“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti tədbiri keçirilirbackend

“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti tədbiri keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“100 illik tariximiz” başlığı altında gerçəkləşən festivalın növbəti tədbiri iyulun 1-də Sabirabaddakı Heydər Əliyev parkında təşkil olunub. Parkda Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin – Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirilib.

Açılış mərasimində çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov festivalın əhəmiyyətini nəzərə çatdırıb. Vurğulanıb ki, layihə ilk dəfə ölkəmizin bütün regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı yaradır.

Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri öz bacarıqlarını nümayiş etdiriblər. Rayon sakinləri, tədbirə dəvət edilən qonaqlar, habelə festival iştirakçıları pavilyonlara baş çəkərək ayrı-ayrı bölgələrə aid mədəni irsi, həmin bölgənin tarixi və müasir inkişafını əks etdirən sənət nümunələri ilə yaxından tanış olublar.

İştirakçılar tədbirlə bağlı təəssüratlarını bölüşüblər.

Bərdə Regional Mədəniyyət İdarəsinin təmsil edən Validə Nabatova festivalın yay mövsümündə keçirilməsinin xüsusilə əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, bu layihə sayəsində həm xarici qonaqlar, həm də yerli sakinlər regionların rəngarəng mədəni həyatı ilə yaxından tanış ola bilirlər: “Bizim bölgənin də çox zəngin tarixi-mədəni irsi var. Bərdə beş əsrə yaxın Azərbaycanın qədim dövləti – Qafqaz Albaniyasının paytaxtı olub. Bu gün bölgədə bu tarixi zənginlik yaşadılır. Mədəniyyət Nazirliyi indiyədək bu qəbildən bir çox layihələr təşkil edib. Bu festival hər kəsin ürəyincədir. Bərdə şəhərində də festivalı böyük ruh yüksəkliyi ilə keçirəcəyik”.

Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyevin də festivalla bağlı zəngin təəssüratı var: “Bu tədbiri yüksək qiymətləndiririk. Bu, ölkəmizin bölgələrinin mədəni zənginliyinin bir görüntüsü, o cümlədən bir çox nümunələri UNESCO siyahılarına daxil edilmiş irsimizin parlaq təqdimatıdır”.

Tədbirdə regional idarələrin incəsənət ustalarının konsert proqramı maraqla qarşılanıb. Festival atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, iyunun 25-26-da Masalı və Lənkəranda, ayın 30-da Salyan şəhərində keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı nazirliyin 15 regional idarəsinin hər birində təşkil olunacaq.

İnterpress.az