Elxan Şahinoğlu: “Prezidentin çıxışından göründü ki, artıq düyməyə basılıb”backend

Elxan Şahinoğlu: “Prezidentin çıxışından göründü ki, artıq düyməyə basılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikri musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu söyləyib.

O, bildirib ki, son illərdə ordumuzun maddi-texniki bazası gücləndirilib, yeni kazarmalar tikilib: “Eyni zamanda ötən 5 il ərzində çox müasir hərbi texnikalar, silahlar alınıb. Deməli, bunları nümayiş etdirməyə ehtiyac var. Yaxşı da fürsət yarandı və ordumuzun yaranmasının 100-cü il dönümü idi. Bu 100 illikdən istifadə edib gücümüzü dünyaya və ilk növbədə də işğalçı dövlətə nümayiş etdirdik. Şübhə etmirəm ki, Ermənistan və dünya mətbuatı paradda nümayiş olunan hərbi texnikanı nümayiş edəcək. Bəzi hərbi texnika var ki, paradda göstərilməsəydi biz bilməyəcəkdik ki, belə bir silahımız,texnikamı var, yoxsa ki, yoxdur.

Məsələn, Türkiyənin pilotsuz təyyarələri barəsində də məlumat verildi. Bu barədə açıq məlumat yox idi. Bütün bunlar müzakirə olunacaq. Əsas məqsəd işğalçıya gücümüzü göstərmək idi. Eyni zamanda önəmli məqam dövlət başçısının paradda çıxışında verəcəyi mesajlar idi. Doğrudur, ölkə başçısı hər zaman ordu, Qarabağla bağlı açıqlamalar verir. Ancaq bu gün elə bir tədbir idi ki, sırf mövzunu buna həsr etmək lazım idi. Prezident çox güclü mesajlar verdi. Əsas mesaj da bu idi ki, sülh danışıqları dalana dirənib. Dolayısı ilə prezidentin çıxışından bütün bunlar daha aydın hiss olundu. Prezident bildirdi ki, beynəlxalq gücə əsaslanmalıyıq. Konkret misallar kimi 2016-cı ilin aprel ayını və sonuncu Naxçıvan əməliyyatını da qeyd etdi. Yəni bizi vadar edirlər ki, artıq ordumuzu işə salaq. Bu, belə də olacaq. Çünki orduya milyardlarla pul xərclənirsə, hərbi texnikalar alınırsa, bunlar aydındır ki, işğalçıya qarşı istifadə olunmalıdır”.

Politoloq bildirib ki, gedən prosesləri Ermənistanda da çox gözəl anlayırlar: “Onlar da başa düşürlər ki, bu proses davam edəcək. Ancaq Ermənistanda bunu anlasalar da, çox təəssüf ki, orada elə bir siyasətçi və qeyri-hökumət təşkilatının nümayəndəsi olmayıb desin ki, ay camaat, müharibədən qaçmağın yeganə yolu Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasıdır. Bu, baş verməsə müharibə qaçılmazdır və Ermənistan itki verəcək. Əslində hər iki tərəf itki verəcək.

Ancaq biz yaxşı bilirik ki, nəyin naminə itki verəcəyik. Bu baxımdan hərbi paradın əhəmiyyəti böyükdür. Bu hərbi paradda müşahidələrim ondan xəbər verir ki, ordumuz son 5 il ərzində NATO standartlarına daha çox yaxınlaşıb. Hərbiçilərin geyimi, aldığımız hərbi texnikanın çeşidliyi bunu deməyə əsas verir. Əgər əvvəllər daha çox Rusiya silahı alırdıqsa, indi görürük ki, müxtəlif silahlar nümayiş olundu. Belarus, Türkiyə, İsraildən alınan silahları gördük. Bunların da göstərilməsi çox vacib idi”.

E.Şahinoğlu vurğulayıb ki, prezidentin söylədikləri çox əhəmiyyətli siyasi mesajlar idi: “Bu çıxışı bir neçə hissəyə bölmək olar. Birincisi bu idi ki, müharibənin hələ birici hissəsi bitib. Bu o deməkdir ki, hələ 1990-cı illərdə Ermənistanda bir sevinc vardı ki, güya müharibəni bitiriblər və hər şey həll olunub. Bu minvalla 10 il atəşkəsə riayət olundu. Bu illərdə Azərbaycanda siyasi sabitlik bərpa olundu və 2000-ci illərdən sonra da maliyyə imkanlarımız artdı, ordunun gücünü artırdıq. Ona görə də artıq ermənilərin gözləntiləri də özünü doğrultmur. Yeni silahların alınması ilə bağlı mesaj isə bundan ibarət idi ki, biz hələ daha da müasir silahlar alacağıq. Bir sözlə İlham Əliyevin çıxışından belə nəticə çıxdı ki, sülh danışıqları nəticə vermir və verməyəcək. Ordumuz 2016-cı ilin aprelində və Naxçıvanda qazandığı uğurları davam etdirəcək. İndi biz bilmirik ki, bu nə zaman və necə baş verəcək. Ancaq məncə artıq düyməyə basılıb. Qazandığımız uğurlar bizi mənəvi cəhətdən daha da ruhlandırır ki, siyasətimizi davam etdirək. Ola bilsin ki, bu, genişmiqyaslı müharibə olmasın.

Ancaq 2016-cı ilin aprelindəki hadisələrin və Naxçıvandakı əməliyyatın da taktikaları doğrudur. Addım-addım strateji yüksəkliklərin azad olunması və qəfil hücumla torpaqların azadl edilməsi hədəfdədir. Bu starategiyamıza böyük dövlətlər də mane olmurlar. Fikir verin ki, Naxçıvanda 11 min hektar ərazini azad etdik və heç bir dövlət bunun əleyhinə çıxmadı. Heç çıxa da bilməzlər. Hətta Ermənistanın strateji müttəfiqi olan Putin belə susdu. O, İlham Əliyevlə Moskvada görüşü zamanı dedi ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir. Dünən isə Bakıya Rusiya Dövlət Dumasının başçısı Volodin gəldi. O da dedi ki, Azərbaycanla əməkdaşlıqdan razıyıq. Yəni genişmiqyaslı hərbi əməliyyatlar böyük dövlətlər tərəfindən sərt reaksiyalar doğursa da heç kim bizim qarşısımız almayıb ki, hissə-hissə torpaqlarımızı geri qaytarmayaq”.

İnterpress.az