“Xocalı 30 il: bir soyqırımın tarixi” kitabı və “Xocalı bu gün” portalı təqdim edildi – Fotolarbackend

“Xocalı 30 il: bir soyqırımın tarixi” kitabı və “Xocalı bu gün” portalı təqdim edildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın 1992-ci ildə Xocalıda dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımının dünyaya çatdırılması çərçivəsində faciənin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan, rus, ingilis və ispan dillərində tərtib edilmiş “Xocalı 30 il: bir soyqırımın tarixi” kitabı və 4 dildə hazırlanmış “Xocalı bu gün” (www.khojalytoday.com) portalının Heydər Əliyev Mərkəzində təqdimatı olub.

İnterpress.az xəbər verir ki, “Xocalı 30 il: bir soyqırımın tarixi” kitabı və www.khojalytoday.com portalı Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində hazırlanıb.

Qeyd olunan nəşrdə Xocalı rayonu, onun coğrafiyası, təbii və tarixi şəraiti, işğaldan əvvəlki həyat tərzi, 1992-ci ilin soyuq qışında Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini yerlə-yeksan etməsi, 613 nəfər sakini xüsusi amansızlıqla qətlə yetirməsi, işgəncələrə məruz qoyması, Ermənistanın işğalı altında olan torpaqlarımızın 44 günlük Vətən Müharibəsi nəticəsində azad edilməsi barədə məlumatlar çatdırılır. Kitabda soyqırımın baş verdiyi dövrdə xarici jurnalistlər tərəfindən qələmə alınan və dünyanın bir çox aparıcı media səhifələrində nəşr edilən xəbərlər də yer alır.

Xocalı soyqırımı barədə şahid ifadələri, yerli və xarici fotoqrafların lentə aldığı və ermənilərin Xocalıda törətdikləri vəhşilikləri özündə əks etdirən fotolar da nəşrdə təqdim edilir.

“Xocalı bu gün” portalında isə “Xocalı 30 il: bir soyqırımın tarixi” kitabında yer alan məlumatlarla yanaşı, faciəyə dair rəsmi sənədlər, videoçarxlar və sənədli filmlər, Xocalı soyqırımını əhatə edən, yerli və beynəlxalq müəlliflərin qələmə aldığı kitablar, elmi məqalələr, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya və digər hüquqi sənədlər təqdim edilir.

“Xocalı bu gün” resurs bazası Azərbaycan, rus, ingilis və ispan dillərində hazırlanıb. Portalın “Beynəlxalq dəstək” bölməsində bir sıra ölkələrin Xocalı soyqırımına dair qəbul etdiyi qətnamələr, Almaniya, Bosniya və Herseqovina, Meksika, Niderland, Türkiyədə faciə qurbanlarının xatirəsinə ucaldılan abidələr barədə məlumatlar verilir.

“Öz hekayəni paylaş” bölməsi Xocalıdan və ümumiyyətlə vaxtı ilə işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş vədəndaşlarımızın yaşadıqları müsibətləri paylaşmaq imkanı verir. Bu baxımdam resurs bazası həm də məcburi köçkün olmuş şəxslərin öz hekayələrini dünya ictimaiyyətinə çatdırmaq üçün platforma rolunu oynayır.