“Kimsənin pulunda gözüm yoxdur” – Adil Əliyevlə “ İşdən Öncə”backend

“Kimsənin pulunda gözüm yoxdur” – Adil Əliyevlə “ İşdən Öncə”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

…Və nəhayət ki, fotoqrafımız Tuncayla Azərbaycan Türk Futbol Klubunun həyətinə gəlib çıxa bildik. Yox biz bura nə idman etməyə, nə də ki, futbol oynamağa deyil, “İşdən sonra” layihəsinin növbəti müsahibi – millət vəkli, Azərbaycan Kikboks Federasiyasının prezidenti Adil Aliyevlə həmsöhbət olmağa gəlmişik. Millət vəklimizin asudə vaxtını necə keçirməsini öyrənib yazmaq üçün işlərinin çoxluğundan “İşdən sonra” yox, “İşdən öncə” görüşəsi olduq.

Məşədi İbad demiş “O olmasın, bu olsun”. İndi bizim üçün də axşam saatları olmasın, səhər saatları olsun.. Əsas odur ki, söhbətləşəməyə müsahibimiz, danışmağa da sözümüz olsun.

Klubun foyesində bizə yaxınlaşan bəyə (yəqin ki kulbun təşkilatı işlərini görən şəxsdir) Adil müəllimlə müsahibə üçün gəldiyimizi bildirik. O isə müsahibimizə gəlişimizi xəbər vermək üçün zala daxil olur. Amma getməmişdən öncə Adil müəllim tez çıxacaq – kəlməsini bizə eşidirdi.
Foyedə ayağımıza baxilləri geyinirik. Elə bu sakitçiliyi fotoqrafımız Tuncayın məncə bu gün müsahibə olmayacaq kəlməsi pozdu.

Mən: Niyə?
Tuncay: Nə bilim. Oğlanın jestindən, sözündən başa düşdüm
Mən: Yox, olacaq.
Baxillərinimizi geyinib məşq zalına keçdik. Adil müəllimin istifadə etdiyi qaçış avadanlığı tərəfə yol aldıq.
Tap-tap-tap, tap-tap-tap, tap-tap-tap, Tap-tap-tap, tap-tap-tap, tap-tap-tap,

-Salam, Adil müəllim

Əleyküm salam

-Necəsiniz?

Yaxşıyam çox saq olun.
Qan-tərin içində olan müsahibimiz anidən ona zəng gəldiyini, Milli Məclisə tələsdiyini və dar bir zaman çərçivəsində bizimlə həmsöhbət olacağını qeyd edir. Ona görə vaxtı çox uzatmayıb birbaşa olaraq müsahibəmizə keçid alaq.

-Adətən günə necə başlayırsınız?

Günə idmanla başlayıram.

-Daha çox sağlamlıq üçün idman edirsiniz? Yoxsa bu peşəkar fəaliyyətinizin təlabatından irəli gəlir?

İdmanla məşğul olmaq hər birimizin həyat tərzi olmalıdır. Bir baxın ekologiyamız, qidalarımız nə qədər zərərli olub. Buna görə idmanla məşğul olmalıyıq. Gənc yaşlarda insanlar hiss etmirlər. Amma yaşa dolduqca, gənclik illərində idmanla məşğul olmadığımızın fəsadlarını görürük. Xüsusən də, bu ağrılar 40-45 yaşdan sonra orqanizmdə özünü biruzə verir. İdman bir çox zərərli ağrıları aradan götürür. Damarların təmizlənməsi, qan-damarın sisteminin yaxşlı işləməsi işini asanlaşdırır. Özümdə də diz ağrıları kimi müəyyən ağrılarım vardır.

-İdmanla “dostluğunuz” nə zamandan başlayıb?

Mənim idmanla dostluğum orta məktəbdən başlayıb. Bakı İdman Təmayüllü internat məktəbini bitirmişəm. Buranı məhz idman peşəsinə sahib olmaq üçün oxumuşam. İnternat məktəbində oxuyanda idmanın cüdo növü ilə məşğul oldum. Hələ məktəb vaxtından klub və respublika birincisi olmuşam. Orta məktəbi bitirəndən sonra da peşəkar yarışlarda iştirak etməmişəm. Mənim təhsil aldığım ali məktəbdə cüdo yox idi. Əlbəyaxa döyüş növü vardır. Burada cüdonun da fəndlərindən istifadə edirdim. Deyim ki, peşəkar idmançı olmuşam, o yalan olar. Ancaq idmanı tərk edən idmançılar arasında dünyada oyunları keçirilir ki, məhz o yarışlara qatılmışam. Dünya oyunlarında kikboksun WKP, WK, WP versiyaları üzrə yarışlarda iştirak edib, iki dəfə qalib olmuşam.

