“Dərin” Devlət Bəy – Türkiyənin xilası üçün atılan böyük addımlarbackend

“Dərin” Devlət Bəy – Türkiyənin xilası üçün atılan böyük addımlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər Türkiyədə “dərin dövlət” deyilən mexanizm varsa, əlbəttə ki, onun görünən üzü, danışan dili Devlet Bahçelidir. Son bir sutkada baş verənlər göstərdi ki, Türkiyə milliyyətçilərinin lideri deyildiyi kimi, elə əsl “dərin dövlət”dir.

Bilməyənlərə xatırladım ki, aprelin 17-də partiyasının qrup toplantısında çıxış edən D.Bahçeli deyib ki, Türkiyəni sistem mübahisələri ilə boğmaq istəyən qüvvələr var və seçkilərin normal təqvimi, yəni 2019-cu ilin 3 noyabrına qədər ölkənin sabitliyini qorumaq hər gün daha da çətinləşir. Bu səbəbdən də o, parlament və prezident seçkilərinin erkən keçirilməsini təklif edib. Təqvim olaraq da bu il avqustun 26-nı, yəni tarixi Malazgird savaşının ildönümünü qeyd edib.

Az sonra hökumət rəsmiləri bu açıqlamaya cavab veriblər. Baş nazirin müavini Bəkir Bozdağ bildirib ki, səlahiyyətli qurumlar bu təklifi dəyərləndirəcək, ancaq bir qədər sonra ölkənin birinci şəxsi bəyan etdi ki, məsələni sabah (yəni 18 apreldə – K.R.) Bahçeli ilə müzakirə edib qərar verəcək. Hər şey çox sürətlə getdi və Bahçelinin təklifindən bir sutka sonra, aprelin 18-də Ankara vaxtı ilə saat13:30-da prezident Ərdoğan Devlet Bahçeli ilə görüşdü və bu görüşdən sonra bəyan etdi ki, növbədənkənar seçkilər keçiriləcək. Amma avqustda deyil, iki ay sonra, iyunun 24-də.

Əlbəttə, bununla bağlı fərqli fikrilər var. Müxalifət iddia edir ki, əslində Bahçeli Ərdoğanın sözünü deyirmiş. Yəni hökumətin etmək istədiyini ortaya atır və sonra da iqtidar bu qərarı elan edir. Əksini deyənlər də var.

Amma düşünürəm ki, bu mövzuda Bahçeliyə bir qədər haqsızlıq edilir. Bahçeli artıq 21 ildən çoxdur MHP-yə rəhbərlik edir. Koalisiya hökumətində baş nazirin birinci müavini postunu tutub. Amma Türkiyə tarixinin, xüsusən də son 15 ilində həlledici taleyüklü qərarların qəbulunda həlledici sözü məhz Bahçeli deyib. 2002-ci ildə Türkiyə iqtisadi və arxasınca gələn siyasi böhranın davam etdiyi bir vaxtda hökumət ortağı olan MHP-nin sədri Bahçeli iyulun 7-də növbədənkənar seçki çağırışı edib və nəticədə 3 noyabrda parlament seçkiləri keçirilib. Bənzər vəziyyət 2007-ci ildə prezident seçkiləri zamanı baş verib. Abdulla Gülün prezident seçilməsi üçün lazım olan səsi məhz D.Bahçeli təmin edib və bununla da faktiki olaraq siyasi böhran həllini tapıb.

Nəhayət, 15 iyul çevriliş cəhdindən sonra Bahçelinin çağırışı ilə AKP iqtidarı referenduma gedib və nəticədə MHP-nin də dəstəyi ilə 2017-ci ilin aprelində Konstitusiya dəyişib və Türkiyə prezident üsul-idarəsinə keçib.

Ən son olaraq bir neçə ay əvvəl Bahçeli prezident Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində dəstəkləyəcəyi ilə bağlı bəyanat verib. Bahçeli deyib ki, 2019-cu ildə keçiriləcək prezident seçkilərində özü namizəd olmayacaq və Ərdoğanın namizədliyini dəstəkləyəcək. İndi isə seçkilərin daha erkən keçirilməsini təklif edib və təklifi dərhal dəyərləndirilib, qəbul olunub.

Partiya sədri media təmsilçiləri ilə söhbətində onu da deyib ki, MHP AKP ilə birlikdə başladılan prosesi, yəni konstitusiyanın dəyişməsi ilə yeni sistemə keçid prosesini davam etdirəcək. O, bunu 2016-cı il avqustun 7-də baş tutan İstanbul \”Yenikapı” mitinqi ilə başlayan \”Yenikapı prosesi”nin davamı adlandırıb. Əlavə edib ki, MHP bu prosesə sadiqdir.

