“Siz kimin əmisi oğlusuz, cənablar?!” – Deputatdan Avropalı müşahidəçilərə ağır cavablar!backend

“Siz kimin əmisi oğlusuz, cənablar?!” – Deputatdan Avropalı müşahidəçilərə ağır cavablar!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrad: “Prezident seçkiləri məhdudlaşdırıcı siyasi mühitdə: yəni həqiqi demokratik seçkilərin keçirilməsi üçün tələb olunan əsas hüquq və azadlıqların məhdudlaşdığı çərçivədə baş tutmuşdur.”

Cavab: “Demokratik seçkinin həqiqi və qeyri-həqiqi növlərə bölünmə faktına, ümumən belə bir təsnifata Beynəlxalq praktikada ilk dəfədir rast gəlinir. Hüquq leksikonunda və siyasi ritorikada “azad”, “qismən azad”, “qeyri-azad” ifadələrinin alternativi yoxdur. Bu təxminən instinktiv bir protokoldur. Məlum şəbəkə və sapı özümüzdən olan balta- “işverənlər” tərəfindən hazırlanan, təqdim olunan sənədin tərcüməsi isə necə sinxron + tələsik edilibsə sözlər belə yerinə oturmayıb. Anlaşılansa budur: Avropanın “ümumbəşər cangüdənləri” seçki keçirilən ölkənin vətəndaş cəmiyyətlərinə, siyasi kuluarlarına emissar, agent yerləşdirə, sızdıra biləndə seçki olur- həqiqi demokratik. Yerləşdirə bilməyəndə isə – qeyri-həqiqi demokratik. Ya da söhbət yəqin Suriyada, İraqda, Liviyada tətbiq elədikləri “azad seçki mühitindən” gedir, sadəcə biz mövzunu anlamaqda “fransız” qalmışıq.

İrad: “Bəzi müxalifət Partiyaları seçkinin rəqabətsiz mühitdə keçirildiyini əsas gətirərək seçkini boykot etmişlər”

Cavab: “Bəzi…ugursuzlar öz rüsvayçı məğlubiyyətlərini əvvəlcədən görərək seçkiyə qatılmamışlar” – deyək, daha doğru olsun. Ayrıca, boykot anlayışı özündə hərəkətsizliyi ifadə edir. Hərəkətsizlik isə müzakirə olunmur. Qatılaydılar, izləməyə alaydınız – səs toplama, qeydiyyat, səsvermə prosesini. Seçkidə iştirak etməyən məchul qüvvənin digər namizədlərlə rəqabətini, həmin rəqabətin miqyas intervalını hansı meyarla təyin etdiniz? Rəqabətli mühit üçün siyasi hakimiyyət neyləməli idi ki, etmədi? Rəqiblərinin əvəzinə imzamı toplamalı idi, təşviqatmı aparmalı idi, yoxsa nə? Bizim (daha doğrusu sizin!) o “bəzi müxalifətçilər” əslində virtualçılardi, cənab Avropalılar! Bütün fəaliyyətləri də müzakirə, sivil mübarizə, debat, seçki üzərindən deyil, kompüter monitoru, imitasiya, xaricdən gələn təlimatlar, danos üzərindən nizamlanır. Və onlar bir tək seçkini deyil, kişi kimi mübarizəni, qanunun aliliyini, hüququ, ən nəhayət: haqqında danışdığınız əsl rəqabəti də boykot ediblər. Boykot onların ruhudur, təbiətidir, natamamlıq kompleksindən doğan nəticədir, özünütəsdiqin yalnış metodudur, qabaqdangəlmişlik üsuludur! Onlar 25 ildir boykot “modundadırlar”.

İrad: “Müxalifət Partiyalarının seçkini boykot etmə haqqında qərarı seçki administrasiyasına olan inamsızlıqdan irəli gəlir”.