-Axırıncı dəfə döyüş meydanı üzərinə nə zaman çıxmısınız?

"Kimsənin pulunda gözüm yoxdur" - Adil Əliyevlə “ İşdən Öncə”

2016-ci ildə Dünya Oyunları Festivalında çıxmışam.

-Gündəlik məşqlərdə ancaq qaçırsınız, yoxsa başqa alətlərdəndə istifadə edirsiniz?

Yox başqa alətlərdən də istifadə edirəm. Sadəcə indi tələsirəm deyə, ancaq qaçış edəcəm. Dediyim kimi Milli Məclisə getməliyəm.

-İdmandan sahəsindən polis rəisi vəzifəsinə gedən yolunuzu necə izah edərdiniz?

Mən birinci hərbi ali təhsil almışam. Ondan sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişəm. Bu sahədə çalışan insanlar məcburən həftədə 2 dəfə idman günləri və dərsləri olur. Daxili İşlər Nazirinin əmri ilə bu sahədə çalışanlar məcburi olaraq idmanla məşğul olmalıdır. Çünki qarnı yekə polis kimə lazımdır? Hansı cinayətkarı tapıb onu saxlaya bilər? Bu baxımdan müvafiq qurumlar idmana çox önəm verir. Yəni mən bu sahənin də təhsilini almışam. Polis kimi çalışdığım ilk işim Nəqliyyatda Su Polis İdarəsində serjant vəzifəsi olub. Ondan sonra müxtəlif şəhər, rayon polis bölmə və şöbələrində çalışmışam. Axırıncı dəfə isə Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi olmuşam

-Bu gün qarnı yekə polislərimiz çoxdur?

Əvvəlki illərə baxanda azalıb.

-Heç olub ki, bağlı qalan cinayətlər olsun?

Belə ola bilər ki, bir şəxs oğurluq edib, qaçıb gedib. Və onun izi araşdırılır. Bu araşdırmanın aparılması müddətində cinayətkarın tapılması uzanır. Ya da, bir də görürsən bir neçə cinayətin üstü birdən açılır. Bir şəxs bir neçə oğurluq hadisəsi edib, tutulandan sonra hamısın boynuna alır.

-İdmançı, rəis, yoxsa millət vəkili və ya siyasətçi olmaq bu adların hansı sizə doğmadır, yaxındır?

Mən harada olmuşamsa o sahədə vicdanla çalışmışam. Tale insanı oradan – ora, burada-bura atır. Bu Allahın mənim üçün yazdığı bir taledir. Hansı sahədə oluramsa olum, özümü qarşımdakının yerinə qoymuşam. Bu əsas şərtdir. Yəni vicdanla görülən bütün işlər mənə doğmadır, əzizdir.

-Şərurda necə bir ailədə böyümüsünüz?

Sadə, çox sadə bir ailədə doğulub böyümüşəm. Ailədə 8 uşaq – 5 qardaş 3 bacı olmuşuq. Mən evin balaca övladıyam. Yeddinci sinifə kimi Şərurda yaşamışam. Yaxşı ki, mən belə bir ailədə böyümüşəm.

-Bu gün Adil Əliyev olmağınızda kimin zəhməti böyükdür?

Allaha çox şükür olsun ki, Adil Əliyev kimi milyardlarla dünyaya gəlib gedən insanlar arasında mən də varam. Təbii ki, vasitəçi kimi valideynlərimə borcluyam. Böyük qardaşlarımın da əməyi böyükdür və danılmazdır.

-Adil müəllim qeyd etdiniz ki, 5 qardaş olmusunuz. Onların da hərəsinin öz yolu var. Hər kəs bir vəzifə sahibdir. Heç olub ki, sözün yaxşı mənasında qardaşlarınızın sizdən bir pillə üstün olmasına qibtə etmisiniz?

Bizdə böyüyə hörmət var. Mən onların hər zaman kiçik qardaşıyam. Nə qədər ağılda, yaşda böyüsəm də onlardan üstün ola bilmərəm. Tale elə gətirə bilər ki, vəzifədə üstün ola bilərəm. Amma bu hər şey demək deyil. Vəzifə bu gün var, sabah yoxdur. Bizim ailəmizdə, elimizdə, obamızda böyüyə həmişə hörmət olub. Və bu dəyəri hər zaman qoruyub saxlamışıq.

