Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Fazil Mustafa: “Bu il siyasi motivlə həbsdə heç kim qalmamalıdır”

Əliməmməd Nuriyev: “Nə qədər ki, müəyyən dairələr var, bu məsələ bağlanmayacaq”


Dərc edilib: 26 fevral 2018 [09:02]
Baxış sayı: 12843

“Bu yaxınlarda böyük bir əfv sərəncamı olacağı gözlənilir”. Qeyd edək ki, ölkə vətəndaşlarının ümidlə gözlədiyi bu açıqlamanı parlamentin son iclasında spiker Oqtay Əsədov bildirib. Spiker onu da əlavə edib ki, əfv sərəncamını imzalamaq cənab prezidentin müstəsna hüququdur: “Amma Əfv komissiyası gərgin işləyir”.

Xatırladaq ki, 2018-ci il Azərbaycanda “Xalq Cümhuriyyəti İli” elan olunub. Maraqlıdır, Cümhuriyyət ilində siyasi məhbus mövzusu bağlana, əfv olunanların siyahısı siyasi məhbus sayılanlara da şamil oluna bilərmi?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışdı: “Prinsip etibarı ilə əfvin Novruz Bayramında, Amnistiya aktının isə Cümhuriyyətin 100 illiyi ilə bağlı olacağı gözlənilir. Əslində belə də olmalıdır. Lakin təbii ki, burada beynəlxalq təşkilatlarda bu və ya digər adlarla tanınan, o cümlədən siyasi, vicdan və müxtəlif adlarla, haqlı-haqsız sayılan şəxslərin azadlığa çıxması lazımdır. Yəni o baxımdan ki, ölkəyə bu adlarla təzyiqlərin göstərilməsinin bir mənası yoxdur. Sanki hakimiyyətdə oturub düşünürlər ki, o adamları məqsədyönlü məşhurlaşdıraq. Elə adamlar var ki, məhbəsdən çıxdıqdan sonra varlıqları bilinmir. Onların cəmiyyətə verdiyi söz, mesajlardan əsər-əlamət qalmır. Amma həbsxanalarda həmin insanlar böyük hay-küy, çığır bağır salaraq obraz yaradırlar. Bütün bunlardan qurtulmaq lazımdır, süni şəkildə onları şişirtməyin nə mənası var? Qoy buraxılsınlar, azadlıqda öz fikirlərini bildirsinlər. Bu baxımdan düşünürəm ki, bu addım atılmalı, qəti şəkildə bu motivlə həbsdə heç kim qalmamalıdır. Bununla da məsələnin normal hüquqi məcrada çözülməsi, problemlərin həll olunması cəmiyyətdə həm də vətəndaş uzlaşmasına, həmrəyliyinə fayda verə bilər”.

Fazil Mustafa məsələnin çözülmə ehtimalının böyük olduğunu dedi: “Artıq prezident seçkiləri də başlayıb. Düşünürəm ki, həm reytinq, həm də cəmiyyətin də məsəldə anlayışı baxımından yerində olan addım olardı”.

Fazil Mustafa: “Bu il siyasi motivlə həbsdə heç kim qalmamalıdır”


Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevin sözlərinə görə isə, siyasi məhbus anlayışının bağlanmasından söhbət belə gedə bilməz: “Nə qədər ki, müəyyən dairələr, yəni istər Qərbdə, istərsə də Azərbaycanda onların yandaşları var, siyasi məhbus anlayışının bağlanmasından söhbət belə getməyəcək. Hər dəfə onlar yeni bəhanələrlə yeni-yeni şəxsləri bu adla adlandırmağa cəhd edəcəklər. Müəyyən dairələr, şəxslər bunsuz yaşaya bilməz. Çünki bu, onların maddi gəlir mənbəyi, eyni zamanda siyasi təzyiq alətidir”.

Mövzu ilə bağlı artıq 5 ildir həbsdə olan, REAL Hərəkatının lideri İlqar Məmmədovun xanımı Vəfa Məmmədovanın də rəyini öyrəndik. V.Məmmədova böyük əfvə ümid etmədiyini dedi: “Deyilənə görə, mart ayında genişmiqyaslı əfv olacaq. Lakin İlqar Məmmədovun bu əfvə düşəcəyi ilə bağlı ümidimiz yoxdur. Əgər o, əfv olunsaydı 5 il ərzində bu baş verərdi. Lakin biz bunu görmədik və bundan sonra da baş verəcəyinə ümid etmirik. Prezident seçkilərindən sonra amnistiya olacağı da deyilib. Bəlkə də İlqar amnistiyaya düşə bilər. Bildiyiniz kimi, o, əfvlə bağlı ərizə yazmır. Ola bilər ki, bəlkə də amnistiyada əfv olunar. Lakin qeyd etdiyimiz kimi, elə böyük ümidimiz yoxdur”.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201