Sabir Rüstəmxanlı: “Qarabağ boyda bir problemin həll olunmaması sevincin bütün qapılarını bağlayır” – Videobackend

Sabir Rüstəmxanlı: “Qarabağ boyda bir problemin həll olunmaması sevincin bütün qapılarını bağlayır” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Müsavatın əməkdaşı bu dəfə Vətəndaş Həmrəyliyi Partiyasının qərargahına baş çəkib partiya sədri, xalq şairi Sabir Rüstəmxanlının qonağı olub. Onunla hazırki fəaliyyəti, gündəmin əsas mövzuları, xüsusən də prezident seçkiləri və müxalifətin seçki hazırlıqları ilə bağlı mövzular ətrafında söhbət edib.

– Sabir bəy, əvvəlcə sizin fəaliyyətinizdən başlayaq… Necəsiniz, işləriniz, səhhətiniz necədir?

– Hər şey qaydasındadır. Şairin, yazıçının əsas işi yazı-pozudur. Bu işimiz davam edir, yeni yazılar yazılır, kitablarım çap olunur. Növbəsini gözləyən başqa yeni kitablar da var. O cəhətdən rahatam. Bu gün çap olundu-olunmadı fərq etməz, ürəyim istəyəni yazmağa çalışıram. Əhvalımız da cəmiyyətin əhvalına, xalqın əhvalına uyğundur. Dünyada baş verən hər şey bizim içimizdən keçir. Mənim bir şeirim də var – “Zaman məndən keçir”…

Ürəyim bir qaçqın düşərgəsidir,
Keçir körpələrin göz yaşı məndən…

Bir vaxtlar belə yazmışdım. Bütün qələm adamlarının ürəyi əslində bir ötürücüdür. Cəmiyyətin və dünyanın bütün ağrıları oradan keçib gedir.

– Sabir bəy, indi cəmiyyətimizə baxanda daha çox sevinc hiss edirsiniz, yoxsa ağrı?

– Narahatlıq… Gələcəyimizlə bağlı, milli taleyimizlə bağlı, dövlətçiliyimizlə bağlı daha çox narahatlıq hiss edirəm. Qarabağ boyda bir problemin həll olunmaması sevincin bütün qapılarını bağlayır.

– Bildiyiniz kimi, bu ilin 11 aprel tarixində prezident seçkiləri keçiriləcək. Ölkənin siyasi həyatında qaynar bir dövr başlayır. VHP sədri olaraq siz bu prosesdə necə iştirak edəcəksiniz, partiyanız seçkilərə hansı formada qatılacaq?

– Bu elə gözlənilməz bir qərar oldu ki, onun ardınca bizim qərar qəbul etməyə hələ vaxtımız olmayıb. Cəmiyyət üçün də gözlənilməz oldu. Bununla bağlı müəyyən öngörülər də var idi ki, seçki vaxtı dəyişdirilə bilər. Çünki Rusiyada, Ermənistanda seçkilər yazda keçirilir, bizdə isə payızda keçiriləcəkdi. Bu arada bir boşluq yaranır. O boşluq faktiki diplomatik əlaqələr üçün qapalı olur. Ona görə də, bu məsələlərin uyğunlaşdırılmasının özü də bir məntiq idi. Bilmirəm, təkcə ona görəmi seçki aprel ayına təyin olundu? Səbəbləri bizə bəlli deyil. Hansı mülahizələrlə seçkinin vaxtı payızdan yaza doğru dəyişdirilib, bilmirəm. 2025-ci ildə parlament və prezident seçkilərinin eyni vaxta düşməsindən, qonşularla münasibətlərə qədər çoxlu səbəblər gətirilir. Bunların hansı hakimiyyətin bu qərarı qəbul etməsi üçün daha əsas olub – onu da deyə bilmərəm. Əlbəttə, bu həm də müxalifəti qəfildən yaxalamaq, qanunda nəzərdə tutulan 3 ay müddətini növbədənkənar seçkilər üçün 2 ay ilə əvəz etmək idi. Hamımız üçün qəfil oldu. Qərar qəbul etmək çətindir. Təkcə “mən seçkilərə qatılıram, iştirak edəcəyəm”- deməklə iş bitmir. Seçkilərdə iştirak partiya fəaliyyəti üçün çox vacibdir. Ancaq öncədən sonu görərək və sürpriz kimi ortaya çıxan, vaxtdan uğurlu istifadə edə bilməyəcəyini anlayaraq seçkilərə qatılmaq da asan bir iş deyil. Ən azından bunun imza toplamaq prosesi var, texniki tərəfləri var. Bütün bunlar şərtdir və bu şərt mütləq nəzərə alınmalıdır. Ona görə də, biz hələ ki, qərar qəbul etməmişik. Seçkinin yazda, yoxsa payızda olacağı cəmiyyəti o qədər də maraqlandırmır. Bizim kimi siyasi dairələri narahat edir, ancaq cəmiyyət bilir ki, seçki nə ilə nəticələnə bilər.