-Hərbi xidmətdə olmusunuz?

Mən Orta məktəbi bitirəndən sonra öncədən dediyim kimi beş il Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasında oxumuşam. Rusiyanın bütün dənizlərində, okeanlarında təcrübədə olmuşam. Ondan sonra bir il yarım Xəzər Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət etmişəm.

-Adil müəllimlə həmsöhbət olduğumuz müddətdə onun mülayim xasiyətli biri olduğunu düşünürəm. Bu mülayimliyin içərisində sərtliyi də gözümüzdən qaçmadı. Düz sezmişik?

İnsanda hər şey olmalıdır.

Yeməyin yağı-duzu olmadan o dadlı ola bilməz ki? Nə gərək çox şirin olasan ki, səni “lokum” kimi hop edib yesinlər, nə də ki, acı olmamaılsan ki səni götürüb kənara qoymasınlar.

Düzdür, hamı üçün çox yaxşı adam olmaq çox çətindir. Kənardan qınayanlar çox olur. Ay nə bilim, millət vəkilləri dövləti dağıdırlar, bizim pulumuzu yedilər. Vallah öz adıma deyim ki, kimsənin pulun yeməmişik. Nə də ki, kimsənin pulunda gözümüz yoxdur. Verən Allahdır. Amma hər bir vətəndaşın bir vətəndaşlıq borcu var. Hər gün restoranlar ağzına kimi doludur. Yeyib-içirlər. Tanıdığım adamları deyirəm. Hələ bir dəfə eşitməmişik ki, bir tələbənin təhsil haqqın ödəsinlər. Bir kasıba əl tutsunlar. Bir də bir söz deyim. Mən milli düşüncədə olan insanların acıyam. Elə həmişə kimisə pisləyirlər. Nə olar ki sən də gücün çatdığı qədər bu dövlətə dəstək olasan? O qədər ölkə xaricində yaşayan imkanlı insanlar var ki, birinə əl tutam kimi onu əldə bayraq edilər. Bir dəfə kömək etmək kifayət deyil. Hər zaman etmək lazımdır. Bu imkanlılar ancaq imkanlının toyuna yasına gedir. Bir imkanlı şəxs vəfat edəndə digər imkanlı şəxsin bütün qohum-əqrabası onun yasına tökülüb gəlir. Amma aralarında bir kasıbın bir cümə axşamını verən yoxdur. Hamı elə varlının xeyrinə-şərinə getməyə maraqlıdır. Hamı gözləyir ki, hər şeyi dövlət edəcək. Yaxşı, idmançıya dəstək olmaq, gedib onun başının üstündə bir əl çalmaq, bu da varlı olmaq tələb edir? Etmir. İdmançı görəndə ki, onun vətəndaşı ona dəstək üçün gəlib, onda o da sevinir.

-Adil müəllim bizdə çox varlılar var, bir də çox kasıblar. Orta təbəqə yoxdur. Bu fikirimlə razısınızmı?

Yox, orta təbəqə var. Sadəcə olaraq orta təbəqə ortaya çıxmaq istəmir. Orta təbəqə elə bilir ki, onlar da varlılar kimi olmalıdır. Daha fikirləşmir ki, öz imkanına uyğun, kasıbın, xəstənin, əsgər yanıda olub ona kömək edə bilər. Təəssüflər olsun ki, insanlarımız “ver yeyim, ört yatım” düşüncəsindədirlər.

-Bu gün ki güzəranımızdan razısız?

Niyə də razı olmayaq? O narazı olanlar xarici qüvvələrdən qidalananlardır. Onlar heç bir işin-gücün, ağlın sahibi deyillər. Desən ki, bu ölkə üçün nə etmisən? Heç nə!!! Saxta insanlarımız çoxdur.

-Saxta insanlarla çox rast gəlirsiniz?

