Mahir Şükürov: Bizim vaxtımızda kişilik var idibackend

Mahir Şükürov: Bizim vaxtımızda kişilik var idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, əvvəlcə “Neftçi”də işlədiyi aşağı yaş qruplarından ibarət komandadan ayrılmasına aydınlıq gətirib: “Uşaqlarla işləmək çox çətin idi. Böyük yaş qrupu üzrə komanda verilsəydi, qalıb çalışardım. Biz “Neftçi” üçün can qoymuşuq, oynamışıq, uğurlarında adımız var. Amma baxırıq ki, bu gün komandaya aidiyyatı olmayan adamlar orda işləyir. Belə baxanda Rəşad Sadıqov karyerasını bitirməmiş artıq “Qarabağ”da U-19-da işləyirdi, amma ona böyük qrup vermişdilər, ona görə də üçün işləmək asan idi”.

Şükürov forma kolleksiyası haqqında danışarkən, “Neftçi”nin heyətində Milan “İnter”i ilə oynadığı vaxt formasını əldə etdiyi Koutinyonun gələcəkdə yaxşı futbolçu olacağını “gördüyünü” deyib.

Mahir “Azərbaycanda müstəqillik dövrünün ən yaxşı futbolçusu Rəşad Sadıqovdurmu?” sualını da cavablandırıb. O, bu fikirlə razılaşmadığını bildirib: “Oynadığım hər yerdə, istər xaricdə, istərsə də, Azərbaycanda özümü həmişə ən yaxşı saymışam. Müstəqillik dövrünün ən yaxşısı kimi Rəşadı seçmək isə yanlışdı, məncə. O gəlib mənim mövqeyimdə, mən də onun yerində oynaya bilmərəm. Hərə öz mövqeyində ən yaxşı seçilməlidi. Kamran Ağayev var, Vaqif Cavadov var, Qurban Qurbanov və s. Mən məsələn, öz mövqeyimdə həmişə özümü hamıdan yaxşı hesab edirəm. Bizim vaxtımızla indini müqayisə eləsək, bu gün millinin sağ cinahı çox zəifdi”.

Şükürov proqramın aparıcısının “Təmkin Xəlilzadə hazırda cinahda yaxşı oynasa da, nədənsə asmalardan çox istifadə etmir. Daha çox cərimə meydançasına girməyə can atır. Sanki millidə bu nüans çatışmır” iradını da özünəxas şəkildə cavablayıb: “Mahir gedəndən sonra olmayacaq da. Məndə bu, allah vergisi idi, qıldığım namazların, duaların nəticəsi idi”.

Azərbaycan futbolunun əsas problemlərindən biri, oyunçuların legioner həyatı yaşaya bilməməsi də verilişdə müzakirə olunub. Millinin keçmiş üzvü bunu belə şərh edib: “Azərbaycanlıların mentaliteti bir az fərqlidi. Bizdə evə qarşı istiqanlılıq var. Kənara gedirsən, ev üçün darıxırsan, qayıdırsan. Yaşın keçəndən sonra da düşünürsən ki, səhv etmişəm. Ona görə də biz avropalılardan 5-10 il geriyik. Onlar bu kimi şeyləri əvvəldən düşünürlər”.

Sözügedən verilişdə tamaşaçıların suallarına da yer verilib.

– Bəlkə maddi məsələlər futbolçuların xaricdə qalmamasında əsas rol oynayır?

– 5-6 il bundan qabaq Azərbaycan futbolunda pul çox idi. 300-500 min alanlar var idi. Ona görə də deyirdilər ki, nə var kənarda, qalıb oynayıram da.

– Ən çox qazandığın klub hansı olub?

– “Anji”, “Qəbələ” və s. Mən hamısında yaxşı qazanırdım.

– Bundan sonra özünüzü harda görürsünüz?

– İstərdim ki, klubda menecer, seleksiyaçı və ya idman direktoru olmaq istərdim. Məşqçi işi çox çətindi. Amma fevralda kurslara başlamaq istəyirəm. B kateqoriyası alacam.

– Milliyə gələn oyunçuya avtomatik C kateqoriya verirlər. Bu düzdü?

– Məncə, bu, ədalətli deyil. Baxırsan ki, hansısa oyunçu yığmada 15-20 dəqiqə oynayıb, C kateqoriya alıb. Mən – Mahir Şükürov millidə 77 oyuna çıxmışam. Mən də C alım, başqası da. Elhad Nəziri, Daniel Axtyamova da veriblər bəlkə də bu kateqoriyanı.

– “Neftçi”yə sonuncu qayıdışına nə ehtiyac var idi?

