İran və Rusiyada ara qarışsa, bu, Azərbaycana nə vəd edir…backend

İran və Rusiyada ara qarışsa, bu, Azərbaycana nə vəd edir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana qonşu olan dövlətlərin daxilində baş verən proseslərin ölkəmizə təsirləri qaçılmazdır. Bu baxımdan əsasən şimal qonşumuz olan Rusiya və cənub qonşumuz olan İranda hər hansı bir hadisə baş verən kimi, bu Azərbaycanda da ciddi müzakirə olunur.

Ötən həftə İranda baş verən iğtişaşlar ictimaiyyətimizin əsas müzakirə mövzularından birinə çevrilib. Azərbaycana regionun güclü dövlətləri kimi bilavasitə təsirləri böyük olan Rusiya və İranda sabitliyin, yoxsa gərginliyin ölkəmiz üçün daha maraqlı olması haqda da danışılır. Bu istiqamətdə fikirlər fərqlidir, bu isə təsadüfi deyil.

Belə ki, İran tərəfdə Cənubi Azərbaycan kimi milli problemimiz var. Eyni zamanda Dağlıq Qarabağı itirməyimizdə ən başlıca rolu Kreml oynayıb. Amma bununla belə, əksər ekspertlər hər iki ölkədə sabitliyin Azərbaycan üçün daha vacib olmasını vurğulayırlar.

Çünki Rusiya və İran qarışacağı halda Azərbaycanı da ciddi təhlükələrin gözlədiyi bildirilir.

İran və Rusiyada ara qarışsa, bu, Azərbaycana nə vəd edir...

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, Rusiya və İranın demokratikləşməsi Azərbaycana daha çox sərf edir, nəinki orada qarışıqlıq düşməsi: “Rusiya və İran Azərbaycan üçün iki ən böyük təhlükədir, bunu artıq açıq deməyi bacarmalıyıq. Rusiya və İran Azərbaycanın müstəqilliyini hələ də həzm edə bilmirlər. Rusiya və İran Ermənistanın ayaqda qalmasının əsas səbəbkarıdır. Azərbaycan Rusiya amilinə görə Qarabağı azad edə bilmir. Regionda Rusiya Ermənistanın siyasi və hərbi qarantıdırsa, İran iqtisadi qarantıdır. Rusiya ilə İran hər an Azərbaycana qarşı etnik separatçılıqdan, dini fundamentalizmdən istifadə edə bilər. Bir neçə dəfə buna cəhd də göstəriblər. Bütün yuxarıda qeyd edilənləri nəzərə alsaq, Rusiya ilə İranın ən azı demokratikləşməsi, yumşaq rejimlərlə əvəzlənməsi Azərbaycana daha çox sərf edir. Azərbaycana müstəqil Şimali Qafqaz və Cənubi Azərbaycanla qonşuluq daha uyğundur, nəinki imperialist avtoritar Rusiya və İranla.

Rusiyada zatən sosial problemlər, korrupsiyadan xalq əziyyət çəkir. Putinin Ukrayna və Suriya müharibələri müvəqqəti də olsa bu problemləri xalqa unutdurdu. Amma yenə rus xalqının gündəmində ən başlıca problem olaraq dövlətlərinə qarşı tətbiq edilən sanksiyalar qalır. Düzdür, Rusiyada mart ayındakı prezident seçkilərində Putinin ciddi alternativi görünmür, lakin ümumi narazılıq astanasında xalq 2011 – 2012-ci illərdəki kimi yenidən meydanlara tökülüşə bilər. Azərbaycan Rusiya və İranda olanlardan uzaq durmalıdır, uzaq dura bilmirsə və ya uzaq durmaq mənafeyinə ziddirsə, bu iki dövlətdə maraqlarını təmin etməyə çalışmalıdır. Kimsə düşünürsə ki, Rusiya və İranın dağılması Qərbə sərf edir, yanılır. Rusiya və İran dağılsa, region və dünyada ən güclü dövlət Türkiyə olacaq və bununla da Osmanlıda olduğu kimi İslam vəhdəti qurulacaq. Buna da imkan verməmək üçün Qərb əlindən gələni edəcək. Ona görə heç də hesab etməyin ki, Qərb Rusiya və İranın dağılmasını istəyir. Rusiya və İran dağılsa, bundan ən çox udan türk və ərəb dünyası olacaq. Bu da Qərb üçün ən pis ssenaridir. Ən azı Avropa Birliyi çalışır ki, bu çətin dönəmdə Rusiya ilə İran ayaqda qala bilsin. Lakin gec-tez Rusiya dağılacaq, İran isə ən azı dünyəviləşəcək. Proseslər buna doğru gedir”.

İran və Rusiyada ara qarışsa, bu, Azərbaycana nə vəd edir...

