Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə

“Aydın Canıyev başda olmaqla özlərini bazara çıxaran...” - Xalq şairi

Jurnalist işində ən iyrənc və ikrah doğuran üsullardan biri hədəf seçilən adamların adından və ya onların haqqında bir yalan uydurmaq və sonra guya, onlara cavab vermək, onların fikirlərini təkzib etməkdir. İşin mahiyyətini bilməyən oxucular belə yazıları oxuyub bəyənə də bilərlər, lakin yalan üstündə qurulduğudan bütün dəbdəbli mətnin bir qara qəpiklik dəyəri olmaz. Son vaxtlar sosial mediada belə uydurmalar üstündə qurulmuş yazıların sayı çoxalıb.

Məsələn, Aydın Canıyevin bir yazısından belə çıxır ki, güya, bəzi Azərbaycan ziyalıları, o cümlədən mən, Kamil Vəli, Vaqif Sultanlı ciddi-cəhdlə ona çalışırıq ki, vətənimizdə hər kəs Türkiyə türkcəsində danışsın, sözlərimizi Türkiyə sözləri ilə əvəz edək və nəticədə on minlərlə doğma sözümüz qurban getsin. Zahirən belə görünür ki, müəllif düz mövqedədir, ümumi maraqlarımızı qoruyur; Azərbaycan türkcəsinin təəssübünü çəkir. Doğrudan da, öz yurdunu, dövlətini sevən adam dilinə sayğı göstərər, onu qoruyar və zənginləşdirməyə çalışar.

Lakin məqalə yalan və böhtan üstündə qurulduğundan mahiyyəti riyakarlıqdır. Bu yolla uşaq başı aldatmaq olar, xalqı yox. Məncə, nə Kamil Vəli Nərimanoğlu, nə Vaqif Sultanlı belə söz deməz; onlar kifayət qədər yetkin, ağıllı və Azərbaycanı sevən adamlardırlar və onların yaradıcılıgının mahiyyətini anlamaq Aydın Canıyevlik deyil.

Mənə gəlincə, müəllifdən tələb edirəm ki, öz yazdığı bu ittihamı sübut etsin. Qoy göstərsin və oxucular da görsün ki, mən Azərbaycan əhalisinin Türkiyə türkcəsiylə danışması fikrini harda yazmış, harda səsləndirmişəm. Mənim Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əvəzlənməsi barədə yarımca cümləmi tapıb ortaya qoysa, onda dediklərinin hamısı düzdür, yox əgər, tapa bilməsə qoy özü özünə yaraşan bir ad tapsın və cəmiyyətdə o adla fırlansın... Mən bunu dilimə gətirməyi özümə yaraşdırmıram.

Aydın Azərbaycanın azsaylı xalqlarının bəzi nümayəndələrinin bu dövlətə, onun dillinə hörmət etməmələrinə, xarici dildə danışmalarına, uşaqlarını xarici dildə oxutmalarına haqq qazandırmaq üçün belə bir bəhanə uydurur ki, bu xalqlar zorla Azərbaycan dilini öyrənib-öyrənməz biz bu dili ortada yetim qoyub Türkiyə türkcəsini gətirmək istəyirik Azərbaycana. Buna görə də uşaqlarını böyük xalqların dilində oxudurlar. Riyakarlığın dərəcəsinə bax! Bu ölkənin qanunlarına məhəl qoymur, ancaq Azərbaycan vətəndaşı sayılır, üstəlik Azəbaycanla Türkiyənin qardaşlıq münasibətlərinə qara yaxmağa çalışır.

Oğlum, qardaşım, harda demişik o sözü, bu uydurmanı ortaya atmaqda sənin məqsədin nədir, hansı haqla bu yalana əsaslanıb bizi və başqa Azərbaycan ziyalılarını təhqir edirsən? Üstəlik Azərbaycan dövlətini də hədələyirsən ki, baxın ha, çox türk-türk deməyin, yoxsa bizim də orda bir fars əmioğlumuz var, yıxılarıq onun qucağına.

Guya, İranda farslar talışları ağ günə çıxarıblar; indi də sərhəddə gül-çiçəklə dayanıb yeni qurbanlarını, Aydın Canıyev başda olmaqla özlərini bazara çıxaran yeni mallarını gözləyirlər.

(Onu da deyim ki, həmin yazıda bizim haqqımızda onun öz xəstə təfəkkürü və olmayan mədəniyyəti səviyyəsində işlətdiyi aşağılayıcı, təhqiramiz ifadələr və bəzi başqa yazılarında da yeri gəldi-gəlmədi, mənim yaradıcılığım və doğuldugum bölgədəki nüfuzumla bağlı başından böyük atmacaları cavabsız qala bilməz; cavabı hökmən veriləcəkdir. Heç kimə haq verilməyib ki, bu ölkənin vətəndaşının, şairinin, alımının adını bu şəkildə, öz olmayan tərbiyəsinə uyğun şəkildə hallandırsin.)

