Radikallaşmış insanların çoxu “Qurani-Kərim”i oxumayıb – Sahibə Qafarovabackend

Radikallaşmış insanların çoxu “Qurani-Kərim”i oxumayıb – Sahibə Qafarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Radikallaşmış insanların əksəriyyətinin dini fanatiklər olduğuna dair ümumi ictimai rəy formalaşıb. Ancaq Avropada aparılan araşdırmaların nəticələri bunun tamamilə əksini göstərib. Radikallaşmış insanların böyük əksəriyyəti heç vaxt “Qurani-Kərim”i oxumayıb, məscidlərə getməyiblər.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova “Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması” adlı hesabatında qeyd edib.

O, qeyd edib ki, ikinci və üçüncü nəsil miqrantların radikallaşmasının əsas səbəblərindən biri şəxsiyyət böhranıdır. Onun qeyd etdiyinə görə, bu gənclər nə qərb dünyəvi həyat tərzinə adaptasiya oluna bilir, nə də valideynlərinin müsəlman şəxsiyyətini qəbul edirlər.

“Onlar öz dini köklərini yenidən kəşf etməyə çalışarkən təəssüf ki, bəzən ekstremist, radikal ideologiyaların təsiri altına düşürlər. Ümumiyyətlə, radikallaşma prosesi çox vaxt internetdə və sosial mediada, həmçinin həbsxanalarda və saxlanma məntəqələrində baş verir. 16-24 yaş qrupunda olan ikinci nəsil miqrantlar radikallaşma meyillərinə daha həssasdırlar.

Uğursuz təhsil, cinayət işi və işsizlik radikallaşmaya aparan səbəblərdir. Radikallaşmanın digər potensial səbəbi iqtisadi və sosial qeyri-bərabərlikdir. Bir çox miqrantlar yoxsulluqla üzləşir, sosial təcridə məruz qalır və yaşamlarını təmin etmək üçün qanunsuz qazanc üsulları axtarırlar.

Radikalizmə təsir göstərən digər mühüm səbəb diskriminasiya və ayrı-seçkilik hallarıdır. Miqrantlar təhsildə, sosial həyatda, iş, ev axtararkən bərabərsizliklə, ayrı-seçkiliklə tez-tez qarşılaşırlar”, -deyə millət vəkili sonra qeyd edib.

İnterpress.az