“Türkiyə kimi dövlətlə yaxın olmağımız Ermənistan üçün böyük zərbədir”backend

“Türkiyə kimi dövlətlə yaxın olmağımız Ermənistan üçün böyük zərbədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfər çərçivəsində Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında ikitərəfli görüş keçiriləcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bölgədə və beynəlxalq aləmdə baş verən hadisələr müzakirə ediləcək. Eyni zamanda, iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa dair sənədlər imzalanacaq. Bildirilib ki, R.T.Ərdoğanın Bakıya səfəri Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf edir.

Bundan başqa, R.T.Ərdoğan oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilk səfərinin açılış mərasiminə qatılacaq. Bu mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Georgi Kvirkaşvili də iştirak edəcək. Oktyabrın 31-də isə Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçiriləcək. Türkiyə prezidenti iclasda iştirak edəcək.

Azərbaycanlı siyasətçilər düşünürlər ki, bu səfər hər iki ölkə üçün böyük önəm kəsb edir. Politoloq İlqar Altay “Ölkə.Az”a açıqlamasında bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilən və istəniləndir. Onun fikrincə, bu Azərbaycan üçün çox yaxşı xəbərdir.
“İki qardaş dövlətdir. Bizim dostluğumuz müstəqillik qazanandan bəri davam edir. Ərdoğan Azərbaycana mütəmadi olaraq səfərlər edib. Sadəcə son vaxtlar, əsasən də dövlət çevrilişinə cəhd hadisəsindən sonra bir az arada fasilə oldu. Ərdoğanın bu səfəri sadə ziyarət hadisəsi deyil. Hazırda konkret böyük layihələrin ortaya qoyulması nəzərdə tutulub. Azərbaycan üçün çox xoş haldır ki, konkret müqavilələr üzrə Türkiyə kimi böyük müttəfiqimiz var. Bu danışıqlar Azərbaycan gələcəyi üçün yol xəritəsidir. Bu həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən inkişafımıza xeyli təkan verəcək məsələdir. Azərbaycanı istəməyən qüvvələrlə üz-üzə qaldığı vaxtda həmin danışıqların önəmi böyükdür. Burada hərbi müttəfiqlik və əməkdaşlıq istiqamətində danışıqlar da mühüm rol oynaya bilər. Hesab edirəm ki, ümumilikdə Ərdoğanın səfəri həm Türkiyə üçün, həm də Azərbaycanın inkişafına mühüm rol oynayacaq”, – deyə siyasətçi bildirib.

İ.Altay deyir ki, Azərbaycanın təklənməsi fonunda hansısa güc dövlətilə əməkdaşlığı böyük məsələdir. Bu üzdən Ərdoğanın ziyarətində Dağlıq Qarabağ məsələsinin müzakirəsi bu problemin həllinə təkan verə bilər:

“Azərbaycan və Ermənistan problemin həllində üz-üzə qalsalar, problemin həlli asan olardı. Ermənistan tək mübarizədə Azərbaycandan hər sahədə geri qalıb. Biz vətən qoruyuruq, onlarsa işğalçıdırlar. İnsan resursu, iqtisadi inkişafı bizdən qat-qat geridir. Onların hazırkı üstünlüyü Rusiyanın hesabınadır. Dünya gücləri də bunu çox yaxşı bilirlər. Burada müsəlman-xrisitan məfhumu da mühüm rol oynayır. Xristian dövlətləri də hardasa Ermənistanın tərəfindədirlər. Azərbaycanın təklənməsi qarşılığında hansısa güc dövlətilə əməkdaşlığı böyük məsələdir. Türkiyə kimi dövlətlə yaxın olmağımız Ermənistan üçün böyük zərbədir. Ərdoğanın hazırkı səfəri də ermənilərdə böyük qıcıq yaradır”.

İnterpress.az