Kaş ki, o fürsəti heç kimə qazandırmayaq – Günay Arda yazırbackend

Kaş ki, o fürsəti heç kimə qazandırmayaq – Günay Arda yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Erməni Marietta necə İlhamə oldu?\” yazısını oxudum. Yazıda erməni Mariettanın \”talış\” obrazına girib separatizm, terrora çağırışla məşğul olmasından danışılır. Hadisə təəssüfləndirir. Ona görə yox ki, erməni qadın separatizmlə məşğuldur. Separatizm, bölücülük, nifaqsalma təbiətin bütün ermənilərə limitsiz verdiyi xüsusiyyətdir. Pisi odur ki, indiyədək hansısa talış ziyalı İlhamənin Marietta olduğunu dilə gətirməyib, ona millətinin adından danışmağı qadağan etməyib. Bəlkə də dediyim olardı. O zaman olardı ki, onların özlərinə aid media qurumu olsun.

Xaçmaz rayonunun Dədəli adlı bir kəndi var. Bu kəndin sakinləri daha çox ləzgilərdən ibarətdir. Kəndin sakinlərinin maraqlı xüsusiyyətləri var. Demək, dədəlilər hələ də kənddə soğan, turp əkmir. Onlar düşünürlər ki, soğan və turpun əkildiyi torpaqda bərəkət olmaz. Əkmədikləri məhsulları başqa kənddən alıb istifadə edirlər.

Yaxud da Qusar ləzgiləri hələ də ortasında deşik açılmış sapandı qapının yuxarısından asırlar. Bu isə zəhmətlə hər işə nail ola bilməyin simvoludur. Məsələ turpda, sapandda deyil. Bu qədər primitiv adətlərin qorunduğu ölkədə dözümsüzlükdən söhbət gedə bilməz.

Belə özünəməxsusluq saysız-hesabsızdır. Azərbaycanda yaşayan müxtəlif mənşəli etnik qrupların adətlərini qoruyub yaşatması normal hadisədir. Buna görə \”çox sağ ol\” gözləməməliyik. Çünki bizim qoşulduğumuz beynəlxalq aktlar bunu bizdən tələb edir. Ümumilikdə isə biz o qanunlardan əvvəl öz həyat qanunlarını, fəlsəfəsini müəyyənləşdirmiş coğrafiyada yaşayırıq. O qanunlar yazılmış olmasaydı, dünya hüquqi baxımdan hazırkı mövqeyinə gəlməsəydi də, biz eyni coğrafiyanı paylaşdığımız bütün millət və xalqlarla həmişə ortaq dil tapmışıq.

Terrorun, separatizmin dili, dini, milliyəti yoxdur. İnsan yediyi qaba tüpürəndirsə, şərəfsizdirsə, bu, həmişə genetik xüsusiyyətlərlə bağlı olmur. \”Şəxs\” başqalarının təsirinə də düşə bilir. Formalaşmamış xarakterlər, şəxsiyyətlər düşdükləri təsirin nəticəsində onu böyüdən torpağa naxələf çıxa bilir. Təəssüf ki, heç bir qanunda şərəfsizliyin cəzası üçün xüsusi maddə nəzərdə tutulmayıb. Odur ki, şəxsin alçaqlığını onun milliyətinin ayağına yazmaq olmaz. Heç kimə də sirr deyil ki, böyük güclərin oyuncağına çox vaxt azlıqlar deyil, özünü azlıqda hiss edənlər düşür. Kaş ki, o fürsəti heç kimə qazandırmayaq.

Milli azlıqların hüququnun qorunması üçün xüsusi təminat tələb olunur. Azərbaycan Respublikasında belə təminat dövlət səviyyəsində verilib. Respublikanın 1995-ci ilin 12 noyabrında qəbul etdiyi əsas sənəd (konstitusiya) və digər hüquqi aktlar buna misal ola bilər. Konstitusiyanın 5-ci maddəsində göstərilir ki, Azərbaycan xalqının vəhdəti onun dövlətinin əsasını təşkil edir. Azərbaycan Respublikasında yaşayan bütün vətəndaşlar üçün bu respublika ümumi və ayrılmaz bir vətəndir. Yenə də həmin sənədin 25-ci və 45-ci maddələrində milli azlıqların hüquqları nəzərdə tutulur.

