Yoxsulluq artıb, hökumətə etimad itib… – İrandakı aksiyalar davam edəcəkbackend

Yoxsulluq artıb, hökumətə etimad itib… – İrandakı aksiyalar davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müzakirələr və ehtimallar əsasən üç istiqamətdə aparılır: Dünyanı idarə edən dövlətlərə qarşı açıq savaşan İranı elə xarici dövlətlər \”silkələyir”; Dini liderlə prezident Ruhani arasında gizli ədavət var və proses prezidenti dəyişməyə hesablanıb; İqtisadi problemlərin dözülməz həddə çatıb və İran əhalisinin etiraz etməkdən başqa yolu qalmayıb.

Əslində, İranda nə baş verib? Proseslər davam edəcəkmi?

İnterpress.az xəbər verir ki, BakuPost.az məsələ ilə bağlı bu sahə üzrə ixtisaslaşmış ekspertlərin fikrini öyrənib.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, İranda baş verən son hadisələrin kökündə siyasi çalarlar, beynəlxalq güclərin planlarını axtarmaq düzgün deyil: \”Baş verən hadisələrin əsas səbəbi sosial-iqtisadi problemlərlə bağlıdır. Hələ iki il öncə ekspertlər iqtisadi, sosial və siyasi problemlərin İranda kütləvi etirazlara səbəb olacağını deyirdilər. Amma xalqı ideologiya ilə \”yemləməyə” çalışan İran liderləri bu xəbərdarlığı ciddiyə almırdılar”.

Yoxsulluq artıb, hökumətə etimad itib... - İrandakı aksiyalar davam edəcək

E.Mirzəbəyli İran əhalisinin çox acınacaqlı bir durumda yaşamasına baxmayaraq, büdcəyə gələn pulların tamam lazımsız yerlərə xərcləndiyini, buna görə də sosial partlayışın gözlənildiyini vurğulayıb: \”Məsələ burasındadır ki, hazırda İran əhalisinin 40 faizi kasıblıq həddində yaşayır. Kənd yerlərində bu göstərici 60-70 faizə çatır. Ən azı 11 milyon insan böyük şəhərlərin ətrafındakı gecəqondu və xarabalıqlarda yaşayır. 17-25 yaş arası gənclərin, o cümlədən ali təhsili olanların 25 faizi işsizdir. Mahmud Əhmədinejatın 8 illik prezidentliyi dövründə İran neft ixracından 700 milyard dollar vəsait əldə etmişdi. Lakin bu pullar yoxsulluğun və işsizliyin aradan qaldırılmasına deyil, dini-ideoloji strukturlara, mövcud sistemin qorunmasına sərf olundu. İranın nüvə və raket proqramlarına böyük vəsaitlər sərf olundu və ortada nəticə olmadığı üçün bu vəsaitlərin də havaya sovrulduğunu söyləmək olar. Milyardlarla dollar Bəşər Əsəd rejiminin qorunmasına, Liviyada \”Hizbullah”ın, İraqda şiə dəstələrinin, Yəməndə husi qiyamçılarının dəstəklənməsi üçün xərcləndi. Və bu müddət ərzində İranda iqtisadiyyatın inkişafına xidmət edə biləcək onminlərlə layihə vəsait olmadığı üçün həyata keçirilmədi. Bütün bunlar isə son nəticədə əhalinin daha da yoxsullaşmasına və kütləvi etirazlara gətirib çıxardı. İndiki halda İranda baş verən etirazların, qənaətimə görə iki əsas səbəbi var: 1. Yoxsulluq və işsizlik 2. Dövlət və hökumət orqanlarına, siyasi sistemə etimadın itirilməsi…”

Yoxsulluq artıb, hökumətə etimad itib... - İrandakı aksiyalar davam edəcək

Politoloqun fikrincə, bu problemlərin açıq şəkildə göründüyü bir vaxtda baş verən hadisələrdə siyasi çalarlar axtarmağa dəyməz: \”Aksiyalar zamanı ara-sıra siyasi şüarlar səsləndirilsə də, baş verənləri rejim əleyhinə siyasi etirazlar kimi dəyərləndirmək doğru olmazdı. Ola bilsin ki, siyasi şüarlar aksiyaların xaricdən idarə olunduğunu sübuta yetirməyə çalışan rejimdaxili qüvvələrin təxribatçı qrupları tərəfindən ortaya atılıb”.