“Bu gün Azərbaycanın ən böyük dərdlərindən biri sevgisizlikdir”

– Deputat Qüdrət Həsənquliyev müxalifətin seçkilərə vahid namizədlə qatılması ideyasını irəli sürüb. Sizcə, müxalifət seçkiyə necə getməlidir? Vahid namizəd modulu bu dəfə uğurlu ola bilərmi?

– Biz illədir ki, müxalifəti, öz çevrəmizi birləşə bilməməkdə günahlandırırıq. Bu faktdır ki, Azərbaycan müxalifəti öz problemlərini özü yaradıb. Üstəgəl, bu problemlər indi yaranmayıb, təxminən 25 il ərzində yaranıb. Burada şübhəsiz hakimiyyət dairələrinin apardığı açıq və gizli siyasətin də rolu var. Beynəlxalq təşkilatların da təsiri var. Milli xarakterimizin və psixologiyamızın da rolu var. Bəzi başqa maraqlar da rol oynayır. Ancaq fakt odur ki, müxalifət bu gün param-parça bir vəziyyətdədir. Son seçkilərdə dəfələrlə vahid namizəd, birlik çağırışları olsa da, birlik yarana bilmir. Hakimiyyət də bundan çox böyük ustalıqla istifadə edir. Ona görə də bu gün biz hər hansı bir buna bənzər şüarla ortaya düşsək ki, gəlin birləşək və iki ay ərzində bu birliyə nail olaq, vahid namizədlə ortaya çıxaq – bu çox çətindir, hətta mümkün deyil.

Sabir Rüstəmxanlı: "Qarabağ boyda bir problemin həll olunmaması sevincin bütün qapılarını bağlayır" - Video

– Vaxt məsələsini kənara qoysaq, sizcə hazırda müxalifətin birləşmək iradəsi varmı?

– Ötən il bir neçə dəfə ölkənin çox ciddi problemləri ilə bağlı biz partiyamızın qərargahında konfranslar keçirdik. Müxalifət liderlərinin əksəriyyəti də tədbirlərimizə gəldilər. Bu görüşlərdən birinin məqsədi o idi ki, biz tədricən aradakı buzları əridib bir-birimizə yaxınlaşa bilək. Ancaq gördüm ki, çox çətindir. Heç kim öz iddiasından əl çəkmək istəmir, heç kim yaranmış təhlükənin nə dərəcədə böyük olduğunu dərk etmək istəmir. Hər kəs uçurumun dərinliyini görür, hər kəs bilir ki, Qarabağ məsələsi var, bu ölkənin problemləri var. Ölkənin beynəlxalq imici məsələsi var, bu imici dəyişmək lazımdır. Azərbaycanın 1988-ci ildən sonra formalaşmış bir xarakteri var idi – mübariz, demokratik dəyərlərə sadiq bir xalq obrazı var idi. Şərqdə ilk respublikanı yaratmış bir xalq obrazı var. O obrazı bərpa etmək üçün müəyyən bir addımlar atılmalıdır. Bu addımı ancaq bir yerdə atmaq olar, aydın bir taktika ilə. Hər kəs öz iddiasından keçməlidir, incikliyi bir kənara qoymalıdır, milli maraqları əsas götürərək yaxınlaşmağa can atmalıdır. Çox təəssüf ki, bunların heç biri müxalifətə təsir göstərmir. O zaman insanın ürəyində inanmaq istəmədiyin bir çox şübhələr baş qaldırır, həmkarlarının, bir yerdə oturduğun adamların nəyə xidmət etdiyi səni təəccübləndirir. Biz kimin qarşısında borcluyuq, kimin qarşısında öhdəliyimiz var ki, aradakı bu uçurumları dəyinləşdiririk? Bu təkcə siyasi partiyalar arasında deyil. İqtidarla müxalifət arasında yaranmış düşmənçilik özü də Azərbaycanın gələcəyi baxımından son dərəcədə yanlış bir yoldur. Bunun qarşısı alınmalıdır. Hətta dəyişiklik istəyən qüvvələrin özü də, müxalifətin özü də bilməlidir ki, Azərbaycanın gələcək seçkilərində uğur qazanmağın bir yolu da əslində hakimiyyətlə əməkdaşlıqdan keçir. Birbaşa ölkə başçısı ilə olmasa da, o partiya ilə milli problemlərə həsr olunmuş dəyirmi masa arxasında müzakirələr aparılmalıdır. Bu müzakirələr iki yerə bölünmüş bir millətin övladları olaraq aparıla bilməz. Burada hakimiyyət və müxalifət partiyaları bir araya gəlməlidir. Bir vaxtlar dialoq keçirilirdi, həmin ənənələr bərpa olunmalıdır. Gələcək hakimiyyətin təməli hökmən indiki hakimiyyətin içində atılmalıdır. Ondan kənarda olsa, hətta hakimiyyət dəyişikliyi olsa belə gələcəkdə yeni münaqişələr üçün zəmin hazırlanacaq.