Cavab: “Əvvəla müxalifət partiyaları yox, bəzi müxalifət partiyaları. İkincisi…inamı bərpa eləməyin yolu nədir? – onu deyin. Seçki administrasiyasındakı şəxslər bir- bir andmı versinlər, mərcmi gəlsinlər, müqəddəs kitablara əlmi bassınlar? Nə absurddur bu? Özünə hörmət edən qurum(lar) müşahidə rəyində belə abstraktlığa necə yol verə, imza ata bilər? İnamın hüquqi zəmində araşdırılması, aşılanması, tənzimlənməsi, motivasiyası hansı müddəa, məcəllə, Konvensiya ilə tənzimlənir? \”İnanmır, inandığı vaxt gələr. Siyasi hakimiyyətin vəzifəsi inamı deyil, münbit siyasi şəraiti yaratmaqdır. Və bildiyim qədər seçki məcəlləsində – müxalifətdəki rəqiblərin psixoloqla təmin edilməsi, onları pessimizmdən uzaq tutacaq təlqinlərin, tədbirlərin həyata keçirilməsi haqda da heç bir imperativ norma yoxdur.”

İrad: “Digər namizədlər vəzifədə olan Prezidentə qarşı əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkiniblər”

Cavab: “Namizədin vəzifəsi əks mövqe nümayiş etdirməkdən öncə, öz mövqeyini sərgiləməkdir – cənablar! Etməyiblər, lap əllərinin içindən gəlib. Könülləri belə istəyib! Məcburmu idilər? Seçkinin şəffaf, düzgün keçirilməsi ancaq dava-şavanın, qırğın-qiyamətin, düşmən münasibətlərinin var olduğu müstəvidəmi reallaşır? Normal, intellektual, qarşılıqlı hörmət zəminində keçirilən seçki – seçki hesab olunmurmu? Ələlxüsus da, şəxsən mənə çox maraqlıdır: Bu bənddə kimin marağı ifadə olunub? Xalqınmı, digər namizədlərinmi yoxsa qalibinmi? Bəlkə tənqid eləmək istəyən olub və müşahidə missiyasına xəbər edib, irad bildirib ki, imkan vermirlər? Ya da Yeni Azərbaycan Partiyasından kimsə tənqid olunmamaqla bağlı narazılıq ifadə edib? Nə mükalimədir bu, ümumiyyətlə? Boykotçularınmı ərzidir yenə? Gələydilər, cəsarətləri çataydı, sözlərini deyəydilər. Söyüş mafiyasına sığınınca, efir məkanına sığınaydılar. Üstəlik, “tənqid duellosu” sifarişlə, arzularla deyil, zərurətlə yaranır “əzizlərim”. Ona ya ehtiyac var ya da yox. Bu “Minsk Qrupu”nun fəaliyyəti deyil ki, 20 il boyunca imitasiyası mümkün olsun. Bu fərdlərin daxili münasibətidir, qısa təbliğat dövrünü əhatə edir, detalları da özləri müəyyənləşdirir”

İrad: “Ümumiyyətlə kampaniya məhdud ictimai maraq və iştiraka səbəb olmuşdur”

Cavab: “Siz seçkiləri Pakistandamı müşahidə etmisiniz? Məhdud marağınmı nəticəsidir, seçkidə bu qədər insanın iştirakı? Ya da olsun, nəzəri baxımdan lap siz deyən: məhdud maraq seçkinin legitimliyinə kölgə salanmı səbəbdir? Xatırlatmaq zorundayam! – və bunu bir zamanlar Xədicənin ofisində kəllə-paça qonaqlığı üzərindən seçki qiymətləndirməsi aparanlara da demişəm: Seçicinin spesifikası, daxili sentimentallıq, həvəssizlik sindromu, ictimai maraq və bu kimi məsələlərin müşahidə missiyasına, həmin missiyanın fəaliyyətinə heç bir dəxli yoxdur! Onları ürək açmağa, dərd bölüşməyə, maraq yaratmağa deyil, qutu dalında müşahidə aparmağa, seçki prosesinə qiymət verməyə çağırmışıq. Seçkidən kənar “dəyərli” tövsiyyələrini gedib öz dəyərlilərinə, məsələn 5-ci dəfə kansler seçilən Merkelə, ölkədəki seçki instutlarını 2-cə ildə az qala burjua dövrünə qaytaran Makrona, öz \”kumandalı\” kuklalarına – Sarkisyan bacılarına versinlər. Bizim məsləhətçiyə deyil, müşahidəçiyə ehtiyacımız var. Ona görə dəvət etmişik. Düşünürlər, minnət etmişik. Xeyr, sadəcə dəvət etmişik! Üstəlik, ev yiyəsi statusunda deyil, qonaq kimi! – dəvət etmişik!”