Bütün bunlara baxmayaraq, Elçin Mirzəbəyli düşünür ki, ölkədə daxili savaş da mövcuddur:

\”Aksiyalarla bağlı mövcud dini-siyasi sistemin daxilindəki qüvvələrin ziddiyyətli fikirləri də belə bir ehtimalla çıxış etməyə imkan yaradır. Məsələn, prezident Ruhani xalqın etiraz etməyə haqqı olduğunu bildirdi və iqtisadi problemləri həll edəcəyinə söz verdi. Dini lider Xomneyi və tərəfdarları isə aksiyalara görə xarici qüvvələri ittiham etdi. Əslində, bu yanaşma İranda hakimiyyətdaxili ziddiyyətlərin də kifayət qədər dərin olduğunu sübuta yetirir”.

Müsahib baş verən hadisələrdə xarici qüvvələrin \”barmağının” olmadğını bildirsə də, bu hadisələrdən maraqlı qüvvələrinin yararlana biləcəyini istisna etmir: \”Prosesdə ABŞ-ın, yaxud hər hansı başqa bir qüvvənin iştirakına gəldikdə isə, şübhəsiz ki, yaranmış vəziyyətdən İranın regionda yürütdüyü siyasətlə razılaşmayan dairələr də istifadə etməyə çalışa bilər. Verilən bəyanatlar da bunu sübuta yetirdi. Amma konkret aksiyaların səbəblərinin xarici qüvvələrlə bağlı olduğunu iddia etmək gülünc olardı. Bir məqama da diqqət çəkmək istəyirəm: Proses ərzində İranın ictimai rəyinə ciddi təsir göstərə biləcək qüvvələrin aktivliyi müşayiət olunmadı. Sonuncu İran şahının varisinin bəyanatlarından, İran Xalq Mücahidlərinin xarici ölkələrdə keçirdiyi 5-10 nəfərlik aksiyalardan başqa prosesə ciddi dəstək verildiyinin şahidi olmadıq. Onu da qeyd edim ki, nə Rza Pəhləvinin, nə də İran Xalq Mücahidlərinin İranda ciddi sosial dayaqları yoxdur. Bu baxımdan, hesab edirəm ki, İranda baş verən son hadisələr daha çox sosial-iqtisadi problemlərdən qaynaqlanır”.

Yoxsulluq artıb, hökumətə etimad itib... - İrandakı aksiyalar davam edəcək

Cənubi Azərbaycan üzrə araşdırmaçı-jurnalist Sədrəddin Soltan hesab edir ki, baş verən hadisələrdə xaricin günahlandırılması İranın indiki hakimiyyətinin iddialarıdır: \”Baş verən hadisələri xarici qüvvəyə bağlamaq fərsizlikdir. Əgər İran daxilində xarici qüvvə belə bir aksiya keçirə bilirsə, deməli, İran hakimiyyəti köpükdən ibarətdir. Odur ki, özünə güvənən hakimiyyət belə məsələlərdə xarici amili az qabartsa, özünə daha xeyirli olar”.

İranda aksiyalar yenidən alovlana bilərmi?

Elçin Mirzəbəylinin qənaətinə görə, indiki rejim islahatlara getməsə, insanlar yenidən küçələrə axışa bilər:

\”Təbii ki, əgər rejim baş verənlərdən nəticə çıxarıb ciddi sosial-iqtisadi və siyasi islahatlar aparacaqsa, o zaman ölkəni daha böyük fəlakətlərdən qorumaq mümkün ola bilər. Əks təqdirdə növbəti etiraz aksiyalarının daha uzunmüddətli və kəskin qarşıdurmalarla müşayiət oluna biləcəyi ehtimalı var”.