Politoloq Nəzakət Məmmədova qonşu ölkələrimizdə sabitliyin pozulmasının Azərbaycana yaxşı heç nə vəd etmədiyini düşünür: “Dünyada hansı proses baş verirsə, biz buna ilk növbədə beynəlxalq hüququn aliliyi və ölkəmizin milli maraqları nöqteyi-nəzərindən baxmalıyıq. Dünyanın istənilən bölgəsindəki əhəmiyyətli bir hadisə bütün beynəlxalq sistemə təsir edə bilir. Çünki dünya o qədər qloballaşıb və sıx inteqrasiya olunub ki, bir bölgədə baş verənlər bütün qitələrə yayılır. Azərbaycan da beynəlxalq sistemin bir parçası olaraq bu proseslərdən kənarda qala bilməz. Üstəlik, ölkəmiz enerji resursları mənbəyi və tranziti, beynəlxalq kommunikasiyaların keçdiyi, İslam dininə etiqad edən, unikal geosiyasi mövqedədir. Ölkəmizin unikallığı həm də onun Türkiyə, Rusiya, İran kimi regional böyük dövlətlərlə yaxınlıqda yerləşməsidir. Bu ölkələrin dünyada hazırkı rolu, qlobal siyasətdə tutduqları mövqe müəyyən qədər bizə də təsirsiz ötüşmür. Son illərdə baş verən mürəkkəb, rəngarəng proseslər isə Azərbaycanın xarici siyasətinə, dünyadakı yerinə və roluna da təsir etdi. Ölkəmiz əlbəttə ki, dünyada və yerləşdiyimiz regionda sabitliyin olmasında maraqlıdır. Bu mövqe ölkəmiz tərəfindən daima müdafiə olunur.

Azərbaycan həm beynəlxalq hüququn aliliyinin qorunmasına çalışır, həm də siyasi, iqtisadi-ticarət, nəqliyyat kommunikasiya sahələrində əməkdaşlıq vasitəsilə beynəlxalq və regional sabitliyə töhfə verir. Məsələn, bu yaxınlarda Qüds məsələsinə münasibətdə dövlətimizin mövqeyi, eləcə də Bakı-Qars kimi qlobal layihənin ölkəmizin dəstəyi ilə işə düşməsi buna misal ola bilər. Azərbaycan dünyada sabitliyə, inteqrasiyaya, qanunun aliliyinə xidmət edən bir ölkədir.

Separatizm, dezinteqrasiya, terror, xaos kimi təhlükəli tendensiyalar tək bir ölkə, region üçün yox, bütün dünya üçün təhlükəlidir və biz bu təhdidlərə yox deyirik. Eyni zamanda dövlətlərin daxili işlərinə müdaxilə, silahlı dövlət çevrilişi, hakimiyyətin güc yolu ilə dəyişdirilməsi daxildə sabitliyin pozulmasında çox mənfi nəticələrə gətirib çıxarır. Dünyada elə bir misal göstərmək olmaz ki, bu vasitələr hər hansı bir ölkənin rifahına və tərəqqisinə səbəb olsun. Əksinə, onsuz da mürəkkəb olan indiki şəraitdə belə hallar vəziyyəti daha da çətinləşdirə bilər. Bu baxımdan xüsusilə də eyni coğrafiyada yerləşdiyimiz, tarixi bağlarla yaxın olduğumuz Türkiyə, Rusiya, İran kimi ölkələrdə sabitliyin pozulması bizə yaxşı heç nə vəd etmir. Doğrudur, qardaş Türkiyə istisna olmaqla, digər iki ölkə tarixən və bu gün də Azərbaycana qarşı ədalətli mövqe tutmayıblar, bu gün də dünyaya və regiona imperiya keçmişindən baxırlar. Əlbəttə ki, bu, doğru yanaşma deyil. Rusiya və İran özlərinə lazım olan məsələlərdə beynəlxalq hüququ əsas götürməyə, ona riayət etməyə çağırışlar edirlər. Amma Azərbaycana gəldikdə öz imperiya maraqlarından çıxış edir, Ermənistan kimi bir ölkəyə dəstək verirlər. Bununla belə, İran və Rusiyada sabitliyin pozulması bütün region üçün ciddi təhlükə yarada bilər.

Məsələn, İranda iğtişaşlar baş verdi, Rusiyada isə iki ay sonra seçkilər keçiriləcək və mitinqlərin, etirazların ola biləcəyi mümkündür. Buradakı qeyri-sabitlik həm qonşu ölkə olaraq bizə təsir edə bilər, həm də həmin ölkələrdə milyonlarla soydaşımız yaşayır. Onların həyatına da təhlükə riski ola bilər. Lakin bu iki ölkə ilk növbədə özü öz maraqlarını düşünməlidir ki, regional liderlik ambisiyaları onların maraqlarına nə dərəcədə uyğundur. Məsələn, hərbi güc, kəşfiyyat vasitələrinə milyardlarla dollar xərcləyib regionda liderə çevrilməyə çalışmaqdansa, ölkənin rifah halını yüksəldib qonşu ölkələrə nümunə, model ölkə olmaqla daha cəlbedici olmaq olmazmı? Yaxud postsovet məkanındakı ölkələri hələ də öz müstəmləkəsi kimi görüb onların ərazi bütövlüyünə təhdid yaratmaqla təzyiq altında saxlamaqdansa, onlarla bərabərhüquqlu tərəfdaşlıq münasibəti qurmaq, demokratiyanı gücləndirərək bu ölkələrlə həmrəy olmaq Rusiyanı daha güclü etməzmi? Azərbaycan bu ölkələrdə sabitliyin olmasında maraqlıdır və bu, bizim təhlükəsizlik konsepsiyamızda da göstərilib ki, dünyada və regionda sabitliyin pozulması milli təhlükəsizliyimizə təhdiddir. Lakin dövlət böyük olduqca, liderlik ambisiyaları artdıqca, onun dünyada və bölgədə məsuliyyəti də artmalıdır. İran və Rusiyanın bu məsuliyyəti isə demokratiya, dinc yanaşı yaşama, başqa ölkələrin daxili işlərinə müdaxilə etməmək kimi beynəlxalq hüquq qaydalarının aliliyinə hörmətdən keçir\”. (musavat)

İnterpress.az