Rusiya torpaqlarımızın bir hissəsində Ermənistan adlı dövlət qurubsa və indi də Qarabağda əlimizi-qolumuzu bağlayıb Ermənistanı müvəqqəti qalib durumuna gətiribsə, əlli milyonluq xalq müxtəlif dövlətlərə parçalanıbsa, bəziləri elə bilir qocaman Azərbaycan və türk əldən düşüb və bunlar da necə istəyirlər vızıldaşa, hara arzulayırlar qona bilərlər. Bu mənə dədələrimizin şirin qocalmasıyla bağlı gözəl misalını xatırladır.

Aydın Canıyev çevrəsində Azərbaycanı içindən parçalamaq istəyən, dilimizə, qanunlarımıza hörmətsizlik mühiti yaradan, bu torpaqda yaşasalar da, gözü qonşuda, hətta düşmən qapısında olanların ünvanını göstərməklə xeyirli bir iş görüb. Bunu əyri niyyətlə eləsə də… Ancaq bu təzə məsələ deyil, ölkəmizdə sovet dövründə aparılan rəsmi siyasətin, müstəqillik illərində isə bizi məğlbiyyətimizlə barışmağa sövq edən böyük güclərin, erməni kapitalının əsiri olan qeyri-hökumət şəbəkələrinin, ölkədə vətəndaş üçün dözülməzlk şəraiti yaradıb, əhalinin öz dövlətinə inamını sarsıdan gizli və açıq xəyanətkarların davam edən fəaliyyətlərinin nəticəsidir. Yeri gəlmişkən, bu məsələyə də münasibətimi bildirmək istəyirəm.

***

Azərbaycanda yaşayan xalqların tarixən formalaşmış birliyini pozmaq üçün cənubdan, şimaldan, Ermənistandan çox qanlı əllər uzanır, dərnəklər yaradılır, qəzetlər təsis edilir, televiziyalar açılır. Bunlar xalqlarınn özünüdərkinə, mədəniyyətin, dilin qorunmasına xidmət etsə alqışlanar, lakin əslində, belə deyil. Birliyimizi pozmağa çalışanlar unudurlar ki, Azərbaycanda özgə zurnasına oynayan müəyyən adamlar və qurunmlar olsa da, millət bütödür və öz Vətənin şərəfi onlar üçün hər şeydən yüksəkdir.

Azərbaycan unikal bir yerdir; burada türk ənənəsinə uyğun olaraq, tarix boyu sayca ən balaca xalqların da dini, adət-ənənəsi, dili, varlığı qorunub; bircə kənddə yaşayan xalq belə ovuc içində, əvəzsiz dəyər kimi, muzey kimi əzizlənib saxlanılıb. Cavanlıqda "Xınalıq dili” adlı bir şeir yazmış, bu dili zirvələrin, qartalların, mərd igidlərin dili adlandırmışdım. Bu müxtəliflik bizim sərvətimizdir:

Eyni olsa bənövşəylə çinarın dili
Təbiətin nəğmələri adiləşərdi.


Bəli, Azərbaycanda xalqların iç-içə, mehriban yaşaması yaradanın və təbiətin qanunlarına uyğundur, buna görə sarsılmazdır.Türk, talış, ləzgi, avar, kürd və s. yerli xalqlar bir yerdə tarixin çox sınaqlarından çıxıblar, tale onların birliyini betonlaşdırıb. Bu, sıradan bir qonşuluq və ya bir ölkənin vətəndaşı olmaq məsələsi deyil, böyük bir ruh, mənəviyyat, əxlaq, adət-ənənə, mədəniyyət birliyidir. Bu xalqları vahid maraqlar, vahid həyat tərzi, nəhayət, babaların parlaq xatirəsi, on minlərlə ailənin qohumluğu, qaynayıb qarışması birləşdirir. Etnik yaddaş nə qədər güclü olsa da, zaman əbədi bir qardaşlıq hörgüsü hörüb. Bu birliyin ortaq dili, ölkənin rəsmi dövlət dili Azərbaycan dili və ya Azərbaycan türkcəsidir və ölkənin hər bir vətəndaşı bu dilə sayqı göstərməlidir. Dəfələrlə demişəm: evində Azərbaycan dilində danışan, uşaqlarını bu dildə oxudan hər hansı talış, ləzgi, uşaqlarını kənar dildə oxudan hər hansı türk əsilli vətəndaşdan qat-qat daha doğma və əzizdir mənə. Dil bu qədər mühimdir.