Məsələn, 45-ci maddədə göstərilir ki, hər bir şəxs öz ana dilində, istədiyi xarici dillərdə təhsil almaq və danışmaq hüququna malikdir və heç kim bu hüquqdan mərhum edilə bilməz. Göründüyü kimi, bu sənəddə irəli sürülən hüquq və azadlıqlar ancaq milli azlıqlar üçün nəzərdə tutulmayıb. Yəni hər bir şəxs öz dilində yazıb-oxumaqda, danışmaqda, kütləvi informasiya vasitələri yaratmaqda, qəzet və jurnal buraxmaqda, tarixi mənbələri öyrənməkdə, öz milli mənşəyini tədqiq etməkdə, milli-mənəvi irsini mənimsəməkdə və s. azaddır. Lakin bütün bunlar milli azlıqların yaşadıqları ölkədə ümumi mənafe və maraqlarına zidd olmamalı, etnotəəssübkeş millətçiliyə xidmət etməməlidir. İkinci bir tərəfdən, onlar ölkədə yaşayan digər millət və xalqların arasında olan dostluğa və qardaşlığa xələl gətirməməlidir.

Azərbaycanda son rəqəmlərə görə 500000 (2018) talış və 191000(2016) ləzgi var. Azərbaycanda ləzgi və talışların öz dillərində təhsil almasında problem olmasa da, onların hələ də arzu etdikləri kimi stabil fəaliyyət göstərən televiziyası, radiosu və xəbər saytı yoxdur. Bu, çox təəssüf doğuran hadisədir. Belə istəklərin cavabsız qalmağı yuxarıda da dediyim kimi, onları özlərini azlıq hiss etməyə vadar edə bilər. Azərbaycanda yaşayan milli azlıqlar məişətdə adət-ənənələrini istədikləri kimi qoruyub saxlasa da, dillərini istədikləri kimi istifadə edə bilsə də, sırf onların adət-ənənələrini, tarixini, ədəbiyyatını yaşadan, çatdıran, əks etdirən KİV-ləri yoxdur.

Tolerantlıq – bir-birinə dözmək assosasiyası yaradır. Biz, milli azlıqlara dözmürük – onlarla eyni coğrafiyanı istəyərək, sevərək paylaşırıq.

Bir ailədə eyni valideynlərin övladları fərqli xüsusiyyətlər daşıyır, bir-birinə bənzəmir. Bu pəncərədən milli azlıqlara baxanda hər şey daha sadə görünür. Hadisələri və həyatı çətinləşdirən şərtlər olmasa, ortada dişədəyən problem yoxdur. Kənar təsirlərə özünü qapdıran, separatizm yolu tutanlar isə milli azlıqların xoş niyyətinə, yaxşı vətəndaşlığına kölgə salmağa cəhd edir. Milli azlıqların adından danışan separatçılarla məhz həmin milli azlığın ziyalısı danışmalıdır. O separatçının cavabını şəxsən özü verməlidir. Amma harada? Hansı televiziyada? Hansı saytda? Bu, texniki olaraq necə mümkündür?
İndiyədək multikulturalizm, milli azlıqların sərbəst fəaliyyəti, tolerantlıq adı altında keçirilən lahiyələrdə onlar üçün media qurumu niyə formalaşdırılmadı? Necə deyərlər, olmalıydı, olmadı.

Əminəm ki, yazıdan sonra mənə nəyisə sübut etmək istəyən xeyli adam olacaq. Onlar məni inandırmaq istəyəcək ki, milli azlıqların arzu və istəkləri ilə bağlı ölkədə güllük-gülüstanlıqdır, heç bir problem yoxdur. Məsələ burasındadır ki, atın şəklini elə çəkmək lazımdır ki, yanına \”Bu, atdır\” yazmağa ehtiyac olmasın.

Günay Arda
İnterpress.az