Əlbəttə, AKP-nin növbədənkənar seçkilərə getməsində siyasi maraqları vardır. Bahçelinin dediyi kimi, siyasi şərtlərin günü gündən dəyişməsi və iqtidar üçün ağırlaşması müşahidə olunur. Üstəlik, hökumətə milli etimad əmsalı da nisbətən azalmağa doğru gedir.

Ancaq faktiki olaraq, bir müxalif partiya olan MHP-nin rəhbərinin burada hansı marağı var? İctimai rəydə ciddi zərbələr alan, partiyası ildən ilə səs və kadrlarını itirən bir siyasətçi nədən bu qədər riski gözə alsın? Bu sualın bir cavabı ola bilər: Dövlət maraqları!

Əlbəttə, yanlış hesablamalar və ya fərqli nəticələr ola bilər. Amma Bahçelinin dünənki son növbədənkənar seçkilər çağırışı da daxil olmaqla, bütün bu kimi fəaliyyətlərinin bir əsas arqumenti olub: “Devletin bekası”. Yəni ön planda dövləti qoyub və qərarlarının dövlətçiliyin qorunması, daha çox zərbə almaması ilə izah edib. Əlbəttə, onun yanılma ehtimalı da var, bəlkə də bu qərarlardan bir qismində hesablar yanlış olub. Amma nəticə etibarı ilə Bahçeli məhz siyasətdən, bir siyasətçi kimi iqtidara gəlmək həvəsindən, arzusundan daha əvvələ dövlətin maraqlarını yerləşdirib, onun fəaliyyəti də bunu təsdiq edir.

Devlet Bahçelinin 15 iyul qiyamından sonra iqtidarla yaxınlaşması və hər addımı ilə Ərdoğan iqtidarını dəstəkləməsinin bir neçə izahı var. İlk növbədə Bahçeli “dərin dövlət” adamı kimi düşünür ki, indiki dövrdə Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması ölkədə siyasi sabitliyi və tarazlığı pozacaq, islamçı kütlə ilə digər cinah arasında toqquşmaya səbəb olacaq.

Digər tərəfdən, məhz Bahçelinin Ərdoğanla yaxınlaşması sayəsində dövlət aparatına və xüsusən də hüquq-mühafizə, ordu və təhlükəsizlik orqanlarına milliyyətçi camiədən çıxan kadrların yerləşdirilməsi baş verir. Bu da dövlət daxilində camaatların və islamçı ağırlığın azaldılmasına xidmət edir. Baxçalı özü də dəfələrlə bunu açıq şəkildə söyləyib və əsas məqsədinin dövlət maraqlarını qorumaq, gizli camaat qruplarını təmizləmək və xarici təsirin azaldılması olduğunu bildirib. Digər tərəfdən, Türkiyə dövləti, o cümlədən hazırkı islamçı iqtidar milliyyətçi çıxışları, ritorikanı gücləndirib, hətta ilk dəfə olaraq Təhsil Nazirliyi məktəblərdə milliyyətçi təşkilatların tədbirlər təşkil etməsinə icazə verib. Bütün bunlar Bahçelinin xidmətləridir. Türkiyənin Afrin əməliyyatının da məhz Bahçelinin ideyası olduğu, əməliyyatın əsas ağırlıq kütləsinin milliyyətçi qrupların üzərinə düşdüyü bir gerçəklikdir.

Əlbəttə, Bahçeli ideal bir siyasi xadim, uğurlu lider deyil. Amma özünəməxsus mövqeyi olan, sabitqədəm bir siyasət adamıdır. Son qərarı da göstərdi ki, atdığı addımlar bir partiya liderinin qərarları deyil, daha “dərin” bir siyasi mərkəzin düşüncəsidir. Bəlkə də “dərin dövlət”in görünən üzüdür, cənab Bahçeli?

İkinci tərəfdən, 15 iyul olaylarından sonra hazırkı iqtidar, xüsusən də Ərdoğan dövlət içindəki FETÖ nümayəndələrini təmizləməyə çalışır. Bahçeli və onun kimi düşünən bir çox siyasətçilər və dövlət adamları (yeri gəlmişkən, belə düşünənlərin sayı az deyil – K.R.) hesab edir ki, FETÖ və digər təriqət-camaat qruplarını hakimiyyət içərisindən təmizləyəcək yeganə lider məhz Ərdoğandır. Çünki Ərdoğan bu prosesin əsas fiquru olub və indi Türkiyə prezidenti hər nə qədər tənqidlərə səbəb olsa da, təriqət qruplarını dövlət aparatından təmizləmək istəyən və bunu edə biləcək yeganə liderdir. “Yeni Müsavat

İnterpress.az