Ən çox, bəzən də məkrli bir şəkildə müzakirə olunan məsələlərdən biri də Türkiyə-Azərbaycan əlaqələri və türklük məsələləridir. Yuxarıda dediyim kimi, biz həmişə Azərbaycanın dövlət dilinin inkişafı və qorunmasına çalışmışıq. Türkdilli dövlətlər arasında ünsiyyət dili məsələsi isə çoxdanın söhbətidir, yəni bu dövlətlərin vətəndaşları və ya seçilmişləri bir araya gələndə sərbəst anlaşmaq üçün rus və ya Avropa dillərində yox, türk dilindən istifadə etsinlər. Bu dil Azərbaycan türkcəsi də ola bilər, özbək türkcəsi də və s. Yəni tarix boyu əlaqələri zəifləmiş qardaş xalqlar rəsmi məclislərdə kənar dildə yox, öz dillərində ünsiyyət qurmaq istəyirlər. Təbii ki, bu hələ yalnız söhbətdir. Mütəxəsislərin ümumi rəyinə görə indiki halda Türkiyə türkcəsi bu statusa daha uyğundur, türkdilli dövlətlərdə yeni nəslin çoxu bu dili bilirlər və hətta bu dil digər türk dövlətlərində yabançı dillərdən biri kimi qısa müddətdə öyrədilə bilər. Bu təklifi müdafiə edənlər arasında mən də varam, lakin bu, əsla süni surətdə ortaq dil yaratmaq və bu yolla dövlət dilimizi inkar etmək deyildir. Necə ki, uluslararası məclislərdə çeşidli ölkələrdən gələnlərin ingilidcə danışması onların öz dillərindən imtinası sayılmaz. Qoy türk dövlətlərinin hər biri öz dilini inkişaf etdirsin, lakin bir araya gələndə də kənar dildə yox, türkcə ünsiyyət qura bilsinlər. Bir də ki, bu bizlərin istəyi ilə həll olunan məsələ deyil, Türk dövlətlərinin başçıları səviyyəsində həll olunan siyasi bir məsələdir. Əgər nə vaxtsa həll olunacaqsa!.. Bundan ötrü ortaya düşüb şivən qoparmaq gülüncdür.

Bu mövzuya yaxın olan başqa bir məqam.

Bəzi adamlar bilərəkdən, ya bilməyərəkdən bir məsələni qarışdırırlar. Deyiləndə ki, Azərbaycanda yüz minlərlə sayı olan və öz adlarını haqlı olaraq qürurla çəkən, qoruyan talış, ləzgi, kürd, avar və başqaları kimi, türklərin də etnik kimliklərini unutmamaq haqqı var, o dəqiqə sosial media gərəksiz mübahisələr və təhqirlər meydanına çevirilir. Başa salmaq olmur ki, bu, Azərbaycanı unudub Türkiyənin ətəyindən tutmaq deyil, bu, Stalin repressiyasına məruz qalmış bir adın reabritasiyasıdır, ədalətin bərpasıdır. Stalin siyasəti xalqları kökündən qoparmaq üçün Azərbaycanda türk kimliyini unutdurmağa çalışıb, lakin buna müvəffəq ola bilmədi. İndi, müstəqillik dövründə İnsan qalxıb öz ölkəsində TV-də və ya qəzetdə əslini-kökünü danmadan mən türkəm, dilim də Azərbaycan türkcəsidir deyirsə; neçə yerdən başlanan bu söyüşlər və ittihamlar nə deməkdir? Əstafurullah! Yaxşı, Allah mənə bu adı veribsə mən öz adımı dilimə gətirə bilmərəm? "Yox! Deyə bilməzsən, desən Türkiyəçilik yapırsan” Ay qardaş, ay mənim qonşum, qohumum, yurddaşım, həmvətənim, axı mənim türklüyümün Türkiyəçiliklə nə əlaqəsi var? Türkiyədə də türklər yaşayırsa mən öz türklüyümü unutmalıyammı? Axı onlar özlərinə "osmanlı” deyəndə də biz özümüzə türk deyirdik. Füzuli də özünə türk deyib, Mirzə Fətəli Axundzadə də, Mirzə Cəlil də, Mirzə Ələkbər Sabir də, Məmməd Əmin Rəsulzadə də... (və Copc Bayron səhv eləsə də Aydın Canıyev bilməlidir ki, Füzuli "Leyli və Məcnun”u farsca yox, türkcə yazıb).