Saxta insanı istənilən bir hərəkətindən tutmaq olur ki, bu maraq adamıdır. Mən onların hamısının saxtakar olduğunu başa düşürəm. Sadəcə olaraq onların hamısını düzəltmək iqtidarında deyiləm. Elə bir səlahiyyətim də yoxdur ki, onları günahlandırım. Düz sözü deyəndə də inciyib küsürlər. Hansısa bir problemlə bağlı zəng edəndə minnətlə kömək edirlər. Hansı ki, bu iş onun vəzifəsidir. Bu baxımdan problemlərimiz çoxdur. İcra hakimiyyətinə ya başçısına zəng edirsən özün qaldırıb dağın başına qoyur. Öz İcra Hakimiyyətimizin baçşısı çox yaxşıdır. Daim seçicilərlə, vətəndaşlarla biz millət vəkilləri ilə əlaqədə olur. Amma elə olur ki, başqa bir vətəndaş üçün heç bizim seçicimiz deyil, onun problemi ilə bağlı zəng edirsən səni borclu çıxarır. Onlar elə bilirlər ki, özləri tənqid edə bilərlər, amma onları tənqid etmək olmaz.

-Şeçicilərinizlə münasibətiniz necədir? Onlarla necə çalışırsıznız?

Şeçicilərimlə münasibətimiz çox yaxşı. Dostlarımızın 90%-i mənim seçicilərimdir. Aralarında inciyənlər ancaq oğlumu və ya qızımı filan yerə işə düzəlt deyənlər ola bilər. Nazılıqları ancaq bu baxımdan ola bilər.

-Azərbaycan Kikboks Federasiyasında işləriniz necə gedir?

Bu günlərim bizim vətəndaşlarımız elə idmançılar da daxil olmaqla çoxları idmana idmançılara dəstək məsələsində şan – şöhrət üçün edir. İdmanımızın inkişaf etməsində düzgün siyasət həyata keçirmirlər. Düzgün siyasət aparılsa daha çox idmançı yetişdirmək olar. Məsələn, mən öz idman növümü inkişaf etdirirəm. Klublar açırıq, klublara dəstək veririk, idmançılara seminarlar keçiririk. Başqaları isə bizim bu təbliğatda istifadə edir.

-Hansı federasiyanı nəzərdə tutursunuz?

Azərbaycan Budo Döyüş Növləri deyilən qondarma federasiya var. Öz idman növlərinin mahiyyətini bilmirlər. Elə görürlər hansı idman növü populyardır tez o idman növünü də öz adlarına çıxırlar. Onlar kimi olmağa çalışırlar. BUDO yarış keçirir. Nə yarışıdır? Kikboks… Kikboksun BUDO-ya nə adiyyatı var?

Müsahibimizin qaçış saatı bitdi. Milli Məclisdə olacağı zaman isə yavaş-yavaş yaxınlaşır. Qaçış alətindən düşüb formasın dəyişməyə gedir. Bu arada idman zalının foyesində Tuncay və məni çaya dəvət etdilər. Bu dəvət üçün təşəkkür edib boğazımızı yaşladıq.

Mən: Tuncay, gördün oldu müsahibə
Tuncay: Hə, amma tələsir də. Görürsən düz hiss etmişəm.
Adil Əliyev: Hə, gəlin gedəyin.

Söhbətimizin yarısını da yolda – maşında davam edəcəyik. Üzü Milli Məclisə doğru yol alırıq.
Faydasız federasiyaların çox olmağından danışırdıq.

Hə, çoxdur. Ailə üzvlərindən ibarət bir komandası olur. Belə fəaliyyət göstərirlər. Mənim onların işində-gücündə bir işim yoxdur. Adını federasiya qoymusunuzsa, bunu inkişaf etdirməlisən. Bacarmırsansa, qoy bu işi bacaran adamlar etsin.

-Öncə belə bir ifadə işlətdiniz ki, insanlar deyirlər ki, bəzi millət vəkilləri və ya məmurlar xalqın pulun yeyirlər. Haqlı irad deyil?

Millət vəkili “Mercedess”də gəzirsə demək bu rüşvətxordur? Nə bilim onun villası varsa o xalqın pulun yeyir. Millət vəkili bu rüşvəti hardan aldı? Kim verdi? İstəsə də ona verən yoxdur. Millət vəkilinin nə səlahiyyəti var ki? Hər “Mercedess” sürən insanlarımızın gözünə məmur kimi görsənir. Bakı ətrafında ən kasıb adamlar belə özünə villa tikiblər. Bunların hamısı məmurdur? Öz ağlına güvənən insanların iş-gücünün olması normaldır.

-Sizin özünüzdə vəziyət necədir? Biznesiniz var?

Mənim sahəm idmandır. Mənim peşəkar zallarım, fitness mərkəzlərim var. Bizim biznesimiz, idmanımızdır.

