Müxalifətin birgə mitinq məyusluğu – Növbəti iflasbackend

Müxalifətin birgə mitinq məyusluğu – Növbəti iflas

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Söhbət müxalifətin bugünkü mitinqindən gedir. Bir aya yaxındır ki, hər cür vasitə ilə mitinqə çağırışlar etdilər. Nə gecə dedilər, nə gündüz, sanki ölkə “batır”, əhali “boğulur”, “onların tək xilası mitinqə gəlməkdir” deyə, hay-şüvən saldılar. Üstəlik, bütün müxalifət cəbhəsinin təmsilçiləri birləşdi, çəkici bir zindana döydü, guya!

Müxalifətin internet \”taktikası\”

Yəni olmayan “qüvvələrini” birləşdirdilər. Nəticə: Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılan və Məhsul stadionunda nəzərdə tutulan toplantı saat 15:00-a təyin edilmişdi. Saat 15:30, hələ də stadionda seyrəklik idi. Bunu dilə gətirə bilməyən muxalifət internetin kəsilməsini iddia edərək guya ərazidən heç bir canlı yayım edə bilmədiklərini bəyan etdilər. Halbuki, sözügedən ərazidə internetlə bağlı heç bir problem yaşanmayıb. Səbəb bəllidir, havadarları qarşısında verəcəkləri hesabatda bu məsələ xüsusi vurğulanacaq, ona görə hələ mitinq başlamadan öncə belə bir panikanın yayılması gözlənilən idi. Müxalifətin praktikasında bu cür “taktikalar”dan çox istifadə edilib.

Az keçmir müxalifət lideri Əli Kərimli komandası ilə gəlir. Amma bu anı heç biri qaçırmır, nədənsə hər kəsin telefonunda yüksək sürətli internet olur və “lider”lərini canlı yayımda alqışla qarşılayırlar.

“Stadion dolar”-deyə, düşünənlər də yanıldı

Əlqərəz, bir az da keçir və məlum olur ki, neçə günün bəlağətli çağırışlarına rəğmən bu mitinq də əvvəlkilərdən heç nə ilə fərqlənmir. Azından, “stadion dolar” deyə düşünənlər də yanılıbmış. Bu da dağıdıcı müxalifətin birgə mitinqi…

Ümumilikdə, müxalifətin mitinq keçirməyinə heç kimin iradı və ya etirazı yoxdur. Ürəkləri nə qədər istəsə mitinq keçirib ürəklərini boşalda bilərlər. Çünki onlar demokratik dəyərlərə kifayət qədər hörmətlə yanaşılan bir ölkədə yaşayırlar. Mitinq keçirmək, sərbəst toplaşmaq hər kəsin hüququdur. Bu səbəbdən də mitinqin keçiriləcəyi yer və saat Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılıb.

Muxalifətə inam və etibarın olmadığı növbəti dəfə sübut olundu

Amma hamıya yaxşı məlumdur ki, dağıdıcı müxalifətdə təmsil olunan partiya və digər birliklər 20 ildən artıqdır ki, Bakıda aksiya, piket, mitinq və digər toplantılar keçirirlər. Onların uğursuzluğu ondadır ki, hər belə nümayişlər zamanı daha da kiçilir, özlərini daha çox biabır edirlər. Təsəvvür edin, bütün müxalifət cəbhəsindən “Məhsul” stadionuna vur-tut min beş yüz adam gəlib. Əksəriyyəti də öz qohum-əqrəbası, tanış, bilişi. Elə bu faktın özü Azərbaycan xalqının nə “Milli Şura”ya, nə də AXCP sədri Əli Kərimliyə inam və etibarının olmadığının əyani sübutudur. Özlərini ana müxalifət adlandıran bir neçə “lider”in arxasınca 1500 nəfər gəlirsə, bunun nəyi ana müxalifətdir? Heç “bala müxalifət” də deməyə adamın dili gəlmir.

Bu adamları nə hakimiyyət, nə millət, nə də dövlət maraqlandırır

Gələk əsas məsələyə, müxalifətin məqsəd və məramına. Şübhə yoxdur ki, bu adamları nə hakimiyyət, nə millət, nə də dövlət maraqlandırır. Sadəcə, hər fürsətdə bir şou yaratmaqla havadarları qarşısındakı öhdəlikləri tamalamaq və bunun qarşılığında başlarını dolandırmaqdır. Bunun həqiqət olduğunu dəfələrlə dəqiq faktlara əsasən mətbuatda dərc olunan məqalələr də isbatlayır. Belə olmasaydı, adama deyərlər ki, prezident seçkilərində iştirak etmirsən, yəni məğlub olacağını görüb imtina etmisən, o zaman kim üçün, hansı marağın üçün mitinq edirsən? Deməli, bu adam heç vaxt prezidentlik iddiası belə olmayıb.

Şəxsi maraqlar daim öndə

Bu günə kimi Əli Kərimlinin Avropada yaşamaq istəyənlərə saxta partiya arayışı verməsi ilə bağlı çoxlu sayda faktlar yazılıb. Qarşı tərəfin isə bunlara heç bir tutarlı cavabı yoxdur. O, bu yollarla ən yaxın qohumlarını, yerlilərini hələ bir neçə il bundan öncə Fransada, Hollandiyada yerləşdirə bilib. Çox ehtimal ki, bu gün keçirilən mitinqdə də Avropaya getməyi həsrətlə gözləyən iştirakçılar olub. Odur ki, xırda-xuruş “təxribatlar” qaçılmazdır. Bunun tüstüsü yaxın günlərdə çıxacaq.

Qarşıdan Prezident seçiləri gəlir. Odur ki, dağıdıcı müxalifətin budəfəki mitinq ətrafında canfəşanlığı başadüşüləndi. Üstəlik, erməni lobbisi bu işə xüsusi maya buraxıb. Belə “yemi” əldən buraxmaq olmaz…

Elgün Mənsimov
İnterpress.az