İndi biz neyləyək? Onların hamısından imtina edək?

Dünyada aşağı-yuxarı iyirmi ərəb dövləti var. İraqda yaşayan özünə ərəb deyirsə, Suriyada və ya Misirdə yaşayan özünə ərəb deyə bilməz? Dünyada buna bənzər azmı xalq var- bir hissəsi bir ölkədə yaşayır, bir hissəsi başqa ölkədə. Məgər bunlar yaşadıqları ölkənin coğrafi adına görə öz milli kimliklərini dəyişməli və ya unutmalıdırlar? Türkiyədən kənarda da xeyli türk əsilli xalq var, məgər onlar özlərinə türk deyəndə bu, Türkiyəçilik olur? Biz bu adı dünən icad etməmişik ki, bu bizim tarixdən gələn adımızdır. Yaxşı qonşularımıza nə deyirsiniz? Farslar da, ermənilər də, hətta öz qardaşımız, vətəndaşımız olan talışlar da bizə "türk”deyirlər.Güney Azərbaycanda və İranın müxtəlif ostanlarında yaşayan 35 milyon qardaşımız da özünə "türk” deyir. Biz onların da ağzını yummalıyiq? Onlar da Türkiyəçilik edirlər? Bəli, biz azərbaycanlıyıq, bu adla qürur duyuruq. Bu, Azərbaycan dövlətində yaşayan bütün vətəndaşların, Azərbaycan millətinin ümumi adıdır. Lakin hər kəs azərbaycanlı və Azərbaycan vətəndaşı ola-ola, etnik kökənini də unutmursa, bəs bu ölkənin əhalisinin böyük əksəriyyəti neyləsin? Biz türkçülük-Azərbaycançılıq ideologiyası əsasında qurulmuş Xalq cümhuriyyətini bərpa etmişik və o xətti də davam etdirməliyik. Nə yaxşı "bir millət, iki dövlət” deyən Heydər Əliyevi qınaya, "Türkiyəçilik”də ittiham edə bilmirər! Bəziləri öz etnik kökənini, varlığını təsdiq etmək həvəsinə düşəndə ilk növbədə buradakı qardaşlarını, yəni əhalinin çoxunu oluşduran türkləri inkar həvəsinə düşürlər. Hətta tam erməni, fars yalanı və düşmənçiliyinə uyaraq onlarla eyni mövqedən, eyni alçaq böhtanlarla dünyanı çaşdırmağa çalışanlar da var. Birbaşa İrəvana üz tutanlar da var, Rusiya və İran tərəfindən maliyyələşdirilirlər. Azərbaycan dövlətinin əsas qurucularının ruhu təhqir edilir, türk əhalimiz aşağılanır, eynilə ermənilər kimi bizə gəlmə, köçəri, vəhşi damğası vurmağa çalışırlar. Nəzərə almırlar ki, türklər Avroasiya genişliyində vəhşiliklə, qol gücüylə yox bütün xalqlara, dillərə və dinlərə sayğıları ilə şöhrət qazanıblar. Bu gün bəzi xainlərin üz tutduğu Ermənistanda diş qurtlamağa bir nəfər kənar xalqın nümayəndəsi qalmayıb. Ermənistan başdan-başa türk adları ilə dolu idi. Biri də qalmayıb, hamısı dəyişdirilib, eyni siyasət Gürcüstanda, Borçalıda da aparılır. Baxın, görün Azərbaycanda bir talış, avar, ləzgi, tat yer adına toxunan olub? Əksinə, bir sıra adlar dəyişdirib, bu xalqlara hörmət əlaməti olaraq onların dillərinə uyğunlaşdırılır.

Belə olan halda Azərbaycan türklərini hansı millətçilikdə, başqa xalqları sıxışdırmaqda ittiham etmək olar?! Tam əksinə! Azərbaycan türklərinin böyük sevgisinin cavabı qarşılıqlı sevgi olmalıdır... Bir vaxt mən zarafatla deyirdim ki, gərək, bizdə Azərbaycan türklərinin hüquqlarını müdafiə cəmiyyəti qurulsun.Bu gün bizdə türk düşmənçiliyi çılpaq şəkildə ortadadır və dilimizə Türkiyə türkcəsindən tək-tək, əslində öz qədim və saf dilimizdə olan sözlərin gəlməsini bəhanə edib ölkəmizin vətəndaşlarını, bu ölkənin sadə adamlarını, ən çox əzilənini təhqir edirlər. Baxın, iqtisadiyyata sahiblənənlərin, vəzifədə olanların etnik kökənini araşdırsanız onda görəsiniz Azərbaycan türkəri necə bir məzlum gündədir. İndi durub buna öz dədə-babasının adını da yasaqlayacaqlar? Təkcə Bakıdakı reklamlara, müəssisə, şirkət, adlarına baxmaq yetərlidir ki, Azərbaycan türkünə və dövlət dilimizə münasibətin səviyyəsinə acıyasan...

