Bakı metrosunda qalmaqala səbəb olan qızın şortiki danışdı: Mənəm müqəssirbackend

Bakı metrosunda qalmaqala səbəb olan qızın şortiki danışdı: Mənəm müqəssir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il yayın gəlişi ilə əlaqədar olaraq, cəmiyyətdə geyim mövzusu ölkənin trend mövzularından birinə çevrilir. Bir neçə gündür sosial medianın gündəmini zəbt edən metrodakı qızın şortik geyinməsi qalmaqalı getdikcə böyüyür. Məsələnin aktuallığını nəzərə alaraq bu mövzunun kökündən həll olunması naminə şortikin özündən açıqlama almağı düşündük.

Şortik eksklüziv açıqlamasında il ərzində yalnız üç ay müddətində bircə dəfə yada düşdüyündən gileyləndiyini vurğulayıb: “Hər dəfə də gündəmin mövzusuna çevrilir, iki metrlik adamların boyumun balaca olmasına görə qəzəblərinə tuş gəlirəm. Bəlkə də, mənə qarşı bu aqressiya mənim strateji mövqeyimdən irəli gəlir. Hər zaman fəth olunan strateji mövqelər daim diqqətdə olub. Ona görə də hesab edirəm ki, mənə qarşı mübarizəyə başlayanların əksəriyyətinin aqressiyası mənim hazırda yerləşdiyim əraziyə görədir”.

O, gündəmin mövzusunu zəbt etdiyinə görə, fəxr etdiyini bildirib: “Mən çəkisi az, boyu gödək olan biriyəm. Amma uzun dillərin əzbəri olduğuma görə bununla fəxr eləməsəm də, o dilləri ən azından üç aylıq da olsa, başqa fəaliyyətlərdən uzaqlaşdırdığım üçün qürur hissi keçirirəm. Qoy qeybətimi etsinlər, təki yalan danışmasınlar. Təsəvvür edin ki, mən 10 santimetrlik boyumla iki metrlik adamların bütün hiss üzvlərini məşğul edirəm. Onlar gözləri ilə mənə baxmaqdan doymurlar, dilləri ilə qeybətimi edirlər, ağızları ilə mənə qarşı kampaniya xarakterli ifadələr danışırlar, qulaqları ilə mənim haqqımda deyilən şər və böhtanları eşidirlər. Ən əsas da, burunlarını az qala ciblərimə soxurlar”.

Şortikin sözlərinə görə, hadisə baş verən günü metroda hamı ona baxırmış. O, bəzilərinə əsəbləşməmək üçün ona baxmamasını və gözlərini bağlamalarını tövsiyyə edib: “Bir neçə gün bundan öncə, metroda bütün diqqəti cəlb etməyi bacarmışdım. Hamı mənə baxırdı. Qonşu vaqondakı cüt-cüt gözlərin bərələrək az qala kəllələrinə çıxmasını müşahidə edirdim. Qısa müddət ərzində mənim üstümdə bir dava düşdü ki, sonda özüm dillənməyə məcbur oldum. Mətbuat vasitəsilə ictimaiyyətə açıqlama vermək məcburiyyətində qaldım ki, gələcək sahiblərimə təmkinli olmağı məsləhət bilim. Az qalıb 10-15 ilə siz də sahibim olacaqsınız. Hələlik gözlərinizi qapadın, sahibimin qapadılmasının sizin üçün bir fərqi yoxdur, amma gözlərinizin əhəmiyyəti sizin üçün böyükdür”.

“Mən müxtəlif çeşiddə parçalardan ibarətəm. Pambıqdan, kətandan, sentetikdən dünyaya gəlmişəm. Şəhərdə də, kənddə də məndən istifadə edirlər. Amma kəndlərdə daha çox məndən döşəmə və stolun üstünü silmək üçün vasitə kimi istifadə edirlər. İndi isə sözüm o insanlaradır ki, bir əski parçası ilə mübarizəyə sərf etdiyiniz vaxtınızı ayırmaqla mənim dəyərimi artırırsınız…” – deyə, Bakı metrosunda qalmaqala səbəb olan qızın şortiki vurğulayıb.

Məşədi Qəzənfər
İnterpress.az