– Sabir bəy, yəqin ki, siz də hiss etmisiniz, müxalifət düşərgəsində sanki həm rəqib partiyalara, həm iqtidara, həm mətbuata, həm də cəmiyyətin özünə qarşı bir aqressiya var. İqtidarı anti-demokratik olmaqda ittiham edən müxalifət özü belə mətbuatın kiçik bir tənqidinə dözmür, hücuma keçir. Bu aqressiyanın səbəbi nədir? İllərin uğursuzluğudur, yoxsa?..

– Şübhəsiz ki, bir səbəb illərin uğursuzluğudur. İkinci səbəbi Qarabağda torpaqlarımızı itirməyimizdir. Bu təkcə müxalifəti yox, bütövlükdə cəmiyyəti aqressivləşdirir, insanların içini qəzəblə doldurur. Haqsız məğlubiyyət qəzəb yaradıb. Biz üzbəüz döyüşdə uduzmamışıq, böyük qüvvələrin, Ermənistana yardım edən SSRİ rəhbərliyinin , Rusiyanın təzyiqi ilə torpaqlarımızı uduzmuşuq. Bir vaxtlar Cənubi Qafqazda Azərbaycan torpaqlarında Ermənistan vilayətini quran şimal qonşumuz, ardınca da Qarabağı alıb Ermənistana bağışlamaq xəttini tutub. Bəlkə də Rusiya özü birbaşa qatılmayıb, ancaq dövlətin içindəki erməni hərbçiləri, və ya Rusiyanın siyasətində ciddi rol oynayan erməni əsillilər kömək edib və biz torpaqlarımızı itirmişik. Bütün bunlar, haqsızlıqla üzləşmək, dünyanın ikili siyasəti cəmiyyətdə aqressiya yaradır. Ancaq bunun bir sonu da olmalıdır. Mən illər uzunu iqtidar mətbuatında bir o qədər söyülməmişəm, nəinki müxalifət mətbuatında. Bir-birimizə qarşı bu münasibət nədir? Ona görə insanlar bir araya gəlməkdən qorxurlar. Bir ara bizim partiyanın qərarı da var idi ki, heç bir birliyə qoşulmayacağıq. Çünki birliklər süni şəkildə yaranır, yalançı bir birlik üçün hamı bir araya gəlir, görüntü yaradılır, ancaq arxada yenə hər kəs öz düşmənçilik siyasətini güdür. Sosial mediada milli maraqlarımızla bağlı bir yazı ortaya qoyanda da, daha çox savadsız və cahil şəxslərin təhqirləri ilə üzləşirsən. Bu təhqirlər də daha çox bizim müxalifət düşərgəsindən gəlir.

– Bunun səbəbi nədir?

– Bunların bir hissəsi cahillikdən gəlir. Ancaq bir hissəsi də bilərəkdən, bəzən liderlərinin təhriki ilə, başqası kiçilsin, mən böyüyüm psixologiyası ilə edilir. Bunun da nəticəsi olmaz. Mən bir millətin içində aqressiyanı qəbul etmirəm. Bu bizim gələcəyimiz üçün böyük təhlükədir. Bu il Azərbaycanın Şərqdə ilk olaraq qurduğu Demokratik Cümhuriyyətin 100 illiyidir. Bu cümhuriyyəti quranların tərcümeyi-halı gözümüzün qabağındadır ki, onlar hansı çətinliklərdən keçiblər, necə ağır şərtlərlə dövlət qurublar. Bu gün Azərbaycanın gələcəyini düşünən adamlar öz şəxsi iddialarını bir kənara qoyub gələcəyi düşünməlidirlər.

Bu gün Azərbaycanın ən böyük dərdlərindən biri sevgisizlikdir. Millət bir-birinə sevgisini itirib, bir-birinə salam vermək , halını soruşmaq istəmir. Cəmiyyət sanki gözləyir ki, birinin ayağı büdrəsin və ac qurd kimi onun üstünə tökülsünlər. Rəhmdillik, xeyirxahlıq, mərhəmət hissi zəifləyib. Bütün bunlar siyasətdən uzaq söhbətlər olsa da, siyasi mühitimizin də ab-havasını müəyyənləşdirən məsələlərdir.

– Son vaxtların ən aktual mövzularından biri də AMEA-nın Orfoqrafiya lüğətində dəyişiklik etmək cəhdi oldu. Nədənsə dildə istənilən dəyişiklik cəmiyyət tərəfindən tənqidlə, hətta aqressiya ilə qarşılanır… Azərbaycan Dil Qurumunun rəhbəri olaraq siz bu prosesi necə qiymətləndirdiniz?

(Davamı növbəti sayımızda…)

İnterpress.az