“Trampın hakimiyyətdə qaldığı hər gün ABŞ-ın imicinə zərbə vurur” – Politoloqbackend

“Trampın hakimiyyətdə qaldığı hər gün ABŞ-ın imicinə zərbə vurur” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Tramp ətrafında gəzən söz-söhbətlər davam etməklə yanaşı, onun prezidentliyinə təhlükələr də davam edir. Hələ də Trampın impiçment təhlükəsindən qurtulmadığı barədə çoxsaylı fikirlər var. Xüsusilə, onun prezidentliyinin hər anının Amerikanın dövlət imicinə ciddi zərbə vurduğu göz önündədir. Ağ Ev sahibinin bundan sonra qalan 3 illik prezidentlik ömrünü sona qədər başa vurub-vurmayacağı, eləcə də, vurarsa, bunun Amerika üçün nələrlə nəticələnəcəyi suallar doğurur.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Trampla bağlı aparılan tədqiqatların hələ də davam etdiyini bildirdi:

“Trampın hakimiyyətdə qaldığı hər gün ABŞ-ın imicinə zərbə vurur” – Politoloq

“Tədqiqatlar əsasən, Trampın seçki qərargahının Rusiya səfirliyi, eləcə də, Rusiya səlahiyyətliləri ilə əlaqəsi barədədir. Bu barədə də kifayət qədər məlumat toplanıb. Bundan başqa Trampın oğlunun Rusiyadakı kommersiyaları barədə də məlumatlar toplanıb. İddia edilir ki, əsas məsələlər Trampın maliyyə fəaliyyətləri ilə bağlı məsələlərin araşdırılmasına başlananda üzə çıxacaq. Maliyyə fəaliyyəti dedikdə Trampın seçki qərargahına pul vəsaitlərinin ödənilməsi, onların necə xərclənilməsi, pul vəsaitlərinin içərisində Rusiyadan da gələnlərin olub-olmaması kimi araşdırmaların sonunda Trampın impiçment məsələsi reallaşa bilər. Ötən bir il ərzində Tramp nəinki impiçment məsələsini üzərindən uzaqlaşdırdı, əksinə bir-birinin ardınca yola verdiyi qüsurlarla onu bir az da özünə yaxınlaşdırdı. Eyni zamanda Amerikanın dünyada bir nömrəli dövlət olması imicinə də ciddi zərbə vurdu. Məsələn, iqlim sabitliyi barədə dünya konvensiyası var ki, dünyada istiliyin qarşısını almaq üçün birgə fəaliyyət və digər məsələləri özündə ehtiva edir. Tramp ilk vaxtlar bu konvensiyaya qoşulmadı, amma bu günlərdə məlum olur ki, bu konvensiya artıq qoşulub. O prezidentliyə gəldiyi ilk günlərdən İranla bağlanmış nüvə sazişinin təhlükəli olduğunu, onun heç bir nəticəsinin olmayacağını söyləyirdi. Eyni zamanda onun yaxın vaxtlarda ləğv ediləcəyi anonslarını verirdi. Amma indi məlum olur ki, müqavilə ləğv edilmir, Amerika İrana daha 120 gün vaxt ayırır, bu məsələlər Barak Obamanın dövründə imzalanmış formada qalır. Belə görünür ki, bir çox prinsipial, dövlətin həyatına, idarəçiliyə aid məsələlər Trampın iradəsindən kənar, sanki dərin dövlətin göstərişi ilə həyata keçirilir. Amerikada prezident üsul-idarəsi olsa da, orada Konqresin, Senatın və digər hakimiyyət strukturlarının prezident hakimiyyəti üzərində ciddi nəzarəti mövcuddur. Bu nöqteyi-nəzərdən Tramp səlahiyyətləri olmayan, yaxud səlahiyyətləri məhdudlaşan prezident şəklinə salınıb. Bir çox məsələlər onun iradəsinin əleyhinə olaraq, Amerikanın maraqları nəyi tələb edirsə, o formada həyata keçirilir. Son dövrlərdə mühacirət məsələlərinə aid Tramp Konqres üzvləri qarşısında çıxış edərkən yenə də təhdidedici ifadələr işlətdi. Bu, Amerika prezidentinin adına layiq olmayan addım idi”.
Politoloq Trampın hakimiyyətdə qalmasının hər gününün Amerika üçün zərərli olmasından da söz açdı: “Belə görünür ki, onun hər gün hakimiyyətdə qalması ABŞ-ın dünyadakı imicinə ciddi zərər vurur. Ümumiyyətlə, bir illik hakimiyyəti dövründə Trampın ciddi konseptual xarakterli nə çıxışına, nə də təşəbbüsünə rast gəldik. Onun bir sıra ölkələrə səfərləri də Amerika üçün ciddi nəticələrə gətirib çıxarmayıb. Əhali arasında keçirilən rəy sorğularında Trampın impiçment edilməsini istəyənlərin sayının artdığını görmək mümkündür. Bu prosesin nə zaman baş verəcəyini indidən demək çətindir. Federal Kəşfiyyat İdarəsinin prokurorluğu ilə aparılan tədqiqat işləri çox güman ki, uzun olmayan bir vaxtda başa çatacaq. Əgər Trampın impiçment edilməsinə səbəb kimi göstərilənlər sübuta yetirilərsə, irəli sürülən iddialar həqiqət olarsa, yəqin impiçment başladılacaq. Əks təqdirdə irəli sürülən iddialar sübut olunmasa, o zaman impiçment məsələsindən əl çəkiləcək. Amma görünən odur ki, təkcə Demokrat partiyasının deyil, Trampın mənsub olduğu Respublikaçılar Partiyasının da içərisində də onun impiçment edilməsinə tərəfdar çıxanlar kifayət qədərdir. Hətta keçmiş prezidentlər də bu məsələdə Trampın əleyhinə hərəkət edirlər. Belə demək mümkündürsə, ölkə Trampdan canını qurtarmaq istəyir. Trampın müavini, vitse-prezident Maykl Pens prezident səlahiyyətlərinə üzərinə götürməyə hazır olan bir şəxs kimi davranışlar göstərməkdədir. O hər hərəkətində bunu büruzə verir. Dünya mediasında gedən yazılarda da belə məlumatlara rast gəlmək mümkündür”. (musavat)

İnterpress.az