İrad: “Topa-topa bülletenlər atılmış…”

Cavab: ”Kimin xeyirinə? Hansı namizədin səsindən qorunmaq üçün? A “kişi”lər, 7 rəqib namizədin hamısı deyir, seçki normal keçib. Topa bülleten atılıbsa onlardan birini və ya ikisini zəiflətmək üçün edilməli idi, deyilmi? Amma kimsənin belə iradı yoxdur. Siz papadan dahamı artıq katoliksiz, namizədlərin dərdini-sərini onlardan dahamı çox çəkirsiz?”

İrad: “Sərbəst toplaşmaq hüququna məhdudiyyətlər tətbiq olunub”

Cavab: “Harda və necə? Həmin o dəstəkçisi olduğunuz müxaifət əgər 50 dəfə toplaşmaq üçün müraciət edib 49-unda “hə”, 1-ində “yox” cavabı alsaydılar, yenə qismən razılaşmaq olardı. Fəqət, müraciətlərinin hamısına birmənalı şəkildə “hə” cavabı verilib. O zaman siz söyləyin: məhdudiyyət hansı formada qoyuldu? Təbii, müxalifətin zehniyyətincə Təhsil nazirliyinin damında, Milli Məclisin avto-dayanacağında, Miqrasiya Xidmətinin akt zalında, Rəşid Behbudov küçəsinin 4 yolayrıcında da yer istəsələr, dövlət bu imkanı onlara yaratmalıdır. Çünki anarxist təfəkkür, xaotik təxəyyül 92-dən bəri içlərində qalıb. Söküb-ata bilmirlər. Hökümət isə şəhərin düz mərkəzində “Məhsul” stadionunu təklif edir. Həmişə də bəh-bəhlə gedib, zar-zorla qayıdırlar. Doldura bilmirlər meydanı. Barı siz kömək edin dolsun, sonra bu söhbətləri edin də…”

İrad: “Bir çox təşkilatların fikrincə Azərbaycanda çoxlu sayda siyasi dustaq var”

Cavab: “Ay “müəllim”lər, ay “cənab”lar, ay “sayın”lar – seçkidir mövzu! Siyasi dustaq da hardan çıxdı? Yeri gəldi-gəlmədi, hər fürsətdə eyni mahnını zurna üzərindən püfləmək olmaz axı. 50 dəfə bu məsələni müzakirə eləmişik, bu da olsun 51-ci! Yoxdur, Azərbaycanda siyasi dustaq. Hətta sizin zənninizcə varsa belə, malı-mala qatmağın yeri – bu bashabasda dəqiq yoxdur! Ad çəkin, hüquq-mühafizə orqanları izahını versin. Bu işlə seçki qanunvericiliyi deyil, cinayət qanunvericiliyi məşğul olur. Müşahidə missiyasının da konkret təyinatı məhkəmə hakimiyyətinin fəaliyyətini deyil, məlum seçkidəki konkret hadisələrin ayrıntılarını şərh və təftiş etməkdir. Yox əgər illah israr edirsinizsə ki, Məzahir Pənahov ölkənin Baş Prokurorudur, o zaman sorğu göndərin rəsmən cavab gəlsin.”

İrad: “AXCP” dən olan təşkilatçıların fikirlərinə əsaslanaraq cəza qorxusu olmadan siyasi fəaliyyətlə məşğul olmaya dair şübhələrimizi ifadə edirik. Bu isə 1990-cı il ATƏT Kopenhagen sənədinin 7.7-ci paraqrafına və Avropa İnsan Hüquqları Konvensiyasının 10 və 11-ci maddələrinə ziddir”.