Bu arada Fotoqrafımız Tuncayın da ürəyi yaman dolu imiş. Bakı çempionu olub dünya çempionuna getmək istəyən idmançılarla bağlı belə bir sual ünvanladı.

– Deyirlər xaricdə beynəlxalq yarışlarda iştirak edən idmançılardan pul istəyirlər ki, həmin yarışa qatıla bilsin. Bu nə dərəcədə doğrudur?

Bu gün idmançılarımıza elə bir şərait yaradılıb ki, ölkə xaricinə çıxa bilirlər. Gürcüstanda, İranda keçirilən saxta dünya çempionları yarışları çoxdur. Burada Bakı Çempionu ola bilməyənlər Gürcüstanda dünya çempionu olub gəlir. Belə saxta idmançılar çoxdur. Dünyanın ən inkişaf etmiş Kikboks Federasiyası WAKO-dur. Gənclər və İdman Naziri WAKO-nun da nəticələrini bəzi halda nəzərə alımır. Çünki, uşağın çəkisində 8 nəfər olmalıdır. Onun çəkisində 5-3 nəfər var.İndi bu uşağın günahı deyil ki? Yəni çəki dərcəsinə görə problem olur. Qaldı ki, siz dediyiniz məsələyə federasiyalar ağılsız deyilər ki, başqa ölkədən idmançılar gətirirlər. Gətirdiyi adamı yerli idamançı udsun. Təbii ki, o yerli idmançını götürüb aparacaqlar.

– Başqa ölkədən gətirilən idmançının bizim idmanımıza müsbət və mənfi təsir edən tərəfləri nədir?

Bunun müsbət tərəfi çoxdur. Biri var dünya çempionatında həmin o güclü rəqiblə üzləşirsən. Biri də var o sənin evinin içindədir. Onun gətiriblər ki, sən onla güləşəsən. Artıq sən evində uduza bilirsən və görürsən ki, sən ondan zəifsən. Daha çox hazırlaşmalısan. Mənfi tərəfi isə budur ki, o bizə müvəqqəti gəlir. O sənin ölkədən canla – başla bayrağını dalğalandırmır. Sənin pullarını götürür, maaşını, mükafatını alır çıxıb gedir. Bizə isə ancaq o legionerdən öyrəndiklərimiz qalır. Ən inkişaf etmiş ölkələr də legionellər gətirlər.
Tuncaydan növbəti sualı isə belə oldu:

-Gənclər və İdman Naziriliyi Federasiyalara malliyyə baxımdan necə dəstək olur?

İdman və Gənclər Nazirliyinin qapısı bizə həmişə açıqdır. İmkanları daxilində kömək edirlər. Bir problem var ki, Olimpiya istiqamətli idmanın büdcəsi qeyri-olimpiya yönlü idman növündən daha çoxdur. Nə qədər maliyyə ayırsalarda düzgün siyasət qurmasan öz idman növünü inkişaf etdirə bilməyəcəksən.

-Adil müəllim neçə övladınız var?

İki oğlum bir qızım var. Oğlumun biri Bakı Dövlət Universitetinin Tarix fakültəsində, qızım isə Tibb Universitetində, digər oğlum isə 8-ci sinifdə oxuyur.

-Üç övladdan daha çox xarakatercə hansı Adil müəllimə bənzəyir?

Qızım…

Gəlib Milli Məclisin qarşısına çıxdıq. Müsahibimiz Milli Məclisdə olan görüşünə də bir balaca gecikib. Maşından düşənda fotoqrafımız ayağımızdakı baxilləri işarə edir ki, çıxardaq. Başımız söhbətə elə qarışıb ki ayağımızdan baxilləri çıxarmağı da unutmuşuq. Bu mimikamız müsahibimizində gözündən qaçmır:
…Hə çıxardın sonra kənardan görən olar deyəcəklər millət vəkilli jurnalistləri maşınına baxillə mindirir ki, maşını batmasın deyib tələsik pilləkanları yuxarı qalxır.

Biz isə müsahibimizin bu zarafatına gülməyə başladıq. Yaxşı sonluq idi gülə-gülə ayrıldıq. Nə də olmasa “Axı dünyanı gülüş xilas edəcək”

Söhbətləşdi: Gülşanə Mustafayeva
Fotoqraf: Tuncay Türbəndəzadə

İnterpress.azhttps://youtube.com/watch?v=PYUl_l32XeE