lazımdır.

Dünyada vəkalət müharibələrinin, terrorun tüğyan etdiyi, Azərbaycanın özünün vəkalət müharibəsi ilə üz-üzə qaldığı bir vaxtda təsəvvür edin ki, Qərb Azərbaycana qarşı sanksiyalar tətbiq edir, görün Azərbaycan hansı vəziyyətə düşər. Azərbaycana dost olmayan dövlətlər uzun illərdir çalışırlar ki, Azərbaycanın Qərb dünyası ilə, ABŞ-la, Avropa ilə, NATO ilə münasibətlərini pozsunlar. Həmin qüvvələrə Azərbaycanı təkləmək üçün göydəndüşmə fürsət yarana bilər. Avropa Şurasından qırılma baş verərsə, şübhəsiz ki, Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsi qızışacaq, Qarabağ məsələsində zərərimizə yeni situasiya yaranacaq. Belə olanda Azərbaycan kimdən yardım alacaq?! Bu və digər çoxsaylı məqamları nəzərə alaraq davranmaq lazımdır\”.

İnterpress.az