Cavab: “İnsanların seçim, xalqların öz müqəddəratını həll etmə hüququna hörmət prinsipi də varmı görəsən? Bəs üzərinizdə :“Seçki prosesini faktiki dəlillərlə dəyərləndirmək”, “Xalqların aktiv seçki hüququnun qorunmasına yardımçı olmaq”, “İnsanların seçim hüquqlarına riayət olunmasına töhvələr vermək”- kimi öhdəliklər necə, oda varmı görəsən?!… Var! + onlar da dəbdəbəli, görünüşü xoş qanunlarla, sənədlərlə: Helsinki Yekun Aktı ilə, Avropa İnsan Hüquqları Konvensiyası ilə, 92-ci il Bəyənnaməsi ilə, Paris Xartiyası ilə tənzimlənir! O zaman necə olur ki, hansısa dərnəyin fikirlərindən doğan şübhələr rəydə ifadə olunur, amma neçə milyonluq xalqın iradəsi görməzdən keçilir? Necə olur ki, Leyla Yunus kimi xalq düşməninin, Xədicə kimi hüquqdan bixəbər “hüquq müdafiəçisinin”, yazı-pozudan bixəbər “araşdırmaçının” siyahısında var-gəl edən saxta siyasi dustaqlar diqqətinizi cəlb edir, amma 92-dən bəri qaçqınlıq həyatı yaşayan 1 milyon insanın haqqını tanımağa, əsl təcavüzkarı öz adi ilə çağırmağa ərinirsiniz? Necə olur ki, sərhədlərdə ölüm qorxusu ilə yaşayan soydaşlarımızın real yaşantıları diqqətdən qaçır, amma siyasi meydanda imitasiya edən və guya “cəza qorxusu” ilə yaşayan intriqantların sayıqlamaları mövzu prioritetinə çevirilir?”

İrad: “Bəzi jurnalist və bloqerlər tənqidi fikirlərinə görə həbs həyatı yaşayır. Bəzi müxalif saytlara isə internet üzərindən giriş yasaqlanıb”.

Cavab: “Məlum media orqanlarının fəaliyyətində tənqid elementləri yoxdur. Baxın və izləyin: büs – bütün təhqir, iftira və şantajdır. Adını çəkdiyim hərəki komponentlər isə Azərbaycan qanunvericilyində cinayət kimi tövsif olunur. Yox əgər Avropanın müşahidə missiyası informasiya təəssübkeşliyini həyata keçirən peşəkarlarla anarxist-mənəvi terrror şəbəkəsi arasındakı fərqi ayırd edə bilmirsə, bu artıq bizim deyil, onların ayıbıdır. Azərbaycanın internet məkanında fəaliyyəti məhdudlaşdırılan saytlar, dərgilər insanları qana, iğtişaşa, hakimiyyət çevrilişinə, qətlə, ölümə, xaosa səsləyən ideoloji elementləri özündə ehtiva edib, üzərlərində cinayət təqibi var və haqqında bəhs edilən məhdudlaşdırma da siyasi deyil, hüquqi səbəblərdən yaranmış zərurətdir. Barələrində məhkəmə qərarının olmaması mövzusunda da yanılırsınız – var, sadəcə, qiyabidir!”

İrad : “Biz təbliğat-təşviqat prosesini, teledebatları anbaan, davamlı və diqqətlə izlədiyimiz üçün….”

Cavab: “Bax burada cümləni yarımçıq saxlamaq məcburiyyətindəyəm. Heç nəyi müşahidə etməmisiniz! Seçkidən xəbəriniz belə olmayıb! Nə anbaan, nə də davamlı! Teledebatın yarımca dəqiqəsini izləyən adam namizədlər arasında qadın xeylağının olmamasını da fərq etməli idi. Yox əgər izləyib, yenə fərq etməmisinizsə, bu daha pis. Demək elə hər şeyi eyni cür, baş-ayaq, tərsə-məssəf görməyə öyrəncəlisiniz!”

Arzuladıqlarınızı və qulağınıza pıçıldananları deyil, həqiqətləri söyləmək lazım idi, cənablar!

Elşən Musayev, Milli Məclisin deputatı
İnterpress.az