Türklüyə bu yad və hətta düşmənçilik münasibətinin kökləri çox dərində və uzaqdadır. Hədəf ayrı-ayrı adamlar, deyək ki, məsələnin elmi mənzərəsini araşdıran və dəfələrlə, ay millət, mən heç bir xalqa düşmən deyiləm deyən, buna baxmayaraq, Rusiya mətbuatından tutmuş İran mətbuatına qədər hər yerdə hayasızcasına təhqir olunan, sıxıntı içində öz ailəsini, uşaqlarını zorla dolandıran, evsiz-eşiksiz bir qadın, istedadlı bir alim-Yasəmən Qaraqoyunlu və ya bizlər deyilik, bütün Azərbaycan türkləridir və bu mənasız savaşda qullanılan söz silahları da bütövlüklə rus, erməni, fars "silahlarına” bənzəyir.

Mən heç vaxt tək bircə nəfər talış ziyalısından, öz çörəyini ağır zəhməti ilə qazanan əli qabarlı talışdan, Cənub bölgəsindən olan çoxsaylı dostlarımdan və ya ləzgi əsilli vətəndaşlarımızdan belə bölücülük cəfəngiyyatına xırda işarə belə eşitməmiş, belə söhbətlərə rəğbətlə yanaşdıqlarını görməmişəm.

Lakin Türkiyəni hədələyən terror cinayətkarlığına və erməni uydurmalarına dolayı yolla dəstək verərək Azərbaycanı arxasız və köməksiz qoymaq istəyənlərin hayasızlığı o yerə çatır ki, bəzi separatçılar sosial mediada xəritələr paylaşaraq, Azərbaycanı köhnə xanlıqların sərhədləri ilə bölmək təbliğatı aparırlar. Qudurğanlıq o yerə çatıb ki, bu cür çətələşənlər böyük bir xalqı cəzasız bir şəkildə söyür, təhqir edirlər.

Türkiyə ilə Azərbaycanın "iki dövlət, bir millət” olma qüruruna qısqananlara bir daha 1918 və 1990 cı illəri xatırlatmaq istəyirəm. !918-ci ildə Azərbaycan ziyalıları gecə-gündüz Türkiyədə görüşlər keçirib Azərbaycanın qardaşlığını və ağır vəziyyətini anlatmasaydılar, səsimizə kim səs verəcəkdi? Axı Nuri Paşa komandanlığında haraya gələn Türk-İslam ordusu fərq qoymadan Azərbaycanın bütün əhalisinin namusunu qorudu, Lənkəranda türk-talış, Qubada, Qusarda türk-ləzgi ayrılığı bilmədi, hamımıza bir gözlə baxdı. 1990 – cı ildə də Bakı küçələrində tankları üstümüzə sürən sovet ordusunun vəhşiləşmiş əsgərləri də böyür-başımda dayanmış talışlara, ləzgilərə fərq qoymadan "ubeyte etix turkov!” geyirdilər. Onda tankların qabağında çiyin-çiyinə dayananları bu gün təbliğat maşınları ilə ayırıb əzməyə çalışırlar.

Türkiyə bu gün də beynəlxalq aləmdə Azərbaycanın ən etibarlı müttəfiqidir. Mən Dünya Parlamentlər Şurasının və İslam təşkilatı Parlament İttifaqının sesiyalarında, çoxsayli beynəlxalq görüşlərdə dəfələrlə bunun şahidi olmuşam. Bunu bilə-bilə Türkiyə - Azərbaycan münasibətlərinə soyuqluq gətirmək cəhdləri ilk növbədə Azərbaycana zərbədir. Bizə qalsa bu iki ölkə daha da yaxınlaşmalıdır. Siyasi iradə, müdriklik, əsl İslam həmrəyliyi olsa Türkiyə, İran, Azərbaycan, Əfqanıstan, Türkistan dövlətləri, Gürcüstanı da qoşmaqla, Avropa birliyinə bənzər bir birlik yaradar və bölgəni bu ölkələrin sərvətinə göz dikənlərin təhdidlərindən birdəfəlik xilas edərdilər. Bu gün ayrılmaq yox, birləşmək zamanıdır, yoxsa hamımız Türk-İslam düşmənlərinin ayağı altında qala bilərik...

Sabir Rüstəmxanlı
Vətəndəş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 163