ABŞ Qüdsü niyə paytaxt elan etdi: səbəblər, məqsədlərbackend

ABŞ Qüdsü niyə paytaxt elan etdi: səbəblər, məqsədlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli ABŞ prezidenti Donald Trampın Qüdsün – Yerusəlimin İsrailin paytaxtı kimi tanınması barədə qərarını Lent.az-a şərh edərkən deyib.

Politoloq xatırladıb ki, ABŞ Konqresinin 1995-ci ildə bu barədə qəbul etdiyi qərar var. Həmin qərara əsasən bütöv Qüds İsrail dövlətinin paytaxtı kimi tanınır və Amerika səfirliyinin də bu qərara uyğun olaraq, Tel-Əvivdən bu şəhərə köçürülməsi nəzərdə tutulur: “Amma qərar indiyə qədər icra edilmirdi. Çünki Amerika prezidentləri hesab edirdilər ki, bu qərarın icra olunması Fələstin probleminin həllinə maneə törədə bilər. ABŞ-da problemin həllində vasitəçilik edən əsas dövlətdir. Bu qərarın Amerikanın ədalətli vasitəçiliyinə əngəl törədə biləcəyi arqumenti ilə Bill Klintonun vaxtından bu yana Amerika prezidentləri hər dəfə bu məsələni təxirə salırdı. Tramp özü də hakimiyyətə gəldikdən sonra qərarın icrasını təxirə salmışdı”.

Siyasi ekspert Trampın bütün dünyada böyük əks-səda salmış bu qərarı qəbul etməsinin səbəblərini belə izah edir:

“Birinci səbəbi təbii ki, Trampın seçkiqabağı vədləri ilə bağlıdır. O, seçkiqabağı kampaniya zamanı Qüdsün İsrailin paytaxtı kimi tanınması da daxil olmaqla, ABŞ-ın ənənəvi siyasətindən kənar bir çox vədlər vermişdi. Əslində güman olunurdu ki, Tramp hakimiyyətə gəldikdən sonra həmin vədlərin əksəriyyətini həyata keçirməyəcək, çünki seçkiqabağı dövrdə dünyanın hər yerində populist vədlərin ön plana çıxması normal qarşılanır. Düşünülürdü ki, Tramp hakimiyyətə gəldikdən sonra dövlət xadimi olmaqdan irəli gələn məsuliyyətlə məsələlərə yanaşacaq və seçkiqabağı dövrdə verdiyi radikal bəyanatları icra etməyəcək. Amma bu gözləntilər özünü doğrultmadı. Düzdür, ABŞ-da dövlət institutları prezidentin fəaliyyətinə nəzarət edir, lazım gəldikdə onun fəaliyyətini məhdudlaşdıra bilirlər. Qanunverici orqan – Konqres bu məsələdə xüsusi rol oynayır. Ötən müddətdə Trampın bir çox özbaşınalığının qarşısını məhz Konqres alıb. Lakin haqqında danışdığımız məsələyə Konqres müdaxilə etmədi, çünki qeyd etdiyimizi kimi, Qüdsün İsrailin paytaxtı kimi tanınması elə Konqresin öz qərarıdır.

Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Tramp hazırda daxili siyasətdə bir çox çətinliklə üzləşib. Bu çətinliklərin başında Trampın Rusiya ilə əlaqələri mövzusunda davam edən təhqiqat və ondan qaynaqlanan problemlər dayanır. Bu təhqiqat son günlər yeni bir mərhələyə qədəm qoyub. Trampın sabiq milli təhlükəsizlik müşaviri, general Maykl Flinn bu məsələdə istintaqla əməkdaşlıq etməyə razılaşıb. Bu, o deməkdir ki, general Flinn Trampın komandasının Rusiya ilə əlaqələri haqqında, eləcə də digər qanunsuzluqlar haqda, əgər varsa, bütün bildiklərini istintaqla paylaşacaq. Bu, Trampı çətin vəziyyətdə qoyub. Trampın opponentləri – demokratlar prezidenti sıxışdırmaq üçün bu mövzudan gen-bol faydalanır”.