– İnanırsız, hətta “Neftçi”dən ayrılandan sonra da Türkiyədən təklif var idi. Sadəcə, həmin vaxt oynayan-məşqçi olduğum üçün meydana ara-sıra çıxırdım. Komanda gənclərdən yığılmışdı. Mənim elə o cavanlarla məşq eləməyim də onlara bəs edirdi. Deyim ki, indi də gücüm var, yenə oynaya bilərəm. Belə də ki, “Neftçi”də mənə ehtiyac oldu ki, çağırdılar, gəldim.

– Bəlkə bunda “dedovşina” yaratmaq istəyinin rolu var?

– Dedovşina hər klubda var. Elə də olmalıdı. Heyəti cavanlaşdıranda gördüz, “Neftçi” nə hala düşdü? O vaxt mən var idim, Rəşad var idi, düşdük Avroliqaya. Hərəmiz bir tərəfdən qışqırırdıq, gənclər də oynayırdılar. Bizim vaxtımızda belə deyildi. Uşaq-böyük münasibəti, mərdlik, kişilik var idi. Xəbərçilik yox idi. Məsələn, oyundan sonra gözləyirdik ki, böyüklər duşdan çıxsın, sonra biz girək, indi elə şeylər qalmayıb.

– Düzünü de, futbolçu vaxtı siqaret çəkmisən?

– Bəli, futbolçu olanda da siqaret çəkirdim. Dünyada futbolçuların əksəriyyəti çəkir. Çəkirdim də, oynayırdım da. “Karşıyaka”da olanda baş məşqçi Yusuf Şimşək özü təklif edirdi ki, götür çək, rahat ol.

– Futbolçu vaxtı tez-tez konflikt yaşadığın Elnur Allahverdiyev uzaq düşüb xeyli vaxtdı, xəbərin var ondan?

– Əlaqəm yoxdu, amma adamın üstündə allah var, gərək düzünü deyəsən. Elnur Allahverdiyev də Azərbaycan futboluna çox xidmət edib. Onun kimi oyunçulara da iş vermək, qabağa çəkmək lazımdı. Ümumiyyətlə, Sovet dövrü futbolçularını yollayın, yenilərə, gənclərə şans verin. Kimə ki, şans verirlər, o dəqiqə “qarğa kimi qonurlar” üstünə ki, bundan məşqçi olmaz. Futboldan gedirsən, heç kimin vecinə olmursan, hansısa komandaya gələndə amma tökülüşürlər. Samir Ələkbərov məsələn, mən onun yerinə olsam, 3-4 oyunluq komandaya gəlməzdim. Sonra da belə söz-söhbətlər olmazdı.

– “Neftçi”nin uğurlarında Böyükağa Hacıyevin baş məşqçi olması amili nə qədər önəmli idi?

– Məşqçi kimi Böyükağa müəllim əziyyət çəksə də, onun əlinin altında da baxın, görün hansı futbolçular var idi? Məsələn, indi getsin Gəncəyə görək nəsə qazana biləcək? Amma onun da əziyyətini qətiyyən danmaq olmaz. Çempionluq yaşadıq, qrupa düşdük.

– Millidə ən çox Berti Foqtsun vaxtında oynamısan. Səncə o, milliyə nə verdi?

– Berti Foqtsun vaxtında da millinin yaxşı nəticələri olmuşdu. Mənə görə yığmada işlədiyim ən yaxşı məşqçi o olub. Foqts gələnə qədər şəraitsizlik idi, sonra vəziyyət düzəldi, biz də başladıq canla-başla məşq eləməyə. Qaldı ki, mükafat məsələsinə, onu Foqts yox, Federasiya Prezidenti təyin edirdi. Elə vaxt olub ki, hətta uduzduqdan sonra “premiya” vermək istəyirdilər ki, Berti qoymurdu.

– Futbolçu olduğun vaxtlarda əsas rəqibin kim idi?

– Futbolçu olduğum illərdə mənim rəqibim ancaq özüm idim. Bütün oyunlarda meydana çıxırdımsa, deməli rəqibim yox idi.

– Qurban Qurbanovun baş məşqçiliyi altında yığmadan nə gözləyirsən?

– İki məşqçi (Berti Foqts və Robert Prosineçki) burda işləyib getdikdən sonra deyib ki, bu komanda ilə heç yerə çıxmaq olmaz. Nə deyə bilərəm? Qurban müəllimə 6 il vaxt veriblər, ona görə də heç nə demək olmaz. Ümid edək ki, AÇ-2020-yə vəsiqə qazansınlar, biz də baxaq sevinək.

İnterpress.az