Sədrəddin Solatan isə tam əmindir ki, daha güclü aksiyalar baş verəcək: \”Hadisələr indi ola bilsin yatırılsın. Ancaq bu, gec-tez yenidən baş verəcək və hər dəfə daha güclü və əhatəli olacağını ehtimal edirəm”.

Jurnalistin sözlərinə görə, bu hadisələrdən sonra İrana təzyiqlər daha da artacaq: \”Əvvəlcədən də ehtimal etdiyimiz kimi İrana qarşı artıq ilk təzyiqlər başlayıb. Yanvarın 5-də gecə saatlarında ABŞ-ın təklifi əsasında BMT Təhlükəsizlik Şurasının İranda yaranmış vəziyyətlə bağlı iclası keçiriləcək. Düzdür, Rusiyanın Xarici İşlər Nazirliyi bu ideyanı zərərli və destruktiv adlandırıb. ABŞ-ın Maliyyə Nazirliyi isə İrana qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına 3 fiziki şəxs və 5 təşkilat daxil edilib. ABŞ-ın 2015-ci ilin iyulunda \”altılıq”la Tehran arasında atom-nüvə proqramı üzrə əldə edilən Əhatəli Razılaşmadan çıxması ehtimalı da çoxalıb. Əslində baş verənlər deməyə əsas verir ki, İran sanksiyalara tab gətirmədi. Sadəcə o, bu vəziyyətdən daha çox Rusiya və Çinin hesabına çıxdı. Sanksiyalara nəzarət daha güclü təşkil olunsa idi, o halda Tehran hakimiyyəti buna məsələn, 10 il bundan əvvəl razılaşmaya gedərdi. İran hakimiyyəti içində parçalanma az qala inqilabdan sonra yaranıb. 2000-ci ildən sonra keçirilən prezident seçkiləri qabağı vəziyyəti yada salsaq, bu kifayət edər. 2005 və 2009-cu illərdəki prezident seçkiləri qabağı etiraz aksiyaları bunu sübut etdi. Məlum oldu ki, İran hakimiyyətində Qərb, o cümlədən ABŞ-la danışıqlara getməyə hazır olan qüvvə var. Ancaq o, zəifdir. Çünki İran İnqilab Keşikçiləri Qvardiyası və başqa güc strukturları həmin qüvvəni dəstəkləmir. Bu qurumlardakı qərbyönlülər isə müxtəlif yollarla sıradan çıxarılır. Qərblə danışığa getmək istəyən hakimiyətiçi bu qüvvəyə islahatçı deyirlər. Bu xəttin təmsilçiləri rejim daxilində çox zəifdirlər. Cəmiyyətdə isə tərəfdarları azdır. Yaxud cəmiyyət hakimiyyətin zor aparatından ehtiyatlandığından onlara yaxınlaşmır. 2005,2009 və 2017-ci ildəki etiraz aksiyaları İran hakimiyyəti ilə bağlı həm daxildə, həm də xaricdəki xofu və mifi dağıtdı. Bu ölkənin toxunulmazı sayılan ali rəhbər ayətullah Seyid Əli Xaməneinin şəkli olan plakat yandırılıdı, ona ölüm şüarı səsləndi, hakimiyyətdən getməsi tələb olundu. Aksiyaların tələblərinə əməl edilməyib. Bu isə daşın quyunun dibinə atılmasın oxşayır. Yəni o daş yenidən sudan çıxarıla bilər. Bu baxımdan İranda proses hələ başa çatmayıb. Bu ölkədə sosial, iqtisadi, milli-mədəni sahələrdə də dərin islahatların aparılması vacibdir. Əks halda problemlər həll edilmədiyindən yeni etiraz dalğaları baş qaldıracaq”.

İnterpress.az