Politoloqun fikrincə, Tramp Qüdslə bağlı qərarı verməklə həm də daxili siyasətdəki bu təzyiqlərdən bir növ qurtulmağa, gündəmi dəyişməyə çalışır: “Həqiqətən də dünən axşamdan başlayaraq, Tramp bu qərarı elan etdikdən sonra bu məsələ dünyada 1 nömrəli gündəmə çevrilib, o cümlədən Amerika daxilində də. Trampın əsas məqsədlərindən biri bu idi. Digər tərəfdən, Tramp bu qərarı verməklə öz seçicilərinə mesaj verir ki, baxın, sizə verdiyim bütün sözləri yerinə yetirirəm, mənim arxamda dayanın, məni dəstəkləməyə davam edin. Son həftələrdə keçirilən rəy sorğularında Trampın reytinqinin ciddi şəkildə aşağı düşdüyü müşahidə edilir. Hətta sonuncu rəy sorğusunda onun reytinqinin 35% həddində olduğu məlum olub ki, bu da Amerika prezidentlərinin fəaliyyətində müşahidə olunan ən aşağı reytinq göstəricisidir. Tramp bundan çox ciddi narahatdır. Çünki ABŞ-da prezidentlərin aşağı reytinq göstəriciləri onların ölkə daxilindəki ağırlığını və təsir gücünü azaldan amildir. Trampın məqsədi ilk prezidentlik müddətində öz proqramını mümkün olduğu qədər reallaşdıraraq ikinci müddətə bu vəzifəyə seçilməkdir. Bu baxımdan Tramp üçün 2016-cı ilin noyabrında ona səs vermiş seçicilərin dəstəyini qoruyub saxlamaq çox vacibdir, hətta mən deyərdim ki, onun bütün addımları məhz bu dəstəyi qorumağa, bu elektoratı öz ətrafında səfərbər etməyə yönəlib. Dünyanın reaksiyası onu elə də maraqlandırmır”.

ABŞ Qüdsü niyə paytaxt elan etdi: səbəblər, məqsədlər

Ş. Cəfərlinin sözlərinə görə, Trampın qərarı Fələstin probleminin həllinə xidmət etmir: “Bu qərarın gərginliyi daha da artıracağı hamıya aydındır. Yuxarıda da qeyd etdiyim kimi, ABŞ bu problemin həllində əsas vasitəçi dövlətdir. ABŞ bu gün İsrail üzərində təsir gücü olan yeganə dövlətdir. Belə deyək, İsrail ABŞ-dan başqa heç bir dövlətin sözünə qulaq asmır. Hətta bəzən ABŞ-ın da sözünə qulaq asmır. Məsələn, Obama dövründə ABŞ-la İsrail arasında çox ciddi narazılıq vardı. Baxmayaraq ki, hər iki dövlət müttəfiqdir, ABŞ İsrailə yardım edir, dəstək verir, buna rəğmən Obama ilə Netanyahu arasında ciddi konflikt var idi. Çünki Obama Fələstin məsələsində daha liberal mövqe tuturdu, neytral vasitəçi kimi çıxış etməyə çalışırdı. Bu da İsrail tərəfini məmnun etmirdi. Eyni zamanda Obamanın regionda yeritdiyi siyasətin nəticəsində İranın ön plana çıxması İsraili həddən artıq narazı salırdı. Bütün bunların nəticəsində Obama ilə Netanyahunun hətta şəxsi münasibətlərində belə ciddi problem yaranmışdı. Ona görə də ABŞ-dakı seçkilərin nəticələri ən çox İsrail hökumətində böyük sevincə səbəb oldu. Onlar təbii ki, Trampın seçkiqabağı verdiyi vədlərdən məmnun idilər və indi də bu qərardan məmnun qalan yeganə tərəf məhz İsrail oldu. ABŞ ictimaiyyətinin reaksiyasına nəzər salsaq, liberal ictimaiyyət bu qərardan narahat və narazıdır. Onların fikrincə, bu qərar ilk növbədə ABŞ-ın özünə ziyandır. Çünki bu, müsəlman aləmində radikalların mövqelərini gücləndirəcək, ABŞ-a qarşı nifrəti artıracaq. ABŞ-ın müttəfiqləri başda olmaqla, bütün dövlətlər bu qərarın gərginliyi daha da artıracağını düşünür və bu qərara ehtiyac olmadığını bildirirlər”.

Politoloqun sözlərinə görə, ABŞ dövlətinin indiyə qədər mövqeyi belə idi ki, Qüds məsələsinə problemin həlli kontekstində yanaşılsın: “Yəni problemin yekun həlli mərhələsi yetişdikdə Qüdsün statusu məsələsinə də həmin yekun həllin kontekstində baxılsın. ABŞ-ın ənənəvi siyasəti belə idi. Lakin Tramp bu ənənəvi xətdən kənara çıxdı”.

İnterpress.az